Məhəmməd Hadinin irsi
çağdaş ədəbiyyatşünaslıq müstəvisində
XX
yüzil Azərbaycan şeirində romantizmin ən qüdrətli
nümayəndələrindən biri, Hüseyn Bayqaranın
"Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli
şair" adlandırdığı Məhəmməd
Hadinin anadan olmasından 140 il ötür.
Sənətkarların
yubileyləri, bir növ, oların
yaradıcılığı ilə bağlı görülən
işlərin hesabatını vermək üçün səbəb
yaradır: müəllifin irsinin nə dərəcədə,
hansı səviyyədə
araşdırıldığı, bu sahədə daha
hansı istiqamətdə tədqiqatlar aparılmalı
olduğu kimi suallarla qarşı-qarşıya oluruq.
Filologiya elmləri doktoru İslam Qəribli bu yubiley ərəfəsində
ədəbi ictimaiyyətə "Məhəmməd Hadinin
publisistikası və poetik tərcümələri"
monoqrafiyasını təqdim etdi. Mövcud dərsliklərdə sənətkarın
publisist yaradıcılığı və poetik tərcümələri
ilə bağlı məlumatın kasadlığını, əvvəlki
tədqiqatlarda mövzu öyrənilsə də, müstəqil
tədqiqat predmeti kimi seçilmədiyini nəzərə alan müəllif kitabı ali məktəblər
üçün dərslik kimi nəzərdə tutmuşdur.
Məhəmməd
Hadinin S.Hüseyn və A.Şaiqlə başlayan təbliğ
və tədqiq tarixi sonralar C.Xəndan, Mir Cəlal, Məmməd
Cəfər, Ə.Mirəhmədov, K.Talıbzadə, A.Zamanov
və digər müəlliflər tərəfindən mütəmadi
davam etdirilmişdir. Professor İslam Qəribli
isə Hadi yaradıcılığının hələ ki,
sonuncu sistemli tədqiqatçısıdır. İ.Qəribli
buna qədərki tədqiqat işlərində Məhəmməd
Hadinin ədəbi-elmi ictimaiyyətə bəlli olmayan onlarla
şeirini, məqalə və tərcümələrini
üzə çıxarmış, həmçinin, ədibin
nəsr, publisistika, elm və tərcüməçilik sahəsindəki
fəaliyyətini işıqlandırmış,
çoxşaxəli yaradıcılığı haqqında
"Məhəmməd Hadinin "İnsanların tarixi faciələri,
yaxud əlvahi-intibah" poeması (2001), "Məhəmməd
Hadi yaradıcılığının "Həyat" və
"Füyuzat" mərhələsi" (2009), "Məhəmməd
Hadi və mətbuat (1905-1920)" (2011), "Mən bir kitab, hər
vərəqim min kitabdır" (2013) kitablarını ərsəyə
gətirmişdir.
Hadinin həcm və ideya-fəlsəfi məzmun, sənətkarlıq
baxımından ən nəzərə çarpan əsərlərindən
olan "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması İslam Qəriblinin namizədlik
dissertasiyasının predmeti olduğundan, demək olar ki, tədqiqatçının
dahi şair, publisist və tərcüməçi ilə
"yaxından tanışlığı" məhz bu
araşdırma ilə başlamışdır. Sonrakı tədqiqat
işlərində isə əvvəllər daha çox
şair kimi bəhs olunan müəllifin əsasən
publisistik və tərcüməçilik fəaliyyətini
diqqət mərkəzinə çəkmişdir. Doğrudur, Hadinin bu fəaliyyət sahələrindən
əvvəlki tədqiqatlarda da bəhs olunmuşdur. Məsələn, Əziz Mirəhmədov ədibin
yaradıcılığını hərtərəfli əhatə
edən sanballı monoqrafiyasında ondan yalnız şair kimi
deyil, həm də dövrünün çox böyük
publisisti, maarifçisi və demokratik görüşlü
ziyalısı kimi bəhs etmişdir. Buna baxmayaraq,
obyektin daha dərindən və ətraflı öyrənilməsinə
ehtiyac duyulduğundan İslam Qəribli müxtəlif
zamanlarda bu mövzuya təkrar-təkrar qayıtmış,
xüsusən, "Məhəmməd Hadi və mətbuat
(1905-1920)" və "Məhəmməd Hadinin
publisistikası və poetik tərcümələri"
araşdırmalarını sənətkarın
yaradıcılığının sırf bu sahələri
üzərində aparmışdır.
"Məhəmməd
Hadi və mətbuat (1905-1920)" monoqrafiyasının
girişində mövzunun aktuallığı bu şəkildə
əsaslandırılır: "XX əsr Azərbaycan mətbuatını
Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə,
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,
Haşım bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov,
Əlabbas Müznibsiz təsəvvürə gətirmək
mümkün olmadığı kimi, 1905-ci ildən
ömür və yaradıcılıq yolunun sonlarına qədər
Azərbaycan mətbuatında ardıcıl şəkildə
bədii, elmi və publisistik əsərlər çap etdirən
Məhəmməd Hadisiz də təsəvvürə gətirmək
çətindir və M.Hadinin mətbuatla əlaqələrini
öyrənmək, əslində, XX əsr Azəbaycan mətbuatının
müəyyən bir sahəsini öyrənmək deməkdir".
Bunları nəzərə alan müəllif
Hadinin dövri mətbuatla əlaqələrini tədqiqat
predmeti olaraq seçmiş və ən əhəmiyyətlisi,
materilallar sosioloji təsirlərdən uzaq, müstəqil
dövlətin ədəbiyyatşünaslıq
kriteriyaları ilə, yeni təfəkkür
işığında və mümkün qədər əhatəli
şəkildə şərh olunmuşdur.
Tədqiqatda sənətkarın 1905-1920-ci illər ərzində
Azərbaycan dövri mətbuatında işıq üzü
görmüş orijinal şeirləri və poetik tərcümələri
ilə Hadinin sağlığında və ölümündən
sonra çıxan kitablarındakı nümunələr
tutuşdurulur, nəşrlərdəki nöqsanlar göstərilir. M.Hadinin həmin
zaman kəsimində mətbuatda çıxmış və
kitablarına düşməyən onlarla şeir və tərcümələri
ilk dəfə üzə çıxarılır və şərh
edilir.
Mərhum
akademik Bəkir Nəbiyev İ.Qəriblinin "Məhəmməd
Hadi və mətbuat (1905-1920)" monoqrafiyasını
"Hadişünaslığa yeni töhfə"
adlandırmış və "bu əsərlə
hadişünaslıqda yeni bir mərhələnin
başlandığı" qənaətinə gəlmişdir.
Publisistik
fəaliyyətinin başlanğıcından etibarən məqalələrində
əsasən şəxsiyyət və mətbuat
azadlığı, elm və təhsil, dinin və ədəbiyyatın
vəzifələri, klassik Şərq və Qərb elmi kimi məsələlərdən
bəhs edən M.Hadinin ilk mətbu məqaləsi "Bəyani-həqiqət"
1905-ci il iyulun 23-də "Həyat" qəzetində
çap olunub. "Məhəmməd Hadinin publisistikası və
poetik tərcümələri" monoqrafiyasında ilk məqaləsindən
başlayaraq, "Tazə həyat", "Tərəqqi",
"İttifaq", "Həqiqət", "Səda"
kimi milli ruhlu qəzetlərin əksərində dövrün
aktual probemlərini dilə gətirərək ən müxtəlif
mövzularda məqalələr yazan vətənsevər
ziyalının hər bir yazısı şərh olunur, mətnlərin
ideyası, üslub və bədii xüsusiyyətləri təhlilə
cəlb edilir. XX əsrdə dövri mətbuatla
ən çox əlaqə saxlayan müəlliflərdən
biri olaraq Məhəmməd Hadinin publisist
yaradıcılığının ayrıca tədqiqata cəlb
olunması mövzuların günümüzlə səsləşməsi
baxımından da aktualdır. Ədibin
ictimai dünyagörüşü, əsərlərinin
ideya-bədii xüsusiyyətləri, elmi-ədəbi irsinin hərtərəfli
araşdırılıb dəyərləndirilməsi
baxımından monoqrafiyanın nəzəri-təcrübi əhəmiyyəti
böyükdür. Monoqrafiyada Hadinin
publisistikası və tərcüməçilik fəaliyyəti
ilə bağlı müəllifin qənaətləri
bütövlükdə Azərbaycan romantizmi, jurnalistikası
və tərcümə sənətinin incəlikləri ilə
bağlı mülahizələrlə də
tanışlıq imkanı yaradır. Buna
baxmayaraq, fikrimizcə, sənətkarın publisistikası və
tərcüməçilik fəaliyyətinin
dövrünün bu fəaliyyət sahələri kontekstində
daha dərindən və ətraflı
araşdırılmasına hələ də ehtiyac var.
Etiraf edək ki, irsinin zənginliyi və miqyasına
baxmayaraq, Məhəmməd Hadi çağdaşları kimi
kifayət qədər "populyar" müəllif deyil. Bunun səbəbi
müəllifin "dilinin ağırlığı"ndadır.
Rəmzlərdən, dövrünün Osmanlı türkcəsindən
və ərəb-fars tərkiblərindən istifadə ilə
yazı və sənət dilini ağırlaşdıran Hadi
düşünürdü ki, dil məsələsi oxumaq
üçün maneə ola bilməz.
Monoqrafiyada
Hadinin dil məsələlərinə münasibətinə
şərh verən tədqiqatçı 1906-cı ilin əvvəllərində
Azərbaycan mətbuatında ədəbi dilin necə
olması sualı ətrafındakı qızğın
mübahisələri xatırladaraq ədibin "Bəyani-təsəvvür
fi xüsusil-lisan" məqaləsindən bəhs edərkən
belə bir qənaətə gəlir: "M.Hadi ədəbi
dili obrazlı, təmtəraqlı dil kimi təsəvvür
edir və yazılarında da buna əməl edirdi ki, bu cəhət
onun xoşbəxtliyindən çox bədbəxtliyi idi".
Müəllif bu qənaətini şərh etmir, niyəsini
izah etmir, amma güman ki, Hadinin bədbəxtliyi hesab etdiyi bu
xüsusiyyət sənətkarın dilinin süslü,
ağır olması səbəbindən az
oxunması, az tədqiq olunması ilə bağlıdır. Çünki Məhəmməd Hadi dil məsələsini
maariflənməkdə maneə kimi qəbul etmirdi, bu
baxımdan yapon dilini nümunə gətirərək qeyd
edirdi ki, belə olsaydı, onların da geridə qalması
lazım gələrdi; o, hər cür gerilik və səfalətin
səbəbini yalnız cəhalətdə görürdü.
Məhəmməd Hadi şeirlərində olduğu
kimi, məqalələrində də qadın
azadlığı məsələsinə geniş yer verir. Monoqrafiya
müəllifi bu mənada onun yerini C.Məmmədquluzadə və
M.F.Axundzadə ilə bir cərgədə "ilk sırada,
lap qabaqda" görür və bu məsələdə əvvəldən
sonadək sabitqədəm mövqe nümayiş etdirdiyini
vurğulayır. Qeyd edir ki, müsəlman
ölkələrində qadınların cəhalət pərdəsi
altında saxlanılmasını M.Hadi İslam dini ilə əlaqəli
hesab etmir və müxtəlif ayələr, hədislərlə
"Allah dərgahında kişi ilə qadının
hüququ birdir və qadını hüquqsuz vəziyyətə
salan din deyil, dindən öz çirkin niyyətlərini həyata
keçirmək üçün istifadə edən cəmiyyətdir..."
fikrini iqrar edir.
Monoqrafiyanın hər fəslinin sonunda müəllif
burada bəhs etdiyi məsələlər barədəki yekun
qənaətlə nəticələndirir. Ədibin
publisistikasını diqqətlə incələyən tədqiqatçı
Hadidən ensiklopedik biliyə, parlaq zəkaya malik, istedad və
bacarığını bütünlüklə millətin, vətənin
tərəqqisi uğrunda mübarizəyə həsr etmiş
mütəfəkkir şair, daha çox maarifçilik
mövqeyindən çıxış edərək qələmə
aldığı əsərlərdə
yaşadığı dövrün aynasını yaradan həssas
ziyalı kimi bəhs edir. Həmçinin, əsərlərinin
təhlilinin ondan islamşünas alim və Quranın tərcüməçisi
kimi bəhs etməyin imkan verdiyini vurğulayır.
Beləliklə, Hadinin bütün yaradıcı fəaliyyəti
boyunca müxtəlif mətbuat orqanlarında çap
olunmuş publisistik əsərlərinin geniş təhlilini əks
etdirən tədqiqat işindən gəlinən nəticə
budur ki, ədib dövrünün bütün əhəmiyyətli
məsələlərinə münasibət bildirmiş və
onun məslək əxlaqının formalaşmasında
dünya romantizmindən bəhrələnməsinin əhəmiyyətli
təsiri olmuşdur.
Monoqrafiyanın tərcüməçiliklə
bağlı fəsilləri Hadinin bu sahədəki
bacarığını, tərcümə etdiyi mətnlərdə
nə qədər müvəffəq olduğunu üzə
çıxarır, məqamı gəldikcə bu fəaliyyət
sahəsindəki işinin üstün və qüsurlu cəhətlərindən
bəhs olunur.
Klassik Şərq poeziyasının nəhənglərindən
Ömər Xəyyamın, Nizaminin, Sədi, Hafiz, Rumi kimi
müəlliflərin irsindən əsərləri, yaxud
kiçik parçaları dilimizə tərcümə edən
M.Hadi 1910-cu ildə İstanbula getdikdən sonra orada "Tənin"
qəzetində tərcüməçi işləməklə
yanaşı, "Hilal", "Rübab", "Məhtab",
"Şahbal" kimi mətbuat orqanları ilə də əməkdaşlıq
etmişdir.
Hadinin
müxtəlif müəlliflərdən etdiyi poetik tərcümələrini
ədəbi-bədii xüsusiyyətlərinə əsasən
şərh edən monoqrafiya müəllifi belə qənaətə
gəlir ki, tərcümə üçün seçdiyi mətnlərdə
"şair estetik idealına uyğun olaraq" bəşəri
mövzulara üstünlük vermiş və
"idealını elan üçün onlardan bir vasitə
kimi istifadə etmişdir". Bu üzdən də tədqiqatda
şairin poetik tərcümələrindən bəhs edən
növbəti fəsillər "Həqiqətə,
insanlığa çağırış", "Şairin
etetik idealı ilə səsləşən poetik tərcümələr",
"Tərcümə və iqtibaslarda hürriyyətin tərənnümü"
başlıqları ilə adlandırmışdır.
Şairin poetik tərcümələrindən bəhs edərkən
tədqiqat müəllifi həmin mətnləri Hadi ilə
yanaşı, həm də ondan öncəki və sonrakı
tərcüməçilərin çevirisində təqdim
edərək müqayisəli təhlil aparır. Məsələn,
Nizaminin "Sirlər xəzinəsi"ndən bir
parçanı Hadinin və Süleyman Rüstəmin tərcüməsində
təqdim edən tədqiqatçı mətnin filoloji tərcüməsi
ilə müqayisədə üstünlüyü birinciyə
verərək onun tərcüməsində orijinala daha
yaxın olduğunu vurğulayır. Beləcə,
bütün fəsil boyu şairin poetik tərcümələri
ilə bağlı paralellər aparılır. Monoqrafiyada akademik Bəkir Nəbiyevin fikrinə
istinadla qeyd olunur ki, mütərcim orijinalın müəllifinə
qəlbən, ruhən bağlı olduğu zaman bədii təcümə
daha səmərəli olur və bu baxımdan Hadinin
çevirilərinin daha çox orijinal əsər təsiri bağışlayır.
İslam Qəribli öz müəllimi Əziz Mirəhmədovun
1985-ci ildə çap olunmuş "Məhəmməd
Hadi" monoqrafiyası haqqındakı qeydlərini "Məhəmməd
Hadiyə layiq" adlandırmışdır. Böyük sənətkar
haqqında ilk monoqrafiyanın müəllifi olan müəlliminin
yolunu davam etdirən İ.Qəriblinin
hadişünaslığa verdiyi töhfələr də ilk
böyük romantikimizin adına, sənətkarlığına
layiq əsərlərdir.
İslam Qəriblinin M.Hadi
yaradıcılığına və daha da çoxu, onun
acı taleyinə həssaslığı,
duyarlılığı onun tədqiqatlarında hər zaman
duyulur. Hadini "bəxtsiz", "talesiz" sənətkarlar
cərgəsinə aid edir və onun haqqında yazmağı,
əsərlərini ən sonuncuyadək gün üzünə
çıxarmağı vicdan borcu hesab edir. Bu, İslam Qəriblinin
140 yaşlı ədibin irsinin tədqiqinə həsr
olunmuş hələ ki, 5-ci kitabıdır. Hadişünas
alim bu istiqamətdə işlərini, yeni
araşdırmaları davam etdirir...
Mətanət Vahid
525-ci qəzet.- 2019.- 4 may.- S.19.