Üst-insan

 

  Esse

 

 

Dünən evdə uşaqları krantın yanına gətirib növbəylə əl-üzlərini yumalarını istəyəndə məsələnin gəlib ta buralara qədər çıxacağını düşünməmişdim. Mən sadəcə dəniz görmüşdüm, qəfil görmüşdüm; üfüqlər başımı aldatmasa 5-6 qucaq üzüb çıxacaqdım, amma suyun qadın ilığı dartdı apardı məni, bir baxdım ki, ay dili-qafil, artıq xeyli uzaqlaşmışam... sahildən.

Krantın qabağına keçdik: buyur, oğlum, səndən başlayaq, haydı göstər məharətini!

Tapşırıq əyləncəli gəlmişdi-nədi, yuyuna-yuyuna bir-birinə baxıb gülüşürdülər: görəsən, ata yenə bizə öyrətmək istəyir? Ata isə... durdu, durdu, bir gördü ki, alıb əlinə mikrofonu, üst insan haqda danışır. Təsəvvür edirsiz, hamam üst insan fəlsəfəsi!

Səs yaxşı çıxır, axı...

Bu faktdır ki, uşaqlar indi eşitdikləri qəliz söhbətləri yaddaşlarında saxlayıb illər sonra başa düşə bilirlər, yəni məsələn, buğda adına ovuclayıb qoruduqları filan söhbəti ancaq böyüyəndən sonra arıtlaya bilir uşaqlar: bu buğdadı, bu daşdı, bu tozdu, bu da onların küləyi. Məsələn, mən uşaqkən tez-tez eşidib haq verdiyim bir söhbətin məğzini (oxu: yanlışını) böyüyəndən sonra, çox sonra anlamışdım. Təsəvvür edin, adam bütün israfkarlıqlarına belə bəraət qazandırırdı: halal zəhmətimlə qazandıqlarımdı , başqasının pulun dağıtmıram ki!

Uşaqlara deyirdim, deyirdim, uşaqlar, ağılın işi təkcə halalla haram arasında sərhəd qoymaq deyil, haramdan çəkinməyə var ki? Yox, məsələ bu qədər sadə deyil, sadə olmamalı. Üst insanı məhz halallarla ünsiyyətdə tanıyacaqsınız, yəni üst insan öz ana südü kimi halalıyla belə ehtiyatla davranan insandır! Məsələn, iki ovuc suyla yuyula bilən əl-üz beş ovuc suyla yuyulmamalı... - deyir, onlara krantla necə düzgün davranmalı olduqlarını göstərirdim.

Bəzən mənə elə gəlir, problemin kökü burdadı - halal(ım) deyib ehtiyatsız davrandıqlarımız, dağıtdıqlarımız ... əzdiklərimizdə! Elə qiyamət günü bizi üzü qara eləyən deyəsən, məhz bu qəbil halallarımız olacaq, axı!

Tutalım, böyük supermarketlərdə içki satılan sıralardan belə keçməyən dindarın suyla (qeyd: su burada bütün halalları simvolizə edir) münasibəti necədir, görəsən? Orucluq ayini, məsələn, təkcə içki içməyi deyil, su içməyi yasaq edir, əzizim, yəni insana halaldan imtinanı öyrədir; nədən ki, əsl sınaq halalla olunan sınaqdır, əsl dərs ordadır. İnanmasanız, həzrət Adəmin ilk imtahanını xatırlayın.

Tanrı insanı sevirsə, üst-insana aşiqdir. İnsan bioloji, üst-insan ilahi varlıqdır... bu siyahını uzatmaq da olar, lakin dedim axı, ən ümdə bəlası məhz burdadır bəşəriyyətin: halalıyla münasibətlərində - xanımıyla, əriylə, doğmasıyla, dostuyla...

Və lütfən uşaqkən əzbərləyib yenicə anladığım bu hədisi də basın bağrınıza: imam Sadiq əleyhissəlam israr edirmiş ki, aranızda olan doğmalığa arxalanaraq (oxu: sui-istifadə edərək) dostunuzun haqqına girməyin!

 

 

İlqar KAMİL

 

 

525-ci qəzet.- 2019.- 4 may.- S.12.