Mərasimdə yeyilən mənlik

 

 

 

Xatırlayıram, hisslərlə qarışıq yeməyin dadına baxmaq üçün hazırlanmış boztəhər süfrə arxasında yığışıb ailəlikcə ölümü qeyd edirik. 

 

Fəlsəfi cümlələrin quruluşu qədər, bəlkə, daha çox qarmaşayla zəngin süfrədə bugünkü şam yeməyimiz alov dilimlərindən isti zəhrimar tamı verən həyat olacaq. Atam, anam, hətta tanımadığım, ancaq mənim doğmam kimi təqdim edilən qohumlarımız da masa ətrafında dövrə vurub dayanaraq hərisliklə qarşılarına qoyulacaq yeməyi parçalamağa tələsirlər. Sanki əməl dəftəri qədər önəmli bir şeyin arxasınca gəlmiş xüsusi təyinatlı şəxslər kimi bir-birini güvənsiz halda süzür, bədənlərində qətlə yetirdikləri ruhlarının üfunətini gizləmək üçün acı təbəssümü palçıq kimi dodaqlarına yapışdırırlar. Susur varsa - otaqdakı gerçək uydurulmuş xatirələr, onları yaratmış babalarımın ruhları az qala, Adəm qədər qədimləşmiş küçəmizin işıq dirəkləri...

- Sırf bu gecə üçün hazırlanmış plandır!

Masaya gələcək "əzablarla zəngin" adlı yeməyi gözləyən milyonlarla qohumum! Hər kəs susur. Hər şey, susqunluğa qərq olub kimlərinsə danışmasını gözləyir. Baxışlar bir-birinə toqquşmamaq üçün kor insan kimi dağınıq hərəkətlərlə zaldan uzaqlaşır, süfrənin ətrafından bitmiş keçmişə, doğulmadığımız xoşbəxt tarixlərin ənginliklərinə qədər qaçır, qəfil büdrəyir, amma yenidən qalxıb mərasimin sükutuna qarışaraq gözdən itir. Və aclıq hissi uşaqlıqda qaydaları öz arzularımızdan yaradılmış məhəllə futbolunu bitirərkən hiss edilən yorğunluq kimi çökür qonaqların köksünə.

- Bumüdhiş halsızlıqdır?!

Hər kəs - ölməyə hazırlaşan, Nuh əyyamından qalma qohumlarım belə, həmin yorğunluqdan qaçmaq üçün ayağa qalxır, rəqs edir, qəhqəhə çəkirlər!

- Bu insanlar kimdir? Bir ömür boyu onlara məhkum edilmiş kimi yaşamamı kim əmr edib? Lənətlənmiş süfrədə mənə verilən zəhrimarı niyə yeməliyəm?

Qəzəbimi gizlədə bilməz hala çatıb, az qala, otağı tərk etmək haqqında düşünürəm. Bu vaxt ucu-bucağı görünməyən masanın bilinməz küncündə məzlum hayqırış səsi eşidirik. Yanımızdakı zil qara saqqallı, yaşımsov ruhlu və yaşlı, tanımadığım qohumum o məzluma kömək üçün yeməyin təqdimatını gözləməyib masanı tərk edir. Kimliyi naməlum çığırtı sahibinə yardıma tələsən onlarla başqa qohumum da ayağa qalxıb qocanın addımladığı səmtə yönəlirlər. Bir azdan masa tamam boşalır. Süfrəyə "əzablarla zəngin" qoyulur, xidmətçilərin simasını sifət adlı niqab örtübindi otaq tamam səssizdir. Təxmin edirəm ki, zalda təkcə mən qalmışam. O məzlumun xırıltılı səsi də eşidilməyəcək qədər uzaqdan gəlməyə başlayır. Nəhayət, ayaqlarımı minir, stuldan qurtuluram. Süfrənin tam ortasına qoyulmuş yeməyə yaxın gəlir, üzəri naxışlarla bəzədilmiş qazana bənzər şeyin şüşə qapağını qaldırıram. Möhtəşəm boşluqla qarşı-qarşıya qaldığımın fərqinə varanadək yan otaqda "məzluma köməyə getmiş" bütün qohumlarım deyəsən, gəbərir. Məzlumun zarıltısı susmaq bilmir, təsəlli verən dostlar kimi qonaqlardan boşanmış mərasim zalına əzab pıçıldayır.

"O biri otağa keçməli, yoxsa buradakı boş qazana zillənmiş halda ölməliyəm?" - Bu sual əlaqəsizcə ağlımda dolaşmağa, mənasız fikir küçələrimi yenidən diriltməyə başlayır. Susuram. Bayaqdan bəri intəhasız zənn etdiyim masanın ən uzaq küncündə dumantəhər insan peyda olur. Xırda addımlarla, səbrimi tarıma çəkərək mənə doğru gəlir, yaxınlaşdıqca addımlarını yavaşıdır, bir addımlıq məsafədə, düz qarşımda dayanır. Baxışlarında bayaqkı bütün insanların hiss və müəmmalı fikirlərini əks etdirən, siqar tüstüsünə oxşar şəxsi tanıdığımı düşünürəm.

Az sonra yaddaşım məni kötəkləyir; bu ola bilməz. Mən onu ilk dəfədir, görürəm! Təxminlərimin başı məni yanıldıb-yanıltmamağa qarışıb.

Mən toparlanana qədər zalı uğultu bürüyür. Yadırğamağa başladığım əzablı çığırtı ahəngdar cümlələrə çevrilir:

- Çox düşünmə! Bura səni sovurmaq üçün göndərilmişəm. Diqqətlə bax, qarşındakı mən deyiləm. Bu, bəşəriyyətə məxsus bütün mənliklərin qatili olan heçlikdir.

Bunu deyib dərhal sonra yox olur. Tanımadığım şəxsdən eşitdiyim bu sözlərdən heç nə anlamıram. Bundan sonrasını xatırlamıram. Kiməm? Haradayam? Bəs, yazdıqlarımı nə vaxtsa oxuyub məni xilas edəcəklərmi? dəhşətli boşluqda anlaşılmazlığa qərq olmuşam. O şəxs kim idi və mənə nə etdi? Bilən varmı?  Bilmirəm. Heç nə bilmirəm...

 

 

Mirçingiz AĞAZADƏ

 

525-ci qəzet.- 2019.- 4 may.- S.24.