İlahi ədalətin aşkar
təcəssümü
VƏ
YA AQİL ABBAS QƏLƏMİNİN QƏTİ HÖKMÜ
Alman
filosofu Fridrix Nitşenin "Allah öldü" deməsindən
düz 137 il keçir. Hələ 19-cu əsrin sosial, ictimai problemlərini, insani münasibətləri,
elmdə və fəlsəfədəki dəyişiklikləri
(başqa sözlə
inkişaf da deyə bilərik) dəyərləndirən filosof
bu qənaətə gəlmişdi. Üstündən
137 il keçməsinə
baxmayaraq, hələ də fəlsəfəni məşğul edən suallardan biri, hətta birincisidir bu: "Allah doğrudan da öldümü?"
Əlbəttə, bu yazıda filosofların sahəsinə
qarışmaq fikrindən
uzağıq. Bu fikri
yadıma salan Aqil Abbasın "Allahı qatil edənlər" romanı
oldu. İllər öncə bu
romanla ilk tanışlığımda
da diqqətimi ən birinci adı çəkmişdi.
"Allah" və "qatil" sözlərinə
bir ifadə içərisində ikinci
dəfə idi rastlayırdım. Birincidə (Nitşe
fəlsəfəsində) Allah ölmüşdüsə və
onu biz öldürmüşdüksə,
ikincidə öldürən
Allahdır. Dini baxımdan
yanaşsaq, ölümü
də Allahın insanı öldürməsi
kimi qəbul edirik. Ancaq onu qatil adlandırmaq heç kimin ağlına gəlməzdi ki, müəllif bu romanı ilə bunun da mümkün
olacağını göstərdi.
Aqil Abbas bütün yaradıcılığı
boyu real həyat hadisələrinə, həqiqətə
söykənən, gerçəkliyi
yazılarının mənbəyi
kimi seçən yazıçıdır. Azərbaycan ədəbiyyatının
şedevrlərindən olan
"Dolu" romanında
artıq onun həqiqətpərəstliyinin şahidi olmuşduq.
Elə zaman-zaman çap olunan kiçik məqalələri, esseləri
də gerçəklikdən
qidalanır. Ona real həyata
xəyanət etməyən
yazıçı da deyə bilərik. "Allahı qatil
edənlər" romanı
dəyərli ədib
haqqındakı bu fikirlərimi daha da qüvvətləndirdi.
Aqil Abbas yaradıcılığında Qarabağ mövzusu qalın xətlə keçir. Bu xətt
bəzi məqamlarda öləzisə, hətta
görünməzlik dərəcəsində
rəngini itirsə də, heç vaxt yox olmur.
Müharibə ya top-tüfəng
səsiylə, ya da eləcə adi insanların dialoqundakı bircə cümlədə, tək bir nəfəsdə "mən varam, məni unutmayın" deyib boylanır. Heç müəllifi qeyd olunmasa belə, A.Abbasın yazılarını
elə bu səsdən tanımaq mümkündür.
"Allahı qatil
edənlər" romanında
müharibə yoxdur. Nə
top gurultusu var, nə tüfəng səsi, nə də insanların harayı. Səssizlikdir...
Dərin səssizlik...
Eşidilən bir hərbi
hissədə həyət
süpürən, kartof
doğrayan, döşəmə
silən, sement qarışdıran, daş
daşıyan, bütün
bunlardan imkan tapanda isə komandirlərindən şikayətlənən
əsgərlərin səsidir.
Amma burada da o Qarabağ
xətti kölgə kimi ara-bir gözümüzə
dəyir. Axı bu
əsgərlər müharibə
şəraitində yaşayan,
torpaqlarının iyirmi
faizini itirən bir ölkənin əsgərləridir. Orduda xidmət
edən, düşünən
beyinlərdən biri olan "Akademik" ləqəbli əsgərin
dediyi kimi, onlar Vətəni qorumağa gəliblər,
sement qarışdırmağa,
daş daşımağa,
komandirlərə fəhləlik
eləməyə yox.
Amma onun elə bu
sözləridir ki, hərbi hissədə narazılığa səbəb
olur, komandirinin xoşuna gəlmir.
Dedik axı,
Aqil Abbas hər zaman qələminin kürəyi
həqiqətə söykənən
yazıçı olub. Burada da
ən acı həqiqət sillə kimi oxucunun üzünə
dəyir. Bu əsərdəkilər təkcə
Aqil Abbasın romanında müəllif təxəyyülündə rast
gəldiyimiz hadisələr
deyil, həqiqətin ən qatı üzüdür. Oxuduqca yadımıza
illərdən bəri
eşitdiyimiz əsgər
faciələri düşür.
"Təsadüfən"
əsgər yoldaşının
əlində açılan
güllədən ölənimi
deyək, "qəfil"
ürəktutmasından dünyasını
dəyişənimi? Ya da
"sevdiyi qızdan aldığı ayrılıq
məktubu sonrası özünü gülləlləyən"
əsgərdən söz
açaq? Bütün bunları
azmı görmüşük?
Ancaq deyəsən, müəllif
daha çox görüb, daha çox eşidib ki, içində qalaqlanmış ağrını
səhifələrə tökməyi
bacarıb.
Əsərdə bəzi komandirlər, zabitlər var ki, şərin təmsilçiləridir. Onlar "Akademik"
kimi haqq tərəfdarı, Vətən
sevdalı, qeyrətli
oğulun səsini batırmaq üçün
çabalayırlar. Onu "cəncəl"
hesab edirlər, dəfələrlə cəzalandırsalar
da, "Akademik" əyilmir, sınmır, təslim olmur. Nəhayət, onlar onu ən murdar
şəkildə təhqir
edib alçaldırlar...
Nəticədə onu təhqir edən üç əsgəri öldürən
"Akademik" son gülləni
də özünə
vurur. Bir müddət sonra
isə bu hadisələrə rəvac
verən Komandirin meyidi tapılır.
Bir baxımdan,
əsər dedektiv ab-havaya bürünsə də, müəllif bu havanı davam etdirmək fikrində deyil. Çünki onun məqsədi müəmmalarla dolu qətlin üstünü
açmaq, qatili tapmaq yox, baş
verən faciələrin
içərisində insan
psixologiyasının dərinliklərinə
enməkdir. Onu düşündürən
nə qətllərdir,
nə qatillər.
Onun fikirlərini məşğul
edən tək şey İNSANdır.
Ona görə də müəllif komandirin qətl məsələsini
çox uzatmır.
Məlum
olur ki, komandiri öldürən
"Akademik"in anasıdır.
"Akademik"in atası
kriminalistə deyir:
"Gəl sən razı olma ki, o boyda oğul
dərdi çəkən
bir ana bu
yaşında həbsxanaya
düşsün, həbsxanada
ölsün. Sənin
üçün nə
fərqi, əsas odur ki, qatili
tapmısan! Mən etiraf edirəm.
Polkovniki
mən vurmuşam.
İkimiz də müsəlmanıq.
Bunun bircə yolu var, ya məni
həbs edirsən, ya da bu
namus məsələsidi,
xanımımı atacam,
amma həbsxanaya düşməyə qoymayacam.
Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm,
yoxsa xanımım?!
Əslində, bunu mən
eləməliydim, kişiliyim
çatmayıb".
Kriminalist bu təkliflə razılaşır, onu aparır. Amma roman bununla tamamlanmır.
Oğlunun qəbrini qucaqlayan
atanın dərdi Kriminalisti qatili, tapmaq, fikrindən daşındırır. Və o, özüylə
heç bir qatil götürmədən
geri qayıdır.
Evinə qayıdan ata isə xanımına
qatilin tapıldığını
deyir: "Onu Allah öldürüb".
Aqil Abbas bu cür simvolik
sonluqla haqqın, ədalətin qələbəsinə
inandığını göstərir. Çünki
bu dünyada Allah var! O, olan yerdə
isə məzlumun ahı heç vaxt yerdə qalmaz.
Dəyərli tənqidçimiz Vaqif Yusifli bu
roman haqqındakı məqaləsində
romanda oğlunun
ölümünə bais olan
Komandiri öldürən ana
obrazının sönük təsvirini
müəllifə irad kimi
bildirir. Ancaq mən əsərin
sonunda qatil ananın Allahla eyniləşdirilməsini görəndə
bu sönük təsviri
bu cür mənalandırdım:
Biz bəndələr Allahı da görmürük. Onun hadisələrə münasibətini,
hisslərini, düşüncələrini bilmirik.
Ancaq hadisələrin ya
gedişatında, ya da
sonunda hansısa İlahi
müdaxiləni görür və ya hiss edirik.
Bax, bu, o zamana kimi
görmədiyimiz, hətta bəzən
varlığını belə unutduğumuz həmin Allahdır. Eynən Ana kimi...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 4 may.- S.17.