"At kimi işlədim,
it kimi yaşadım"
JURNALİST
AFAQ VASİFQIZININ ƏMƏKDAR ARTİST ELZA SEYİDCAHANLA
SÖHBƏTİ
Bəstəkar
Elza Seyidcahanın Heydər Əliyev adına
saraydakı möhtəşəm solo konsertindən necə təsirləndimsə,
düşüncələrimi yazmaq istədim. Amma
və lakin bu gözəl musiqiçinin
yaradıcılığında o qədər ziq-zaq var ki,
yazıya qərar versəm, suallarım cavabsız
qalacaqdı. Yazı yazmağa qərar vermədim.
Sual verdim. Suallar verdim. Cavabları sizinlə birgə oxuyaq.
-
Tanışlığımız 20-25 il
olar. Eyni nəslin adamlarıyıq. Sən musiqi ilə məşğul olmağa
başlayanda mən də jurnalistikaya yeni gəlmişdim.
Sən ilk başdan maraqlı idin. "YUĞ"da görürdük səni. Bilirdik ki, bu qız nəsə yaradacaq.
- "YUĞ"a əvvəl tamaşaçı kimi
gedirdim. Sonra Vaqif
İbrahimoğlu bir tamaşanın bəstəkarlığını
təklif elədi mənə. "Boğazca Fatma"nı işlədik.
- Bu illərdə
dəfələrlə proqramlarda təmasımız olub. Amma son 5-6 ildə elə oldu ki, vaxtaşırı səninlə
söhbət eləmək istədim. Suallarım
yarandı. Amma soruşmadın. Dedim
bir az keçsin.
- Nə
olmuşdu ki 5-6 il əvvəl?
- Deyəcəm,
darıxma. Gəl hələ konsertdən
danışaq. Nəsiminin 650 illiyinə həsr
etdiyin konsert - biləsən - çox möhtəşəm
idi. Açığı, bu dərəcədə
olsun - gözləmirdim. Repertuar, tərtibat,
ifa, müşayiət, geyim, mövzu. Hansını
deyim? Elə bil çox güclü
hazırlıq getmişdi. Heydər Əliyev adına saray neçə gün sənin
ixtiyarında oldu ki?
-
Neçə gün? Nə neçə gün?
Bircə gün!
- Yəni?
- Konsert
günü yalnız.
- Demə
ki proqonsuz çıxmışdın səhnəyə.
- Elə
konsert günü oldu proqonumuz.
- Elə
niyə?
- Proqon
günü üçün də ayrıca icarə ödəmək
lazımdı axı. Saray rəhbərliyi hər
cür şərait yaratsa da, sponsor işini yarıtmadı.
Mən də məcbur olub konsert günü elədim
son məşqi.
-
Reklamı çox az idi konsertin. Sən də
başqaları kimi avtobuslarda, iri posterlərdə reklam etdirsəydin,
o proqramı iki gün, lap üç gün də təqdim
eləyə bilərdin.
- Deyirəm
də, hər şey maddiyyata bağlanır. Sponsorum
işi yarımçıq qoydu.
- Nə
isə, bunlar konsertin mətbəxidi. Amma bu az
imkanla da mat qoya bildin hamını. Əsas budur.
- Tək qalmışdım
amma. Mən, bir də lap yaxınlarım. Qəribədi, elə bil, daşdan
çıxdı bu konsert.
- Necə
də gülə-gülə danışa bilirsən bu haqda? Çox pozitivsən sən.
- Sən
özün elə deyilsən ki? Bu enerjini Allah
verir, bilirsən? Elə-belə iş deyil.
-
Üzün gülür həmişə, hə. Heç ağladığın olmur? Nə vaxt ağlamısan axırıncı dəfə?
Yadına gəlir?
- Alim Qasımovun konsertində ağlamışam. Bir də Ajda
Pekkanıın konsertində. Həyəcandan.
- Sənin
konsertində də çox adam təsirləndi.
Eşitdim səhnədə də kimsə
ağlayıb?
- İrandan gələn musiqiçi qardaşlardan biri
çox kövrəlib, "Nəsimi divanı"ndan sonra
halı dəyişib. Durub çıxıb havaya. Handan-hana özünə gəlib.
- Mən
bu ağlamağı soruşmurdum amma. Əsəbdən, hirsdən,
hikkədən ağladığını deyirdim. Olmayıb?
- Olub. Elə konsert ərəfəsində sükan
arxasındaydım. Təsəvvür elə
- o qədər adamı yığmışam başıma.
Orkestr, iranlı musiqiçilər, pianist, rəqqaslar,
teatr aktyorları, konsertin rejissoru, o yandan işıq, səs,
texniki işlər, geyim, makiyaj. Yardım
üçün zəng elədiyim adamlar da üz döndərdi.
Seytnotdaydım. Gücüm
özümə çatdı. Maşın
sürə-sürə ağladım, ağladım,
boşaldım. Allahnan danışdım.
Ağladım. Danışdım.
Ağladım.
- Yəni
kimdən kömək gözləyirdin ki?
-
Ayrı-ayrı adamlara müraciət eləmişdim ki, bəs
bilet alın, verin işçilərinizə, həm adamlar gəlsin
maariflənsin, həm də bir mədəniyyət hadisəsinə
dəstək olun da.
-
Heç eləyən olmadı?
- Əlli əlliyə. Mənə heç kəsin
pulu lazım deyil ki. O pulu da verdim icarəyə, konsertin
xərclərinə. Sən inanırsan ki, mən
bu konserti pul qazanmaq üçün eləməmişdim?
- Burada nə
var axı? Konsert həm də pul qazanmaq vasitəsidi
də. Şounun biznesə çevrildiyi
yerdi yəni.
-
Düzdü, amma olmadı axı. Əlimi açıb Allaha
dedim kömək elə, musiqiçilərin zəhmət
haqqını verim, başqa heç nə lazım deyil.
- Ödəyə
bildin?
- Hələ də borclu qaldığım adamlar var. Desəm inanmazsan. Kürəkənim Elxan demişdi ki, konsertə on gün qalmış şou-proqramlara getməyim. On nədi, bir gün qalmış - sabah kosertdi e - durdum getdim şou-proqrama. Bir saat oxudum ki, o pulla kiminsə haqqını ödəyə bilim. Bircə aparıcıdan xahiş elədim ki, deməsin səhər konsertim olduğunu. Camaat mənim haqqımda nə fikirləşər? Konsertin səhəri günü də elə onun kimi. Kim olsa mənim yerimə, o boyda dəsgahdan sonra tərpənə bilməz. Yenə yollandım şou-proqrama. Oxudum, pulumu qazandım.
- Camaatın nə fikirləşəcəyini gəlib ağlına. Bəs özün? Nə fikirləşdin?
- Fikirləşdim ki, Allahın verdyi ruzidi, niyə ruzimi kəsim? Başqası bunu eləməzdi, lap eləsə də deməzdi. Amma mən gizlətmirəm. İşləyib halal pulumu qazanmışam da. Bilirsən hərdən nə hiss edirəm? Andersenin bir nağıl qəhrəmanı var - Eliza, səhərə qədər köynək toxuyur ki, qardaşları qu quşuna dönməsin. Bax elə bilirəm o qız mənəm. O nağıl mənim həyatımdı. Nə günlər yaşamışam, eh...
- Yazsan, bir roman olar. Ağlına gəlməyib bioqrafik roman yazmaq?
- Roman? Yazmışam da.
- Şeir yazdığını bilirdim. Roman da
yazmısan?
-
Uşaqlıqda yazmışdım roman. Adı
"Nuru və Seyidcahan" idi. O qədər dastan
oxumuşdum, "Əsli və Kərəm", "Abbas və
Gülgəz", mən də atamla anamın sevgi
dastanını yazmışdım. Bir ümumi
dəftəri yazıb başa çıxmışdım.
- Durur o dəftər?
- Yox. Dəftəri özümlə məktəbə
aparıb gətirirdim ki, evdəkilərin əlinə
keçməsin. Bir gün tənəffüsdən qayıdanda
gördüm oğlanlar söz atır - "Nuru və
Seyidcahan". Başa düşdüm ki, dəftərimi
çantamdan çırpışdırıb oxuyublar.
O qədər ağladım ki. Cırıq-cırıq
elədim dəftəri hirsimdən.
- Bəs indi
roman yazsan? Öz həyatından roman yazsan
adı nə olar? "Elza və kim?"
- Elə
qoymaram adını. İndi yazsam adı olar "Allah, sən
özün bilirsən də.." O
özü hər şeyi bilir.
- Təksən
həyatda?
- Dedim
axı - Allah özü bilir də. Bəndənin
nəyinə lazım?
- Bəndədən
gizlətdiyin daha nələr var?
- İstəyirsən bir etiraf da eləyim? Konsertin səhəri
günü iranlı musiqiçilərə nahar verdim, nəyim
var - xərclədim. Bu adamları həm də
taksiylə yola salmaq lazımdı, axı. Kürəkənimə
dedim, sən restoran müdirindən pul alıb ver taksiyə,
qonaqlar bilməsin ki pulumuz yoxdur. Mən gedib
şou proqramda oxuyub gətirərəm. Qazanıb
gətirdim. Ayıb deyil ki. Təsəvvür elə - o boyda konsert verəsən
və bir qəpiksiz çıxasan. Bax
bunu da heç kəs danışmaz. Allahdan
gizlin deyilsə, bəndədən niyə gizlədim ki?
- Sən
konsertdə rəqs də elədin, özü də - libertanqo. Tanqonu adətən nərmə-nazik qadınlar
oynayır. Necə risk elədin?
- Komplekslərim
yoxdu da mənim.
-
Maraqlı da geyimin vardı. Saçaqlanmışdın
tamam.
-
Bacım dedi geyinmə o paltarı, kök göstərir səni.
Anam da dedi pisdi. Dedim yox. Şövkət Ələkbərova,
Leyla Bədirbəyli arıq olmayıblar ki. Öz dövrlərində ən gözəl
xanım sayılıblar. Ümumiyyətlə,
qadının əti də ona yaraşıq verir.
- Gözəl
qadının - hə. Əndazədə amma.
Hər halda cəsarətli rəqs idi. Cəsarətin çatmayan şey olub həyatda?
- İnan səmimiliyimə - ancaq vicdansızlıq və
pislik eləməyə cəsarətim çatmır. Özümə
yaraşdırmadığım şeyləri doğrudan
bacarmıram.
- Deyirlər
qadın bəzən sözlə deyə bilmədiyini
plastikası ilə söyləyir. O rəqslə nə idi demək
istədiyin?
- Mən
sözlə demişəm də qadının nə istədiyini.
- O
mövzuya qayıdacayıq axı. Konsertlə
bitirək hələ. Yəni deyirəm nəyi
ifadə eləyirdi rəqsin? Yəni
sözlə ifadə edə bilmədiyin nəsə qalıb
ki? Yenə söz çəkir adamı o
ikinci mövzuya.
-
Düzdü, kompleksim yoxdu. Amma ismətimi
qoruyuram həmişə. Adət-ənənə
var mənim üçün.
- Şeirlərində çox açıq-saçıqsan axı.
- Deyiləm. Bəzən mənim adımdan ağıllarına gələn şeiri yazıb paylaşırlar. Konsert ərəfəsində də elə oldu. Axmaq bir söz yığnağını gətirmişdilər gündəmə. Təxribat idi də mənə qarşı.
- Kim yazmışdı bəs?
- Bilmirəm. Məhkəməyə vermişəm araşdırsınlar. "Baldı, xaldı, övladdı, arvaddı, vay-vay, oy-oy, doy-doy". Mən belə şeir yazmamışam.
- Sənin yazdıqlarına oxşayır amma.
- Saytlar bu qəbildən şeirləri yazıb mənim adımdan verirlər, özlərinə oxucu yığırlar. Ayıb olsun onlara. Hamısı cəzasını alacaq.
- Mənə hərdən elə gəlir ki, sən o şeirlərini üzə çıxartmaqla qarşındakılarla məzələnirsən. Düzdü?
- Yox. Mənim şeirlərimdə pis məna yoxdu ki. Şeirlərimi sadəcə başqa cür təqdim edirlər. Bax yazmışam - "qadın bir şey istəyir". Bunu götürüb haralarasa yozurlar. Böyük bir şeirdən ancaq bir hissəsini verirlər, mənası açılmır.
- Yaxşı, nə istəyir sənin qadının?
- Tumar istəyir.
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın
bir şey istəyir,
Bir şey.
Qabırğa
olmaq istəyir
Qabırğa.
Görürsən? Burada bir dənə də başqa eyham
yoxdur. Tumar istəyir, rəhm istəyir
qadın, sığal istəyir. Sadəcə
mən nə yazıramsa pis yerə yozurlar. Mənim şeirlərim də tamaşavaridir axı.
Gərək hamısını oxusunlar ki pisə
yozmasınlar.
- Bir
şeir də vardı sənin imzanla - Elə yataram
ağuşunda filan bəsməkan.
- O
şeir çıxanda elə ajiotaj yaratdılar ki, bəs
Elza kişiyə şeir yazıb.
- Sən
yazmamışdın ki?
- Mən
yazmışdım. Amma kişiyə
yazmamışdım. O şeir Allaha xitab idi.
Elə
yataram ağuşunda,
Pərvazlandır
şənbəmi,
Cüməmi, çərşənbəmi.
Zər-zinətdə,
daş-qaşda,
Heç bir kəsdə gözüm yox.
Gözüm ancaq səndədir.
Gözəlliyindədir gözüm.
Namazında,
zikrində,
Səcdəndədir sözüm.
İşıq
gəlir, nur gəlir sözümə
Güc gəlir,
ruh gəlir qoluma
Lütf gəlir,
hava gəlir başıma
Qoy havalanım eşqindən.
Məst olum gözəlliyindən.
Başqa bir şeirim var. Onu da seksin təbliği kimi
yozurlar. Əslində, seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ
gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir
mahnı yaranır, əsər yaranır. O əsərlə
mən yaşayıram. Amma seksual şeirlər
yazmıram mən. Kim yozursa, özü elə
başa düşür deyə elə yozur. Yox, əgər şeirimdə eşq tapırlarsa, mən
onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət
olmalıdı, eşq olmalıdı.
- Amma sənin
saytlardakı yaradıcılığın sanki ancaq intim
münasibətlər haqdadı. Bayaq dedim ki, son illərdə
bir neçə dəfə səninlə söhbət eləmək
istəmişəm. Bax məhz bu şeirlər
barədə danışmaq istəyirdim. Yəni
belə gözəl, istedadlı və sevilən qadın nədən
bu qədər seksdən yazsın ki?
- Mənim bir dənə də seksual şeirim yoxdur. Ya kontekstdən çıxarırlar, ya da ağıllarına gələni yazıb mənim adımdan yayırlar. Yəni məni məhz elə təqdim eləyirlər. Bax bu məni çox incidir. Hər kəs qadını sevir. Amma hər kəs müvəqqəti sevir. Allahsa əbədi sevir. Mən o sevgidən danışıram.
- Elza, şeirlərini çox adam bəyənmir. Bu səni incitmir ki?
- Mənim musiqimi də əvvəl-əvvəl çox adam bəyənmirdi. İllər keçdi, anladılar, bəyəndilər. Bax vaxt gələcək şeirləri də bəyənəcəklər. İndi toylarda mahnılardan çox məndən şeir istəyirlər.
- Ciddisənmi?
- Zarafat eləmirəm.
- Bir dəfə, yadıma gəlir, demişdin: "Qoy məni oxuyub Bəxtiyar kimi şairlərin qədrini bilsinlər. Pis olmasa yaxşının qədrini bilməzlər". O vaxt dedilər görürsüz Elza özü öz şeirlərinə pis deyir.
- Əlbəttə, Bəxtiyar kimi şairlərin yanında mən cızmaqaraçıyam. Amma cızmaqara da olsa kim mənə deyə bilər ki yazma. Heç kəsə demək olmaz ki yazma.
- Amma şair demirsən də özünə? Ya deyirsən?
- Onu illər göstərəcək. Nə qalacaqsa, deməli, o yazılmalıymış. Nə unudulacaqsa, demək yazılmamalıymış.
- Səndən nə qalacaq, Elza? Musiqi, ya şeir?
- Mən
bilmərəm ki. Tamaşaçı bilər.
- Bəs
özün nə fikirləşirsən? Sən
ağıllı qızsan, ola bilməz ki,
öz fikrin olmasın.
- Bilirəm
ki, musiqidən ya sözdən ayrıla bilməyəcəm. Geniş mənada proqnozu mən vermirəm.
-
Yaxşı, başqa cür soruşum. Desələr
iki əşyadan birini götürməlisən özünlə.
Piano, ya sənin şeir kitabın. Hansını seçərsən?
- Əlbəttə ki, pianomu alaram belimə.
- Elza, musiqinin müxtəlif janrlarında əsər yazmısan, şeir yazmısan, dediyin kimi, vaxtilə roman da yazmısan, gələcəkdə memuar da yazdın bəlkə. Yaxşı bəs özün üçün epitafiya, yəni məzarüstü vida sözü yazmalı olsaydın nə yazardın?
-
Yazardım "At kimi işlədi, it kimi yaşadı".
Pis mənada demirəm haa.. Əslində,
elə itlər var ki, bəzi çaqqal insanlardan min qat
yaxşıdı. Mən qazanıram, pis də
qazanmıram, amma bütün qazancımı sənətə
verirəm. Sənətə çatır
ancaq. O mənada dedim - at kimi, eşşək kimi işlədi,
it kimi yaşadı.
-
At-eşşək nə idi? Camaat adam kimi
sənin növbəti konsertinə hazırlaşır. Deyəsən, payızda yenə solo konsertin olacaq hə?
- Hə,
olacaq. Artıq hazırlaşıram. Tamaşaçılar da hazırlaşsınlar qoy.
Amma o səhnədə eşq yaratmaq
üçün işləmək lazımdır da, həm də
çox işləmək - yaxşı, qoy olsun at kimi işləmək,
o birisini deməyim.
- Demə...
525-ci qəzet.- 2019.- 3 may.- S.10;12.