Dəvələr, atlar, şarlar...
Hekayə
Dəvələr quyuya atılırdı, toplar səbətə düşən kimi. Quyunun ağzı
palçıqlı olduğundan
bəzilərinin ayaqları
sürüşür, düşünməyə
macal tapa bilmirdilər. Suyun üzərinə
ağır daş kimi çırpılır,
səssiz-səmirsiz yoxa
çıxırdılar.
Karvandakı sonuncu dəvənin nə ayağı sürüşdü, nə
də özünü
Cordanın əlindəki
top kimi hiss etdi. Çömbəlib dostlarının arxasınca
xeyli baxdı, baxdı. Qəfil hönkürtüsündən kənardakı dağdağan
ağaclarının budaqları
silkələndi, yarpaqlarından
qarışqalar yağdı.
Ucsuz-bucaqsız çölün tənhalığı dəvənin
boynunda yük idi; o, ya digərləri
kimi bu quyuya
atılacaq, ya da çölün kimsəsizliyini dolduracaqdı.
O isə ölməyi
seçdi və başını quyunun kənarındakı daşa
çırpıb intihar
etdi.
***
Ona yalan danışmağı mən
öyrətdim, ilk yalanı
da mənə danışdı. Murovdan dəvə karvanının
düşdüyünü dedi. Bir anlıq buralarda
artıq əfqanların
yaşamadığını, Qarabağ müharibəsindən
sonra köçüb
getdiklərini, karvanlarını
da özləri ilə keçmişə
çevirdiklərini unudub
arxaya çöndüm.
Heç
nə yox idi. Güləndə hələ də
körpə olduğunu
anladım və özümə söz verdim ki, bir
də onu siqaret almağa göndərməyəcəyəm. Hər dəfə "Camel"dən
birini də ona uzadar, çəkməsi
üçün israr
edərdim. Gecələr anasının danladığını
eşidib vicdan əzabı çəkmək
adətim olmuşdu.
Sarvan bizim məhlənin ən balaca sakini idi. Ondan sonra qadınlar hamilə qalmadı. Anası Züleyxa blokdan beş-on addım qabaqda qutab bişirib
satar, atası Yusif mobil nömrələrin
sifarişini alardı.
Qapısına "Nar, Cin, Sim
nömrələr satılır"
yazılmış budkada
həm də telefonların təmiri ilə məşğul olan cavan oğlan
işləyirdi. Günlərin birində oğlanı maşın vurdu, yerindəcə keçindi.
Həyat
isə davam edə bilirdi onsuz.
Sarvana Şəmslə
Mövlananın dostluğunu
danışırdım tez-tez. Fikir verirdim
ki, dinləyəndə
gözləri yol çəkir, elə bil kimisə gözləyirdi. Dəfələrlə Şəmsin necə qeyb olduğunu soruşmuşdu, axırıncı
görüşümüzdən savayı heç vaxt ona bu
barədə danışmamışdım.
Avqustun yeddinci günü Sarvan bikef yanıma oturdu. Siqaret istədi. Mən də
verdim. Həmişəki kimi peşman
olacağımı bilə-bilə
verdim. Şəmsin necə qeyb
olduğu barədə
bircə dəfə soruşdu. Kefini bir az da pozmayım deyə danışdım.
Bura yazıb onu yenidən incitmək istəmirəm. Siqareti yerə
atıb uzaqlaşdı.
Şər qarışanda məhləmizin
quyusunun başına bütün məhlə əhli yığılmışdı. Züleyxayla Yusif
diz çöküb quyunun zil qaranlıq
dibinə baxırdı,
sanardın, səcdədədirlər.
Sarvan özünü quyuya atmışdı, amma suyun üzündə eləcə oturmuşdu, batmırdı, adamlar da onu görüb
heykəl kimi donmuşdular. Atasının suallarına cavab vermirdi, elə bilirdilər, eşitmir.
Başımı
əyib qışqırdım:
"Niyə quyuya
düşdün, nə
gəzirsən orada?"
Quyunun dibindəki qaraltının
səsini bircə mən eşitmişdim:
"Rumini gözləyirəm..."
***
İlxıdakı atlardan biri kişnəyib
ayağını quyunun
yanındakı qoca dağdağan ağacına
vurdu. Ağacın yarpaqlarından qarışqalar
yağdı. At sakitləşə bilmirdi,
quyuda nə isə görmüşdü,
qorxub ağaca tərəf qaçmışdı.
Kənarda sərilən dəvəni
isə yatmış bilib yaxınlaşmırdılar.
İlxı yavaş-yavaş uzaqlaşır, dağdağan
ağacını ayaqları
ilə döyəcləyən
at isə öz anlaşılmazlığını davam etdirirdi; rəmənin yorğun gözlərinə gah görünür, gah da yoxa çıxırdı.
***
Sarvanın quyuya düşüb
Rumini gözləməyə
başladığı gündən
iki il,
iki ay, iyirmi səkkiz gün keçirdi. Ruminin nəinki Sarvandan,
heç quyudan da xəbəri yox idi. O, öz itmiş karvanını axtarırdı.
Qozbel atı tez-tez yorulur, tövşəyir,
Rumini belindən salırdı. Tanrı atı
dəvəmi yaratmaq istəmişdi? Dodaqları, beli,
quyruğu dəvələrdəki
kimi, ayaqları, gözləri, səsi isə atlardakı kimi idi. Günlər
keçir, nə Rumi gəlib bizim məhləyə çıxırdı, nə
də Ruminin karvanı tapılırdı.
Uşaqlar Züleyxanın qutablarını
yedikcə yazıq qadının gözləri
dolur, həsrətlə
quyuya tərəf çevrilirdi. Sarvan isə
heç nə yemədən, içmədən
o məzlum qaranlıqdaca
tale dostunu gözləyirdi.
Atlar kəndimizdə maşın
sürməyə başlayanda
heç kim
təəccüblənmədi. Əvvəllər belə şeylər
olmuşdu. Camaat bu
qəribəliyin fərqinə
Yusifin yanında işləyən gəncin
qəzaya düşdüyü
gün vardı.
Atlardan biri onu vurmuşdu.
Başı daşa dəyib
boynu qırılmışdı.
At zar-zar ağlayırdı,
ancaq heç kim ona məhəl qoymur, hamı gəncin nakam həyatına üzülürdü. Bu hadisədən sonra atlar kəndimizdən köç etdi. Yay səhəri oyanıb gördük ki, bir dənə də at qalmayıb, tövlədən qaçıblar.
Payıza doğru havalar sərinləyir, arada küləklər dağdağan
ağaclarını yelləyirdi. Məhləmizə
təzə köçən
ailənin balaca qızı hər gün şar
alıb doldurar, sonra ətrafı məftillə hasarlanmış
quyunun yanına gəlib oynayardı. Bunu bircə mən izləyirdim, çünki
hekayənin necə bitdiyini bircə mən bilirdim.
Yusifin budkası
artıq işləmirdi. Züleyxa da
artıq qutab bişirmək istəmirdi.
Ailənin bircə oğlu
quyuda qalmışdı,
sağ idi, səsini eşidirdilər,
özünü də
qaraltı kimi sevirdilər. Neçə dəfə cəhd etdilər çıxartmağa,
alınmadı. Sarvan gözlərini
bir nöqtəyə düyünləyib bircə
cümləni təkrarlayırdı.
"Rumini gözləyirəm..."
***
Sarı
şar mavinin
qulağına pıçıldadı:
"Uça bilərsən?"
Mavi şar qızcığazın
əlindən siyrilib havaya qalxdı, ağacın budağına
toxunub partladı.
***
Kəndin bütün qocaları öldü, bütün cavanları qoca oldu, uşaqlar böyüdü, Sarvandan sonra uşaq doğulmadığı üçün
kəndin sonuncu nəsli kədər içində qıvrılırdı. Günəş az-az gəlir buralara, ağaclar quruyub əldən düşürdü.
Rumi karvanındakı
sonuncu dəvənin bədənini tapanda ağlaya bilməmiş, qozbel atını kənardakı ağacın
gövdəsinə bağlayıb
qeyb olmuşdu.
Mən də köçməyə hazırlaşırdım. Kənddən canını qurtaranların
övladı da olurdu, xoşbəxt həyatı da.
Yasəmən, quyunun həndəvərində
şar oynadan qız da böyüyüb
gözəlləşmişdi. Əllərindəki şarları
papkalar, çiynindəki
aşırmanı çanta əvəz etmişdi. Artıq hamı kimi
onun da ailəsi kənddən
köçürdü. Evlər
boşalmışdı. Bu kənddən birinci atlar, sonra şarlar, indi də adamlar getmişdi. Çamadanı yığıb həyətə
çıxdım. Yusiflə Züleyxa
oğullarını quyuda qoyub
tərk etmişdilər. Sonuncu dəfə
quyuya baxdım. Qaraltı yox
idi. Adını qışqırdım. Bir səs eşitmədim. Quyudan
qırmızı rəngdə şar gözümün önündən havaya yavaş-yavaş
qalxırdı. Sonra budaqların
arasında çöpə keçib
partladı.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 4 may.- S.24.