Edamdan sonra başlanan həyat
Nəsiminin
anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi
haqqında möhtərəm prezidentimiz İlham Əliyevin 15
noyabr 2018-ci il tarixli Sərəncamı və Azərbaycan
Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi
haqında 11 yanvar 2019-cu il tarixli Sərəncamı
işığında alimlərimiz sanballı, müxtəlif
səpkili əsərlər yaratmaqdadırlar.
Akademiklər
Rafael Hüseynov, İsa Həbibbəyli, Teymur Kərimli və
Möhsün Nağısoyun silsilə yazıları, akademik
Zenfira Səfərovanın məqaləsi, şərqşünas
alim Firudin Qurbansoyun "İmadəddin Nəsimi"
monoqrafiyası, Vaqif Aslan, Sayman Aruz, İslam Sadıq və
başqalarının əsərləri bu qəbildəndir.
Yüksək
bəşəri humanizmi ilə dünya şöhrəti
qazanmış anadilli poeziyamızda fəlsəfi qəzəlin
və qəsidənin, Aşıq
yaradıcılığında qıfılbənd deyişmələrin,
"Əlif-lam" və "Tərs əlifba"nın
banisi, qoşma və divani kimi janrların poetik təkamülündə
müstəsna rolu olan, Azərbaycan ədəbiyyatı
tarixində müstəzad, mürəbbe və tərcibəndlərin
ilk nümunələrini yaradan, dahi şairimiz Nəsimi
haqqında, onun poeziyasının ideya-bədii siqləti
haqqında bundan sonra da tədqiqatlar aparılacaqdır.
Nəsimi irsinin böyük masştabda dövriyyəyə
gəldiyi çağdaş günlərimizdə onun faciəvi
taleyi haqqında mübahisə və mülahizələr səngimək
bilmir. Təəssüflə
qeyd etməliyəm ki, şairin din xadimlərinin xüsusi fətvası
əsasında amansızcasına qətlə yetirilməsi və
dərisinin diri-diri soyulması, xəlifənin göstərişi
ilə şairin bütün yazılarının
yandırılması, adda-budda dövrümüzə qədər
gəlib çatanı da... Sovet vaxtı "ədəbiyyatşünaslar"ının
təhrif etməyə başlaması, şairi ateist kimi qələmə
vermələri və s. barədə bəzi məqalə
müəlliflərinin qənaətləri
yanlışdır. Hər şeydən əvvəl
onu deyək ki, Misir Sultanı Müəyyədin Nəsiminin
edamı barədə əmrində şairin əsərlərinin
yandırılması barədə heç nə yoxdur. Şairin dünya kitabxanalarında və muzeylərində
saxlanılan 50-dən artıq əlyazmasının olması,
Cahangir Qəhrəmanovun üç cilddə ərəb əlifbasında,
orijinalda olduğu kimi tərtib etdiyi "İmadəddin Nəsimi.
Əsərləri. (Bakı,
1973)", və Həmid Araslının tərtib etdiyi
"İmadəddin Nəsimi. Seçilmiş
əsərləri. (Bakı, 1973, 676 səh.)"
əsərləri məqalə müəllifinin
fikrini alt-üst edir.
Şairin ateist kimi qələmə verilməsi məsələsinə
gəlincə, müəllifə tövsiyə edərdik ki,
görkəmli ədəbiyyatşünas alimimiz Mirzağa
Quluzadənin "Böyük ideallar şairi"
kitabını oxusun. Alim yazır: "Nəsimi obyektiv dünyanı, real həyatı
təsdiq edən bir şairdir, bu mənada o, bir mütəfəkkir
kimi materialist dünyagörüşünə
yaxınlaşır.
Nəsimini materialist və ateist şair kimi qiymətləndirmək
səhvdir. Nəsimi
ateist deyildir (Bax: "Böyük ideallar şairi". Bakı, Gənclik, 1973, s.136-137)".
Bunu Misir Sultanının əmrindən də, din xadimlərinin
şairin edamına fətva verməməsindən də
görmək olur.
O ki
qaldı şairin din xadimlərinin fətvası əsasında
qətlə yetirilməsi və dərisinin diri-diri
soyulması məsələsinə, bununla bağlı
fikrimizi bir daha bildirmək və şairin qətlindən on il sonra baş verən tarixi əhəmiyyətli
bir məsələni gündəmə gətirməkdir. Bunun üçün mütləq keçmişə
ekskurs etmək zərurəti ortaya çıxır.
Taledən gələn ömür payımda bir çox
ölkələrdə olmuş, səfər qeydləri və
hətta kitablar da yazmışam. Lakin 2008-ci ilin 10-17 noyabrında
Suriyaya səfərimizi əhəmiyyətinə görə
heç bir səfərlə müqayisə etmək olmaz.
Biz Suriyaya Azərbaycan prezidenti cənab İlham
Əliyevin təşəbbüsü və
tapşırığı ilə Azərbaycan Səfirliyinin
uğurla həyata keçirməkdə olduğu müqəddəs
bir işin yerinə yetirilməsinə yardımçı
olmaq amacı ilə getmişdik.
Nümayəndə
heyətinə Mədəniyyət və Turizm Nazirliyinin
şöbə müdiri Fikrət Babayev, memar Rüstəm
Muxtarov, bərpaçı Telman Kərimli, Milli Elmlər
Akademiyasından akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli,
filologiya elmləri namizədi Səadət Şıxıyeva
və mən daxil idik.
Fikrət Babayev və memarlar suriyalı həmkarları
ilə Nəsiminin məqbərəsinin və məscidin bərpası
üçün variantlar üzərində işlədilər. Biz isə Nəsimiyə həsr
olunmuş Beynəlxalq
konfransda iştirak etdik.
Konfransın
ikinci günü ilk məruzə ilə mən
çıxış etdim: "Nəsiminin İraq Divanı və
şairin həyat və yaradıcılığına yeni
baxış" mövzusunda məruzəmdə göstərdim
ki, Nəsiminin Divanının İraq nüsxəsi üzərində
tədqiqat apararkən qəribə bir mənzərənin
şahidi olmuşdum. Divan nüsxəsində yer alan 400-ə qədər şeirin üçdə
bir hissəsindən çoxu Allaha, İslam dininə, Peyğəmbərimizə
və başqa müqəddəslərə həsr olunub. Sovet dönəmində bu barədə söz
açmaq asan deyildi. Odur ki, kitabda onların yalnız ilk
və son beytlərini verə bilmişdim (Bax: İmadəddin
Nəsimi. İraq Divanı. Bakı,
"Yazıçı", 1987, s. 256-279).
Bu şeirlərdən belə qənaətə gəlmək
olur ki, Nəsiminin Allaha sevgisi hüdudsuzdur. Belə olan
halda onun allahsızlıqda təqsirli bilinərək qətlə
yetirilməsi nə qədər inandırıcıdır?
Apardığımız tədqiqatlar bizim
haqlı olduğumuzu sübut etdi. Hələb
canişini Yəşbək Abdulla əl-Yusifinin israrla
şairin ölümünə fətva verilməsini tələb
etməsinə baxmayaraq, Hələb qaziləri fətvadan
imtina etmişdilər. Bəlkə bu
işdə şairin dini şeirləri də onların
dadına çatmışdı, bilmirəm. Gün kimi
aydındır ki, Nəsimi kafirlikdə suçlu bilinərək
edam edilsəydi, məsciddə dəfn
olunmazdı, ona məqbərə tikilməzdi. Türbəsi
ziyarətgaha çevrilməzdi. Adına
küçə qoyulmazdı, təkyəsi olmazdı. Təkyənin
üstündə "Həzrət Nəsimi", türbəsinin
üstündə "Şeyx Nəsimi", "Allahın dostu"
yazılmazdı.
Mən
danışdıqca hiss edirdim ki, mənimlə yanaşı
oturan Hələb müftisi Dr. Mahmud Əkkam həyəcan
keçirir. Narahat oldum. Fikirləşdim
ki, bəlkə mənimlə razılaşmır. Lakin belə deyilmiş. Burada
xüsusi vurğulamağa dəyər ki, elə müftinin
konfransda iştirakının özü Nəsiminin ruhuna
böyük ehtiram idi. Lakin o, məndən
son-ra "Nəsimi və sufilik" mövzusunda maraqla
qarşılanan məruzə etdi. Dr. Mahmud Əkkam məruzəyə
başlamazdan əvvəl dedi: "Professor Paşayevin məruzəsindən
çox təsirləndim. Nəsiminin
başına gətirilən bəlalara, ona verilən işgəncələrə
görə üzr istəyirəm. Bu hələblilərin
işi deyildi, Hələbdəki gəlmələrin və
onların havadarlarının işi idi. Təsəllini
onda tapırıq ki, Hələb Nəsimini öz oğlu kimi
qoynunda uyutdu və bu gün də uyudur. Mən
Nəsimiyə həmişə dua oxuyuram. Çünki o, haqq yo-lunda şəhid olub. Haqsız işgəncələrə məruz
qalıb. Yaradandan təmənna edirəm
ruhu şad olsun. Bu gün də həmişə
olduğu kimi, Hələbdə şairin adı ehtiramla yad
edilir, ona işgəncə verənlər lənətlənir".
Tarixi əhəmiyyətini
nəzərə alaraq Dr. Əkkamın
"Üzrxahlığ"ını burada
bütövlükdə verməyi zəruri saydıq:
"Möhtərəm qardaşlar! 591 il
bundan öncə bəşər tarixində ən faciəli
hadisələrdən biri baş vermiş, Azərbaycanın
böyük şairi və filosofu, parlaq istedad sahibi olan
mütəsəvvüf Vəli ul-İlah (Allahın dostu)
Seyyid Əli İmad əd-Din Nəsimi vəhşicəsinə
edam olunmuşdur.
Bu gün biz xəcalət çəkirik ki, bu
müdhiş faciə tarixə bizim Hələb şəhərinin
adı ilə bir yerdə düşmüşdür. Doğrudur, həmin faciə
şəhərimizdə hökmranlıq edən əcnəbilər
və onların havadarları tərəfindən törədilmişdir,
lakin Nəsiminin günahsız qanı məhz burada
axıdıldığı üçün mən, müasir
Hələbin dini icmasının rəhbəri kimi, sizdən
dönə-dönə üzr istəyirəm!
Mən çox vaxt dindaşların önündə
xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də
yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna
dualar səsləndirirəm.
Tarixi-elmi
mənbələrdə öz əksini tapmış məlumata
görə, bu edamdan on il sonra Hələb
məhkəməsi işə yenidən baxıb əvvəlki
ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə
qovuşan şairə, gec də olsa, bəraət
vermişdir.
Bununla belə, bu gün mən sizdən üzr istəməyə
daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe
edirəm ki, mənim üzrxahlığımı qəbul
edib bütün Azərbaycan xalqına
çatdırasınız. Bu, tək mənim yox,
cəmi Hələb müsəlmanlarının
xahişidir".
Dr.Mahmud
Əkkam
Hələb şəhər müftisi Suriya Ərəb
Cümhuriyyəti, Hələb şəhəri, Beynəlxalq
Nəsimi forumunda oxunan məruzədən.
12 noyabr,
2008-ci il
"Üzrxahlığ"ın ərəb dilindən
tərcüməsi Hacı Firudin Qurbansoyun "İmadəddin
Nəsimi" (Bakı, "Elm", 2019, səh.128-129)
kitabından götürülmüşdür.
Görünür,
Hacı Firudin rəsmi sənəd adlandırdığı
"Üzrxahlığı" kitabı çapda olan vaxt əldə
edib və "Lap axırda bu rəsmi sənədi şərhsiz
təqdim edirəm" yazmaqla kifayətlənib.
Həqiqətən də Nəsiminin başına gətirilən
bəlalar gəlmələrin və onların
havadarlarının işi idi. Nəsiminin məhkəməsi
bunu açıq şəkildə göstərir.
Şairin məhkəməsi Hələbin şeyxi, naibi
və qazılar qazısının və rəsmi qəbul
olunmuş məzhəblərin (hənəfilik, malikilik,
şafilik, hənbəlilik) dördünün də nümayəndələrinin
iştirakı ilə keçirilib. İttiham ilə hənəfilərin
qazılar qazısı İbn əş-Şənqaşı
çıxış edib. Hələbin naibi Yəşbək
üzünü Nəsimiyə tutaraq: "Deyilənləri
inkar edə bilməsən, səni öldürəcəm"
- deyir. Bu sözləri eşitcək İbn əş-Şənqaşi
Yəşbəkin məkrli niyyətini anlayır və
ittihamdan imtina edir.
Hənbəlilər şeyxi Şihabəddin ibn Hilal məhkəmənin
pozulduğunu görərək malikilərin qazısı Fətxəddindən
yuxarı başa keçir, Nəsiminin öldürülməsi
barədə yazılı fətva verir və Nəsiminin
tövbəsinin qəbul olunmayacağını qeyd edir. Nəsimi
"kəlmeyi-şəhadət" alıb deyilənləri
rədd edir. Məclisdə əyləşən din
xadimləri qazı və alimlər fətva ilə tanış olduqdan sonra onun əsassız
olduğunu və güman ki, şairin bənzərsiz dini
şeirlərini nəzərə alaraq fətvanı qəbul
etməyiblər. Qazılar qazısı Fətxəddin
Şihabəddinə deyib: "Qazı və üləmalar səninlə
razı olmadığı halda, mən sənin sözünlə
durub ona necə ölüm kəsə bilərəm?"
(Ziya Bünyadov. Nəsiminin məhkəməsi
və qətli. Bax: "Ədəbiyyat və incəsənət"
qəzeti, 19 sentyabr 1980; Həmid Araslı. İmadəddin
Nəsimi. Bakı, "Azərnəşr", 1972, səh.13).
Suriyalı tədqiqatçı Bəkir ən-Nasirin
göstərdiyi kimi, Şeyx Kamil əl-İzzinin Hələbin
tarixindən bəhs edən çox böyük həcmli
"Nəhr əz-zəhəb" ("Qızıl
çayı") əsərində Nəsiminin həyatı
və məhkəməsi barədə qiymətli məlumat
vardır.
Əsərin III cildində oxumaq olur: "Əmir Yəşbək
hər dörd məzhəbin qazılarından tələb
etmişdi ki, Nəsimini ölümə məhkum etsinlər.
Baş qazı: "Nəsimi Əmirin istəyinə əsa-sən
mühakimə olunur - desə də, qazılar və üləmalar
şairin küfrdə təqsirləndi-rilməsi barədə
qərara gələ bilməyiblər". (Bəkir
ən-Nasir. İmadəddin Nəsimi.
"Azərbaycan" jurnalı, ¹9, 1987, s.170.)
Vəziyyətin
gözlənilməz məcraya döndüyünü görən
Hələb canişini Yəşbək tez işə
qarışıb: "Sultan nəticəni ona bildirməyi, Nəsimi
haqqında veriləcək göstərişi gözləməyi
əmr etdi" (Ə.Səfərli, X.Yusifov. Qədim
və Orta əsrlər Azərbaycan ədəbiyyatı.
Bakı, 1982, s.193).
Məclis dağılıb. Misirdən - Sultan
Müəyyəddən cavab gələnə qədər
şairi zindanda saxlayıblar.
Çox keçmir ki, Sultan Müəyyəddən əmr
gəlir. Əmrə əsasən, şairin boynunu vurub dərisini
soyaraq cəsədini çarmıxa çəkirlər.
Əmrdə xüsusi vurğulanırdı:
"Carçı car çəksin. Hələbdə
yeddi gün göstərilsin. Sonra da əl-ayağı kəsilsin,
bir parçası Zülqədər oğlu Əlibəyə,
qardaşı Nəsirəddin və Osman Qarayölükə
göndərilsin; çünki Nəsimi onların
inanclarını (etiqadlarını) pozmuşdur. Bunun üzərinə Nəsimi
öldürülür" (Həmid Araslı. İmadəddin Nəsimi. Bakı, "Azərnəşr",
1972, səh.14.)
Zülqədər oğlu Əlibəy və
qardaşı Nəsirəddin Qaraqoyunlu türkman
tayfalarının, Osman Qarayölük isə Ağqoyunlu
türkman tayfa ittifaqının başçısı idi
(1394-1434). Ağqoyunluların paytaxtı Diyarbəkir idi. Onlar Osmanlı sultanlığının, o cümlədən
də Osmanlı imperiyasına tabe olan Misir sultanı Müəyyədin
siyasi düşmənləri idilər. Osman
Qarayölük 1399-cu ildə osmanlılara qarşı
müharibədə Teymurun tərəfinə keçmiş və
hətta Sivası istila etmişdi. Hələ bu az imiş kimi, 1411-ci ildə Qaraqoyunlular
Bağdadı tutdu (Nicat Kevsəroğlu. İrakta
türkcə yer adları kılavuzu. Kərkük,
2012, səh.11.)
Guya onları Nəsimi yoldan
çıxarmışdı. Həqiqət naminə
deməliyik ki, Nəsimi Ağqoyunlu və Qaraqoyunluların
yeritdiyi siyasəti dəstəkləyirdi. Sultan
Müəyyəd isə Nəsiminin xalq arasında
böyük nüfuza malik olmasından xəbərdar idi.
Sultan Müəyyəd, güman ki, Türkiyənin lap sərhədində
olan Hələbdə Nəsiminin türkmanları (o vaxt
Şamla Hələb arasında Qara Türkman
xanlığı vardı - Q.P.) ona qarşı
qaldıracağından çəkinib. Onun Nəsimini
aradan götürməyə rəvac ver-məsi bəlkə də
bu xofla bağlı olmuşdur. Lakin Sultan
Müəyyədin əmrindən gö-ründüyü
kimi, Nəsimi dinə qarşı təqsirli bilinərək
öldürülməyib. Sultan Hələb
şeyxi, qazılar və din xadimlərinin rəyini
qulaqardına vura bilməzdi. Onlar Nəsimini
dinə qarşı çıxmaqda təqsirli bilməmişdilər.
Belə olan halda, Sultan Müəyyəd əsl həqiqəti
açmalı olmuşdu. Onu Əlibəyi,
qardaşı Nəsirəddini, Osman Qarayölükü yoldan
çıxarmaqda, osmanlılarla onların arasında
düşmənçilik toxumu səpməkdə təqsirli
bilərək edamına göstəriş vermişdi.
Yeri gəlmişkən, ərəb aləmində Nəsimiyə dair bəlkə də ilk və sanballı "Hələb yaqutu İmadəddin Nəsimi (771-820 h. - 1370-1417 m.), həyatı, poeziyası və fəlsəfi fikirləri" (Ərəb Yazarlar Birliyinin nəşri, 1991) adlı kitabın müəllifi suriyalı alim Əbdülfəttah Qələçi də ərəb dilində olan məxəzlər əsasında tədqiqat apararaq o qənaətə gəlmişdir ki, Nəsiminin edam edilməsi onun dini deyil, siyasi baxışları ilə bağlı olmuşdur (Bax: Bəkir Nəbiyev. Nəsimi kəlamının işığında. Bakı, "Qarabağ" nəşriyyatı, 2009, s. 24-25).
Ərəb tarixçisi Abbas Əzzavi "Tarixi-İraq beynə ixtilaleyn" (Bağdad, 1973) əsərində Nəsiminin şəxsiyyəti, ədəbi fikir tarixində yeri və s. ilə bağlı yazmışdır: "Nəsiminin təhlükəsi artmışdı, səsi ucalmış, ona uyanlar çoxalmışdı. Təriqətinin genişlənməsi qorxusu aləmi bürümüşdü. Şairlik gücü ilə təbliğat aparması, mühakimə olun-masına yol açmışdı. Aşqın və daşqın sözləri ilə islam etiqadını cığırından çıxardığı anlaşılırdı... Gözəl bədii üslubu ilə dinləyiciləri sarsıdırdı. O, yaman cəsur bir şair idi". (Ə.Səfərli, X.Yusifov. Ədəbiyyat. IX sinif üçün dərslik. Bakı, 1979, s.159.)
Nəsiminin qismət payı işgəncəli ölüm olsa da, tarixdə cəsur insan, qüdrətli şair kimi qaldı. Yəşbəkin taleyinin necə olduğunu isə Şeyx Kamil əl-İzzinin kitabından öyrənirik.
Şeyx Kamil əl-İzzinin kitabında Yəşbək Abdulla əl-Yusifinin şəxsiyyəti və kimliyi barədə də diqqətçəkən məlumat vardır. Kitabdan məlum olur ki, Yəşbək cahil, pozğun, qəddar və tamahkar bir adam imiş. Əl-Müəyyəd Trablis hakimi olarkən onu min dinara alıbmış. Qəddarlığına, pozğunluğuna və tamahkarlığına görə, o, Nəsiminin qətlindən cəmisi 4 il sonra - 824 hicridə öldürülmüşdü.
Nəsiminin edamından 10 (on) il sonra Hələb məhkəməsinin işə yenidən baxması, əvvəlki ədalətsiz hökmü ləğv etməsi, artıq tarixə qovuşmuş şairə bəraət verməsi hər şeyi kökündən dəyişib. Şairin İslamın ilk illərindən üzərində bərqərar olduğu dayaqlarından birində - Suriyada məsciddə dəfn olunması, adına küçə qoyulması və s. bununla bağlıdır.
Hicri 910-cu ildə Sultan Qansuh əl-Quri öz qələbəsi şərəfinə şairin əbədi uyuduğu məscidi bərpa etdirib. Burada Nəsimiyə məqbərə tikilib. Türbəsi hələ orta əsrlərdən ziyarətgaha çevrilib. Bəkir ən-Nasirin göstərdiyi kimi, divarlarda Nəsimi sənətini əks etdirən Azərbaycan və ərəb dillərində kitabələr və şeirlər yazılmış lövhələr asılıb. Həmin lövhələrin birinin üzərində aşağıdakıları yazıblar:
Əgər qəlbində sıxıntı hiss etsən,
Onu Nəsiminin nəfəsi ilə müalicə et.
Və
orda, içərisində Nəsiminin sirləri olan
Şərəfli
(yerin) mənzərəsini müşahidə et.
(Bəkir ən-Nasir. İmadəddin Nəsimi. "Azərbaycan" jurnalı, ¹9, 1987, s. 169-170.)
Nəsiminin Hələbdə
adına küçə qoyulması, hələ XVII əsrdə
Hələbi ziyarət edən türk səyyah-alimi Övliya
Çələbinin onu Şeyx Nəsimi adlandırması, Hələbdə
Nəsimi təkyəsinin olmasından söz açması, təkyənin
bugünə qədər mövcud olması, Nəsiminin
soykökünün - şəcərəsinin Hələbdə
zəmanəmizə qədər davam etməsi çox mətləblərdən
söz açır, şairin mühiti, həyatı və
yaradıcılığına yeni dəyərlər
prizmasından baxmaq zərurətini ortaya qoyur.
Qəzənfər
PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 4 may.- S.16-17.