Professor Yusif Seyidovun dil
sevgisi
Professor Yusif Seyidov Azərbaycan dilçiləri
arasında elə şəxsiyyətlərdəndir ki, onun
haqqında yazmaq və danışmaq üçün
geniş imkanlar vardır.
Bunu qeyd edərkən onun dilçiliyin müxtəlif
sahələri və problemləri barədə əsərlər
yazmasını nəzərdə tutmuram. Hətta elmi
yaradıcılıqla yanaşı, pedaqoji işlə, ictimai
fəaliyyətlə məşğul olmasını da qətiyyən
xəyalıma gətirmirəm. Yusif Seyidov
haqqında yazmaq və danışmağın geniş
imkanlara söykənməsi onun həyata, insanlara və bir də,
şübhəsiz, dilə olan sevgisi ilə daha çox
bağlıdır.
Professor Yusif Seyidovun ən möhtəşəm və
müqəddəs sevgisi Tanrıya olan sevgidir. Yusif müəllim
öz Allahını-Tanrısını tanıyan görkəmli
elm adamı idi. Bu, birinci növbədə
onun peyğəmbər nəslinə yönələn rəğbətindən,
ikincisi də öz idrakının süzgəcindən
keçib formalaşan inamından irəli gəlirdi. Belə bir mülahizəni təsdiq edən konkret
fakt da vardır.
Yusif müəllimin "Azərbaycan dilində söz
birləşmələri" monoqrafiyası 1966-cı ildə
çap edilib.
Həmin vaxt sovet rejimi daxilində ateizm hələ də
tüğyan edirdi və ali məktəblərdə
elmi ateizm kafedraları fəaliyyət göstərir, tələbələrə
"Elmi ateizm" fənnindən mühazirələr
oxunurdu. Hətta birinci kurslarda dərslərin
başladığı ilk gündə tələbələrin
bir-birlərinə ünvanladığı ən populyar sual
"Allah var, yox?!" sualı idi. Məhz belə bir zəmanədə
Yusif müəllimin "Azərbaycan dilində söz birləşmələri"
monoqrafiyasında nümunə kimi gətirilən ilk fakt
"Məmmədəli" sözü idi. Nəzərə alsaq ki, söz birləşmələrindən
bəhs edən tədqiqatda nümunə kimi gətirilən
ilk söz - "Məmmədəli" mürəkkəb sözdür,
yəni söz birləşməsi deyil, onda alimin bu
addımını düşündürücü bir
gediş hesab etməliyik. Bəs
düşündürücü olan nədir?
Xatırladım ki, klassik ədəbiyyatımızda
epik əsərlərə xas olan ənənəvi
başlıqlar mövcuddur. Bu ənənəvi
başlıqlar Allaha müraciət, peyğəmbəri nət,
hökmdarı tərif və şairin özündən bəhs
etməsindən ibarətdir. Həmçinin,
sənətkarlar bununla başladıqları işləri
uğurla qurtarmaq üçün Allahdan güc və qüvvət
istəyirlər. Beləliklə, aydınlaşır ki,
professor Yusif Seyidov həmin mövcud ənənəni
elmi tədqiqata gətirmişdir: Məmmədəli, yəni
öz əsərimi Məhəmməd peyğəmbərin və
Əlinin adı ilə başlayıram, başqa sözlə,
Allahdan güc və qüvvət istəyirəm. Beləliklə, alimin Allaha, peyğəmbərə
və Əliyə olan sevgisi dil vasitəsilə və dilə
olan sevgidən gəlib keçir. Bəlkə
də, onu yazdığı məqamda Yusif müəllimin
düşüncəsində "Arifə bir işarə bəsdir!"
fikri oyanıb.
Professor Yusif Seyidovun dilə olan sevgisinin ən qabarıq
faktı isə Azərbaycan sənətkarlarının əsərlərində
dilə olan münasibətin tədqiqidir. "Yazıçı
və dil", "Sözün şöhrəti",
"Sözün qüdrəti" və bu mövzuda olan digər
kitab və məqalələr Yusif müəllimin namizədlik
və doktorluq dissertasiyalarına aid olmayan və könül
xoşluğu ilə yazılan əsərlərdir. Yusif müəllimin bu kitabları elmi-nəzəri səciyyə
daşıması ilə yanaşı, həm də dilə
olan tükənməz sevgisidir və həmin tədqiqatlarda
yazıçıların sözə-dilə münasibəti
xalqın taleyinə münasibət kimi dəyərləndirilir.
Daha əhəmiyyətlisi budur ki, həmin
araşdırmalarda dövr və dil əlaqələrinin səciyyəsi
də mühüm yer tutur. Orta əsrlərdə sənətkarların
dilə münasibətində əsas məqam kimi ərəb
və fars sözlərinin mətn ilə əlaqələrinin
səciyyəsi aparıcı mövqe qazanır, XX əsrin
30-cu illərindən söhbət gedəndə əlifba məsələsinə
dair problemlərin mahiyyətini aşkarlamaq ön plana
keçir. Həmin monoqrafiyalarda sözlə
bağlı ictimai-estetik amillər də geniş şəkildə
təhlil edilir.
Yusif müəllimin sözlə-dillə bağlı tədqiqatlarının
başqa bir özəlliyi yeri gəldikcə dilçiliyin
aktual məsələlərinə də yer
ayırmasıdır. Belə ki, dil və nitq, dil və təfəkkür;
ümumxalq dili, ədəbi dil və bədii dil; söz və
çoxmənanılıq; etimoloji təhlil kimi problemlər
də yüksək elmi-nəzəri səviyyədə
araşdırılır. Əgər
"Akademik İsa Həbibbəyli" monoqrafiyasını da
nəzərə alsaq, Yusif müəllimin bir silsilə təşkil
edən bu kitabları yalnız dilçiliyin yox, həm də
ədəbiyyatşünaslığın nailliyyətləridir.
Professor Yusif Seyidovun Vətənə, torpağa, elə-obaya
olan məhəbbəti də dilə olan sevgisindən
qaynaqlanır.
Düşünürəm ki, dilçi alimlərin
ədəbi dilə aid ayrı-ayrı sənətkarların
yaradıcılığından gətirdikləri nümunələr
birbaşa dilçilik məsələlərinə xidmət
göstərir. Amma müəlliflər
nümunələrə əsaslanıb dolayısı ilə
vətəndaş mövqelərini də bildirə bilərlər.
Vətəndaş mövqeyi, yaxud dilçilikdən bir vasitə
kimi istifadə edib cəmiyyətə münasibətini ifadə
etmək baxımından alimlərinin özlərinin
düşüncəsindən süzülüb gələn
nümunələr də az əhəmiyyət
kəsb etmir. Bunu Yusif müəllimin tədqiqatlarında
aydınca görmək çətin deyil.
Professor Yusif Seyidov tədqiqatlarının birində
mürəkkəb sözlərə nümunə gətirərkən
"hacıleylək" sözünü seçmişdir. İkinci növ təyini
söz birləşmələrinin mürəkkəb sözlərə
çevrilmə prosesindən danışanda isə
"quşəppəyi" və "dəvədabanı"
sözlərinə önəm vermişdir. Əslinə
qalanda quruluş baxımından mürəkkəb olan
başqa quş adları da var: sarıköynək, ağacdələn,
qaraquş, qaratoyuq və s. Yaxud mürəkkəb sözlərdən
ibarət digər bitki adları da var:
çobanyastığı, quzuqulağı, pişikotu və
s. Bəs onda niyə "hacıleylək", niyə
"quşəppəyi" və "dəvədabanı"?
Bunları təsadüf hesab etmək olmaz. Bəlkə də,
başqa dilçilərin tədqiqatlarında bu tipli nümunələr
təsadüfidir və yalnız qrammatik məzmun
daşıyır. Amma professor Yusif Seyidov
araşdırmaları üçün onları təsadüfə
bağlamaq qəbahət olar. Ən azı
həmin nümunələr ətrafında Yusif müəllimin
yaradıcılıq psixologiyası haqqında
düşünmək mümkündür.
BİR
HAŞİYƏ: Yusif müəllimin dədə-baba yurdu
Şərur rayonunun Yengicə kəndindədir. O, hər dəfə
Naxçıvana gedəndə öz dədə-baba
yurdlarına baş çəkər, dünyasını dəyişən
valideynlərinin məzarlarını ziyarət edərdi. Həmin
dədə-baba yurdunun lap yaxınlığında bir elektrik
dirəyi ucalırdı və dirəyin başında
hacıleylək özünə yuva qurmuşdu, hər il yazda o, gəlib öz yuvasına qonardı. Yusif müəllimin evlərinin ətrafında isə
daha çox quşəppəyi və dəvədabanı bitərdi.
Məncə, indi təsəvvür etmək çox sadədir. Mətndə
"hacıleylək", "quşəppəyi" və
"dəvədabanı" sözlərinin işlənməsində
Yusif müəllimin dil sevgisindən keçən
yaradıcılıq psixologiyası özünü
açıq-aydın göstərməkdədir.
Professor Yusif Seyidov bütün ömrünü
dilçiliyin inkişafına sərf edib. Bu elm yolu feili
bağlama tərkiblərinin təhlilindən başlayıb
söz birləşmələrinin
araşdırılmasından keçərək sənətkarların
sözə-dilə münasibətinin məzmununu
açmağa yönəlmiş və ədəbi dil
tarixinin incəliklərinin təhlili ilə
yekunlaşmışdır. Şəbəkə
çox genişdir. Amma mahiyyət ondadır ki,
dilçilik problemlərindən yazmaq məsələnin bir tərəfidirsə,
yaza-yaza da dil quruculuğu ilə məşğul olmaq məsələnin
digər tərəfidir və heç də birincidən az əhəmiyyətli deyil. Bu,
bir növ dilçilikdən bəhs edən alimin dilin özündən
necə istifadə etmək bacarığının
nümayişidir və belə bir mövqenin nümayişində
Yusif müəllim əsl nümunədir.
BİR
HAŞİYƏ: Naxçıvan Dövlət Universitetində
fəaliyyət göstərən Müdafiə
Şurasının iclasında iştirak etmək
üçün oraya getmişdik, 4-5 nəfər idik və
müdafiə olacağı gün oteldə səhər yeməyi
yeyirdik. Birdən "yumurtanı kim necə
soyur?" sualı ortalığa gəldi. Hərə
öz münasibətini bildirdi, mən danışmadım.
Yusif müəllim bunu görüb üzümə baxaraq dedi
ki, bəs sən necə soyursan? Mən də
söylədim ki, hamı kimi soyuram, amma başqa bir üsul da
bilirəm. Nümunə göstərmək
üçün yağ
bıçağı ilə yumurtanı ortadan böldüm və
bıçaqla qabıq hissəni yumurtanın içindən
ayırdım. Bu, maksimum 10 saniyə çəkdi.
Yusif müəllim çox diqqətlə mənə baxdı
və sonra dedi ki, Kamran, bu, sənin yaxşı
icadındı, amma ən ləzzətlisi yumurtanı əllə
soymaqdır.
Bundan təxminən
bir il keçmiş yenə
Naxçıvanda dialektlərlə bağlı bir
disssertasiyanın müdafiəsinə
toplaşmışdıq. Mən
çıxış edəndə -anaq, -ənək şəkilçisi
üzərində dayandım. Bu şəkilçinin
qeyri-məhsuldar olmasına baxmayaraq, müəyyən məzmun
daşıdığını qabartdım. Nümunə çəkdim ki, Şərurda daha
çox "tozanaq", Şahbuzda isə daha çox
"biçənək" sözləri işlənir.
Bu şəkilçilər həmin ərazilərin
həyat tərzinin, təsərrüfatının nişanələridir.
Yəni Şərurda düzənlik və toz-torpaq çox
olduğuna görə "tozanaq", dağlıq ərazi
olan Şahbuzda isə ot-ələfin çoxluğu
"biçənək" sözünü məhsuldar vəziyyətə
gətirmişdir. Müdafiədən sonra Yusif müəllim
mənə yaxınlaşıb dedi ki, Kamran, sənin bu
icadın yumurtanı soymaq icadından çox
yaxşıdır.
Aralarında xeyli zaman fasiləsi olmasına baxmayaraq, bu mətndir - sintaktik və semantik əlaqələri olan mətn! Professor Yusif Seyidovun məqalə və kitablarında bu cür sintaktik və semantik bağlarla bir-birinə qovuşan mikromətnlər çoxdur və onlar makromətnin tərkib hissələridir. Ona görə də Yusif müəllim nadir dilçi alimlərdəndir ki, istənilən, ixtiyari bir abzası seçərək oxuyub başa düşmək çətin deyil. Çünki həmin abzas ayrılıqda oxunanda da, bütöv mətnin tərkibində baxılanda da aydın və dərk ediləndir. Bunun üçün əvvəlki hissələrə qayıtmağa ehtiyac qalmır. Əgər ehtiyac olsa, lazımi əlaqə elə oradaca yaradılır. Məsələn: "Bu sonuncu xüsusiyyət, yəni əşyalar arasındakı əlaqələri bildirmək" forması tətbiq edilir. Yəni aydınlaşdırma gəlməsəydi, əvvəlki hissələrin oxunması zərurəti yaranacaqdı.
Yaxud Yusif müəllim "göründüyü kimi" ifadəsini təsadüfən və yaxud semantikadan kənarda, yəni gəlişi gözəl söz kimi başa düşmək olmaz. "Göründüyü kimi" varsa, deməli, ondan əvvəldə sxem var, cədvəl var, ya da ən azı bədii əsərdən gətirilmiş nümunə var.
Və yaxud başqa bir mənzərəni xatırlayaq. Yusif müəllim bir abzasın - mikromətnin sonunda "üfüq" sözünü işlədir: "Azərbaycan dilində feili birləşmələrin hüdudları üfüqdən kənara çıxır". Necə olur ki, birdən-birə "üfüq" sözü mətnə daxil olur? Bunun səbəbi həmin abzasın əvvəlində işlənən "külli-miqdarda" birləşməsi və onun yaratdığı "külli-kainat" ifadəsinin assosasiyasıdır.
Bütün bunlar professor Yusif Seyidovun mətnlə əlaqəli olan elmi dilə - elmi üsluba olan sevgisidir.
Yusif müəllimin tədqiqatlarında
ardıcıllıq meyarı həmişə gözlənilir.
Bu, elm üçün
elementar məsələdir, amma ona təsadüf kimi baxanlar da
az deyil. Yəni əgər
qrammatikanın hissələrindən
danışılırsa, əvvəlcə
"morfologiya", sonra isə "sintaksis" demək
lazımdır. Birləşmələrdən
bəhs edərkən əvvəlcə ismi birləşmələrdən,
sonra isə feili birləşmələrdən söhbət
açmaq zərurəti yaranır. Şübhəsiz
ki, təhlillərdə "söz, söz birləşməsi,
cümlə" ardıcıllığı qorunub
saxlanılmalıdır. Amma qəribəlik odur ki, professor Yusif Seyidov ismin halları əsasında
yaranan feili birləşmələrin təhlili zamanı
xatırladığımız ardıcıllıq prinsipini
pozur. Yəni əvvəlcə təsirlik
hallı birləşmələrə, sonra isə
yönlük hallı birləşmələrə diqqət
yönəldir. Niyə? Nə üçün?
BİR HAŞİYƏ: Bir dəfə avtobus dayanacağında Yusif müəllimlə rastlaşdım. Yusif müəllimin əlində tor setkaya salınmış top vardı. Əvvəlcə düşündüm ki, nəvələri üçün alıb, sonra gördüm, yox, əsl dəri topdur. Soruşdum ki, bəs bu, nədir? Cavab verdi ki, xəbərin yoxdur, cavanlarla yığışıb voleybol oynayırıq, sən də gəl! Dedim ki, xəbərim var, amma topu niyə Siz daşıyırsınız, cavanlara nə olub ki?! Yusif müəllim gülə-gülə dedi ki, birdən cavanların yadından çıxar, ya da utanıb götürməzlər, işimiz pozular.
Bu dəri
top bir idman hadisəsi idi. Amma Yusif müəllimin
həyatda və elmi yaradıcılıqda yüksək
toparlamaq keyfiyyətinə malik olması onu tanıyanlara
yaxşı bəllidir. Bax, yönlük
hallı feili birləşmələrin təsirlik hallı
feili birləşmələrdən sonraya
saxlanılmasının cövhərində məhz həmin məsələ
dayanır. Görkəmli alim
yönlük, yerlik və çıxışlıq hallı
feli birləşmələri bir yerə yığmaqla
onların məkani xüsusiyyətinə istinad edir və təhlilin
daha obyektiv nəticələrinə inanırdı.
Yaşadığımız dövrdə yeni
metodlar və nəzəriyyələr yaranır, dilçilik
elmimiz yeni nailiyyətlər əldə edir, yeni
yaradıcı qüvvələr formalaşır. Belə bir
vaxtda günümüzün aktual sualı da meydana
çıxır: görəsən, bu prosesdə -
yaşadığımız XXI əsrdə Yusif müəllimin
çoxsaylı tədqiqatları müasir dilçiliyimizin
inkişafında nə kimi rol oynaya bilər? Bu
sualın konkret cavabı da var: semiotik düşüncənin
inkişafinda, mətn nəzəriyyəsinin daha da təkmilləşməsində,
fəlsəfi baxımdan müxtəlifliklə eyniliyin vəhdətinin
dərkində professor Yusif Seyidovun tədqiqatları həmişə
əvəzedilməz bir mənbə olacaqdır.
Kamran
ƏLİYEV
AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi
525-ci qəzet.- 2019.- 4 may.- S.15.