Vətəndaşlıq ləyaqətinin
Umud Rəhimoğlu modeli
Bu uzun ömürlü həyatımda yaxşı
insanlara çox rast gəlmişəm və onların əksəriyyəti
ilə doğmalar kimi səmimi ünsiyyətdə olmuşam,
belələri ilə oturub-durmaq, birgə fəaliyyət
göstərməkdə qürur duymuşam.
Tanıdığım və ürəyimdə, diləyimdə
qiymətləndirdiyim belə insanlar içində ən
çox inam və hörmət bəslədiyim, sevgi ilə
yanaşdıqlarım onların Vətənə hər kəsdən
çox bağlılığı ilə əlaqədar olub. Tale mənə
ömrümün son 20 ilində Umud Rəhimoğlu kimi Vətən
qeyrəti çəkən, Azərbaycan sevgisi ilə
yaşayan bir dost qismət elədi. Elə bir insan, elə bir
dost ki, ondan dünyanın insanı insan edən ən
yaxşı keyfiyyətlərini öyrənmək olur.
Bu yerdə
onu da qeyd edim ki, Umud müəllimi özünə dost,
sirdaş, əqidə qardaşı hesab edən adamlar
çoxdur. Bu adamların adlarını
sadalayıb vaxt aparmaq istəmirəm. Tək
onu demək kifayət edər ki, Umud Rəhimoğlunu
yazıçı və şairlərin əksəriyyəti,
jurnalistikanın azman nümayəndələri,
bütövlükdə ziyalı çevrəsi əziz və
ləyaqətli bir insan kimi yüksək qiymətləndirir.
Çünki Umud Mirzəyev özü ləyaqət
sahibidir. O, kömək əli uzada biləcəyi hər
kəsdən bu əli əsirgəmir. Mənim
işlədiyim Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsində "Jurnalist" adlı bir tələbə
qəzeti nəşr olunur. Umud müəllim
bu qəzetin hər nömrəsi çapdan çıxan kimi
tələbələri yaradıcılığa
ruhlandırmaq üçün nömrənin imzalarına
qonorar verir. Ümumiyyətlə, Umud Rəhimoğlu
bizim fakültənin çox sevdiyi ziyalılardan biridir.
O, özünün Əflatun Amaşov, Aqil Abbas, Rəşad
Məcid, Akif Aşırlı, Vüqar Rəhimzadə,
Aydın Quliyev, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli
və başqaları kimi çoxsaylı dostları ilə
birlikdə bu fakültənin tələbələrinə həmişə
xüsusi diqqət göstərməkdədir.
Umud Rəhim oğlu Mirzəyev bir çox yaradıcılıq
istiqamətləri ilə ictimai rəydədir. O, tanınmış ictimai
xadimdir, şair və publisistdir və üstəgəl, fəal
bir hüquq müdafiəçisidir. Amma
bütün bunların əvvəlində böyük hərflərlə
yazıla biləcək bir VƏTƏNDAŞ sözü
dayanır. Onun vətəndaşlığı
Qarabağ hadisələri başlayan andan özünü
aydın göstərməkdədir. Azərbaycanda
yeni jurnalistikanın formalaşması prosesində
yaradıcı bir şəxsiyyət kimi qüvvəsini əsirgəməmiş,
yeni medianın əsas istiqamətini Qarabağ həqiqətlərini
dünyaya bəyan etməyə yönəltməkdə
çox böyük işlər görmüşdür.
O, 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) Azərbaycanda
meydana qoymuş, onun Prezidenti vəzifəsini yerinə yetirməkdədir.
Bu fond onun bir vətəndaş kimi Azərbaycana,
millətinə xidmət etməsi üçün bir vasitə
rolunu oynamaqdadır. Nədir bu Beynəlxalq
Avrasiya Mətbuat Fondu? Bu təşkilat
çox ciddi vəzifələri öz üzərinə
götürüb. Bu vəzifələr içərisində
bizə daha çox aid olanları -Qaçqınlar və
Sığınacaq Axtaranlar üzrə Avropa
Şurasının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq
Mətbuat İnstitutunun üzvlüyünü xüsusi qeyd
etməliyik. Umud Rəhimoğlunun rəhbərlik etdiyi bu qurum
BMT qurumları, Avropa Komissiyası, Beynəlxalq Mətbuat
İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq
Sülh Bürosu, Azərbaycan Respublikası Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurası,
KİVDF, səfirliklər və dövlət qurumları ilə
tərəfdaşlıq formatında fəaliyyət göstərir.
BAMF Azərbaycan Mətbuat Şurasının və
Azərbaycan Milli QHT Forumunun fəal
yaradıcılarındandır. Bu təşkilat dörd
mühüm istiqamətdə fəaliyyət göstərir:
Media və vətəndaş cəmiyyətinin
inkişafı, sülh və münaqişələrin həlli,
qaçqın və məcburi köçkünlərin
problemləri, icmaların təşkili.
Hələ qısaca göstərdiyimiz bu vəzifələri
yerinə yetirmək işində Beynəlxalq Avrasiya Mətbuat
Fondunun və onun Azərbaycandakı ofisinin çox ciddi
uğurları var. Mən bu Fondun ofisində dünyanın
neçə-neçə beynəlxalq təşkilat rəhbərinin
ziyarətinin və onların qurumun işinə verdikləri
yüksək qiymətin şahidi olmuşam. BMT-nin bir
çox qurumlarının rəhbərləri burada jurnalistlərlə
görüşlər, təlimlər keçirmişlər.
Fondun hər ilin sonunda ictimaiyyətə təqdim etdiyi
hesabatın nəşr variantına və bu nəşrdə əksini
tapan əyani faktlara - mətn və fotolara nəzər salarkən
Umud müəllimin Azərbaycan media mühiti, qaçqın
və köçkünlərin problemləri, ölkəmizin
inkişafının təbliği və s. sahələrdə
necə vətəndaşlıq fəaliyyəti göstərdiyi
hər kəsdə qürur hissi doğurur. Mən
Fondun illər üzrə gördüyü Azərbaycanı
tanıtım fəaliyyəti üzərində artıq
dayanmıram, oxucu bu işlərlə qurumun illik hesabatlarını
əks etdirən nəşrlərə baxa bilər. Mənim üçün indiki anda Umud Mirzəyevin
Qarabağ faciəsi, Ermənistanın
işgalçılıq siyasəti və Azərbaycan
haqqında obyektiv informasiyanın beynəlxalq miqyasda
yayılmasında göstərdiyi xidmətlər
maraqlıdır.
Umud müəllim vaxtilə Azərbaycanda hökm sürən
fövqəladə vəziyyət dövründə yüzlərlə
xarici jurnalist və diplomatlara bizim haqq səsimizi dünyaya
çatdırmaq üçün əyani faktlar vermiş,
onları cəbhə xətlərinə aparmış,
düşmənin viran qoyduğu məkanlarımızın
birbaşa şahidinə çevirmişdir. Umud Mirzəyev
bu missiyanı özünün ən vacib işi hesab edərək
bu gün də xarici jurnalistləri, hətta ziyalı turistləri
Cocuq Mərcanlıya qədər aparmaqdadır.
Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud müəllimin
öz təşəbbüsü və özünün
yaratdığı bir ofisdə yerləşir. Bu ofisdə
neçə-neçə əməkdaş fəaliyyət
göstərir və mən onların hər birinin
üzündə, gözündə həmişə bir Vətən
qayğısı, Azərbaycanımıza qürur hissi
duyuram. Sanki Umud müəllim yalnız
içində Vətən sevgisi olan insanları bir araya
toplamışdır. Bu əməkdaşların
hər birinin ofisin xaricdən qonaqlarına Ümummilli liderimiz
Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq
məktəbi haqqında, Prezident İlham Əliyevin ölkəmizin
inkişaf strategiyasının real faktları haqqında necə
maraqla və inandırıcı sübutlarla
danışdıqlarının şahidi olmaqdayam. Bu
işlərə diqqət etdikcə məndə belə bir
fikir yaranır: Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu
kiçik ofisi, əslində, bir azərbaycançılıq,
bir vətəndaşlıq məktəbidir. Umud
Mirzəyevin rəhbərlik etdiyi təşkilat, qeyd etdiyimiz
kimi, həm rəsmi olaraq, həm də qeyri-rəsmi şəkildə
BMT ilə sıx əməkdaşlıq edir. BMT kimi beynəlxalq
bir təşkilatın Baş katibi Ban Ki-Mun BAMF-ın Azərbaycan
qurumunun gördüyü işlərə diqqət edərkən
onu belə qiymətləndirmişdir: "Mən Sizin bəşəriyyət
üçün gördüyünüz təmənnasız
işləri dəstəkləyirəm". BMT
Baş katibinin bu cümləsindəki "təmənnasız"
leksemi Umud Mirzəyevin fəaliyyətində ən çox
görünən bir detaldır. BMT-nin
sayılıb-seçilən digər rəhbərlərindən
biri - bu qurumun Azərbaycandakı Rezident Əlaqələndiricisi
Qulam M.İshakzai
BAMF-ın fəaliyyətini belə qiymətləndirir:
"Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı
ilə effektiv əməkdaşlıq etdiyiniz
üçün sizə təşəkkür edirəm".
Avropa İttifaqının rəhbər nümayəndələrindən
biri-Jeron Vilyams: "BAMF-a Azərbaycanın cəbhə bölgəsinə
etdiyimiz səfərə görə çox təşəkkür
edirəm... Mən BAMF-ın cəbhə bölgələrinə
çoxsaylı səfərlərlə bağlı
gördüyü işin şahidi oldum və bunu yüksək
qiymətləndirirəm"... Eyni təşəkkürləri
Britaniya siyasi jurnalisti və Yaxın Şərq üzrə
ekspert Adel Dərviş, Yunanıstanın Azərbaycandakı
səfiri Dmitris Q.Çunqas, Belçikanın ölkəmizdəki
səfiri Bert Şufs, Umud müəllimin qonaqları olmuş
neçə-neçə ABŞ tələbəsi və
onlarca başqalarının xatirə-yazılarından
oxuyuruq.
Avrasiya
Fondu bir az bundan əvvəl dünyada öz sülhsevər fəaliyyəti
ilə məşhur olan, Nobel mükafatı laureatı Məhəmməd
Yunusu Bakıya
dəvət etmişdi. O zaman qurumun geniş həyətində
bu insanla Azərbaycan jurnalistlərinin maraqlı bir
görüşü oldu. Bu görüşdə
akademik İsa Həbibbəyli, Milli Məclisin üzvləri
qonağa Qarabağ həqiqətlərindən
danışdılar. Və Məhəmməd
Yunus bu görüşdən Azərbaycanın haqlı
mövqeyini tam mənası ilə dərk etdiyini dilə gətirdi.
Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın
hər cür dəstəyi ilə Avropanın
tanınmış rejissorları Qarabağ həqiqətlərini
bir neçə dildə efirə çıxaran "Atəşkəs"
adlı sənədli film çəkdilər. Mən bu
filmin Nizami kinoteatrında təqdimatı zamanı baş
rejissorun Ermənistanın viran qoyduğu Azərbaycan kəndləri
barədə necə duyğulu və təəssüf hissilə
danışdığını bu gün də unuda bilmirəm.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun xarici qonaqların və
həmçinin, özümüzünkülərin cəbhə
xəttinə səyahətini təşkil edən xüsusi
layihəsi həyata keçirilir. Mənim
yadımdadır ki, bu layihə çərçivəsində
Umud müəllim Azərbaycanda təcrübədə olan iki
ABŞ tələbəsi - Ceyms Makis və Riçi Henneseyi cəbhə
bölgəsinə aparmışdı. Onlar
orada gördükləri həqiqəti öz bloqlarında və
ABŞ mətbuatında işıqlandırmış və
Umud müəllimə xüsusi təşəkkürlərini
bildirmişdilər.
Umud
müəllim əlinə düşən xarici qonaqları heç kimdən,
heç nədən təmənna güdmədən,
yalnız vətəndaşlıq borcu ilə cəbhə xəttinə
aparır və bu nöqtələrdə erməni vandalizminin
törətdiyi vəhşilikləri əyani şəkildə
onlara göstərir. Xarici şahidlərin belə
görüşləri isə nəticəsiz qalmır.
Bununla bağlı Umud müəllimin özü
üçün adi görünən bir fakta diqqət edək:
Rusiyanın transmilli "Literaturnaya qazeta"sı ölkəmizdə
səfərdə olmuş Rusiya Yazıçılar Birliyinin
Volqoqrad şöbəsinin rəhbəri, tanınmış
yazıçı Aleksandr Tsukanov özünün "Gəlin
Parisdənsə Bakıya gedək" məqaləsində
onu Azərbaycanda bir dost kimi müşahidə edən Umud Mirzəyevin
məntiqli bir sualını oxucuya çatdırır: "Azərbaycanda
yüz mindən çox rus yaşayır. Ermənistanda
isə onların sayı heç on nəfər eləmir.
Belə olan halda bəs nədən Rusiya Azərbaycandan
üz döndərsin? - Umud Mirzəyev səmimi
bir çaşqınlıqla soruşur. O, əslən
Dağlıq Qarabağdandır, bu məsələ onun
üçün çox ağrılı bir mövzudur. Mənim isə dostuma veriləsi bir cavabım
yoxdur". Əlbəttə, Umud müəllimin
bu sualı çoxları tərəfindən qoyulur. Amma bu anda böyük bir fərq ondadır ki, Umud
Mirzəyev hər kəsi inandıra bilir. Və
ona görə də məhz onun sualı "Literaturnaya
qazeta"ya qədər gedib çıxır. Məsələ bundadır.
Azərbaycanda yeni jurnalistikanın inkişafında Beynəlxalq
Avrasiya Mətbuat Fondunun da çox xidməti var. Bu qurumun fəaliyyət
xəttinin birinci istiqaməti "Media və vətəndaş
cəmiyyətinin inkişafı" kimi təsbit olunur. Odur ki, BAMF
öz işini Azərbaycan Mətbuat Şurası ilə,
müxtəlif tipoloji xarakterə malik mətbuat və TV aləmi
ilə birgə qurur.
Hətta Umud müəllim - bu yerdə "müəllim"
sözü ona daha çox yaraşır - media və vətəndaş
cəmiyyətinin inkişafı problemi ilə bağlı məsələni
gənc jurnalist-tələbələrdən
başlamağı vacib sayır. Onu tez-tez Mətbuat
Şurası və müxtəlif KİV nümayəndələri
ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
görürük. Onun çox yaxın dostları - Aqil
Abbas, Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rəşad
Məcid, Akif Aşırlı... ən azı ayda bir dəfə
tələbələrə baş çəkir, onların nəşr
etdirdikləri "Jurnalist" tədris qəzetindəki
imzalara qonorar təqdim edirlər.
Ötən ilin sentyabrında Umud Rəhimoğlu Jurnalistika fakültəsinin tələbə və müəllimlərini Cocuq Mərcanlıya səfərə dəvət etdi. Bu səfərdə o, bütün qayğıları şəxsən öz üzərinə götürdü. Səfərdə Umud müəllim əslində, həm də bir gid-bələdçi rolunda çıxış etdi. Tələbələr bu səfərdə Cocuq Mərcanlını, cəbhə xəttindəki əsgərlərimizi, ordumuzun silinməz Aprel qələbəsini sevgi ilə duydular, qayıdan baş mətbuatda çoxsaylı yazılarla çıxış etdilər.
Mən bu yazının hər abzasının sonunda Umud Mirzəyevin vətəndaşlıq ləyaqətini hansı yöndəsə xüsusi qeyd etmək arzusunda oluram. Onlardan biri Cocuq Mərcanlıdan qayıdanda şahid olduğumuz bir hadisənin sonluğuna lap yaraşır: Umud müəllim Füzulinin Aşağı Əbdürrəhmanlı kəndindəndir. Bu kəndi Qarabağ uğrunda savaşın əvvəlində ermənilər zəbt etmişdilər. Sonra bizim ordumuz kəndin bir hissəsini ermənilərdən azad edib. Umud müəllim tələbələri kəndin azad edilmiş hissəsinə gətirdi. Və onlara düşmənin xaraba qoyduğu kəndini göstərib: "Bunu unutmayın!" - dedi. Onun unutmamağı tövsiyə etdiyi bu dağılmış kəndin daşı daş üstündə qalmamışdı. Bəlkə də dünyanın heç bir rejissoru hər hansı bir müharibə filmində bu səhnəni heç vaxt yarada bilməzdi. Umud müəllim necə kövrəldisə, hətta növbə çəkən əsgərlərdən biri onu bağrına basıb təsəlli verdi. Sonra Umud müəllim bizi yarısı bizdə, yarısı ermənilərdə olan həmin kəndin qəbiristanlığına apardı. Növbədə dayanan əsgərlər bizə təpə yuxarı çıxmağın təhlükəli olduğunu bildirdilər və hətta bunu qadağan etdilər. Möcüzə orasındaydı ki, Umud müəllim bir neçə ay bundan əvvəl Bakıda - köçkünlük dövründə dünyasını dəyişmiş atasını bu qəbiristanlıqda - ən təhlükəli nöqtədə dəfn etmişdi. Məqsəd də bəlli idi: qoy düşmən bilsin ki, biz mütləq bu kəndə qayıdacağıq... Bu səhnə də gənc tələbələrin qəlbini duyğulandırdı və onlarda qayıdış inamını birə-beş artırdı.
Yaxud başqa bir misal: Bu yaxınlarda BDU Jurnalistika fakültəsində belə bir ideya səsləndi. Tələbələrimizin fəal bir qrupunu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın Ağcabədi rayonundakı Kəhrizli kəndində yerləşən ev muzeyinə ziyarətə aparaq. Bu ideya C.Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından doğmuşdu. Biz bu ideyanı ilk növbədə Millət vəkili Aqil Abbasa, Umud Rəhimoğluna və Akif Aşırlıya bildirdik. Onların hər üçündən dərhal cavab gəldi: tələbələri öz avtomobillərimizlə Ağcabədiyə - Həmidə xanımın ev muzeyinə aparacağıq.
Əlbəttə, Jurnalistika fakültəsinin belə tələbələrini daimi olaraq dəstəkləyən və səfərin bütün qayğılarını üzərinə götürən Əflatun Amaşovu, Aqil Abbası, Rəşad Məcidi, Akif Aşırlını… bir-birindən fərqləndirə bilmirik. Umud Rəhimoğlu da bu sırada çox fəal və qayğıkeşdir... və belə anlarda onun dilindən heç vaxt "yox" sözü eşitməmişik. Bu da onun vətəndaşlıq ləyaqətindən doğur.
Səhər saat 8-ə qalır və qeyd etdiyim bu media nümayəndələri - hər biri öz avtomobili ilə BDU-nun giriş qapısında tələbələri, müəllimləri gözləyirlər. Bu anda tələbələrin üzündə, gözündə bir Vətən sevgisi, Qarabağ istəyi hiss olunurdu. Umud müəllim bu tələbələri öz doğma balaları kimi bağrına basıb gülümsəyir. "Eşq olsun Vətənə məhəbbət bəsləyənlərə" deyib onları öz avtomobilinə dəvət edir... Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbələri öz balaları kimi yüksək qayğı və istəklə qarşılayır. Tələbələr Ağcabədinin müasir inkişaf modelinə bələd olduqca heyrətə gəlirlər. Əslən Ağcabədinin Bayat kəndindən olan, magistrant tələbəmiz Günel Mehdizadə tələbələrə izah edir: hələ bu harasıdır - deyir - gəzdikcə regionlarımızın necə inkişaf etdiyini görəcəksiniz!
Həmidə xanımın ev muzeyinə, Ağcabədinin bayraq muzeyinə, Muğam, Şahmat evinə səfərlər edirik, Ağdamın cəbhə xəttinə gedirik, əsgərlər də tələbələrə qucaq açırlar. Ağdamda Şəhidlər Xiyabanını, Seyid Lazım ağanın monumental qəbr evini ziyarət edirik... Və bütün bu anlarda media nümayəndələri, o cümlədən, Umud müəllim tələbələrə Qarabağın bu bölgəsinin xarakterini, yurd yerinin qiymətini başa salırlar.
Mən bu yerdə qəribə bir faktı da qeyd etməyə bilmirəm. Umudun dostu, fakültəmizin dəyərli inam yeri Aqil Abbas bir deputat kimi Ağcabədi bölgəsindən seçilib. Onun bu rayonda gördüyü işlərin misli-bərabəri yoxdur. Aqil Abbasın Ağcabədidə sevgi ilə qarşılanmasının səbəbi aydındır. Ancaq maraqlı orasıdır tələbələrimizin ziyarət etdiyi Ağdamın da bu məkanlarda bizə rast gələn sakinləri Aqil Abbası onların da deputatı kimi qarşılayır, problemlərini deyir və sevgi ilə yola salırlar.
Mən bu səhnələrə baxıram və Umud Mirzəyevlə zaman-zaman Füzuliyə ziyarətimizi xatırlayıram. Füzulililər Umud müəllimi özlərinə o qədər doğma və qayğıkeş bir adam kimi qəbul edirlər ki, onun rəsmi deputat statusu olmasa da, həmyerlilərinin problemlərini yerinə çatdırmağı özünün vətəndaşlıq borcu hesab edir.
Umud Mirzəyevin rəhbərlik etdiyi BAMF-ın mükəmməl saytı var: "EURASİA DİARY" - Beynəlxalq Analitik İnformasiya Portalı. Bu sayt dünyanın ingilis, fransız, rus, alman, türk... dillərində fəaliyyət göstərir. Bu sayt cəbhə xətlərində baş verən hadisələrdən tutmuş analitik publisistika materiallarına qədər Qarabağ olaylarını beynəlxalq aləmə çatdırır. Lap bu günlərin bir faktına diqqət edək: Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında erməni hiyləsi ilə yer alan bir yazı- separatçıların bəyanatı yerləşdirilmişdir. Təxribat mahiyyəti daşıyan bu yazı bütün Azərbaycanın təəccübünə səbəb oldu. Azərbaycanın kütləvi informasiya vasitələri ermənilərin yeni xəyanətinə uyan BMT-ni suçladı. Umud müəllimin ofisinin saytında BMT-nin bu "səhvinə" qarşı BAMF məntiqi bir məktub imzaladı. Və biz güman edirik ki, Avrasiya Mətbuat Fondunun fəaliyyətini həmişə dəstəkləyən Birləşmiş Millətlər Təşkilatı erməni məkrindən doğan o yazını öz saytından siləcək.
Haqqında söhbət
açdığımız bu saytın yeddi dildə fəaliyyət
göstərməsi bizim haqq səsimizin beynəlxalq işlək
dillərdə dünyaya çatdırmaq məqsədi
güdür. Belə bir saytın özü də Azərbaycan
media mühitində bir hadisədir və ona görə də
fakültəmizin tələbələrinin bir çoxu daimi
olaraq bu saytda peşəkarlıq təcrübəsi
keçir. Bu təcrübədə jurnalist tələbələr
Umud Rəhimoğlundan həm də Azərbaycan, Vətən,
yurd sevgisi ilə bağlı müqəddəs amallar öyrənirlər.
Cahangir
MƏMMƏDLİ
BDU
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 4 may.- S.8.