Akademik Məmməd Cəfər böyük Cavidşünas kimi

 

 

(Əvvəli ötən sayımızda)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə və zəngin elmi yaradıcılıq irsinə yüksək qiymətin təzahürüdür.

Cavidin "İblis" əsərini romantik faciə adlandıran M.Cəfər pyesə məhz romantik cərəyanın prinsipləri nöqteyi-nəzərindən təhlil verir. Tədqiqatçı əsərin ideyasını belə müəyyənləşdirir: "Burada qarşılaşdırılan qüvvələr əsasən şairi yaradıcılığının ilk dövrlərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi:

Yaşamaq istəyirmisən, çarpış,

Hərbə qoş, həp vuruş, ya əz, ya əzil -

deyən müharibə ideyası, ikincisi isə:

Bir fəzilətsə öldürüb ölmək,

Canavar bizdən əşrəf olsa gərək -

deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır.

Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx, Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və başqaları bu iki zidd ideyanı təmsil edirlər".

"İblis"də "həyat mübarizəsi" məsələsinin Cavidi çox düşündürdüyünü də M.Cəfər nəzərdən qaçırmır."Həyat mübarizəsi"nə demək idi? İnsanlıq əsl səadətə, azadlığa, sülh və əmniyyətə məhəbbət ideyası iləmi nail ola biləcək, yoxsa mübarizə ilə? M.Cəfərin fikrincə, Cavid bu məsələni idealistcəsinə anlamasına baxmayaraq, bir çox hallarda tərəddüd edərək axırda belə qərara gəlmişdi ki: "Haqqını sən mübarizə ilə alarsan".

M.Cəfər Cavid yaradıcılığının müəyyən dövrünü - 1920-26-cı illəri "Məfkurəvi tərəddüd illəri" kimi səciyyələndirir. Bu illərdə Cavid "Peyğəmbər", "Topal Teymur" və "Afət" pyeslərini yazmışdır. Niyə Cavid həmin illərdə yeni həyat haqqında heç nə yazmadı? M.Cəfər bu suala cavab verərkən 30-cu illərin marksist tənqidçilərinin fikirləri ilə razılaşır, əsas səbəb kimi Cavidin sosialist inqilabının mahiyyətini başa düşməməkdə, proletar inqilabının xilaskar roluna qəti inamının olmamasında axtarır. M.Cəfər, bir qədər yumşaq şəkildə, Cavidin 1920-26-cı illərdə proletar inqilabının qələbəsini sükutla qarşılamasını nöqsan sayır, bu da sovet dövrünün ideologiyasından doğan bir fikirdir. Əsl səbəb heç də bunda deyil. Cavidin "Peyğəmbər"i və "Topal Teymur"u onun çoxdan düşündüyü mövzuların bədii ifadəsi idi. O, bütün yaradıcılığı boyu ürəyinə yatmayan mövzuda əsər yazmamış və heç bir əsərini də kiminsə sifarişilə qələmə almamışdı. Yaşadığı cəmiyyətin onda doğurduğu intibalar, hadisə və olaylar beynində həll olunandan sonra qələmə sarılmışdı. "Azər" poemasını yaxud "Knyaz" pyesini  Cavid inqilabın ilk illərində yaza bilməzdi, çünki baş verən ictimai-siyasi hadisələr, onların mahiyyəti Cavidə kifayət qədər bəlli idisə, sadəcə, bu hadisələrin bədii şüurda həll olunması bir qədər gec başa gəldi. "Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri" fəsli  Cavidşünaslıqda yeni bir mövzudur. M.Cəfərə qədər heç bir tədqiqatçı Cavid pyeslərinin bu cəhətinə lazımi diqqət yetirməmişdi. M.Cəfər ilk dəfə olaraq Cavid dramlarını xarakterlər və ehtiraslar dramı kimi səciyyələndirir. İlk dəfə olaraq o, Cavidin Azərbaycan dramaturgiyasında ailə, məişət dramlarının müəllifi kimi xarakterizə edir, bu dramlarda ("Maral", "Uçurum", "Afət") melodramatizm və sentimental ünsürlər olduğunu sübut edir, onun pyeslərində fantastik dram ünsürlərinin də xüsusi yer tutduğunu romantik dram janrının xüsusiyyəti kimi nəzərə çarpdırır.

Cavidin səhnə əsərlərində dramatik gərginliyi, xüsusən lirizm və emosionallığı qüvvətləndirən cəhətlərə gəldikdə, M.Cəfər surətlərin mənəvi çırpıntılarının son dərəcə şairanə bir dillə verilməsini sənətkarlıq məziyyəti hesab edir. Cavid dramlarında mahnılara da çox yer verilmişdir, bunların bir çoxu dramaturqun müəyyən fəlsəfi fikirləri ifadə etmək məqamında istifadə olunur.

M.Cəfər öncə qeyd etdiyimiz kimi, sonrakı illərdə də Cavid yaradıcılığı haqqında tədqiqatlarını davam etdirmiş, sanki "Hüseyn Cavid" monoqrafiyasında az toxuduğu, yaxud heç toxunmadığı mövzulara müraciət etmişdir. 1962-ci ildə yazdığı və "Seçilmiş əsərləri"nin ikinci cildinə daxil etdiyi "Cavid haqqında söz" məqaləsində o, Cavid yaradıcılığına ümumi bir nəzər yetirir və fikirlərini essevari bir şəkildə belə tamamlayır: "Cavid yaşayır. Bəs bu yaşamağın sirri nədədir?

Qədim müdrik rəvayətlərin birində deyilir ki, üç şair arasında mübahisə olur, biri deyir: mən yaxşı şairəm, ikincisi deyir: yox, mən yaxşı şairəm, üçüncüsü deyir: əsl şair mənəm. Bu mübahisəni kəsmək üçün onlar bir vətəndaşa müraciət edirlər. Vətəndaş onlara belə bir sual verir: - Əvvəlcə mənə deyin görüm, siz nə yazırsınız və nə məqsədlə yazırsınız?

Şairlərdən biri deyir: - Mən onunla fəxr edirəm ki, həmişə xoşa gələn şeir yazmışam, şeirlərimin gözəl, təsirli olmasına fikir vermişəm.

İkinci şair deyir: - Mən isə onunla fəxr edirəm ki, həmişə xalqa həqiqəti demişəm, yalan yazmamışam.

Üçüncü şair deyir: - Mən də onunla fəxr edirəm ki, həmişə məzlumların, əzilənlərin hüququnu müdafiə etmişəm.

Vətəndaş hər üç sənətkarı dinləyəndən sonra deyir: - Ayrı-ayrılıqda deyə bilmərəm, üçünüz bir yerdə yaxşı şairsiniz!

Cavidi yaşadan, sevdirən başlıca səbəb budur ki, onun yaradıcılığında hər zaman olmasa da, əksər hallarda, əsərlərinin çoxunda əsl şairə xas olan və tələbkar vətəndaşa xoş gələn bu məziyyətlərin üçü də birləşmişdir".

1982-ci ildə çap olunan "Cavidi xatırlarkən... "məqalələr və xatirələr toplusunda M.Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər" adlı böyük bir məqaləsi də təqdim edilir. Əslində, bunu kiçik bir monoqrafiya da adlandırmaq olar. Çünki bu yazıda qoyulan problemlər bir məqaləlik deyildir, müəllif burada H.Cavidin dil və üslub xüsusiyyətlərindən, bədii təsvir vasitələrindən, istifadə etdiyi poetik formalardan geniş söz açır, həm də bu yazı "Hüseyn Cavid" monoqrafiyasının beşinci fəslindən ("Hüseyn Cavid dramlarında sənətkarlıq xüsusiyyətləri") tamamilə fərqlidir.

M.Cəfər Cavidin yaradıcılığının birinci dövründə "ənənəvi iki üslubluluğa" meyl etdiyini göstərir, şair bu illərdə (1905-1909) həm klassik qəzəl, məsnəvi, həm də şifahi xalq şeir dili və üslubunda əsərlər yazmışdır. Türkiyədə olduğu illərdə (1906-1909) yazdığı şeirlərinin çoxunun dili çətin və ağırdır. Bu şeirlərin dili və üslubu o zamankı türk ədəbiyyatının Ə.Hamid, Cənab Şəhabəddin şeirinin dili və üslubuna yaxın idi.

Şairin sonradan, Vətənə qayıtdıqdan sonra yazdığı şeirlərində dil nisbətən sadələşir, amma türk dilinin təsiri onun pyeslərində yenə də davam edir. Məsələn, 1912-ci ildə yazdığı "Maral" faciəsində, dil cəhətindən o, Türkiyə yazıçıları ilə az qala "bəhsə" girirdi.

M.Cəfər haqlı olaraq qeyd edir ki, Cavidin özünəməxsus tam orijinal şeir dili və üslub xüsusiyyətləri "Şeyx Sənan" faciəsi ilə başlayır. "Bu faciə həqiqi şeir, poeziya dilində, son dərəcə zəngin, emosional dildə yazılmış bir əsər idi. Burada cümlə quruluşlarında sərrastlıq, cümlələrin bir-birinə münasibətlərindəki möhkəm məntiqi əlaqə, axıcılıq, sözə qənaət, yığcamlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti cəlb edirdi". Həm də Cavid bu əsərində mümkün qədər ərəb, fars tərkiblərini az işlətməyə çalışmışdır. M.Cəfərin doğru qeyd etdiyi kimi, "Şeyx Sənan"ın dilində və üslubunda Cavid klassik Azərbaycan şeir dili və üslubi ənənələrini əsas götürmüşdür. Lakin o, bu dil, üslub ənənələrini sadəcə təqlid etməmiş, mümkün qədər onu zənginləşdirməyə, yeniləşdirməyə, müasirləşdirməyə, mənzum dram dilinə uyğunlaşdırmağa çalışmışdır. "Uçurum" faciəsində isə "Şeyx Sənan"a məxsus olan ifadəlilik, sərrastlıq görünməsə də, əsərin çox hissəsində şifahi xalq şeiri üslubu hiss edilir. M.Cəfər əsərin qəhrəmanlarından birinin - Anjelin nitqinə diqqəti yönəldir:

Mən öncə bir mələkdim.

Yüksəklərdə uçardım.

Parlaq bir yıldız kimi

Ətrafa nur saçardım.

Bən şux bir kələbəkdim,

Daldan-dala qoşardım.

Tikansız bir çiçəkdim,

Güllüklərdə yaşardım.

Hər kəsi mələk sandım,

Hər sevgiyə aldandım.

Xalqa əyləncə oldum,

Ah, bilmədim, aldandım.

"İblis"in dili isə M.Cəfərin fikrincə, dəbdəbəli bir üslubdadır. Bu da əsərin mövzusundan və xarakterlərin təbiətindən irəli gəlir. "Peyğəmbər" əsərində isə "iki üslubluluq" diqqəti cəlb edir, "Şeyx Sənan"və "İblis"də olduğu kimi, əsərin bəzi pərdələri təntənəli klassik şeir üslubunda, bəziləri isə sadə üslubda və heca vəznində yazılmışdır. "Azər" poemasında isə üslub sadələşir, heca vəznində yazılmış parçalarla, klassik şeir üslubu eyni dərəcədə bədii və təsirlidir. Dil, üslub sadəliyinə doğru qüvvətli meyl, xüsusilə çətin sözlərdən, ərəb-fars tərkiblərindən əl çəkmək "Knyaz" və "Səyavuş" faciələrində daha aydın hiss olunur.

Nəhayət, Cavidin əsərlərindəki dil və üslub xüsusiyyətləri ilə bağlı belə bir cəhəti də nəzərə çarpdırır ki, Cavid həm Azərbaycan əruzu, həm də heca vəznində Azərbaycan dilində dram əsərləri yaradılmasının mümkün olduğunu sübut etdi. M.Cəfər, vaxtilə Cavidin əsərlərinin dilinin ağırlığından, osmanlı, ərəb, fars dillərinin təsirindən qopa bilməyəcəyini sübut etməyə çalışanlara "Səyavuş" pyesindən doğma Azərbaycan hecasında yazılmış aşağıdakı parçaları misal gətirir:

Könül, sən söylədikcə

Anar əski çağları.

Canlandı gözlərimdə

Həm Suriyə dağları...

Göyərçinim qanad çalar,

Yüksək buludlarda uçar.

Rəqs edərək uçar, uçar,

Qayğı bilməz göyərçinim,

Enib gəlməz göyərçinim.

Zaman olur atar məni,

Bir gülüşə satar məni.

Birdən gözü tutar məni,

Həmən qoşar göyərçinim,

Ruhu oxşar göyərçinim.

M.Cəfərin həmin məqalədə Cavidin əsərlərindəki bədii təsvir vasitələrindən necə sənətkarlıqla istifadə etməsi ilə bağlı xeyli misallar gətirməsi və bunları elmi dəqiqliklə mənalandırması da cavidşünaslıqda yenidir. Deyə bilərik ki, M.Cəfərdən sonra hətta bu mövzuya heç toxunulmamışdır. Bircə misalla kifayətlənək: "Cavidin şeirində insan təbiətə bənzədildiyi kimi, təbiət hadisələri də insana bənzədilir. Ay, günəş, ulduzlar, bulud, duman, qövsi-qüzeh, otlar, çiçəklər, güllər, ağaclar, yarpaqlar, dəniz, çaylar, nəhrlər, kiçik sular da, şeir də insanlar kimi dərin psixoloji hallar keçirir.

Hüseyn Cavidin şeirin bütün janrlarında (mənzum dramlarında, poemasında, süjetli şeirlərində, siyasi-ictimai və fəlsəfi parçalarında, lirikasında, klassik şeirin və şifahi xalq şeirinin bütün əsas şəkillərindən), üçlük, dördlük, qoşma, bayatı, rübai, məsnəvi, beşlik, müxəmməs, müsəddəs, qəzəl, tərkibbənd, müstəzad, türki, nəğmə, şərqi və başqaları çox müvəffəqiyyətlə istifadə etdiyini də məqalədə genişliklə izləyə bilirik.

Qətiyyətlə demək olar ki, Cavidşünaslığın bir elm kimi formalaşmasında akademik Məmməd Cəfərin böyük rolu olmuşdur, onun "Hüseyn Cavid" monoqrafiyası dahi sənətkarın zəngin ədəbi irsinin geniş oxucu kütlələrinə tanıdılmasında doğrudan da fövqəladə bir addım idi.

 

Gülbəniz BABAXANLI

Filologiya üzrə elmlər doktoru, Əməkdar incəsənət işçisi.

 

525-ci qəzet.- 2019.- 4 may.- S.18.