“Nəsimi ili” çərçivəsində
“Kitab günü” keçirildi
Bu gün Bakının
Nəsimi rayonunda yerləşən Zabitlər
bağında “Mən
oxudum, sən də oxu” devizi
altında Ədliyyə
Nazirliyinin, Nəsimi
Rayon İcra Hakimiyyətinin
və Azərbaycan Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə “Kitab günü” keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin
və Penitensiar xidmətin, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri,
Yazıçılar Birliyinin,
vətəndaş cəmiyyətinin
təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri,
yerli sakinlər, tələbələr və
məktəblilər iştirak
ediblər.
Tədbirdə rayon icra hakimiyyəti
başçısının müavini Gülarə Verdiyeva, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin rəhbəri
Aynur Sabitova, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi
Mehman Sadıqov, Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Konstitusiya” Araşdırmaları
Fondunun prezidenti Əliməmməd Nuriyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış
edərək Nəsiminin
650 illik yubileyinə həsr olunan “Kitab günü”nün əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı ölkəmizdə ədəbiyyata göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu münasibətlə keçirilən silsilə tədbirlər Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna önəm kəsb edir.
Çıxış edənlər Ədliyyə Nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrinin kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə aksiyanın keçirilməsi təşəbbüsünü humanist addım kimi dəyərləndirərək “Kitab günü” çərçivəsində toplanmış 4 minə yaxın müxtəlif bədii, publisistik və digər elmi kitabların azadlıqdan məhrum edilmiş şəxslərin istifadəsinə verilməsini alqışlayıblar.
“Kitab günü”ndə, həmçinin, gənclərin mütaliə marağının artırılması məqsədilə Müasir İnnovasiyalar Liseyinin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Tədbir musiqili-bədii proqramla davam edib.
C.ABASOV
525-ci qəzet.- 2019.- 4 may.- S.4.