Əli Günvar: "Əsl ədəbiyyat
"tribunaya oynamaz"
"SƏNƏT
MƏNİM ÖZÜMÜN ÖZÜMLƏ
MÜBAHİSƏMDİR"
Türkiyəli şair Əli Günvar bu günlərdə
paytaxtımızın qonağı oldu. Onunla görüşüb,
Azərbaycana gəliş səbəbi, poeziya, Türkiyə ədəbiyyatı
və başqa bir sıra mətləblərdən
danışdıq:
- Əli
bəy, Azərbaycana xoş gəlmisiniz! Öncə
səfərinizin məqsədi haqda danışaq.
- Azərbaycana
ilk dəfə gəlirəm. Azərbaycan Tərcümə
Mərkəzinin dəvətlisi olaraq, Qlobal Forumda iştirak
etmək üçün gəldim. Mərkəzin
bir çox tədbirlərinə və Qlobal Forum daxilindəki
Multikulturalizm və Türk dünyası ilə bağlı
İpək yolu forumunda çıxışlarım oldu.
Xüsusən, Mərkəzin iki tədbirində şeir,
memarlıq və dil münasibətləri haqqında məruzələr
dedim.
Öncə haqqında çox eşitsəm də, gəlmək
qismət olmamışdı. Burada olmaqdan çox məmnunluq
duyuram. Sanki vətənimdən vətənimə
səfər etmiş kimiyəm, heç yad hiss etmirəm
özümü. İstanbulda nə qədər
rahatamsa, burada da o qədər rahatam.
- Azərbaycan
ədəbiyyatı ilə öncədən tanış
idinizmi? Buradakı görüşləriniz sizdə
hansı təəssüratlar yaratdı?
- Əvvəllər ayrı-ayrı şəxsləri
tanıyırdım, oxuduqlarım vardı. Ancaq Azərbaycan
ədəbiyyatı haqqında küll şəklində bilgi
sahibi olduğumu deyə bilmərəm. Amma
nəticə etibarilə türkcənin ədəbiyyatı
olduğu üçün az-çox məlumatım vardı.
Buradakı görüşlərimiz sayəsində Ramiz
Rövşəni, Afaq Məsudu, Rəşad Məcidi, Qan
Turalını, Xanəmiri, Aysel Əlizadəni və
başqalarını tanıdım. Ramiz
Rövşənlə uzun-uzun söhbətlərimiz oldu və
fikirlərimizin üst-üstə düşdüyünü
gördüm. Çox yaxşı və
geniş təcrübəsi olan, heç kimin inkar edə bilməyəcəyi
bir şairdir. Şeirin keçmişini və
indisini çox yaxşı bilir, gələcəyi
haqqında da səhih fikir sahibidir. Ciddi bir poetikası
var. Bu zamana kimi çox yaşlı, təcrübəli
şairlərlə tanış oldum, amma
ciddi poetikaya sahib deyildilər. Ramiz Rövşən
isə bu mənada onlardan çox fərqlənir.
Qan
Turalı ilə tanış olduq,
maraqlı söhbətlərimiz oldu. Yetərli
qədər istedadlı və intellektüal gəncdir. Gələcəkdə ciddi işlər görəcəyinə
əminəm.
Afaq Məsud xanımla uzun söhbətimiz oldu. Həm bir
yazıçı, həm də insan kimi çox dəyərlidir,
önəmli işlər görür.
Gənc ədəbiyyatçılarda,
adətən, rastlaşdığımız bir
düşüncə var: məni oxusunlar, xalq məni
anlasın. Ən çox Aysel xanımda
gördüm bunu. Bu da çox
normaldır. Ədəbiyyatla xalqa xidmət
etmək düşüncəsinə sahibdir. Bu, duyğusal şeylərdir, insanın sonrasına
elə də təsiri olmaz. Xalqçı təfəkkür
bir az mənə yaddır. Dünyada
belə bir düşüncə tərzi vardır. Hətta çox tanınmış nümayəndələri
də var. Məncə, dünyanın, xalqın sizi həzm
etməsini ciddiyə almaq lazım deyil. Əsas
məsələ sənin nəyi həzm edib-etməməyindir.
Sən yaz, o yazı oxucusunu bir gün mütləq
tapacaqdır. Ya siz sağkən, ya da siz
olmayanda. Çünki hər
yazının öz oxucusunu vardır və bir gün bir-birlərini
tapırlar. Amma Aysel xanım istedadlı
şairdir. Bu cür fikirləri də
zamanla aşacağına inanıram.
- Sizin
sözləriniz yadıma o məşhur sualı saldı: sənət
sənət üçündür, ya xalq üçün?
- Sənət
mənim üçündür (gülürük). Çünki mən o sənət vasitəsilə
özüm-özümü tərbiyə etdim, nəfsimə
sahib çıxmağı öyrəndim. Sənət mənim özümün özümlə
mübahisələrimdir, problemlərimi çözmək
şəklimdir. Sənət sənət
üçünmü, sənət xalq üçünmü
seçimləriylə heç zaman razılaşmadım və
hətta bu fikirlərin sənətdən uzaq biriləri tərəfindən
ortaya atıldığına inandım. Sənətçinin
yanaşması bu ola bilməz. Sənətçi yaradar, ortaya qoyar və gedər.
Tənqidçi necə rəy verər, o, sənətçinin
problemi, ya da məşğul olacağı məsələ
deyil. Xalqın çox yaxşı anladığı
Nazim Hikmət... O, xalq üçünmü yazdı
onları? Əlbəttə, yox. Onun yazdıqları öz-özüylə
mübahisələridir. O, xalq bunu necə anlar, qəbul
edər və ya etməz deyə düşünmədi ki. Bütün böyük şairlərin problemi
özüylədir. Əsl ədəbiyyat
"tribunaya oynamaz". Çox uzun
zamandır, qatıldığım böyük tədbirlərdə,
beynəlxalq simpoziumlarda öz şeirlərimi oxumuram. Başqası oxuyur. Mən şeiri ən
yaxın dost məclisində, kiçik qruplarda oxuyuram,
özümüz üçün. Bu da mənim
seçimimdir.
Müsahibəmizin
bu yerində bayaqdan bizi dinləyən, Türkiyənin Azərbaycandakı
səfirliyinin Mədəniyyət və Tanıtma
müşairi İrfan Çiftçi qonağımıza
öz sualları ilə müraciət edir:
İ.Ç:
- Əli bəy dünyanın böyük bir hissəsini gəzib-dolaşmış,
çox dil bilən, bu zamana qədər fərqli mədəniyyətlər
tanımış bir memardır həm də. Buna
görə də, bəzi məsələlərlə
bağlı onun fikirləri mənə maraqlıdır.
Birinci növbədə, o, Azərbaycan muğamını dinlədi,
rəsm sənətiylə tanış
oldu. Muğam və ümumən Azərbaycan
musiqisi, eləcə də Azərbaycan rəssamlığı
ilə bağlı təəssüratlarınız, fikirləriniz
necədir?
- Azərbaycan
muğamı mənə çox təsir etdi. Əvvələn
ona görə ki, milli Anadolu- Türkiyə musiqisinin çata
bilmədiyi bir səviyyəyə çatıb. Və musiqinin əsli pozulmadan, pop musiqisi halına gəlmədən
son dərəcə çoxsəsli və səviyyəli bir
sistem halına gəlib. Deyə bilərəm
ki, Azərbaycan təsirləndiyi polifonik rus musiqisini elə
özününküləşdirib ki, artıq o, buranın məhsulu
olub. Hətta ruslar belə artıq o
musiqini Azərbaycan musiqisi deyə qəbul ediblər. Türkiyədəki "arabeskləşmə"
burada yoxdur. Azərbaycan musiqisi haqqında
onsuz da hər zaman gözəl sözlər eşitmişdim,
amma gəlib yerində görmək də məni çox
sevindirdi. Burada Anadolu musiqisinə örnək
olacaq şeylər var.
Rəssamlığa gələndə isə deyə bilərəm
ki, rəssamlıq çox özəl və külli miqdarda
pulun dövr etdiyi bir sahədir. Buna görə də
rəssamlıqda dünya modasına uymaq, onun nəbzini tutmaq
çox mühüm məsələdir. Çünki
dünya modasından təsirlənməli və onu əks
etdirməlisən ki, rəsmin də satılsın.
Burada mən rəssam Günay Mehdizadənin sərgisiylə tanış oldum və gördüyüm qədərilə
o, bu işi çox uğurlu şəkildə həyata
keçirir. Dünya rəsm sənəti
içərisində güclü bir rəsm tərzi yarada
bilib. Gördüm ki, özünün iki
fərqli stili var. Hər iki stildə uğurludur. Dünyanın hər yerində, heç şübhəsiz,
müştərisi olacağına inanıram.
İ.Ç:
- Bakını memarlıq baxımından necə
gördünüz?
- Burada
müdhiş bir XIX əsr memarlığı gördüm. Rusiya XIX əsr memarlığı ilə
yanaşıdır. Rus şəhərçiliyinin
ciddi təsiri var. İçərişəhərdə isə
çox fərqli bir hava sezdim. İçərişəhər
həm yolları, həm binalarının iç-içəliyi
baxımından ortaçağ şəhəridir. Onu bu cür qoruyub-saxlamaq böyük işdir.
Anladığım qədəriylə orta
çağla XIX əsr arasında bir keçid yoxdur. Yəni birdən-birə insan zamanda səfər
etmiş kimi olur. Bunlardan sonra isə modern
memarlığa keçid edib. Modern şəhərçilik
isə rus dekonstruksiyası ilə yeni bir hal alıb. Türkiyənin Qars şəhəri də rus təsirini
qoruyan şəhərdir. Ancaq buranın fərqi
odur ki, təsir təsirlikdən çıxıb,
özününküləşib artıq. Bu da bəlkə buranın insanının öz mədəniyyətinə
sevgisinin, hörmətinin təsirindəndir. Mənim ölkəmdəki deformasiyaların bəziləri
burada yoxdur. Bu, sevindirici haldır. Ancaq bunun bir mənfi cəhəti də var ki, biz
deformasiyalarla birgə dünyanı da tanıyırıq.
Dünyanın bizim içimizə
axışında yaratdığı deformasiyalar özüylə
birgə yeni tanışlıqlar da gətirir. Bu mənada
Azərbaycan bir az özünəqapalı
qalır. Modern memarlıqda da bu,
özünü göstərir.
İ.Ç:
- İllərdir sizə Bakıdan, Azərbaycandan
danışıram. Mənim
danışdıqlarımdan fərqlimi gördünüz,
yoxsa elə olduğu kimi?
- Yox,
sizin danışdıqlarınızdan fərqli görmədim.
Hələ az
danışmısınız (gülürük). Gəlib
burada canlı şahidi olarkən, tanış
olarkən dedikləriniz beynimdə öz yerini daha dəqiq
tutdu. Bir də mən burda bir şeyi
özümçün dəqiqləşdirdim ki, Türkiyə
və Azərbaycan heç vaxt bir-birindən ayrı
düşməməli olan iki ölkədir. Onların həm mədəni, həm də güc
baxımından bir-birinə qatacaq çox şeyləri var.
Bizim bağlarımızın çox qədimə dayanan
kökləri var.
İrfan
bəyin önəmli və çox maraqlı müdaxilələrindən
sonra yenidən müsahibəyə öz suallarımla davam
edirəm:
- Əli bəy, tənqidçilər sizin şeirlərinizdən danışarkən "anlaşılması çətin, oxucudan yüksək intellektual bilgi tələb edən" deyə söz açırlar. Razısınızmı bu fikirlə?
- Belə fikirləri ilk eşidərkən cavabım bu olurdu: mən o şeirləri yazarkən çox böyük çətinliklər çəkirəm, bir az oxucu zəhmət çəksin (gülürük). Amma bir şey var, əgər yüksək səslə oxuyarsa, anlamasa da, dadını alar, zövqünü yaşayar. Doğrudur, intellektual göndərmələrim var. Əgər onları bir az da olsun aça bilərsə, yazdığım mövzunu və mövzunun mənim üzərimdəki təsirini anlaya bilər. Ən azından məni kəşf edər.
- Sizinçün modern şeir nədir?
- Bu, böyük bir "palavra"dır
(uydurma, qurama anlayış - Ş.M.). Füzulinin "Su" qəsidəsi
modern deyilmi? Ən azı Nazim Hikmət şeiri qədər
moderndir. Yaxşı yazılmış bir
şeir zamanları aşmağa başladığı vaxt
moderndir. Tənqidin modern mübahisələri
və axtarışları boşdur. Əsas
olan şeirin qoxusunu almaq və onu əks etdirməkdir. Bu cür ifadələr yeni nəslin köhnə nəslə
özlərini qəbul etdirmək üçün içinə
çəkildikləri saxtalıqlardır. Fazil
Hüsnü Dağlarcanın belə bir sözü var:
"Şeir hər zaman on səkkiz yaşındadır".
- Sizin
şeirlərin başlığında musiqi adlarına rast gəlirik...
- Musiqi mənim
həyatımın ayrılmaz bir parçasıdır. Mən musiqisiz yaşaya bilmərəm. Klassik Osmanlı saray musiqisini çox sevirəm və
zövqlə dinləyirəm. Mənimçün
Əbdülqadir Marağayi ilə İohan Sebastyan Bax eyni səviyyədədirlər.
Çünki bunlar məndə musiqi ilə ifadə
duyğusunu oyandıran insanlardır. Musiqi
səsin bəlli bir biçimə salınması və onun əks
etdirilməsidir. Demək ki, musiqi dil hadisəsidir.
Yaxşı musiqi yaxşı şeir kimidir.
O, sizin təkcə qulağınıza deyil, qəlbinizə
xitab edir. Onu qulağınızla dinləyib
ruhunuzla duyarsınız.
-
Türkiyədə şair olmaq nədir?
-
Türkiyədə şair olmaq türkcənin şairi
olmaqdır. İlk növbədə dilinə
aşiq olacaqsan, onun incəliklərini kəşf etməyə
çalışacaqsan. Təkcə onunla
da yetinməyib, dünya dillərinə yönələrkən
onlardan nələri yadlıq hissi yaratmadan öz dilinə
daxil edərsən, onu da biləcəksən. Türkcəyə tərcümə edərkən
qopuqluq olmamalıdır. Hər dil bir həyat
tərzinin ifadəsidir. Buna görə də
bir dilin başqa dilə tərcüməsi bir qəlbin o biri
qəlbə açılması kimidir. Bunda
çox diqqətli olmaq lazımdır.
- Öyrəndiyiniz,
bəhrələndiyiniz şairlər kimlərdir?
- Əsas etibarilə divan ədəbiyyatı şairləri,
Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Nəsimi,
Ərzurumlu İbrahim Haqqı, Niyazi Misri. Son dönəmdə Əhməd
Sürəyya, Ədib Cansevər, Hilmi Yavuz, Qərb şeirindəki
klassiklər, Vergili, Dante, Homer, klassik fransız teatrı,
Bualo, Şekspir, Coser və başqaları. Siyahını
çox uzatmaq olar.
- Əli Günvar şeirindən təsirlənən gənc
şairlər də, yəqin ki, vardır. Sizin onlara məsləhətləriniz,
adətən, nələr olur?
-
Çox şair özlərinin təqlidlərinin ətraflarında
olmasından xoşlanarlar. Mənə bu cür
yaxınlaşan olanda, adətən, uzaq tuturam. Çünki keçmişdə elmi-ədəbdə
şeir yazmaq istəyən kimsə ustadın yanına gələr
və ustad ona min şeir əzbərlədərdi.
Onları əzbərləyəndən sonra isə "indi get, bunları unut və öz şeirini
yaz" deyərdi. Əli Günvardan təsirlənənlər
şeiri, dili sevmək üçün təsirlənsinlər, amma Əli
Günvar kimi yazmasınlar, özləri kimi yazsınlar. Mən onları özləri olanda sevirəm. Özü kimi olan şair ən yaxşı
şairdir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 8 may.- S.15.