Şənbə gecəsində Şəms qoxusu  

 

ŞAİR ƏLİ GÜNVARLA GÖRÜŞÜN OVQATINDAN...

 

 

 

Şənbə günü axşam evdən çıxanda yağış başlamışdı. Uşaq vaxtlarımdan aprel yağışına xüsusi rəğbətim var. Bu yağış adamı islatmaz və ürəkdə min bir duyğu oyadır. Türkiyədən qonağımız var idi və bu qonaqla görüşə İrfan hoca məni də dəvət etmişdi.

Qonaqla elə görüş yerinə çatmamış, işıqları hələ yandırılmayan parkın içində tanış olduq. Süfrə arxasında İrfan Çiftçi onun haqqında geniş bilgi verdi və sonra söhbətə başladıq. Əli Günvar. Robert Kollecini bitirib - Türkiyənin ən nüfuzlu orta təhsil müəssisəsini. Ardından da İstanbul Texniki Universitetinin memarlıq fakültəsini. Sonra ədəbiyyatla məşğul olmağa başlayıb. Çox az şeir yazsa da, şeirləri ilə öz üslubunu yaradıb.

Düzü, şairin yaradıcılığı ilə tanış deyildim. Görüşə qədər imkan edib bioqrafiyasını oxumuşdum. Lakin Əli bəy danışdıqca öz dərin intellekti və biliyi ilə məni heyran qoydu. Gördüyümüz başqa qonaqlara bənzəmirdi, Mövlanadan da, Marksdan da eyni ehtirasla danışırdı. Nə sağda idi, nə solda, nə Qərbdə idi, nə də Şərqdə... Ədəbiyyatın yanında idi sadəcə...

Dillə bağlı çox maraqlı mülahizələr irəli sürdü. Deyirdi ki, şairlərin bir qismi mesaj verməklə məşğuldur. Misal üçün, Necip Fazil şeiriyyatı elə dini mesajlar verməkdən ibarətdir. Halbuki sənətkar məlumun elan edilməsindən daha böyük işlərlə məşğul olmalıdır. Nazım Hikmət haqqında da maraqlı şeylər danışırdı. Deyirdi ki, Nazımın yaradıcılığının ilk hissəsi, yəni dialektik materializmi şeirləşdirmək də uğursuz yol idi. Nazım öz yaxşı şeirlərini bu mərəzdən xilas olduqdan sonra yazdı.

Mən də öz növbəmdə Nazım Hikmətin Zəkəriyyə Sertelə etiraflarından danışdım. Həmin etiraflar uzaq 60-cı illərdə "Azərbaycan" jurnalında çap edilib. Nazım deyirdi ki, ingilis filosofu Berklinin subyektiv idealizminin cavabını şeirlə vermək ucuz yoldur, mən səhv etdiyimi sonra anladım.

Əli bəy Necip Fazıl yaradıcılığının ilk illərini bəyəndiyini deyirdi. O illərdə Necip Fazıl tərəddüdlər və axtarışlar insanı idi. Nə zaman ki, o həqiqəti tapdığını düşündü, belə deyək, qocaldı, o zaman da şeirin ipini əlindən qaçırdı. Nazım isə ideologiyadan keçib öz fərdi yaradıcılığı ilə ölümsüzləşdi.

Hər bir xalqın öz mifləri olur, Əli bəyə görə, hekayə danışanlar, əhvalat yazanlar da bu miflərdən hərəkət edir, insanların beynində əvvəldən var olan bu miflər əsasında yazırlar. Onların yaxşısı da, pisi də ola bilər, lakin əsl yaradıcılığın yolu da bu deyil. Ədəbiyyat nə hekayə danışmaqdır, nə də mesaj vermək...

Bir azdan məclisimizə Ramiz Rövşən də təşrif buyurdu. Rəşad Məcid  ona neçə dəfə zəng vurmuşdu, axırda da dedi ki, Əli bəy bizi üstələyir, yetiş, Qazan xanın evini yağmalayırlar. Ramiz Rövşən elə oturan kimi şeir haqqında maraqlı bir söhbət elədi. Məşhur rus rejissoru German, Tarkovskinin sonuncu filmi olan "Qurbanvermə"yə kinoteatrda baxsa da bəyənməyibmiş (Yeri gəlmişkən, mən də bu filmi bəyənmirəm, ya da belə deyim, anlamıram). Amma sonra German deyir ki, gözlərimdən yaş gəlməyə başladı. Bu yerdə German bir əhvalatı yada salır. Bizə də bu hekayəni Ramiz müəllim rəvayət edir: "Usta bir balıqçı bir gün çox böyük bir balıq tutur. Hamı bu hadisədən xəbərdar olub onun yanına axışır. Balıqçı da həvəslə balığı necə tutması haqqında söhbət eləyir. Bir neçə gün sonra başqa bir təsadüfi adam balıqçının tutduğundan da iri balıq tutur. Bu dəfə hamı onun başına toplanır. Usta balıqçı ona suallar verməyə başlayır. Adam bu suallara cavab verəndə usta balıqçı əlini yelləyib deyir: "Eh, sən balığı düz tutmamısan". Ramiz Rövşən bununla demək istəyirdi ki, əsas balığı tutmaqdır, necə tutmaq yox.

Əli bəy söhbəti xalqın şeirə sevgisindən saldı. Bəlkə də sevgisizliyindən deməli idim. Türkiyədə şeir kitablarına maraq, onların alıcılığı kəskin azalıb. Bir tərəfdən də sosial media... İnsanlar şeiri sosial mediada oxuyur. Tirajlar çox azdır. Əli bəy dedi ki, əslində, əsl şair öz şeirini yazmalı və başqa bir şey haqda düşünməməlidir. Ramiz Rövşən bu yerdə "topa girdi". Dedi ki, əslində, biz o şeiri yazmasaq da, o şeir orda var. Bir növ Platonun ideyalar aləmində olduğu kimi... Yəni şeir var, şair onu sadəcə kağıza köçürəndir. Hə, bir də dedi ki, şair öz şeirini yazmalıdır. Bu məqamda Əli bəy Türkiyə Yazarlar Birliyindən mükafat alarkən söylədiyi bu fikri yada saldı: "Şükürlər olsun ki, Allah bu şeirləri yazmağı mənə nəsib edib". Bir növ Ramiz Rövşəni təsdiqlədi...

Mən də fürsəti fövtə verməyib Ramiz Rövşənə gənclik şeirlərini xatırlatdım. Telefonu qara pişiyə, Ayı gümüş şahıya bənzətdiyi şeirləri... Azərbaycan ədəbiyyatında ciddi rezonans yaratmış bu şeirləri əksər oxucular, yumşaq desək, sükutla qarşılamışdılar.  Şair bu mətləb üzərində çox dayanmadı, "onlar mənim sürrealist dövrüm idi" deyib keçdi. Ramiz Rövşən orda başqa bir maraqlı söz də dedi: "Mən Vaqif Səmədoğludan daha demokratik bir şair tanımıram. Onun poeziyası sözün həqiqi mənasında özü üçün idi, onu xalq sevgisi, şöhrət maraqlanmırdı". Sonra da üzünü mənə tutub dedi:  "İndikilər də "Evli qadını sevməkdən yazır"... Mən susdum, nə deyim ki?! Yazmışdım...

Ramiz Rövşən bir müşahidəsini də bölüşdü. "XX əsrin əvvəlində teatrımız öz intibahını yaşayırdı və Sabirin də bütün şeirləri monoloqlardan ibarət idi, teatral idi. 60-cı illər isə kinonun yüksəliş dövrləri idi və mənim yaradıcılığım da bu konteksdə, zamanın bu ruhunda situativ idi, hisslərin, duyğuların situasiyası..."

Məclisin intellektual ab-havası davam edirdi. O anda məclisimizdə bulunan yeganə xanıməfəndi Aysel Əlizadədən xahiş olundu ki, bir şeir oxusun. Aysel xanım da bir deputata yazdığı şeiri oxudu. Şeirə pis şeir demək də olmazdı, sadəcə göylər aləmində gəzən bizlər üçün bu şeir, şair demiş, "zəmin şeiri" idi. Bu tənqidi şeir hamıda xoş ovqat oyatdı, bir şeir də oxumağı xahiş etdilər, Aysel xanım bu dəfə sevgi şeiri oxudu.

Əli bəyin yaradıcılığından, söz yox, İrfan bəy çox gözəl xəbərdar idi. Bir də bizim əziz Xanəmir. Xanəmir də məclisdə iştirak edirdi, lakin demək olar, danışmırdı deyə ondan nəsə yazmadım. Rəşad müəllim xahiş elədi ki, Əli bəy də öz şeirlərindən oxusun, Əli bəy də şeir kitabını axtaranda Xanəmir tez çantasından onun kitabını çıxarıb şairə verdi. Ramiz Rövşən də mənə dönüb qayıtdı ki, bir şairin kitabı Xanəmirin çantasından çıxırsa, deməli, o, qəliz şairdir...  Şairin zövqünə, zəkasına yaraşan xoş bir zarafat...

Əli bəy də bir neçə şeir oxudu, hamımız xoşhal olduq. Söhbətimiz yenə şeirin, nəsrin, Orxan Pamukun, Küçük İskəndərin, Orxan Vəlinin üstünə gəldi. Gecənin bir aləmi dağılışdıq. Taksiyə oturan kimi nədənsə ürəyimdən Xanəmiri oxumaq keçdi. Telefonu açıb "Şəms" şeirini oxudum...

harda bir söz görsən

ürəyimin dibini qazıyır

insaf nə mürvət

məlhəm şəms şəms

hər səsin hərfin ilk qoxusunu

duyar duymaz

yenidən mənaların hüzuruna gəlirəm

özümü eşqə eşqə bu yolla

təslim edirəm şəms...

Şeir elə bil bu gecə oxunmaq üçün yazılmışdı. Şeir gecəyə elə çox yaraşırdı ki...

 

 

Qan TURALI

 

525-ci qəzet.- 2019.- 8 may.- S.14.