Erməni quldurluğunu
ifşa edən bir şeirin tarixçəsi
1986-cı
ildə
Naxçıvanda qocaman tarix
müəllimi,
vaxtilə
muxtar respublikanın ictimai-siyasi həyatında müəyyən fəaliyyəti olan Qasım Tağıyevlə
görüşüb söhbət etdik.
Onun dilindən eşidib yazıya aldığım 11 bəndlik
bir şeir bu gün də
öz aktuallığını
itirməmişdir. Şeirin müəllifi
nehrəmli Şeyxəli
oğlu Yusifdir. Q.Tağıyevin dediyinə görə,
o, savadsız bir şəxs imiş.
Şeirdə "Böyük Ermənistan"
yaratmaq xülyasında
olan, xəstə təxəyyüllü, daşnak
Andranik Ozanyanın öz quldur dəstələri ilə
Nehrəmə hücumu
və igid nehrəmlilər tərəfindən
geri oturdulması məharətlə ümumiləşdirilib.
Şeiri
məzmununa görə
iki hissəyə ayırmaq olar:
İlk beş bənddə müəllif
"daşnak şahlığı"
yaratmaq xülyasında
olan Andranikin Naxçıvanda törətdiyi
ağlasığmaz vəhşiliklər
(qaynar samovarı kürəklərə bağlaması,
adamları yanar təndirə atması, hamilə qadınların qarnını yırtması,
kəndləri viran qoyması) sadalanır, sonra "düzləri və dərələri
al qana boyaması"
yanıqlı bir dillə, nifrət dolu ifadələrlə nəql edilir.
Beşinci bənddəki "Od vurdu Saltaxda yandı çox cavan, Çox dəhşətlə yandı
Qaçaq Süleyman"
misraları isə Andranikin Əlincəçay
hövzəsində minlərlə
qanlı cinayətlərdən
ikisinə işarədir. Q.Tağıyev
vaxtilə bu misraları izah edərək bizə demişdi ki, Andranik o vaxt Saltaxda ələ keçirdiyi 30 cavanı, Tividə isə aldatdıraraq tələyə
saldığı Qaçaq
Süleymanı öz
dəstəsi ilə bir otağa yığıb yandırmışdır.
Naxçıvan Dövlət Arxivində
mühafizə olunan sənədlərin birində
Qaçaq Süleymanın
erməni "dostu"
Hayrik tərəfindən
"bundan sonra aramızda sülhü bərpa etməliyik" vədi ilə aldadılması, öz dəstəsi ilə onun evinə gələrək "səmimi
söhbətlər" etməsi,
sonra silahsız Süleymanı və yoldaşlarını (16 nəfəri)
vəhşicəsinə qətlə
yetirib yandırması
haqqında məlumatlar
vardır. Başqa bir sənəddə isə Süleymanla birlikdə həlak olan Məmmədəli İsmayılov, Məmmədxan
Pirimov, Adıgözəl
Cəfərov, Dünyamalı
Sultanəliyev, Təhməz
Əliqulu oğlu və başqalarının
adları da göstərilmişdir.
Şeirin sonrakı 6 bəndində
əsas diqqət Andranikin Nehrəmə hücumu və burada ağır məğlubiyyətə düçar
olmasına yönəldilir.
Şeirin
tam mətni belədir:
Qudurmuş it oldun daşnak
Azoyan,
Yandırdın köyləri, eylədin
viran,
Bu ana yurdumu etməkçün
talan,
Bizə çox mərmilər atdın, Andranik.
Dənizdən-dənizə xəyala daldın,
Daşnak
şahlığını föhrüzə saldın,
Kerzondan
həmişə göstəriş
aldın,
Röyanda məqsədə çatdın,
Andranik.
Ellər
dinc yaşardı burda min illər,
Sən gəlib yaratdın hər cür fitnələr,
Al qana boyandı düzlər, dərələr,
Fitnələri sən oyatdın, Andranik.
Qaynar samovarı dallara çatdın,
Adamları yanar təndirə
atdın,
Həmli
qadınların qarnını
yırtdın,
Vicdanı dollara satdın, Andranik.
Bu elə-obaya sən tutdun divan,
Od vurdun, Saltaxda yandı çox cavan,
Çox
dəhşətlə yandı
Qaçaq Süleyman,
Bu yerdə sən
at oynatdın, Andranik.
Quduz alayını dəstəbədəstə,
Qəflətən yetirdin Nehrəmin
üstə,
Rəhm
etmədin uşağa,
həm şikəstə,
Kəndimizə hücum etdin, Andranik.
Ordunu yeritdin dərədən, yoldan,
Müslüm sağdan vurdu, Müseyib soldan,
Mərd
igidlər sənə
vermədi aman,
Leş üstə
leş qoyub getdin, Andranik.
Kəlbə Muxtar oldu igid komandan,
Davam gətirmədi cula, qaxtağan,
Qırıldı qaxtağan, töküldü
çox qan,
Sən Nehrəmdə
yasa batdın, Andranik.
Dro ilə Yapon qaldı arxada,
Nijdə
də çalışdı
çatmadı dada,
Ordunun Nehrəmdə sən verdin bada,
Çox qanları qana qatdın, Andranik.
Nehrəmlilər istehkamlar qurdular,
Mərd
igidlər səngərlərdə
durdular,
Culaları əlbəyaxa vurdular,
Məğlub olub gözdən itdin, Andranik.
Qaxtağanla sən Nehrəmi
bürüdün,
Quduz it tək xalqımıza hürüdün,
Məğlub olub Zəngəzura
yürüdün,
Son məqsədə belə
yetdin, Andranik.
Şeirin bəzi məqamlarının
izaha və əlavə şərhə
ehtiyacı vardır. Məsələn, 8, 10 və 11-ci bəndlərdə
adı çəkilən
"cula" və
"qaxtaqanlar" kimlərdir?
Tarixi mənbələrdə "cilov", yaxud "cilo" adlandırılan xristianlar aysorlar idilər. Lakin vəhşi və qaniçən təbiətlərinin uyğunluğuna görə ermənilərlə elə qaynayıb-qovuşmuşdular ki, hamı onları erməni hesab edirdi. Cilolar erməni quldurları ilə birlikdə 1918-ci ildə Cənubi Azərbaycanın Urmiya, Dilman, Salmas, Xoy və başqa yerlərində misli görünməmiş vəhşiliklər törətmiş, müsəlmanları, xüsusilə azərbaycanlıları dünyada analoqu çətin tapılan soyqırımına məruz qoymuşlar. Bu barədə ciddi araşdırmalar aparan tədqiqatçı Tohid Məlikzadə Dilməqaninin cula-erməni azğınlığını nümayiş etdirən aşağıdakı sözləri tükürpədicidir: "Salmas və Urmiyanın kəndlərində cilolar və ermənilər divarları deşərək azərbaycanlı qadın və kişilərin başlarını oradan keçirir, ipə salır və bu ipi öküzə bağlayaraq bir dəfəyə başlarını üzürdülər".
"Qaxtaqan" erməni sözü olub "qaçqın" mənasını bildirir. Andranikin Ermənistanın müxtəlif yerlərindən öz dəstələrinə qoşduğu və məzlum adlandırdığı qaxtaqanlar gözü qızmış, səfil-sərgərdan erməni vəhşiləri idilər.
Andranik Nehrəmə hücum edərkən onun dəstələrində digər erməni quldurları ilə yanaşı, cula və qaxtaqanlar da var idi.
Şeirin adı çəkilən bəndlərində Kəblə Muxtarın komandamlığı ilə "mərd igidlərin" istehkam quraraq "quduz ittək Nehrəmi bürüyən" cula və qaxtaqanları məğlub etməsi tarixi həqiqəti əks etdirir. Əlimizə gəlib çatan bəzi xatirə və arxiv materialları bunu sübut edir. Məsələn, həmin döyüşlərin iştirakçısı Heydərqulu Həsənov o günləri xatırlayaraq yazır: "Yaxşı silahlanmış dəstələrimizin tabor komandanı Kərbəlayi Muxtar əlində mauzer, kəhər atın belində məhəllələri gəzir, əhalini döyüşə qaldırır, atəş nöqtələrinə patron, çörək, su çatdırırdı".
Bir arxiv sənədində isə kəndin müdafiəsində fərqlənən Hacı Əli, Hacı Heydər Dünyamalı oğlu, Məşədi Heydər, Hacı Mehdi, İbrahim Hacı Fərzalı oğlu, Kazım, Sadıq, Müslüm və Müseyib qardaşları kimi rəşadətli döyüşçülərin adları xatırladılır.
Şeirin 7-ci bəndində adları çəkilən Müslüm və Müseyib qardaşları haqqında Q.Tağıyevin bizə verdiyi məlumatlar da maraqlıdır. Onun dediyinə görə, doğma qardaş olan Müslüm və Müseyib mahir ovçu olublar. Andranikə qarşı cəsarətlə vuruşduğu görə Türkiyədən Müslümə medal göndəriblərmiş. Pələng boğduğu üçün isə çar hökuməti onu İgidliyinə görə medalı ilə təltif edibmiş.
Bütövlükdə götürdükdə şeirin ümumi məzmunundan görünür ki, onun müəllifi Şeyxəli oğlu Yusifin təsvir etdiyi hadisələr haqqında məlumat və müşahidə dairəsi geniş imiş. Andranikin ingilislər tərəfindən himayə olunması, Nehrəm döyüşlərinin təfərrüatı, Andranikin Nijdə, Dro və Yapon kimi vəhşi daşnaklarla silahdaşlığı, Nehrəmdə məğlub olduqdan sonra Zəngəzura üz tutmasına aid misralar bu fikrimizi təsdiqləyir.
Şeyxəli oğlu
Yusifin təhlilini verdiyimiz
bu şeiri azərbaycanlıların
və türklərin cəlladı kimi tarixin yaddaşına düşən Andranikin qaniçən obrazının müəyyən
cizgilərini əks etdirən dəyərli bədii nümunələrdən
biridir.
Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi
Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.- 2019.- 8 may.- S.23.