Yusif Vəliyevin xarizması
Deyilənə
görə, o, bütün aktyorluq fəaliyyəti
dövründə ölkənin mədəniyyət sahəsinə
rəhbərlik edən quruma yalnız bir dəfə
xahiş-minnətə gedibmiş.
Ürəyi xəstə olduğundan istəyirmiş ki,
9-cu mikrorayonda tikilmiş binadan ona verilməsi nəzərdə
tutulan mənzili sonuncu - 9-cu mərtəbədə yox, bir qədər
aşağı mərtəbədə ayırsınlar. Yüksək
çinli məmurun qəbul otağında əyləşmiş
şəxsdən xahiş edib ki, mümkünsə onun - Yusif
Vəliyevin həmin məmurun qəbuluna düşmək istəyini
reallaşdırsın. Həmin şəxs kabinetə
daxil olub və dabanı üstə geri qayıdaraq deyib:
"Filankəs müəlim soruşur ki, Yusif Vəliyev
kimdir?"
O, cavab
verməyib, ayağa qalxaraq sakitcə qəbul
otağını tərk edib...
Bu boyda haqsızlıqdan sonra onun xəstə ürəyi
döyünməkdə davam edibsə, o, özündə
güc tapıb yaşayıbsa, yaradıbsa - möcüzə
deyil, bəs nədir?
Amma bu, yalnız haqsızlıq deyildi, həm də
böyük bir biabırçılıq idi.
Onun - Azərbaycanın
teatr və kino tarixinə adı əbədi həkk olmuş
Yusif Vəliyevin bu dözümlülüyü, sənətə,
peşəsinə, aktyor adının müqəddəsliyinə
sədaqəti isə, heç şübhəsiz, Ginnesin
Rekordlar Kitabina düşə bilərdi.
Yusif Vəliyev
sağlığında, elə haqq dünyasına
qovuşandan sonra da barəsində nisbətən az yazılan, az xatırlanan, diqqətdən kənarda
qalan aktyorlardan olub. Halbuki o, teatrdakı fəaliyyəti bir yana, filmlərimizdə
yaratdığı təkrarsız obrazlara görə hər
cür diqqətə və hörmətə layiq idi, indi dəbdə
olan sözlərlə desək, canlı klassik səviyyəsinə
yüksəlmişdi. Amma nə yazıq ki, uşaq kimi daim
diqqət və qayğıya ehtiyac duyan, sinəsində
kövrək, həssas ürək gəzdirən sənət
adamları, o cümlədən, aktyorlar çox vaxt öz dəyərini,
qiymətini bu dünyanı tərk etdikdən sonra alırlar,
məlum olur ki, dünənə kimi hamıdan biri kimi
tanıdığımız, dəyərini görmədiyimiz,
ruhunu duymadığımız kimsə sən demə, bu millətin
ruhunu sənət obrazları ilə əbədiləşdirib
tarixin yaddaşına həkk edən, gələcək nəsillərə
ötürən dahi imiş.
Sağlığında yiyəsinə əzab-əziyyət,
sarsıntılar və sonda erkən ölüm bəxş edən
belə bir əzəmətin sahibi idi Yusif Vəliyev. 40 ildən çox sənətə,
Azərbaycan xalqının mədəniyyətinə ləyaqətlə
xidmət etdi, yaradıcılıq möcüzələri göstərdi, teatr və kino
sənətlərimizə təkrarsız
obrazlar bəxş edərək neçə-neçə sənətsevərin
yaddaşında əbədiləşdi.
O,
istedadının miqyasına, aktyorluq məharətinin
sanbalına görə ölkənin ən qabaqcıl teatr
ocağında çalışmaq, onun liderlərindən biri
olmaq qüdrətində idi, amma ömrünün sonuna kimi Gənc
Tamaşaçılar Teatrında işlədi. Çünki
daha böyük sənət ocağına aparan yolun əvvəlində
də, sonunda da qırmızı işıq
yandırmışdılar: Gənc Tamaşaçılar
Teatrında onun gedişinin teatrdakı yaradıcılıq
ab-havasını sarsıdacağından ehtiyat edirdilərsə,
Akademik Teatrda bəzi
şöhrət düşkünləri onun kölgəsində
qalacaqlarından, Yusifin burada da tezliklə liderə çevriləcəyindən
vahimələnirdilər. Lakin Yusif Vəliyev bu 2 qırmızı
işıq - "Stop" işarəsi ilə ikiqat möhkəmləndirilmiş
səddin bu üzündə də möcüzələr
yaratmağı bacardı.
Vaxtilə onunla bir yerdə çalışmış həmkarları
dəfələrlə qeyd ediblər ki, bu alçaqboy, zahirən
o qədər də gözəgəlimli olmayan kişidə
qeyri-adi bir xarizma, ətrafdakıların diqqətini
özünə çəkən qarşısıalınmaz
cazibə qüvvəsi vardı. Bu isə aktyor,
xüsusən də kino aktyoru üçün ilahidən gələn
son dərəcə vacib keyfiyyətdir. Yusif Vəliyev bu
xarizmanın qədrini bildi, onun işığında
neçə-neçə obraza həyat verdi, kino və teatr sənətlərimizə
dəyər qazandırdı.
Onun kinoda oynadığı rolların sayı o qədər
də çox deyil. Amma yaratdığı obrazlar dialektikanın kəmiyyət
dəyişmələrinin keyfiyyət dəyişmələrinə
keçməsi kimi universal qanununun aktyor sənətində də
öz təsdiqini tapmasına parlaq nümunə ola bilər. Şərt o deyil ki, çox çəkilib göz
yorasan, amma tamaşaçı yaddaşında məskən
salmağa ömrün boyu tamarzı qalasan. Əsas odur
ki, az da olsa yaratdıqların sənət aləmində hadisəyə
çevrilsin, yaddaşlarda əbədi yaşamaq hüququ
qazansın - Əmir Teymur ("Nəsimi"), Qılınc
Qurban ("Tütək səsi"), Qurd Cəbrayıl
("Arxadan vurulan zərbə") kimi; kiçik, 2-ci dərəcəli
obrazlar olsalar belə,
bütöv, koloritli və inandırıcı olsun -
halvaçı ("Gəncəbasarlı
qisasçı"), Şirməmməd ("Sən niyə
susursan?"), Səfərəli ("Bir cənub şəhərində"),
prorab ("Uşaqlığın son gecəsi") kimi...
1973-cü
ildə "Nəsimi" filmində yaratdığı Teymur
obrazı bədii-estetik tutumuna, monumentallığına
görə nəinki aktyorun yaradıcılığında,
yaxud Azərbaycan kinosunda, hətta mən bütün məsuliyyətini
öz üzərimə götürüb deyərdim ki, dünya kinosunda ən möhtəşəm
ekran obrazlarından biridir. Bunun mənim hissə
qapılmağımın, yaxud yersiz təəssübkeşliyimin
ayağına yazılmasını istəməzdim. Bizdə
nədənsə çox vaxt öz dəyərlərimizə,
uğurlarımıza yuxarıdan aşağı baxmaq, hiylə ilə qurulmuş təbliğata,
reklamlara inanıb yaxşını kənarda axtarmaq, necə
deyərlər, çuxa tikmək üçün yad bezi
soraqlamaq Məşədi İbad demişkən,
"obrozovolski" görünməyin ən asan yoluna
çevrilir. Halbuki ayrı-ayrı örnəkləri
dünya səviyyəsinə çıxarıb bu millətin
yaradıcılıq qüdrətini, istedadını
nümayiş etdirməyə çalışsaq, daha
düzgün olar. Yusif Vəliyevin Teymuru da
ən parlaq “Hollivud” ulduzlarının qibtə edəcəyi
bir səviyyədə yaradılmış obrazdır.
Aktyor çox da böyük olmayan ekran zamanı
hüdudlarında bu tarixi şəxsiyyətin - böyük sərkərdənin,
fatehin daxili aləmini, düşüncə tərzini,
xarakterik xüsusiyyətlərini bir rəssam qüdrəti ilə
canlandırıb, onun mürəkkəb xislətini
işığın linzanın fokusundan keçərək
min bir rəngə düşməsi timsalında elə tərzdə
incələyib ki, heyran qalmaya bilmirsən.
Danışmadığı, susduğu səhnələrdə
belə Teymurun hökmü, zəhmi hər an püskürə
biləcək tükənməz enerji kimi Y.Vəliyevin buz kimi
soyuq baxışlarında, səsinin ahəngində, üz
cizgilərində çox xəsisliklə, lakin dolğun, ifadəli
tərzdə əks olunub - elə bir səviyyədə ki,
sanki möcüzə baş verir: elə bil ekrandakı Teymur
real Teymurun özüdür, dirilib öz rolunu oynayır. Onun
Nəsimi ilə göz-gözə dayanıb söhbət
etdiyi səhnədə isə bu enerjiyə bir müdriklik,
kübarlıq çalarları
da qarışır və mən o vaxt çox gənc olan,
çox sevdiyim Rasim Balayevin istedadına zərrə qədər
də kölgə salmadan deyərdim ki, bu səhnədə Nəsiminin
kəlamının hikmətinə məğlub olan Teymurdursa,
bütövlükdə qələbə çalan aktyor Yusif Vəliyevdir. Məhz Yusif
müəllimin aktyorluq məharəti hesabına Teymurun öz əsabələrinə
dediyi "Hanı sizin kəlamınızın hikməti? Nə
vaxta qədər baş kəsməklə, qan tökməklə
qalib gələcəyəm mən?" sözləri bədii
kontekstdən çıxır, az qala
tarixi dəyər qazanır.
Filmin rejissoru Həsən Seyidbəyli Teymur roluna Yusif müəllimi təsadüfən dəvət etməmişdi. O bilirdi ki, Nəsiminin böyüklüyünün, əzəmətinin miqyası filmdə daha çox bu obrazla müqayisədə qabarıq görünəcək. Fikir, söz adamlarını həmişə məşğul edən "Hökmdar - Şair" problemi bu filmdə bu iki aktyorun - gənc Rasim Balayevin və təcrübəli Yusif Vəliyevin uğurlu dueti sayəsində öz yeni təfsirini tapır: şair hökmdarı ağılı, kamalı ilə qalib gəlməyə, hökmdarsa şairi reallıqla, güclə barışıb bunlarla hesablaşmağa çağırır. Yusif Vəliyevin məharəti onda idi ki, o, hökmdar obrazını təkcə zalım, amansız tiran kimi yox, həm də şairin hünərinə, cəsarətinə hörmətlə yanaşan, bu keyfiyyətlərə dəyər verən güclü şəxsiyyət kimi yaratmışdı.
Tamaşaçıların yaddaşında necə deyərlər, Teymurlaşan Y.Vəliyev bu tilsimi 2 il sonra "Tütək səsi" filmində yaratdığı Qılınc Qurban obrazı ilə qırdı, yenə də kinomuza bənzərsiz bir obraz bəxş etdi. Qurban - zahirən soyuq adam təsiri bağışlayan bu kişi ağır müharibə illərində əmək cəbhəsində ərlərini əvəz edən qadınlarımızın ailə ənənələrinə, qadın ləyaqətinə, hətta həlak olmuş ərlərinin ruhlarına belə sədaqətinə yüksək dəyər verən, öz sözləri ilə desək, bu dəyanət qarşısında baş əyən əsl Azərbaycan kişisi kimi bu gün də tamaşaçıların yaddaşında yaşayır və heç şübhəsiz ki, həmişə belə olacaq. Çünki o, real insan olmaqla yanaşı, həm də əxlaqi normalar simvolu, bu normaları qiymətləndirmə meyarıdır. Sərt xarakterli, hər şeyə cəld reksiya verən Qurban filmdə ən xarizmatik obrazdır - desəm yəqin ki, yanılmaram. Onun hər dəfə kadrda peyda olması mürəkkəb ailə-məişət proseslərinin baş verdiyi, rəngarəng insan münasibətlərinin baş-başa gəldiyi məkanda hər şeyin ədalətlə yoluna qoyulacağına, hər şeyin öz adı ilə çağırılacağına əminlik yaradır. Kənd qadınlarına ünvanladığı monoloqu söyləyəndə səsindəki titrəyiş, boğazına dirənən qəhər İsfəndiyar kişinin sözləri ilə desək, "ürək-könül məsələsinə" hisslərin yox, ağlın prizmasından baxan bu kişinin ümumiyyətlə "qadın - kişi" münasibətlərinə hansı mövqedən yanaşdığını bütün çılpaqlığı ilə ortaya qoyur.
Yusif Vəliyev əsl aktyor idi: oynadığı rolların boyük-kiçikliyinin, əsas, yaxud 2-ci dərəcəli olmasının onun üçün heç bir əhəmiyyəti yox idi. Belə olmasaydı o, Səfərəli, halvaçı kişi, prorab kimi koloritli, yaddaqalan obrazlar yarada bilməzdi. Və nəhayət, "Arxadan vurulan zərbə" filmindəki başkəsən, quldur Qurd Cəbrayıl və onun astar üzü, Qurd Cəbrayılın üzünə çəkdiyi niqab - fağır, həlim xasiyyətli Fəttah dayı. Mən bu obraz haqqında çox danışmaq istəmirəm, çünki təkcə bircə məqam - Cəbrayıl kimi ifşa olunan Fəttahın maşına minərkən çevrilib Gündüz Kərimbəylinin gözlərinin içinə baxdığı kadr, elə bilirəm ki, məndən yaxşı danışar. Oxuculardan ricam budur ki, sadəcə olaraq o kadrı gözləri önündə canlandırsınlar...
Taleyin qisməti elə gətirdi ki, Y.Vəliyev Azərbaycan kinosuna öz qeyri-adi səsi ilə daha çox töhfələr verdi. Bilənlər bilir, bilməyənlərə isə xatırladıram: kinomuzun Bayandır xanı ("Dədə Qorqud"), Kərbalayı İsmayılı ("Axırıncı aşırım"), Şirin kişisi ("Əhməd haradadır?"), Piri babası ("Qaraca qız"), Məstəli şahı ("Dərviş Parisi partladır"), Yarməmmədi ("Böyük dayaq"), Sərxanı ("Dağlarda döyüş"), Visilinin atası ("Uzaq sahillərdə") ... məhz onun səsi ilə danışırlar.
Y.Vəliyev qədim Azərbaycan şəhəri Dəmirqapı Dərbənddə doğulmuşdu, vəfat edəndə də qapı ünvanlı bir məkanda - Qurd qapısı qəbiristanlığında dəfn olundu, baxmayaraq ki, ölümündən 1 il əvvəl Xalq artisti fəxri adına layiq görülmüşdü.
Ruhlar ölmür, deyirlər. Əgər belədirsə,
Yusif müəllimin də, şöhrətinin ən pik vaxtında
onu tanımayan həmin o məmurun də ruhu sağdır. Bilmirəm, bu ruhlar o dünyada barışıblar,
ya yox, amma çox istərdim ki, böyük sənətkarın ruhuna ithaf etdiyim bu yazının
ruhu (yazının da ruhu var axı!) heç olmasa o dünyada
Y.Vəliyevi həmin məmura tanıtdıraydı...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 8 may.- S.22.