Yad ağac  

 

 hekayə

 

 

 

 

Sadıq kişinin necə qabiliyyətli bir bağban olduğunu bilmək üçün kimdənsə soruşmağa ehtiyac yox idi. Əkdiyi ağaclara, saldığı bağa gözucu baxmaq kifayət edərdi ki, onun mahir bağban olduğuna inanasan.

 

Sadıq kişinin bağ-bağatının gözəlliyinə baxan, dönüb bir baxmaq istəyirdi. Bura lap şahların, padşahların nağıllarda təsvir olunan bağına bənzəyirdi. Bağban saç-saqqalını burda ağartmışdı. Dibinə qalın kölgə salan, başı buludlara dəyən ağacları Sadıq kişi neçə illər əvvəl qabarlı əlləri ilə əkmişdi. İndi ağaclar da böyümüş, o da yaşa dolmuşdu. Ağaclar bağbansız, bağban da ağaclarsız yaşaya bilmirdi. Sadıq kişi hərdən ağaclarla asta-asta danışardı da. Ağaclar da bəzən bir-birinə söykənib həzin nəğmələr oxuyardılar. Qoca bağban onları dinləməkdən doymazdı.

Bağban bağın ortasında bostan da salmışdı. Burada ev üçün lazım olan hər şey əkirdi. Toxum qoynuna düşən kimi torpaq onu bitirirdi. Tağlar torpaqdan baş qaldırıb çiçək açıb ətrafa yayılırdı. Qarpız, yemiş yetişən vaxtlarda məhsulu oğru-əyridən, ziyankar porsuqlardan qorumaq üçün Sadıq kişi evə getməz, gecələr bağdakı komasında yatar, tüfəngini həmişə yanında saxlayar, dirriyə girən porsuqları vurardı.

Müdrik qoca tez-tez nəvəsi Səbuhini özü ilə bağa gətirib yavaş-yavaş ağacların, torpağın dilini ona da öyrədir, uşağın əlini zəhmətə alışdırırdı ki, günlərin birində dünyadan köçəndə nəvəsi bağın yön-yöndəmini bilsin.

Qışın soyuq günləri keçəndən sonra baharın ilıq nəfəsindən ağaclar oyanır, tumurcuqlayıb çiçək açırdı. Yavaş-yavaş özünə gələn bağ, payızın soyuq küləkləri əsənə kimi yaşıl donunu əynindən çıxarmazdı. Havalar soyuyanda ağacların yarpaqları yavaş-yavaş saralıb tökülərdi. Sadıq kişi onları yığıb yandırar, bağda səliqə-sahman yaradar, ağacların aşağı əyilən budaqlarını kəsərdi.

...Yenə yaz gəlmiş, hər yerdə baharın ətri, təravəti duyulurdu. Təbiət yenicə oyanır, ağaclar yarpaqlayır, tumurcuqlayıb çiçək açırdı. Günlər keçdikcə hər tərəf yaşıllaşır, ağaclar rəngbərəng çiçəklərə bürünür, qoca bağbanın gözəl günləri başlayırdı.

Sadıq kişi adəti üzrə evdə günorta çörəyini yeyib bir az dincini alandan sonra geri qayıdırdı. Bir gün bağa çatmağa az qalmış yolun kənarında körpə bir ağac tinginin yerə düşdüyünü gördü. Üstündən keçən maşının təkərləri onun zərif gövdəsini bir az əzmişdi. Tingi bu vəziyyətdə görəndə Sadıq kişinin ürəyi ağrıdı, gözləri yaşardı. Tez onu yerdən qaldırıb, əlinin arxası ilə astaca çırpıb toz-torpağını təmizlədi. Saçını bu işdə ağardan bağban, ilk dəfəydi belə ağac görürdü. Fikirləşdi ki, bu isə təbiətin möcüzəsidir, nadir bir növdür. Yəqin ki, onu harasa aparırmışlar, bu da onun qismətinə çıxıb. Yaxşı ki, ondan əvvəl buradan keçən olmamışdı. Addımlarını yeyinlətdi ki, tez onu əksin. Bağa girən kimi beli götürüb alma, armud ağaclarının yaxınlığındakı geniş yerdə torpağı qazmağa başladı. Təzə ting əkmək istədiyini görəndə bağın qırağında əkilmiş yaşlı və iri gövdəli söyüd ağacları budaqlarını aşağı əyib bağbanın qulağına pıçıldadılar ki, onu əkməsin, bu, çox ziyanlı ağacdır. "Ondan nə sənə, nə də bağa xeyir gəlməyəcək", - dedilər. Həmişə ağacların məsləhətinə qulaq asan qoca nədənsə o gün onları eşitmədi. Yoldan tapdığı bu yad ağacı sevinə-sevinə bağın ən yaxşı yerində basdırdı.

Yad ağac sudan içib, bərəkətli torpaqdan güc alıb gündən-günə böyüyürdü. Başqa ağaclar kimi müdrik bağban hər gün onun da budaqlarına sığal-tumar çəkir, dibini belləyib su verirdi. Hərdən onunla pıçıldaşıb danışırdı. Amma bu ağac ya hələ balaca olduğundan, ya da nədənsə dil açıb bağbanla danışa bilmirdi. Təzə ağac bağbanın pıçıltılarını başa düşməsə də, onun sığal-tumarından xoşlanır, rahat nəfəs alıb boy atır, bağa, ağaclara, onu əkib qayğısına qalan bağbana yuxarıdan aşağı baxırdı. Yad ağac buludlarla salamlaşan iri gövdəli ağacların bağbana dediklərini eşitmişbundan yaman qəzəblənmişdi. Ürəyində onlara kin bəsləyirdi. Boyu balaca olduğuna görə hələlik böyük ağaclara heç nə edə bilmir, qəzəbini içində boğurdu. Bağban ona yaxşı qulluq elədiyindən yad ağac tez böyüyürdü. Sadıq kişi fikirləşirdi ki, gələn il mütləq bar verəcək. Bağban onun çiçəyinin hansı rəngdə olacağını, meyvəsinin necə dad verəcəyini həvəslə gözləyirdi. Havalar isinəndə ağac günəşdən, torpaqdan güc aldı, gövdəsini yoğunladıb budaqlarını göyə uzatdı. Kökü möhkəmlənən kimi onun uclarını iynə kimi nazildib qisas almağa başladı. Birinci olaraq onu tanıyan və bu barədə bağbanın qulağına pıçıldayan söyüd ağaclarından birinin kökünə sancılıb şirəsini çəkməyə başladı.

Çox keçmədi ki, iri gövdəli ağacı taqətdən saldı. Özü isə gündən-günə şişib gücləndi. Bir həftədən sonra söyüd ağacının yarpaqları saraldı. Bağban onu bu vəziyyətdə görəndə gözləri yaşardı, ürəyindən qara qanlar axdı. Söyüdün dibinə nə qədər su versə də, xeyri olmadı. Qurumazdan əvvəl ağac adam kimi hıçqırdı, sonra da hönkürüb ağladı. Qoca bağban bunları görüb çox kədərləndi. Bir vaxtlar sevinə-sevinə öz əli ilə əkdiyi söyüd ağacını, göz yaşı içində doğradı. Sadıq kişi ha fikirləşib beynini yorsa da, ağacın nədən qurumasından baş aça bilmirdi. Bir tərəfdən də elə hey yad ağaca qulluq edirdi. Çalışırdı ki, barı heç olmasa o qurumasın. Təzə ağac isə qurumaq nədir, gündən-günə boy verib yuxarı qalxırdı. İndi onun kökü özündən otuz-qırx addım aralıda olan gözəl meyvə ağaclarına sancılmışdı. Həmişə sığal-tumar görən ağaclar bu ucu iti köklər qarşısında acizgücsüz qalıb quruyurdular.

Gördüklərindən çaş-baş qalan bağban isə göz yaşı içində dadlı meyvələr gətirən ağacları doğrayırdı. Budaqlara balta vuranda elə bilirdi ki, əl-qolunu kəsir. Ağaclar yavaş-yavaş seyrəlir, bağ getdikcə gözəlliyini itirirdi. Ağacları kəsdikcə Sadıq kişi də taqətdən düşürdü. Günlər keçdikcə o da ağaclar kimi yavaş-yavaş saralıb solurdu. Qolları boşalır, başı fırlanır, ayaqları sözünə baxmırdı. Ağlamaqdan göz yaşları da qurumuşdu. Artıq Sadıq kişinin gözündən yaş əvəzinə qan axırdı. Nə bilmək olar, bəlkə də elə yad ağacın kökünün iti uclarının birionun ürəyinə sancılmışdı. Özü bunu bilmir, hiss eləmirdi. Arx və bərələrin nizamı pozulduğundan, indi sular hara gəldi axırdı. Bağın ortasında xırda-xırda gölməçələr əmələ gəlmişdi.

Bir müddətdən sonra bağda yalnız yad ağac qaldı. Bağbanın nəfəsi güclə gedib-gəlir, ömrünün sona yetdiyini hiss edirdi. Ağaclara könül bağlamış Sadıq kişi onlarsız çox yaşaya bilmədi, günlərin birində elə bağın ortasındaca dibindən kəsilmiş ağac kimi tappıltıyla yıxılıb öldü. Can verəndə nəvəsi Səbuhi başının üstündəydi. Bağban vəsiyyət edərək: "Bala, buraları xaraba qoyma, təzə ağaclar ək, qoy sənin də ömrün ağaclar qədər uzun olsun", - dedi.

Sadıq kişinin ölümündən sonra Səbuhi qolunu çırmayıb işə başladı. Qısa vaxt ərzində təzə ağaclar əkdi, arxlar qazdı, şırımlar açdı. Yorulanda həmişə yad ağacın kölgəsində uzanıb dincini alırdı. Tez-tez onun gövdəsinə, iri budaqlarına göz gəzdirirdi. Fikirləşirdi ki, illər ötüb keçdi, amma bu ağac bar gətirmədi. Kimə lazımdır belə ağac? Babam onu haradan tapıb gətirib əkdi? Bəlkə elə bunun ayağı düşərli olmadı, ağaclar qurudu? Səbuhi babasının vəsiyyətini tez-tez xatırlayıb işindən qalmırdı. Təzə əkdiyi ağaclara, güllərə qulluq edirdi. Yavaş-yavaş arxı və bərələri də nizama salırdı. İndi sular əvvəlki kimi öz nizamı ilə axırdı. Arılar, kəpənəklər də bağa qayıtmışdılar. Yeni əkilmiş ağacların budaqlarından yarpaqtumurcuqlar boy verirdi. Səbuhi onlara baxanda ürəyi açılırdı. Belə anlarda elə qəlbi də ağaclar kimi çiçəkləyirdı.

Artıq xeyli böyümüş yad ağac gözlərini təzə əkilən tinglərdən də çəkmirdi. Hərdən fikrindən onları da qurudub məhv etmək keçirdi. Yad ağac bağda başqa ağacların olmasını istəmirdi. Ürəyindən keçirdi ki, meydanda tək qalsın, hamı onun gözəlliyinə tamaşa edib keçmişdə olan ağacları, hadisələri unutsun. Şairlər, yazıçılar yalnız onun şəninə təriflər söyləsin, onu vəsf etsinlər, haqqında qalın-qalın kitablar yazsınlar. Yad ağac istəsəydi, təzə əkilmiş tingləri bircə günün içində məhv edərdi. O, ağacları necə boğub öldürməyin, məhv etməyin sirlərini yaxşı bilirdi. Gör indiyə kimi nə qədər iri-iri ağacları qurudub gül kimi bağı kor qoymuşdu. Amma hələlik balaca tinglərə dəymirdi. Gözləyirdi ki, bir az böyüsünlər, ayaqları yer tutsun. Həm də bu cavan bağbandan ağlı bir şey kəsmirdi. Qorxurdu ki, birdən ondan şübhələnər, işdən duyuq düşər. 

Babasının saldığı bağın qurumasının səbəbini bilmək istəyən Səbuhi bu barədə çox fikirləşirdi. Həmin torpaq, həmin su, həmin dünya idi. Səbuhi rəhmətlik babasını tez-tez yuxuda görürdü. Sadıq kişi nurlu sifəti ilə yenə də gəlib onun gözləri önündə dayanırdı. Nəvə-baba asta-asta ordan-burdan danışırdılar. Səbuhi əkdiyi təzə ağaclardan, saldığı bağdan söz açıb onu sevindirirdi. Bir axşam yenə də babası yuxusuna girmişdi. Amma nədənsə sifəti həmişəki kimi nurlu deyildi. Üz-gözündə, baxışlarından narahatlıq yağırdı. Səbuhi bunun səbəbini soruşanda babası: "Bala, ötən gecə mənə ayan oldu ki, bağı kor qoyan yolun qırağından tapıf əkdiyim o meyvəsiz ağacdı. Heç bilmirəm ki, ting haradan gəlif ora düşmüşdü? Bəlkə bağımızı məhv etmək üçün onu kimsə qəsdən yolumun üstünə atmışdı? Yadıma gəlir, ting üçün yer qazanda qocaman söyüd ağacları əyilib qulağıma pıçıldadılar ki, onu əkmə, bundan hamımız ziyan çəkəcəyik. Onların sözünə baxmadım, nəticəsini sən də gördün. Sən mənim kimi eləmə oğlum, həmişə ağaşların sözünə qulaq as. Nə qədər ki, gec deyil, tez tərpən, o ağacı kəs. Çalış ki, torpaqda onun kökünün bir qarışı da qalmasın. Əgər qalsa, o yenə də cücərif bitəcəh, bağı ağzına alacax, o biri ağacları da qurudacaq. Bala, məndən sənə amanat, heş vaxt tanımadığın yad ağacı bağımızda əhmə", - dedi.

Onsuz da, Səbuhinin yad ağacdan əvvəldən zəhləsi gedirdi. Babasının da yuxuda ona belə deməsi bir az da əl-qolunu açdı. Səhər ertədən baltasını götürüb bağa endi. Yad ağac gənc bağbanın əlində balta görəndə qanı qaraldı. Bildi ki, onu kəsməyə gəlir. Qabıqlarını bərkitdi ki, balta ona batmasın. Səbuhi ağaca çatıb astaca heybəsini yerə qoydu. "Ya Allah" - deyərək baltanı əlinə götürüb ağacı kəsməyə başladı. Amma nə qədər vursa da, iti balta ağacın qabığını qopartmadı. Belə olanda Səbuhi bildi ki, babası yuxusunda ona düz deyirmiş, bağı bu meyvəsiz ağac qurudub. Evə qayıdıb mişarı gətirdi. Amma mişar da yad ağaca kar eləmədi. Çarəsiz qalan Səbuhi neft tapıb gətirdi, onun gövdəsinə töküb od vurdu. Yad ağac düz üç gün-üç gecə tüstülədi. Yoğun gövdəsi, iri budaqları yanıb kül oldu. Sonra Səbuhi yaxınları ilə köməkləşib ağacın kökünü də, yerdən çıxarıb yandırdı.

Sonrakı illər o bağda yenxeyli ağac və güllər əkdi. Hər şey əvvəlki görkəminə düşdü, yenə də bağda quşlar nəğmə dedi, arılar, kəpənəklər uçuşdu. Çəpərin dibləri ilə əkilmiş söyüd ağacları xeyli böyümüşdü. Səbuhinin də yaşının üstünə yaş gəlirdi. Ağac və torpağın dilini bildiyindən heç vaxt onların sözündən çıxmırdı.

Böyük oğlu Habilitez-tez bağa gətirirdi. Ağacların və torpağın dilini ona da öyrədirdi. Fikirləşirdi ki, bir gün o, bu gözəl dünyadan köç edib gedəndə oğlu bağa baxsın, onu yaxşı-yaxşı qorusun indidən təbiətin sirlərini öyrənsin, yad ağaclar bir daha buralara ayaq açmasın. Balaca Habilbağa həvəslə gəlirdi. Atasının sözlərinə qulaq asır, dediklərini yaddaşının dərin qatlarına yazırdı. Onun calaq vurmasına, ağaclara qulluq etməsinə, arx qazıb şırım açmasına maraqla baxırdı. Qollarına güc gəldikcə bu işləri özü görmək istəyirdi.

İl-ildən bərəkətli gəlirdi. Ağaclar budaqların üstündəki meyvələri güclə saxlayırdı. Səbuhi yoldan keçən hər kəsi bağın meyvəsinə qonaq edirdi. Bağla baş-başa verib xoş günlər yaşayırdı. Aylar, illər onun ömrünü öz arxasınca çəkib hey irəli aparırdı. Yəqin ki, Səbuhi hələ bu dünyada çox yaşayacaqdı. Ağacların ömrü qədər...

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2019.- 8 may.- S.21.