Molla Nəsrəddin və mollanəsrəddinçilik
TARİXİLİK,
ƏNƏNƏVİLİK, VARİSLİK
MÜSTƏVİSİNDƏ
Son
dövrlərdə Azərbaycan ədəbiyyatının
"düşünə-düşünə güldürən"
və "güldürə-güldürə
düşündürən" yaradıcılıq
ustası Cəlil Məmmədquluzadənin haqqında
geniş polemika - mübahisə və müzakirə
aparılması, əlbəttə, özünə görə
müəyyən məntiqə malikdir.
Yüz il də bundan sonra bu müzakirələr gedəcək,
"Şərqin qoca Molla Nəsrəddini"nə müxtəlif
tərəflərdən baxılacaq, haqq qazandıran da olacaq,
haqsız çıxaran da. Bu, əlbəttə,
Molla Nəsrəddinin və mollanəsrəddinçiliyin
özündən doğan və onun taleyinə çevrilən
məsələdir. Bu cəhətdən
mollanəsrəddinçiliyin tarixiliyi, ənənəviliyi və
varisliyi məsələsi də "Mollanəsrəddinçiliyə
qayıtmaq zərurəti"ndən (akademik İ.Həbibbəyli)
doğan məsələdir.
Fikrimizcə,
böyük ustad Cəlil Məmmədquluzadənin rus ədəbiyyatının
Qoqol kimi görkəmli nümayəndəsini rəhmətlə
xatırlaması epiqrafını və bu kimi başqa məqamları
nəzərə alaraq, Azərbaycan Molla Nəsrəddinini -
Mirzə Cəlili daha çox Rusiya ədəbi ənənələri
və yumoristik publisistikasının davamçısı
görmək heç də haqlı yanaşma deyil. Doğrudur, "Molla Nəsrəddin" kimi bir
satirik jurnalın yaranmasının ilk səbəbləri
sırasında əcnəbi mətbuatından olan
"Kukureku", "Petuşok" kimi mətbuat
orqanlarının təsiri olduğu artıq qeyd edilmişdir.
Lakin bu heç də "Molla Nəsrəddin"
jurnalının həmin mətbuat orqanlarının
davamçısı olması fikrini doğurmaz. Belə
ki, "Azərbaycan Molla Nəsrəddini" (istər ədib,
istər jurnal) adından tutmuş məzmunu və
yaradıcılıq ənənələrinə qədər xalq
lətifələrinin adını daşıyan Molla Nəsrəddinin
varisi və xələfi idi. Fikrimizcə, Molla Nəsrəddin
lətifələri milli tənqidi realist düşüncə
sistemi və rasional baxış-düşüncə-münasibət
formasının nüvəsini, əsasını təşkil
edir. XX əsrdə meydana gələn
"Molla Nəsrəddin" jurnalı və tənqidi realist
cərəyan məhz həmin düşüncə sisteminin məntiqi
nəticəsi, davamı və onun varisi-xələfi idi.
Çoxsaylı nümunələr, faktlar sübut edir
ki, müasir Molla Nəsrəddin və tənqidi realist
üslub tarixi Molla Nəsrəddinin və xalq yumorunun tam mənasilə
davamı və inkişafı faktıdır. Bunu hətta
ayrı-ayrı konkret nümunələr tam mənası ilə
sübut və təsdiq edir. Əslində,
bir çox zəruri səbəblərdən "Molla Nəsrəddin"
jurnalı və tənqidi realist cərəyan xalq
düşüncəsi, dili, yaracılıq ənənələrinə
müraciət etməklə öz ideya-platformalarını
gerçəkləşdirmə yolunu müəyyən
etmişdilər. Qısaca demək olar ki, Xalq "Molla Nəsrəddin"
üçün həm mübarizə qaynağı, həm də
məqsəd və ali ideya idi. Bu, həm də o dövr üçün hüquqi
məsuliyyətdən yaxa qurtarmağın bir yolu, gerçəkləri
qadasız-bəlasız ifadə etmənin bir çarəsi
idi. Məsələn; "Əncir
nübarı" adlı lətifə bizi həm "Molla Nəsrəddin"
jurnalının, həm də Cəlil Məmmədquluzadənin
yaradıcılıq xəttinə götürür. Xüsusilə "Əhvalatlar" əsərindəki
Məhəmmədhəsən əmi - Divanxana süjeti və
ümumən "Poçt qutusu" əsəri ilə daha
çox yaxınlaşdırır.
Belə ki, "Əncir nübarı" lətifəsində
əsas məsələ budur ki, xana bar gətirən əncir
ağacından sovqat aparmaq istəyən Mollanı Teymur
şahın fərraşları zindana salırlar. Zindanda qalan
Mollanı necə olursa, bir gün Teymur görür və onu
azad edir. Mollanın məqsədinin ona əncir
nübarından sovqat gətirmək olduğunu bilən Teymur
buna görə də Mollaya bəxşiş vermək istəyir
və nə istədiyini soruşur. Molla
balta istəyir. Bu istəkdən heyrətlənən
Teymur bunun səbəbini soruşur. Molla əncir
ağacını dibindən kəsəcəyini söyləyir
ki, bundan sonra xana sovqat gətirmək kimi fikrə
düşüb də, daha zindanlarda qalmalı olmasın.
İtqapan kəndinin sakini Novruzəlinin
xanına sovqat aparmağı, xanın
tapşırığı ilə onun məktubunu poçta
salmaq istəməsi və poçtalyonun məktubu
götürməsini görüb onunla dalaşması nəticəsində
zindana düşməsi bu lətifə ilə yaxından səsləşir.
Təxminən eyni xarakter, süjet və hadisə
bu iki bədii parçanı bir-birinə bağlayır.
Lakin lətifədə problem xalq müdrikliyi ilə həll
olunur və özünün ideal, konkret həll yolunu
tapır: "Şahın ədaləti ilə" zindandan
çıxan Molla şahdan balta xahiş edib əncir
ağacını kəsməklə şaha bir daha sovqat gətirmək
və bunun da nəticəsində zindana düşmək dərdindən
qurtulmaq istəyir. Lakin Cəlil Məmmədquluzadə bu hadisədən
can qurtarmağın yolunu novella tələblərinə (eləcə
də xalq müdrikliyi və Sokrat metodu adlanan bədii məntiq-əqli
mühakimə formuluna) uyğun olaraq oxucuların öz daxili
məntiqinin, əqli mühakiməsinin ixtiyarına
buraxır. Lakin sanki bu "qoca müəllif də" öz
məntiqində Novruzəlini (və Novruzəlililəri)
canlarını bəladan qurtarmağın yolunu "qoca Molla
Nəsrəddin" - C.Məmmədquluzadə
özünün "Rişə" əsərində dediyi
kimi, baltanı dibindən vurmaqla aradan götürmək yolunu
nəzərdə tutduğu açıq-aydın
görünür.
Digər çoxsaylı faktlar vardır ki, XX əsrin
Molla Nəsrəddini ilə xalq müdrikliyinin
daşıyıcısı olan Molla Nəsrəddin
arasında ədəbi bağlılığı
bütün təfərrüatı və tamlığı
ilə təqdim edəsən. Xüsusilə, bir az əvvəl
deyilən kimi, obrazlar sistemi və xarakterlər aləmi,
süjet, hadisə və kompozisiya, dil və bədii
konfiqurasiyalar hər iki Molla Nəsrəddini və mollanəsrəddinçiliyi
- şifahi və yazılı bədii realist tənqidi varisləşdirir
və bir-birilə qırılmaz bağlılıqda
olduğunu, biri digərinin davamçısı olduğunu
açıq şəkildə göstərir, həm də
ideya-problem cəhətdən tam bir məntiqlə birləşdirir.
"Gör bədsuyum kimdi?" xalq lətifəsindəki
hadisə və əhvalat bizi dərhal görkəmli ədibin
məşhur "Xatiratım" əsərindəki
xanın ziyarətə gedərkən tək səbir
eşidib geri dönməsi əhvalatına götürür.
Mövhumata və avamlığa düşmən
kəsilən hər iki aqil ağıl və məntiqdə
birləşirlər. "Molla Nəsrəddin"
lətifələri tam aydınlığı ilə göstərir
ki, avamlıq və mənəvi əsarətin mənbəyi
olan mövhumatçılıq və fanatizm hələ orta əsrlər
dövründən üzü bəri xalq müdrikləri tərəfindən
həmişə ciddi tənqid və ifşa edilmişdir.
Mövhumatçılığı
ciddi tənbeh və təshih edən Şərqin
böyük aqili qoca Molla Nəsrəddin və onun lətifələri
özünün XX əsrdəki xələfi olan "Molla Nəsrəddin"lə
yaxından birləşir və uzun tarixi bir mərhələyə
malik olan bədii realist düşüncəni və tənqidi
yaradıcılıq metodunu əks etdirmiş olur. "Duanın gücü" adlı xalq lətifəsində
Mollanın evinə gəlmiş oğrunun kal
ağlını oğurlayan Molla Nəsrəddin yalan-dolan
söhbətilə onu inandırır ki, ayın
işığından yapışıb içəri
düşmək olar və axmaq oğru bunu edərkən
damdan yıxılıb xurd-xəşil olur. Cəlil Məmmədquluzadənin də belə bir
fikirləri vardır ki, "xalqlar bir-birilə müharibə
edir, amma sən bir dua ilə bəladan xilas olassan" və
bu fikirlə də insanlardakı mövhumi yalanlara inamı
ciddi tənbeh edirdi. Göründüyü
kimi, bu kimi motivlər bu iki aqili bir-birinə
doğmalaşdırır və varisləşdirir.
XX əsr tənqidi realizmi üçün səciyyəvi olan və onu fərqləndirən və xüsusiləşdirən varlığın, xüsusilə insan surətlərinin xarakterini yaratmaq, təsvirini çəkmək və portretini çizmək şifahi ədəbiyyatın müdrik nümunəsi olan xalq lətifələrindən və onun baş qəhrəmanı Molla Nəsrəddindən qalıb desək, yanılmarıq. Bu bədii yaradıcılıq tərzi hər iki Molla Nəsrəddini səciyyələndirir və sərhədləndirir. Xalq lətifələrində hadisə və ya obraz, xarakter çox yığcam, eləcə də dəqiq, səlis və təsirli şəkildə öz əksini tapır. Ümumiyyətlə, Azərbaycan tənqidi realizminin portret yaratmaq, tənqid və ifşa etmək üsulunun mənbəyində şifahi söz sənətindən gələn ənənələrin, xüsusilə Molla Nəsrəddin lətifələrindən gələn ənənələrin xüsusi rol oynadığını qətiyyətlə deyə bilərik. Molla Nəsrəddin lətifələri içərisində "Fərzəli bəy" lətifəsi bunun ən yaxşı nümunəsi və deyilənlər üçün sanballı nişanəsidir. Eləcə də "Deyəsən padşahı istəyir" lətifəsi və görkəmli tənqidi realist ədib C.Məmmədquluzadənin "Xudayar bəy" obrazının portreti yaradılış etibarilə bir-birini tamamlayır (Elə C.Məmmədquluzadənin Xudayar, Qurbanəli bəy və başqa portretləri xalq lətifələrindəki "Fərzəli bəy" və "Kəndxuda" obrazları silsiləsinə daxildir - R.Q.).
Yuxarıda adları çəkilən lətifələrin hər birində, eləcə də "Bir də bir ağıllı padşah", "Qorxulu dilənçi", "Teymur Ləngsən ki, varsan" və başqa lətifələrdə ağaları, ağalığı ciddi tənqid edən Molla Nəsrəddin müdrikliyi özünü açıq göstərir. Eləcə də "Kəndxuda" lətifəsində kəndxudaların qanmazlığı tənqid olunduğu kimi, qanmazlıqlarla özünə el arasında xüsusi bir təəssürat yaradan kəndxudalıq da ifşa edilmişdir. Eşşəyi oğurlanmış Mollaya "lotular" deyəndə ki, "eşşəyin filan kənddə kəndxuda olub", Şərqin qocaman və müdrik siması Molla Nəsrəddin böyük ustalıqla əslində, kəndxudanın heç də onun eşşəyindən geri qalmadığına işarə vuraraq cavab verir ki: "İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çər dəymiş qulaqlarını şəkləyirdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş". Ümumiyyətlə, bir az əvvəldə də qeyd edildiyi kimi, hakimlərin, xalqa rəhbərlik edən idarəçilərin heysiyyətsizliyi, bivecliyi və qəddarlığını tənqid və ifşa etmək bədii məqsədilə xalqın dilində ümumiləşmiş "eşşək" metaforasından geniş istifadə olunur. Çünki ümumiyyətlə, Şərq xalqlarının ictimai-mənəvi düşüncəsində "Eşşək" surəti daha çox iki mənada və məqsədlə bağlı ümumiləşmişdir: 1. Qanmazlıq mənasında; 2. Müdriklik simvolu kimi. Molla Nəsrəddin lətifələrində də "Eşşək" məhz bu iki məqsədlə bağlı olaraq geniş istifadə olunur. Şərq aqili Molla Nəsrəddinin köməkçisi kimi Eşşək müdriklik simvolu olaraq çıxış edir. Hətta bəzi yerlərdə Molla Nəsrəddinə də qahmar çıxıb ona kömək də edə bilir və bununla da özünü bəzi qanmaz insanlardan fərqləndirməklə onlara qarşı bədii surət kimi dayanmış olur. İkinci isə, qanmazlıq, biveclik mənasında lətifələrdə işlənməklə, ümumiyyətlə, qanmazlığı, mənəviyyatsızlığı, bivecliyi, heysiyyətsizliyi ümumiləşdirmiş və ifşa etmişdir. Bütün bu deyilənlər isə bizi eyni zamanda, XX əsrin Molla Nəsrəddini kimi məşhurlaşmış görkəmli ədib Cəlil Məmmədquluzadənin əsərlərinə, xüsusilə "Danabaş kəndinin əhvalatları"na, başqa adla isə "Eşşəyin itməkliyi"nə götürür. Bu baxımdan əsərdə Xudayarın kəndxudalıq marağından tutmuş kəndxuda olması və kəndxudalığına qədər "Kəndxuda" lətifəsi və digərlərilə birləşib, bu cür insani keyfiyyətlərdən məhrum, qəddar, heysiyyətsiz adamların kəndxudalığa "eşşəklik gətirdiyini" ümumiləşdirdiyini demək olar.
"Molla Nəsrəddin" jurnalı ilə Molla Nəsrəddin lətifələrində xalqın arzu və istəklərinin başlıca ideya seçilməsi hər ikisini xalqın dostu kimi təqdim etməyə yetərlidir. Bu, həmçinin, jurnalın ideya-məfkurə platformasında xalq ideallarının tutduğu əhəmiyyətli mövqe ilə bağlıdır. "Molla Nəsrəddin" jurnalındakı xalqa sədaqət və məhəbbət ideyası azərbaycançılıq olan məfkurənin mahiyyətindən doğur. Hər zaman xalqın yanında olmaq və onu ölçüsünün meyarını götürmək mollanəsrəddinçiliyin tarixən amalı və məqsədi olmuşdur. Bu mənada xalqçılıq nə yerdən, nə göydən gələndir, bu, elə tarixən mövcud olan xalqa məhəbbət motivlərinin ənənəyə çevrilməsinin nəticəsidir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 8 may.- S.20.