Sənətkarın hünəri   

 

 

 

Mən Rafiq Hacıyevin qələminin gücünə, əhatə dairəsinə, təfəkkür dalğalarının üfüqlərinə, hər sözünün, hər kəlməsinin siqlətinə azdan-çoxdan bələd olan bir yazı-pozu adamı kimi, bəri başdan deməliyəm ki, o, Azərbaycan tarının bənzərsiz ustadlarından olan məşhur xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyev haqqında elə bir əsər yarada bilib ki, qarabağlılar demişkən bilmirsən tay deyəsən, hardan başlayıb, harda qurtarasan, hansı fikri, sanballı sözü tapıb düzüb-qoşasan ki, bu bənzərsiz mətnə layiq olsun.

Əvvəla, Rafiq Hacıyevin əfsanəvi "Min bir gecə" nağılına istinadən (süjet baxımından) bəlağətli, şəhdli-şirəli bir dillə qüdrətli sənətkarımız haqqında Şəhrizadın bal kimi şirin dili ilə söhbət açması (hər gecə bir nağıl danışması) çox maraqlı bir formadır, mən deyərdim ki, kəşfdir, tapıntıdır. bu nağıllı gecələrdəki əhvalatlar, söhbətlər adamı qəti yormur, darıxdırmır, sənin gözünün qarşısında yeni mənzərələr açır, bilmədiyimiz məqamlardan xəbər verir, bizləri xəyalən cənnət Qarabağımızın  tayı-bərabəri olmayan bərəkətli çöllərinə, doğma dağlarına, dərələrinə, büllur bulaqlarına, çıraqban həyatı görmüş  küçələrinə, həyətlərinə, evlərinə çağırır.

"Hardasan, ay Ağdam?", "Hecəsən Şuşam mənim?" sualları adamın beynini partladırhavalanırsan...

Rafiq müəllim Ramiz Quliyevin doğulduğu, uşaqlıq ilk gənclik illərini yaradıcı bir eşq ilə yaşadığı Ağdam şəhərini, onun adət-ənənələrini, mehriban, şirincan, istiqanlı adamlarını, misilsiz təbiətini elə təsvir edir ki, mat-məəttəl qalırsan... Ustad qələminin məharətinə heyran olursan...

Əgər mən Rafiq dostumuzun yazısından sitatlar gətirsəm, inanın ki, bu sitatların yanında mənim yazdıqlarım solğun görünə bilər.

Ona görə "Şəhrizadın... tarzən  Ramiz Quliyev nağılı" kitabı nəşr olunan kimi həmin kitabı tapıb, televizoru söndürüb, radionun səsini alıb oxumağı hamıya, hamıya, hamıya... məsləhət görürəm! Oxuyun, peşman olmazsınız, bilmədiklərinizi bilərsiniz, bir az da ucalarsınız, zənginləşərsiniz. Yəqin ki, yazıçı, jurnalist dostlarımız məndən inciməz, desəm ki, muğamatdan yazmaq hər oğulun işi deyil. Muğatmat dəruni bir elm, sənət sahəsidir.

Ramiz Quliyevin tar sənətinə gətirdiyi yenilikləri açıb göstərmək özü böyük bir hünərdir, hər kəsə qismət olmayan qabiliyyətdir. Müəllif bu missiyanın öhdəsindən gələ bilmiş Ramiz segahının təntənəsini bizlərə çatdıra bilmişdir.

Ağdam musiqi məktəbində tarı sinəsinə qaldırıb dindirməyə, danışdırmağa başlamış Ramizin hünəri o vaxt bəlli oldu ki, bu tar sinədən daha yuxarıya qalxdı, qanadlandı, ucaldı, milli muğamımızın sədalarını üfüqlərdən-üfüqlərə yaya bildi. Tar pərvazlandı, Ramiz onunla bərabər göyləri, yerləri fəth etdi..

Tar haqqında bizlər bilirik ki?.. Çanağı ulu müqəddəs tut ağacından olan bu durnavari musiqi gözəli haqqında bilmədiklərimizi Rafiq müəllim bizlərə danışır, simlərin möcüzəsindən, pərdələrin düzülüşündən xəbərlər verir, daha nələr, nələr pıçıldayır ki, tarı yaxından tanıya bilək, onu əzizləyək, sevə bilək...

Rafiq qardaşım muğamatı bilir,  muğamların bütün çalarlarını, bəmini, zilini, naləsini, fəryadını, zümzüməsini, həzin-həzin ağlamasını, gülümsəməsini, həyəcanını, cəngisini, üsyanını bilir, notun qayda-qanunlarından baş açır s.

O, poeziyanın da incəliklərindən xəbərdardır. "Rast"da hansı qəzəl daha yerindədir, "Segah"da hansı qəzəlxana üz tutmaq gərəkdir...

Rafiqin özünün bir boğaz səsi var. Xahiş-minnət eləsələr, xudmani məclislərdə hətta oxuya da bilər... Ona görə muğamın qüdrətindən bu möcüzənin intişar tapmasından Ramiz Quliyev kimi ustad sənətkarın yerini rolunu səmimi duyğularla açıb göstərə bilir.

Əslində, Ramiz Quliyev hər bir musiqi dahisinin qəbul edə biləcəyi sənət adamıdır. O, tarın bütün imkanını açıb göstərmək gücünə malikdir. Tək milli melodiyaları deyil, klassik müasir  dünya musiqisi incilərinin tarda, Ramiz Quliyevin sinəsində səslənməsi özü bir möcüzədir, sirdir, danılmaz reallıqdır.

Dahi Üzeyir bəyin, məşhur Raxmaninovun, Bramsın, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Hacı Xanməmmədovun... əsərlərini tarda "danışdıran" məhz Ramiz Quliyevin bənzərsiz əməyi istedadının qələbə çalması danılmazdır.

Bizlər bəzi hallarda sənətkar haqqında danışarkən (yazarkən) onu doğma mühitdən, ailədən, cəmiyyətdən ayrı tuturuq, belə vacib cəhətləri nədənsə unuduruq. Azərbaycanın cənnətməkan bir qucağında - Qarabağda - Ağdamda, rəhmətlik Əyyub kişinin ailəsində dünyaya gəlmiş Ramiz Quliyev nəsilli-köklü bir ocağın övladıdır, adlı-sanlı bir familiyanın daşıyıcısıdır. Ramiz Quliyev böyük bir ailədə böyümüş, sənətin şərəfli yollarına qədəm basmışdır.

Avropanın, Asiyanın, Qərbin, Şərqin, bir sıra dünya dövlətlərinin əhalisinin heyranlıqla alqışladığı, bəyəndiyi, sevdiyi Ramiz Quliyev sənətinin kökləri məhz  indi darda qalmış, erməni dığalarının eybəcər səsindən təngə gəlmiş, bizim, tarımızın, Ramizin... yolunu gözləyən  doğmaca yurd yerimiz Ağdamda pərvəriş tapmışdır.

Bircə ovuc torpağınıq, Ağdam, gözlə, gəlib sənə qovuşacağıq!.. Az qalıb...

Rafiq Hacıyev Azərbaycan xalqının şöhrətli hünərvər oğlu, tar ifaçılığının akademiki, istəklimiz Ramiz Quliyev haqqında çox qiymətli, sanballı oxunaqlı bir kitab bağlamışdır. bu kitabın tarixi bir hadisəyə çevriləcəyi ümidindəyəm.

Əhsən! Əhsən! Əhsən, sənə, Rafiq Hacıyev! Bu bənzərsiz əsəri nəşr edən hörmətli "Ədalət" qəzetinə sözüm budur: Var olun! Bu yaz günlərində ovqatımıza bahar ətri çilədiniz... Az qala "Ədalət" qəzeti zümzümə edirdi, nisgilli ruhumuzun "Segah"ı eşidilirdi bu qəzetin səhifələrindən. Belə bir maraqlı  vacib əsəri çap etdiyinizə görə Sizə ən doğma sevgilər, istəkli "Ədalət"çilər...

Şüvəlan

30 aprel 2019-cu il

 

 

Ramiz MƏMMƏDZADƏ

 

525-ci qəzet.- 2019.- 8 may.- S.19.