Söz rəngli
göyqurşağı...
İlham Qəhrəman - bu ismin bir başqa
doğmalığı var
məndə. Bu isimdə görmədiyim Laçınımın
qoşalaşan, sıx
meşəli İşıqlı
dağının, Zoğal
burnunun, doya-doya ciyərlərimə çəkə
bilmədiyim Xırman
dərəsinin tər-təmiz
havasının, için-için
alışdığım zaman ovuc-ovuc buz kimi suyunu
birnəfəsə başıma
çəkə bilmədiyim
Qırxbulağın həsrətinin
hərfləri cəmlənib.
Çox düşündüm, haradan
və necə başlayım deyə. Baxdım ki,
görmədiyim Vətənin
köksümdə düyünlənən
ağrısını şair
sözlərlə elə
gözəl tablolara döndərib, ürəyin
divarlarından bir-bir çərçivələyərək asıb. O tablolardan duya bildiklərimin eşqiylə şairin yaradıcılığına oxucu
baxışı keçirtmək
istədim - bu sətirləri oxuduqdan sonra:
Həyatımızı sınaq meydanı etdilər -
Kimin nə ağlına gələr...
Kimin nə kefinə düşər.
Vay o gündən,
Aşağıdakı ağacın kölgəsi,
Yuxarıdakı ağacın üstünə
düşər!
Altı
misralıq bir şeirdə özümü
dərk edəndən
bu yaşıma qədər olan həyat yollarını yüz dəfə getdim-gəldim bircə anlığa! Nə qədər böyük
hikmət, nə qədər dərin fikir - anlamasını bilənlərə əlbəttə.
Məhz bu sətirlərin izinə düşərək
şairin yaradıcılığına
səyahətə başladım.
Yəqin ki, şairi dərindən tanımaq istəyənlər üçün
də maraqlı olardı. O zaman ilk tabloya baxaraq qələmimi ağ
vərəqlərə toxundurmağa
başlayıram:
Laçın rayonu, Sus kəndi! 1959-cu ildə
Umud kişinin evində bir körpə dünyaya gəldi. Gəlməsinə gəldi də,
nə zaman böyüdü, necə böyüdü, özü
də bilmədi.
Bir zaman gözlərini ətrafa zillədiyi an, özünü bir yazı taxtasının qarşısında görməyə
başladı. Əslində, hər şey görünə bilirdi, amma dərk edə bilməsi hərflərin sehriylə
başladı. Elə sehr
ki, nə palçıqlı küçələr,
nə yamaqlı geyimlər, nə bir parça quru çörək - kitabların verdiyi dad kimi olmadı. Və beləliklə, orta təhsilini uğurla başa çatdıran şair Bakıya doğru üz tutmağı qərara alır. Əslində, mühasib ixtisasına
yiyələnsə də,
hələ orta məktəb illərindən
sözün rənglərini
bir-bir seçərək
göy qurşağı
yaratmağa başlamışdı.
Ustalıqla seçilmiş söz
boyaları şairi ədəbiyyata 1980-ci illərdə
gətirmişdi.
İlk dəfə 1986-cı ildə
"Ulduz"
jurnalında şeiri
çap olunan şairin sonrakı illərdən indiyədək
"Gülüm yarpıza
döndü", "Ağlama
qu quşu", "Ey dil", "Sevgi durna çırağıdır",
"Ağlama, qələm
eşidir", Tehranda
"Əsir dağlar",
Təbrizdə "Məni
bizə gətir" adlı kitabları dərc olunub. Bəli, ilk tablonun əsas rənglərini görmüş
və anlamını anlamış oldunuz.
İndisə növbəti tablolara keçək, hansı ki, onları hiss edə bilmək üçün şairi yaxından tanımaq gərək. Amma məlum - mən
şairi yaxından və uzaqdan tanımıram. Şairi
anlamaq üçün
öz ruhunu verdiyi şeir tablolarına bir izləyici kimi baxmaq istədim - bəlkə bir şair dünyasında tüğyan edən çırpıntıları, fırtınaları azacıq
da olsa duya
bilim deyə - bu şeirində hiss etdiklərim kimi:
Məni
bir ağac hesab eləsən-
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin,
görüş yerini unudarsan.
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı-
öpüş yerini unudarsan!
Əslində, ağac köküylə torpağa bərkisə də, budaqlarıyla göylərə yüksəlir
də, insan da ürəyiylə bərkiyir, ruhuyla yüksəlir. Şair şeirindəki ürəyinin
gücünü, təmizliyini,
saflığını, ruhunun
da sədaqətini, iffətini ifadə edib - qarşısındakı
xəyali gözəldən
də eynisini budaqların çarpazlarına
uyğun olaraq istəyib unuda bilməsin deyə.
Şairin sevgi şeirləri çoxdur, bəli. Amma bir az fərqli yanaşmaq doğru deyə düşündüm.
İlk bilirsiz nə diqqətimi çəkdi?! Şair verdiyi müsahibələrin
birində deyir: "Bakıya 1978-ci ildə gəlmişəm. Belə
demək mümkünsə,
qaçqın statusum
yoxdur! Amma işğaldan əvvəl
əlimə fürsət
düşən kimi ilin hər fəslində
Laçına gedib gəlirdim!"
Amma gəlin görək məcburi köçkün
statusu olmayan bir şairin qələmindən hansı
dərd yağır:
Bu uşağın sir-sifəti
Ağactək sevdiyi,
Xiffətini çəkdiyi
Torpağa oxşayır.
Bu uşaq susuz ağacda,
Bürüşən yarpağa oxşayır!
Bəlkə də adi söz
kimi görünür. Ancaq o qədər
kədər, o qədər
sızıltı, o qədər
ağrı var ki, bu sözlərdə.
Hətta
ağrının yara
izləri şeirlərə
elə sıçrayıb,
elə sıçrayıb
oxuduqca insan gözlərinə söz
keçirə bilmir.
Acınacaqlısı bilirsizmi nədə?!
Uşaqlar uşaqlığında yaşadığı sevinci
və kədəri ömür boyu unuda bilmir - hər nə qədər həyatı dəyişsə də - yaxşıya və pisə doğru. Şair də özünün uşaqlığından
gəncliyinə qədər
olan o çətin və heç zaman geri döndərə
bilməyəcəyi o xoşbəxt,
qayğısız çağlarını
heç zaman unuda bilmir - yəqin ki, heç unuda bilməyəcək də
- elə bu şeirində unutmadığı
kimi:
Telli balam, elə indicə,
Laçında ardıc meşəsiylə,
üzüyenişə çaya
endim.
Yoldakı ardıcın altından
keçəndə
qolunu boynuma saldı, əl tutdu,
saqqızı əlimə
yapışdı,
kor tikanları qulağıma, üzümə
batdı.
Budağında buğda dimdik
qaratoyuğu dinlədim.
Acıya
çalan ətrindən
pay qoydu,
büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
əlim titrədi...
Telli balam,
Laçında ardıc ətri,
həsrətin ətridi,
Hara gedirəm o ətir
mənimlədi.
Gəl indi Vətən görməyən gözlərim
- ağlama, Vətən
duymayan ürəyim -
sızlama! Necə dözmək olar həsrətin açdığı
göz bağlamayan yaralara - bunları daşıyan bir şair olarsa hələ ki, gəncliyini Laçın
torpağında yaşayan
bir şair! Özü demiş:
Ayrılıq, dostum, aradan
sel aparan körpüdü,
Sənə iki yol qalır -
Ya geri qayıtmaq,
ya dizi qucağında
çayın qırağında
oturmaq...
Birinciyə ürək lazımdı,
İkinci də ürək istər.
Baxır
sən hansı ürəyə sahibsən..
Bəli,
yalnız o ürəyi
daşıya bilənin
köksü Vətən
həsrətindən dağ-dağ
olar! Gündüzləri belə sayıqlayar
həsrətinin yuxularını.
Elə bu şeirində gördüyü
yuxu kimi!
Nə vaxtdı sayırıq günləri, ayı
Nə vaxtdı
sağ gözüm Zabux çayıdı.
Nə vaxtdı
sol gözüm - Həkəri
çayı.
O vaxtdan boğazım Çayqovuşandı,
Bu da bir gecədi,
belə yaşandı,
Bu gecə evimiz yadıma düşdü...
Bu sətirləri oxuduqca
babamın təsbehini
qoynunda gəzdirən
nənəm gözlərimin
önündə durdu. Hər səhər o təsbehi çıxarıb bir az baxdıqdan
sonra dərin bir ah çəkib, təsbehi körpə uşaq kimi sığallayıb, sonra da öpərək yenidən qoynuna qoyar. Bir dəfə sual
etdim, səbəbindən
qanadı qırılmış
göyərçin kimi
əllərim yanıma
düşdü.
Sən demə, bu təsbehi babam həyətlərindəki fındıq ağacından oyub düzəldibmiş. İndi hər o təsbehə baxanda - o fındıq ağacı, onun kölgəsində oynaşan 9 uşaq yadıma düşür - deyir. Baxın, şairin bu şeiri də məhz hər kəsin yaşadığı bir xatirəni canlandıra bilmək gücündə. Nə deyim, Allah yuxularını bir gün çin etsin deyirəm, şair! Bir gün sən də azad ola biləsən həsrətinin qəfəslərindən, bir gün sən də Laçının üzərindən deyil də, ürəyindən uça biləsən - əgər azad ola bilsən. Amma şair azad ola bilməz necə ki, sən demisən:
Xalqım,
Yaxşı şairlər üçün,
Dar ağacın var olsun,
Kəndirini daram tut!
Xalqım,
Yaxşı şairlərinə,
Adəmə buğda kimi,
Azadlığı haram tut!
Nə deyim, bilmirəm axı! Mənim kimi kiçik barmaqlar bu cavabsız
sualların cavabını
tapmaqda aciz! Amma unutma şair, sözü dəyərə,
qiymətə gətirən
əsl şairlər hələ də var - siz və
sizin kimi şairlər. O "azadlıqda"
gəzənlər qoy
gəzsinlər - bir gün Sözün dar ağacından asılacaqlar əmin olun. Və bu
gün də, o gün də sizin və sizin
kimi şairlərin veriləcək bir cavabı var:
Bu da belə zamanadı,
Söz alan, söz
satan var
Bazar gördüm deyən yoxdu,
Ədəbiyyata gəlib,
Nə gör dün? -
Bütün ölçülər yerindədi,
Meyar gördüm
deyən yoxdu.
Kim deyə bilər
Yazdığın səmimi deyil.
Qəm yemə kölgədəsən-
Sən yazanı yaza bilmək,
Hər şairin yemi deyil!
Məryəm ƏLİYEVA
525-ci qəzet.- 2019.- 8 may.- S.18.