Nəsimi şeirində ədəbi-ictimai
düşüncənin fəlsəfi inikası
Azərbaycan ədəbiyyatının məşhur
simalarından olan Seyyid Muhəmməd oğlu Seyyid Əli
İmadəddin Nəsimi təkcə ədəbiyyatda deyil, həmçinin,
fəlsəfi, ictimai-siyasi mövzularda da dərin
düşüncə sahibi olub. Çünki onun
şeirlərində dini, tarixi, ictimai-siyasi məsələlərlə
yanaşı, həm də fəlsəfi mövzularla
qarşılaşırıq.
Nəsimi şeirlərini oxuduqda hədsiz fəlsəfi
terminlərin mövcudluğunun şahidi oluruq. Onun elə bir
misrası yoxdur ki, burada insanı düşünməyə
vadar etməyən mövzu olmasın. Hər
bir misrası həm daxili və həm də batini mənaları
əks etdirir.
Şairin həyat və
yaradıcılığını təhlil etdikdə burada
çox mühüm bir məsələ diqqətimizi cəlb
edir. Bu ondan ibarətdir ki, bir çox hallarda şair
mütəfəkkir, filosof adlandırılır.
Şairin belə adlandırılmasının səbəbi
odur ki, şeirlərində fəlsəfi, ictimai-siyasi
mövzuları və həm də mövcud aləmdə olan
varlıqları nəzmə çəkir, yəni bu
mövzuları şeirin dili ilə bizə
çatdırır:
Gənci-nihanın
sirriyəm, həm kuntə kənzin məzhəri,
Həm
cövhərəm, həm cövhəri, həm cövhərə
kaun olmuşam
Şair bu misrada insanın çox dəyərli və
gizli bir xəzinə, həmçinin, həm yaradan (cövhər)
və həm də yaranan (kaun) olduğunu bildirir.
Məlum olduğu kimi, "cövhər"
(hər hansı bir şeyin zatı - substance), "kaun"
(yaranış) terminləri Qədim Yunan, Qərb və
İslam fəlsəfəsinin mühüm mövzuları
hesab olunur. Əsası Aristotelə aid olan bu mövzular islam mütəfəkkirlərinin, xüsusilə
İbn Sinanın tədqiq etdiyi əsas mövzulardan biridir və
qeyd olunan mövzular da Nəsimidən çox-çox əvvəl
deyilib. Buradan məlum olur ki, Nəsimi fəlsəfi
ideyaların yaradıcısı deyil, bəlkə bu
ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə
çatdırmışdır. Bundan əlavə,
şair filosof ruhlu, həmçinin, şeirlərində
humanizm, insansevərlik, haqq, ədalət, mənəviyyat,
mübarizlik və digər əxlaqi keyfiyyətlər olduğu
üçün filosof şair və mütəfəkkir
adlandırılmışdır.
Mütəfəkkir
şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun insanı müqəddəs
bir varlıq hesab etməklə yanaşı, həm də onu
dünyanın yaradıcısı, əzəli və əbədi
bir varlığı kimi gördüyünü
anlayırıq. Nəsimi insanı köləlikdən
azad olub öz qüdrətini və dəyərini dərk etməyə
çağırır.
Nəsimi insana sevgi və məhəbbət bəsləməyi
önə çəkir. Nəsimi insanı məftunluqla
tərənnüm edir, onun cismani və mənəvi gözəlliyindən
aldığı təəssüratı emosional bir qüvvə
ilə ifadə edir. Nəsiminin insana olan məhəbbəti
iki şəxs arasında olan adi məhəbbət deyil, onun
baxışlarında insana olan məhəbbət həm də
insana olan diqqət və dəyərin nişanəsidir.
Məhz bu üstünlüklərə görə də
mütəfəkkir şair insanın yüksək dərəcəyə
layiq olduğunu bütün yaradıcılığı
boyunca tərənnüm edir:
Ta ki,
üzünü görmüşəm, hüsnündə
heyran olmuşam...
Nəsimi
insana heyran olduğunu bildirir; insanın batində gizli, sirli və
əbədi bir xəzinə olduğunu yazır, amma bununla belə,
mövcud aləmdə isə insanın viran olduğunu və
dəyərsiz hesab edildiyini gördükdə hədsiz
sarsılır:
Gəl
gör məni batində kim, nə gizli gəncəm
fanisiz,
Zahirdə gör bu surəti, aləmdə viran
olmuşam.
Nəsimi şeirlərini oxuduqda hurifi təriqəti barədə
məlumatın olması zəruridir. Onun şeirlərində
Qurani-Kərimdən alınmış ibarələr
çoxdur. Şair bu dini ibarələri islam
ruhanilərinin başa düşdüyü kimi deyil,
hürufi baxımdan mənalandırır. Nəsiminin
fikrincə, yeganə varlıq adlanan mütləq
varlıq-Allah insan camalında təcəlli etmişdir. Quran ayəsinə əsasən, Allah bütün məlaikələrə
əmr etmişdir ki, Adəmə, yəni insana səcdə
etsinlər. İblis adlı mələk
insana səcdə etmədiyinə görə adı şeytan
olaraq Allah dərgahından qovulmuşdur. Nəsimi
rübaidə buna işarə edir:
Ey
camalın qul hüvəllahu əhəd
Surətin nəqşidir Allahüs-səməd.
Bir ucu
zülfün əzəl, biri əbəd,
Hüsnünə şeytan imiş mən la səcəd.
"Ey insan, sənin camalın Qurandakı qul hüvəllahu
əhəd (de ki, o, yeganə Allahdır) ifadəsi,
üzün isə Allahüs-səməd (Allah
ehtiyacsızdır) ifadəsidir. Əbədiyyət və
əzəliyyət sənin saçının uclarıdır.
Sənin gözəlliyin qarşısında
baş əyməyən ancaq şeytan olmuşdur".
Mütəfəkkirin
fəlsəfi şeirlərində ərəb, fars
sözləri və hədis ibarələri çoxluq təşkil
edir və bunların hər birinin geniş izaha ehtiyacı
vardır. Hürifilər eyni zamanda, Allahın
gözəl insan üzündə təcəssüm etdiyini,
yaradılış sirrinin sözdə olduğunu,
sözün hərflərlə ifadə olunduğunu, hərflərin
isə insan üzündə yerləşdiyini iddia edirlər.
Buna görə də kainatın bütün sirlərini
insanı öyrənmək yolu ilə izah edir və
özünü düzgün dərk edən Allah ola biləcəyini söyləyirlər. Onlar
çalışırdılar ki, islam
dinində ilahi göstərişlərin səbəbini cazibəli
və maraqlı formada ədəd və hərflərə
istinad etməklə təfsir etsinlər. Bu məktəbin
əsas ideyalarından biri insan və ona verilən dəyərdir.
İnsan və insana olan eşq və onun
varlığının vəsfi mühüm məqamlardan biri
olaraq demək olar ki, Nəsimi
yaradıcılığınını bütövlükdə
əhatə edir. İnsan maddi və mənəvi
aləmin vəhdətindən yaranmışdır; insan mənəvi
baxımdan öz yaradanına bağlıdır. O,
Tanrını dərk etməyə qadir deyil, amma mütləq
varlığı tanımağa səy göstərməlidir
və bu nisbi tanıma yalnız insanın özünü dərk
etməsi və özünə verdiyi dəyərlə
mümkündür.
Nəsimi
şeirlərində insanı, insanın mövcud olduğu cəmiyyəti
və bu cəmiyyətdə insan təkamülünün
formalaşmasını dini ehkamlarda deyil, reallıqda
axtarırdı və bu reallıq insanın özü idi:
Kəbə
üzündür canıma, eşq ilə məscudam ana,
Ey zülfü kafir, gör necə gerçək müsəlman
olmuşam.
Mütəfəkkir
insan aləminə, onun ləyaqətinə, qüdrətinə
olan hədsiz sevgisini ifadə edərək, insanı təbiət
aləminin yaradıcısı və əsl gözəlliklərin
mənbəyi olaraq görürdü:
Ləbinə
əhli-nəzər çeşmeyi-heyvan dedilər,
Gərçi
uçmaq hurusu cümlə ana can dedilər.
Səni
bu hüsni-camal ilə, bu lütf ilə görən,
Qorxdular həq deməgə, döndülər insan dedilər.
Nəsimi
şeirlərində hikmət dolu mənaların bilərəkdən
yanlış dərk olunmasına səy göstərən
savadsız, satqın ruhaniləri, özlərini dindar
adlandıran və cəhalət içində qərq olan
üzdəniraq din sahiblərini açıq-aşkar tənqid
edirdi:
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,
Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin
həq sirrinə idrak edən insan mənəm,
Ey mərifətdən bixəbər, insafa gəlgil,
biriya.
Nəsimi yaradıcılığı
bütünlüklə insan gözəlliyinə, insan
varlığının üstünlüyünə həsr
olunub. Amma bu
gözəllik bütün insanlara aid ola
bilməz; şairin vəsf etdiyi insana xas olan üstün
keyfiyyətlər ancaq özünü dərk edən insana
aiddir və Nəsimi kəlamlarında belə insanı kamil
insan adlandırır. O, insanı "canımın cananəsi"
adlandırmaqla ona səcdə etməyin vacib olduğunu
bildirir. Kamil insana səcdə etməyənlər isə haqq
yolundan azmışlardır:
Səcdə
edər şəmsü qəmər, Zöhrəvü
Mahü Müştəri,
Hüsni-camalın
görməgə, hurü mələk, insan budur...
***
Təriqim,
gəncimü malım, Nəsimim, aşiqim, eşqim,
Həbibim, vey əzizim, ey əzəldə kamil
insanım.
Nəsimi şeirlərində diqqəti cəlb edən
digər mühüm məsələlərdən bir də
onun dövrün ictimai-siyasi hadisələrinə biganə
qalmaması, daim insan və insanlığı tərənnüm
edən, köləlikdən qurtularaq azad düşüncə
və parlaq gələcəyə çağıran fikirlərinin
şahidi oluruq. O, feodal zülmünə, istilaya qarşı
etirazını bildirmiş, islam dinini
öz mənafelərinə uyğun təbliğ edən
ruhaniləri tənqid etmişdir. Mütəfəkkir insanları
həyat və kainatın sirlərini öyrənmək
üçün dini mülahizələri diqqətlə təhlil
etməyə çağırır, ibadət və səcdənin
yalnız insana mənsub olduğunu tərənnüm edərək
yazır:
Ey Nəsimi,
səcdə qıl şol maha kim, həqdən
sana
Fə'budu əyyahu vəscud vəqtərib gəldi xitab.
Yəni
ey Nəsimi, o gözələ (insana) səcdə et ki, onun haqqında Quranda "ona səcdə
və ibadət edin, ona yaxınlaşın" əmri gəlmişdir.
Şairin şeirlərinin hər bir misrasında ədəbi,
fəlsəfi, ictimai, siyasi və tarixi irsin müxtəlif
çalarlarda poetik inikasının şahidi oluruq. Nəsimi
söz sənətini nəinki şeirdə, həm də
ictimai həyatda əks etdirmişdir. Onun
şeirlərini dinlədikcə sanki şair insanı möhkəm
olmağa, mübarizliyə, dönməzliyə, hər
hansı bir hadisə zamanı sarsılmamağa və mənən
güclü olmağa çağırır.
Nəsimi insan varlığını həm ruhi və həm də cismani yönümdə nəzmə çəkərək insanın bütün canlılardan üstün olduğunu əqli sübutlarla göstərmişdir. Şair həm insanın ruhu və həm də cismi ilə danışır və insanı aləmdə ən dəyərli sərvət hesab edir. İnsan ilahi təcəssümdür; insanın kamalı, zəkası yaradıcılıq qüdrəti və gözəlliyi dünyaya zinnətdir, hər şey insana və onun səadətinə xidmət etməlidir. Şair mövcud aləm barədə olan fikirlərini adi sözlərlə deyil, əqli nəzəriyyə əsasında bəyan edən mütəfəkkirdir. Şairin yaradıcılığı təkcə Şərqdə deyil, hətta xristian xalqları arasında da sevilmişdir. Onun dərin fikriləri Hammer, Purqştall, Cibb, Braun, A.Bombaççi, V.Smirnov, A.Krımski və digər görkəmli şərqşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.
Nəsimi düşüncəsi insanı xarüqələr yaradıb kainatın sirlərini, elmin və hünərin qüdrətini dərk etməyə sövq edir. Nəsimi yaradıcılığı real həyatı göstərən və təsdiq edən elə bir hikmətdir ki, onun hər bir hissəsi bütün əsrlərdə sevilərək öyrənilir. Bu öyrənmə təkcə şeirə olan istək deyil, bu, həm də vətənpərvər mütəfəkkir şairə olan sevgidən irəli gəlir. Nəsimi ruhu o qədər lətif və zərifdir ki, ilk oxunuşda bunu hiss etmək çətin deyil. Şairin şeirlərilə yanaşı, nəzm ruhu nəsimisevənlərin qəlbində həmişə yaşayacaq.
Nəsiminin ədəbi-fəlsəfi irsi milli mədəniyyətimizin incilərindən hesab olunur. Milli mədəniyyətimizin inkişafında böyük rol oynamış Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi ilk dəfə YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda keçirilərək, həmin il "Nəsimi ili" elan olunmuşdur. Bunun davamı olaraq Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi də klassik ədəbiyyatın dahi mütəfəkkirlərindən olan Nəsimi yaradıcılığını, onun fəlsəfi, ədəbi, ictmai-siyasi irsini daha dərindən yeni araşdırmalar əsasında öyrənilməsi və tədqiq olunması deməkdir. Nəsimi irsini tədqiq etməklə yanaşı, həm də onun ədəbi fəaliyyətinin əsasını təşkil edən humanizm, insansevərlik, vətənpərvərlik, mübarizlik ideyalarını insanlar arasında yaymaq və bunu gələcək nəsillərə çatdırmaq vacibdir.
Əntiqə PAŞAYEVA
AMEA Fəlsəfə İnstitutunun
böyük elmi işçisi, fəlsəfə doktoru pashayeva.ph@mail.ru
525-ci qəzet.- 2019.- 8 may.- S.17.