Tənha müxalifətçi

 

 

 

ƏHMƏD BƏY AĞAOĞLUNUN TARİXİ PORTRETİ ATATÜRKLƏ MÜNASİBƏTLƏR FONUNDA

 

 

 

Ötən əsrin 20-30-cu illəri arasında Türkiyənin siyasi-ictimai həyatına, 600 ildən artıq dünyanın üç qitəsində hökmranlıq eləyən Osmanlı imperiyasının təməlləri üzərində qurulan Türkiyə cümhuriyyətinin maddi və mənəvi təkamülünə yaxından bələd olmaq istəyənlərə xatırlatmaq istəyirəm ki, müxtəlif zamanlarda ana dilimizdə qələmə alınmış və ya başqa dillərdən çevrilmiş əsərlərin sırasına biri də bu günlərdə əlavə olunub: görkəmli ədəbiyyatşünas-alim, diplomat Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" monoqrafiyası.

Bu kitab haqqında ilkin sorağı "525-ci qəzet"dən alan kimi gəldim Azərbaycan Atatürk Mərkəzinə və şəxsən tanımadığım əməkdaşların iltifatı sayəsində, hələ mətbəə qoxusu tam çəkilməmiş bir nüsxəni məndən əsirgəmədilər. Bəlkə də elə güman etdilər ki, bu kitabı belə isti-isti axtarmaqda Əhməd Ağaoğlunun qohumlarındanam.

Amma görəsən, bu gün Azərbaycanda onun simsarı varmı? Və ümumiyyətlə, Əhməd Ağaoğlu kimdir? Yeri gəlmişkən, monoqrafiyada onun şəcərəsi, uşaqlığı, gəncliyi haqqında demək olar ki, yazılmayıb. Anlaşılan bunlardı: 1869-cu ildə Şuşada anadan olub, Fransada Sorbonna Universitetininn hüquq fakultəsini bitirib, 1908-ci ildə Türkiyədə "Gənc türklər" inqilabından dərhal sonra Türkiyəyə gəlib və sonrakı həyatı (70 yaşında dünyasını dəyişənə qədər) bu məmləkətin əsas şəhərlərində - İstanbulda və Ankarada keçib.

Məncə, Azərbaycan mətbuat tarixində də kifayət qədər izi olan Əhməd Ağaoğlunun şəcərəsi, Azərbaycan həyatı haqqında da nə isə məlumat vermək olardı. Axı, 1869-cu ildə Şuşada dünyaya gələn bir qalalı Fransada universitet bitirirsə, fransız dilində hüquq təhsili alırsa, demək, onun arxasında kişilər dayanıbmış.

V.Quliyevin məqsədi isə bir qədər başqadır. O, Ə.Ağaoğlunun ömür boyu müxalifətdə keçən siyasi həyatını qələmə almaqla, sanki demək istəyir ki, belə də yaşamaq olar. Bu gün onun ictimai-siyasi fəaliyyətinin araşdırılması da, anadan olmasının 150 illiyində daha geniş dairədə yad olunması da, şübhəsiz ki, 50 il müxalifətdə keçən bir ömürlə bağlıdır.

Ə.Ağaoğlunun monoqrafiyada yaradılan obrazı yadıma M.Ə.Sabiri, daha doğrusu, şairin bir misrasını salır: "Neyləyim ki, göz görür, ağlım kəsir..."

Akademik Nizami Cəfərov monoqrafiyaya yazdığı ön sözdə əsəri dəyərləndirərək yazır ki, Vilayət Quliyev tarixi şəxsiyyətlərin həyatına, eləcə də tarixi hadisələrə- münasibətlərə bir mühəndis-bioqraf kimi daxil olsa da, apardığı təhlillərdən çıxan nəticələr, verdiyi ümumiləşdirmələr "arxiv" üslubunun statistik neytrallığından tamamilə uzaq olub, ümumən, dövr, zaman, həmin dövrün, zamanın insan xarakterləri, hadisə-münasibətlərin mahiyyəti barədə olduqca canlı, etik-fəlsəfi mühakimələrə qədər, o dərəcədə şaxələnir ki, tarix müasirləşir, bu gün baş verirmiş kimi isti təəssüratları ilə görünür.

Yeri gəlmişkən, mən "Atatürk və Əhməd Ağaoğlu" monoqrafiyasını, məhz, bu prizmadan sevdim. Təsvir olunan bütün parlamentlər və eyni zamanda, bu günlər fəaliyyətini izlədiyim parlamentlər tanış gəlir. Seçkilərdəki "oyunlardan" tutmuş, kürsülərdəki natiqlərə kimi. Əsl müxalifətçi isə sanki canlı hədəfdir. Ömrü boyu yaşadığı cəmiyyətdə axına qarşı üzür və yəqin ki, elə buna görə ömrün dolaylarında "Axın" adlı dərgi nəşr edən Ə.Ağaoğlundan Atatürk soruşur ki, hələ bir sən söylə görək bunu çıxarmaq üçün paranı kimdən alırsan? Əlbəttə, məsələ sualın cavabında yox, qoyuluşundadır, axı Atatürk Ağaoğlunu yaxşı tanıyırdı...

Yeri gəlmişkən, V.Quliyev Atatürkdən "büt" kimi bəhs etmir, onun müdrikliyi, siyasi fəhmi ilə yanaşı, bəzi xüsusiyyətlərini də yumşaqca, təəssüf hissi ilə vurğulayır. Hərdən ətrafındakıları ələ salmasından tutmuş, müxalifət "yaratmaq" təşəbbüslərinə kimi. Hətta, belə bəlli olur ki, parlament seçkilərindən əvvəl namizədlərin hakim partiya tərəfindən təyin olunması da "təzə xəbər" deyilmiş. Güvəndiyi dağlara da qar yağdığını görən Ağaoğlu çıxış yolu axtarır və başa düşür ki, ömür keçib, nə irəli yol var, nə arxaya...

Sözün bu yerində V.Quliyevin elmi araşdırmalarına əsaslanan, bu bədii təhlil nə qədər yerinə düşür, deyə bilmərəm, hər halda "Axın"ın "kapatılması" ilə Əhməd Ağaoğlunun Türkiyədəki təxminən, 50 illik həyatına son qoyulur və müəllifin "tənha müxalifətçi" kimi qələmə verdiyi Əhməd Ağaoğlu həyatda da tək qalır.

V.Quliyev Ə.Ağaoğlunun hər hansı bir hərəkətinə ciddi tərzdə münasibət bildirmir, hadisəni təsvirə gətirir və nəticəni buraxır oxucunun öhdəsinə. Ə.Ağaoğlunun həyatın müəmmalı dolaylarında Nəriman Nərimanovla "məktublaşması" da bu qəbildəndir. Ə.Ağaoğlunun N.Nərimanova ünvanladığı və sonra orijinalı rus dilində olan bu məktubun "Bakinskiy raboçiy" və "Kommunist" qəzetlərində yer alması düşündürücü məqamlardandır. Ə.Ağaoğlu sovet quruluşuna heyranlığını ifadə edərək yazır: "Bu üsul-idarə (Qərb imperializmi nəzərdə tutulur - V.Q) öz yalan və riyakarlığı ilə davam etdikcə, bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə - bəşəriyyətin xilaskarlarına dinclik, məhəbbət və səadətin imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram".

Necə ola bilərdi ki, Atatürkün bu məktubdan xəbəri olmasın?

Hər halda, mən də müəllif kimi bu fikirdəyəm ki, Ə.Ağayev öz məktubunda səmimi idi; axı, o, peyğəmbər deyildi ki, hələ yenicə qol-budaq atan bir quruluşun fitnə-fəsad yuvasına çevriləcəyini, şərə-şeytana xidmət edəcəyini görə bilə.

Ə.Ağaoğlunun monoqrafiyada açıqlanan növbəti məktubundan görünür ki, o, hətta Azərbaycanda xalq maarifini yeni əsaslar üzərində qurmaq niyyətindədir. Amma aydın olmur ki, Ə.Ağaoğlu N.Nərimanovdan onu qane edən cavabı alıb, ya yox? Və məncə, sözün bu yerində müəllif bir qədər romantik-türkçülük sevdası ilə yazır: "Beləcə, tarixi seçim anında Azərbaycan-Anadolu, Nərimanov-Atatürk dilemmasında ikinci tərəf üstün gəlmişdi. Əslində, burada məmləkətlər və şəxsiyyətlər intixabından daha daha çox ideya tərcihi vardı. Əhməd bəy bölünmə qəbul etməyən bütünə - türklüyə xidmət etmək istəyirdi. Bunun isə harada həyata keçirilməsi önəmli deyildi".

Və bir haşiyə: 80-ci illərdə Vilayət aspiranturada oxuyanda və Yasamaldakı aspirantlar yataqxanasında yaşayanda arabir onun birotaqlı mənzilində toplaşardıq və ağızdolusu türkçülukdən danışanda, türkçü ideoloqlardan sitatlar gətirəndə, hətta arada bir Osmanlı ləhcəsində "konuşanda", bir dəfə də olsun, Vilayətin bu söhbətlərə ciddi mənada qoşulduğunu yadıma sala bilmirəm. Amma Azərbaycanda türkçülüklə bağlı, mənim fikrimcə, mükəmməl əsərləri ("Atatürk və Əhməd Ağaoğlu" da içində olmaqla) o yazdı, cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyətinin tarixini əks etdirən əsər də onun qələmindən çıxdı. Demək, şair demişkən, kimimiz nitq söylədik, kimimiz şəhid olduq...

V.Quliyev bu müstəvidə daha bir vacib məqamı vurğulayaraq yazır ki, 1921-ci il martın 16-da Moskvada Sovet Rusiyası ilə TBMM hökuməti arasında imzalanan "Dostluq və qardaşlıq müqavələsi"nin şərtlərinə əsasən, bolşevik hökuməti Ankaraya təmənnasız maliyyə yardımı, silah-sursat yardımı göstərməyə razılıq vermişdi. Bütün bunlar Əhməd bəyin keçici "bolşevikliyinin" haradan qaynaqlandığını anlamağa imkan verir". Amma mən düşünürəm ki, bu qənaət Vilayət Quliyevin Əhmədbəy şəxsiyyətinə məhəbbətindən irəli gəlir və mən bu qənaətlə qismən razıyam. Çünki ola bilməzdi ki, Əhməd bəyi Azərbaycan doğma yuva kimi çəkməsin.

Görkəmli alim, bəlkə də ona görə monoqrafiyanı hissələrə ayırıb ki, zəngin faktlar, müxtəlif mənbələrdən seçilən nümunələr oxucunu yormasın, amma əsər, onsuz da, su kimi içilir və akademik N.Cəfərov da monoqrafiyanın bu məziyyətini belə dəyərləndirir: "... əsər bütün informativ zənginliyi, təfsilat-təəssürat miqyası ilə yanaşı, elə bir epik mükəmməllik qazanır ki, müraciət olunan heç bir lad - məlumat həmin mükəmməlliyin hüdudlarını aşıb Atatürklə Ağaoğlu arasındakı münasibətlərin harmoniyasına xələl gətirəcək dərəcədə yad və təsadüfi səslənmir. Əksinə, Atatürk-Əhməd Ağaoğlu münasibətləri Vilayət Quliyevin son dərəcə peşəkar (və hər cəhətdən ilhamlı) təqdimatında bitkin bir simfoniya təəssüratı yaradır".

Məlum olur ki, 1922-ci ilin fevralından 1923-cü ilin noyabrına kimi Ə.Ağaoğlu Atatürkün razılığı ilə "Hakimiyyəti-milliyə" qəzetində redaktor kimi fəaliyyətə başlayır və Vilayət müəllim demişkən, qəzeti "milli mücadilənin sözçüsünə çevirir. Bəs, sonra nələr baş verir? Hə, sözün bu yerində də Sabirin misrası yada düşür: "... mən Günəşi göydə dana bilmirəm".

Bu isə yeni bədxahların meydana gəlməsi ilə nəticələnir.

Görəsən, hansı müxalifətçini "lazım olan" məqamlarda düşmən dəyirmanına su tökməkdə suçlamayıblar?

Ə.Ağaoğlunu vəzifədən kənarlaşdırsalar da, 2-ci dönəm TBMM-ə millət vəkili seçirlər. V.Quliyev bu yerdə vurğulayır: "Sirr deyil ki, hakim partiyadan millət vəkillərinin namizədliyini Atatürk şəxsən özü müəyyənləşdirirdi... Deməli, dövlət başçısı bu dəfə də Ağaoğlunu daha çox lazım olduğu, daha çox fayda gətirəcəyi yerdə - TBMM sırasında görmüşdü. 1924-cü ildə Ana Yasanı hazırlayan komissiyanın tərkibinə də o, Atatürkün iradəsilə qatılır". Müəllifin təbirincə söyləsək, "münasibətlər belə düşünməyə əsas verir".

Məlum olur ki, Atatürk əsəbiləşəndə belə, Əhməd bəyə səsini qaldırmazmış, sadəcə onu xüsusi vurğu ilə "Ağayov" çağırarmış...

Müəllif bu məqamı da yerində mənalandırıb: "Osmanlıda türklük düşüncəsi yayan Ə.Ağaoğlunun Anadolu türklərinin çoxəsrlik düşməni Rusiya bağlılığını, keçmişdə rus təəbəsi olmasını bir daha diqqətə çatdırırdı".

Daha sonra Atatürk-Ağaoğlu münasibətlərinin dərinliyinə varan müəllif vurğulayır ki, söhbət bu notlar üzərində bitsəydi, yəqin ki, bir millət atası kimi Atatürkün mənəvi qələbəsindən, müdriklik və nəcibliyindən danışmaq olardı. Lakin Türkiyəyə və türklüyə nicat gətirməsinə, ölkənin simasını dəyişməsinə baxmayaraq, onun da daxilində ənənəvi bir Şərq hökmdarı uyuyurdu. O, heç bir vəchlə, sözünün qabağında söz deyilməsinə, kiminsə öz ləyaqət və şərəf hissini onun hökmdar iddialarından yüksəkdə tutmasına təhəmmül edə bilməzdi. Ona görə də istənilən halda son söz demək haqqını özündə saxlamalı, sonuncu gülən özü olmalı idi.

Atatürk həmişə "sonuncu gülən" olsa da, kimə gülməsindən asılı olmayaraq, Əhməd bəy bunu "böyük adamın kiçik zəifliyi" kimi dəyərləndirirdi. Müəllifin də qeyd etdiyi kimi, onun nəzərində ən mühüm fakt tarixin dönüş anında Atatürkün Türkiyəni və türklüyü xilas etməsi idi. Yalnız bunun xatirinə çox acıları udmaq olardı! Digər tərəfdən, Atatürk özü də təbiətcə kinli adam deyildi. Zəruri saydığı məqamlarda, hətta üzrxahlıq etməyi də bacarırdı, ona görə də maqnitin əks qütbləri kimi aralarındakı bütün ziddiyyətlərə baxmayaraq, bu iki şəxsiyyət ünsiyyətə can atırdı.

"... o, elə bir hürriyət yelləncəyi qurmaq istəyirdi ki, iplərin hamısı öz əlində olsun". Bu da Əhməd bəyin Atatürk haqqında dediyi sözdür və V.Quliyev bu müddəanı sadəcə misal çəkir, öz münasibətini bildirmir, amma tənha müxalifətçinin (bu da müəllifin ifadəsidir) kənarlaşdırıldığı, çox şeylərdən təcrid olunduğu məqamları ağrılarla yazır. Və bu acılara şərik olmaq üçün, həcmcə çox da iri olmayan, uzaqbaşı beş-altı saat vaxt aparan monoqrafiyanı axıracan oxumaq lazımdır.

Mən bilmirəm, bu atüstü qeydlərimlə B.Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabı haqqında müəyyən fikir oyada bildim, ya yox?

Atatürkün ölümündən sonra millət atasından miras qalan söz azadlığından istifadə eləyib, onun ruhunu qılınclayanların ünvanına isə yazırdı ki, Napoleon öləndən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi. Ə.Ağaoğlunun ölümündən sonra isə haqqında onlarca kitablar yazıldı ki, biri də isti-isti sizə təqdim etdiyim bu monoqrafiyadır: "Atatürk və Əhməd Ağaoğlu".

 

Məmməd ORUC

 

 

525-ci qəzet.- 2019.- 8 may.- S.16.