Bakıda Kamal Abdullanın "Sehrbazlar
dərəsi" rumın dilində təqdim edildi
Bakı Kitab Mərkəzində
(BKM) yazıçı Kamal
Abdullanın rumın dilinə tərcümə
olunmuş "Sehrbazlar
dərəsi" romanının
təqdimatı keçirilib. Kitabı rumın
dilinə Rumıniyanın
"Al və Kuza"
Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi
İrina Milea tərcümə edib.
Tədbirdə Rumıniyanın Azərbaycandakı
fövqəladə və
səlahiyyəti səfiri
Dan İanku, Azərbaycan
Dillər Universitetində
keçirilən "Heydər
Əliyev: Multikulturalizm
və tolerantlıq ideologiyası" adlı
II beynəlxalq elmi konfransın qonaqları, universitetin professor-müəllim
və tələbə
heyəti, ziyalılar
iştirak edib.
Kamal Abdulla təqdimatda
iştirak edən hər kəsə təşəkkürünü bildirib, Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışaraq,
onun işini yüksək qiymətləndirib. Rumıniya mədəniyyətinin
qədim tarixə malik olduğunu deyən yazıçı
müəllifi olduğu
kitabın bu mədəniyyətin nümayəndəsi
- tanınmış ədəbiyyatşünas
alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən
tərcümə olunmasından
məmnunluq duyduğunu
bildirib.
Tərcüməçi Lyudmila Bejenaru
2013-cü ildə Bakı
Slavyan Universitetində
Yanus layihəsində
10 ay iştirakçı olduğundan
və həmin müddət ərzində
Kamal Abdullanın yaradıcılığı ilə
tanış olmasından
söz açıb.
O bildirib ki, "Sehrbazlar dərəsi"
romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı
ilə təqdim olunacaq. Tərcümə prosesindən danışan
tərcüməçi Rumıniyada
bu romanın maraqla qarşılandığını
diqqətə çatdırıb.
O, "Sehrbazlar dərəsi"nin Kamal Abdullanın yaradıcılığında
mühüm rol oynayan əsərlərdən
olduğunu deyib. Tərcümə prosesindən danışan
ədəbiyyatşünas fərqli mədəniyyətə
malik olduqlarına görə tərcümənin
asan olmadığını
söyləyib.
Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı
Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra
onun haqqında
2014-cü ildə "Kamal
Abdulla: Bütövlüyün fəlsəfəsi" adlı
fundamental monoqrafiya yazdığını
xatırladıb.
Rumın dilinə tərcümə
olunan "Sehrbazlar dərəsi" romanı
ötən ay Moldovanın
paytaxtı Kişinyovda
Roman XXIII beynəlxalq kitab
sərgisi çərçivəsində
təqdim edilib.
Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı
ahəngdən, atası
Cəlladbaşını axtaran
Karvanbaşının taleyin
hökmü ilə Sehrbazlar dərəsinə
gəlib çıxmasından,
burada ömür edən Ağ dərvişin və hər iki dünyada
yaşayan Səyyah sehrbazın çağırdığı
ruhla Karvanbaşının
görüşündən, Sufi dərvişlərin həyatından
bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə
çap edilməklə
dünya oxucusunun da diqqətini çəkib. Müxtəlif
dillərdə çap
olunan "Sehrbazlar dərəsi" romanı
orta əsrlərdə
və sonrakı dövrdə islam
mədəniyyətinin mühüm
komponentlərindən biri
olan sufiliyin təsiri altında yaranmış təxəyyülün
məhsuludur.
"Sehrbazlar dərəsi"
Türkiyədə 2007-ci ildə,
Rusiyada 2010-cu ildə,
Litvada 2013-cü ildə,
Qazaxıstanda 2013-cü ildə,
Fransada 2013-cü ildə,
Yaponiyada 2013-cü ildə,
Amerika Birləşmiş
Ştatlarında 2015-ci ildə
çap edilib. Oxucu tələbatından
irəli gələrək
"Sehrbazlar dərəsi"
romanı Türkiyədə
2010-cu ildə, Rusiyada
2013-cü ildə "Romanı"
kitabında (Moskva, Xudojestvennaya literatura) təkrar nəşr olunub.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 8 may.- S.12.