UNEC-də Heydər Əliyevə həsr edilən konfrans keçirilib

 

 

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən "Azərbaycan. Lider. Tərəqqi" mövzusunda TEDxUNEC konfransı keçirilib. Azərbaycanda ulu öndər Heydər Əliyevə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

TEDx konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov "Liderlik fəlsəfəsi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı "Azərbaycanın lideri", Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Liderin Azərbaycanı" mövzularında məruzə ilə çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov liderliyin 21 inkarolunmaz qanundan söz açıb. O, liderlik keyfiyyətlərinin ulu öndər Heydər Əliyevdə bütünlüklə tamamlandığını vurğulayıb: "Dahilər təkcə onları yetirən, ucaldan mühitə yox, bütövlükdə ölkənin, ölkələr birliyinin, hətta dünyanın dəyişməsinə təsir edə bilirlər. Dahi lider, müdrik şəxsiyyət Heydər Əliyev, məhz bir ölkənin, ölkələr birliyinin yox, bütövlükdə dünyanın inkişafına təsir gücünə malik şəxsiyyət idi və bu təsir əsrlər boyu davam edəcəkdir".

Bu gün Azərbaycanın Cənubi Qafqazın ən güclü dövləti olduğunu, ölkəmizin bütün sahələrdə uğur qazandığını deyən natiq, bu uğurların mayasında məhz Heydər Əliyevin dahi liderliyinin dayandığını deyib. Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz ulu öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib: "Müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Azərbaycan xalqı və

dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib".

Liderliyin Varislik qanununa toxunan professor qeyd edib ki, Prezident İlham Əliyev öz uğurlu siyasi fəaliyyəti ilə ümummilli liderin ən layiqli varisi olduğunu sübut edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ulu öndər Heydər Əliyevi fəlsəfi və tarixi baxımdan böyük xəzinə adlandırıb. Hər bir dahi şəxsiyyətin zamanın tələblərinə görə tarixi xidmətlər göstərdiyinə diqqət çəkən M.Qurbanlı Heydər Əliyevin adının tarixə qurucu lider kimi yazıldığını bildirib. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəltdiyini, onun ömür yolunun isə Vətənə xidmətin parlaq nümunəsinə çevrildiyini deyib: "Ulu öndər Heydər Əliyev fəlsəfi və tarixi baxımdan elə xəzinədir ki, hər bir azərbaycanlı onun barəsində kifayət qədər məlumatlıdır: "Hər bir dahi şəxsiyyət zamanın tələblərinə görə tarixi xidmətlər göstərib. Heydər Əliyev də məhz belə dahi insan olub. O, tarixə qurucu lider kimi düşüb. Onun sayəsində Azərbaycan sabitliyə nail olub".

M.Qurbanlınin dediyinə görə, bəzən deyirlər ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyəti yaradır. Ancaq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti sübut edir ki, tarixdə ayrı-ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynaya, taleyüklü hadisələrin axarını dəyişə bilər: "Əminliklə demək olar ki, müasir Azərbaycan tarixinin keşməkeşli səhifələrində ulu öndər Heydər Əliyev fenomeninin xalqımızın taleyində oynadığı müsbət rol danılmazdır. Hər bir xalqın milli-etnik soy-kökünə qayıdışı, əsrlər boyu nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi dəyərlər sisteminə əsaslanaraq öz identikliyini qoruması, ilk növbədə, o xalqın yetişdirdiyi tarixi şəxsiyyətin, daha doğrusu, liderinin cəsarətli addımları sayəsində mümkündür. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət - Heydər Əliyev də Aərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan kimi əzəmətli reallığa qovuşdurub. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın milli özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Ümummilli lider cəmiyyətdə milli məfkurənin güclənməsi, milli dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də, əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci milli maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır".

Komitə sədri vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycan üçün əbədi yoldur və bu yolu Azərbaycan xalqı, müstəqil dövlət yaşadacaq, Heydər Əliyevin xatirəsi daim Azərbaycan xalqının qəlbində olacaq: "Heydər Əliyev millətinin gələcəyini düşünən böyük lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir. Tarixin ən çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ümummilli liderin rəhbərliyi altında vahid sistem halına salan xalqımız eyni zamanda, özü üçün davamlı milli inkişaf yolunu müəyyənləşdirdi. O zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcılları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən ulu öndərin gördüyü böyük quruculuq işlərinə nəzər

saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur. Heydər Əliyevin qoyduğu yol bu gün möhkəm əllərdədir, Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir".

Millət Vəkili Zahid Oruc Ümummilli lider Heydər Əliyev barədə son fikri söyləməyin mümkünsüzlüyünü bildirərək, bu dahi şəxsiyyətə olan münasibətin tarixdə artıq qəlibləşdiyini qeyd edib. Azərbaycan xalqının müstəqil dövlət qurmağı tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdiyini deyən millət vəkili, məhz bu dahi siyasətçinin sayəsində ölkəmizin bütün sahələrdə lider dövlətə çevirdiyini bildirib. Ulu öndərin liderlik keyfiyyətinin onun öz iradəsini, hünərini xalqla birgə verdiyi qərarlarda özünü göstərdiyini vurğulayan məruzəçi Heydər Əliyevin siyasi kursunun hər zaman yaşayacağına əminliyini ifadə edib: "Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. Ulu öndər haqqında uzun illərdir fikir söylənilir, kitablar yazılır, sənədli filmlər çəkilir. Amma bütün bu yazılanlar və deyilənlər Heydər Əliyevin obrazını tam ifadə edə bilmir. Heydər Əliyev haqqında sonuncu fikri söyləmək mümkün deyil. Bu dahi şəxsiyyətə olan münasibət tarixdə artıq qəlibləşib".

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ulu öndərə həsr olunan şeirlər səsləndiriblər.

Qeyd edək ki, 1984-cü ildə qurulan TED təşkilatı dünyanın bütün ölkələrində hər il minlərlə insana "paylaşmağa dəyər ideyalar" şüarı ilə müxtəlif konteksli yüzlərlə konfrans keçirir. TED təşkilatı fərdlərin öz ölkələrində bu formatda müstəqil konfrans keçirməsi üçün TEDx konseptini yaratmışdır. TEDx konfransları sadəcə yeni fikirlərin paylaşıldığı mühit deyildir, burada səslənən təcrübələr, ilhamverici uğur hekayələri dinləyicilərə yeni motivasiya mənbəyi yaradır. - TEDx konfransların ən əsas hədəf kütləsi məhz gənclərdir. Bu konfransları böyük maraqla izləyən, burdakı çıxışlardan ruhlananların da böyük əksəriyyəti məhz gənclərdir.

Bu amili nəzərə alaraq, 2016 və 2017-ci illərdə TEDx konfranslarının təşkil olunması üçün lisenziya müraciəti etdim. İki həftə ərzində müraciətə baxıldı və lisenziya sahibi kimi tədbirin keçirilməsinə icazə verilib.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 8 may.- S.8.