Şair-döyüşçü Ənvər
Əlibəylinin "Cəbhə dəftəri"
Ənvər Əlibəylinin arxivində üzərində
"Cəbhə dəftəri" yazılmış, rəngi
solğun, bir küncü də yanmış köhnə bir dəftər
var.
Zaman həmin dəftərin vərəqlərini
çox kövrəkləşdirib. Bu dəftərdə
Ənvər Əlibəylinin 1941-1943-cü illərdə cəbhədə,
döyüş meydanında, ölümlə həyat
arasında yazdığı şeirləri yer alıb. Dəftəri
vərəqlədikcə insan qəlbi də kövrəlir,
düşünürsən: Ənvər Əlibəylinin cəbhə
şeirləri, nə zaman, harada və necə yaranıb? Bu sualların cavabını şairin öz şeirlərində,
onların altında qoyduğu tarix və məkan bidirən
qeydlərində tapmaq olur. Elə
şairin "Özüdür" adlı şeirindəki
misralar bu suallara cavab deyilmi?
Mən bu
şeri topların əjdəha nəfəsindən,
Mərmilərin
havanı yaran nəriltisindən,
Vətən
yolunda gedən qızğın vuruşmalardan,
Ruhlanaraq yaratdım, səngərdə yatan zaman.
Əhməd
Cəmil haqlı olaraq Ənvər Əlibəylinin cəbhə
şeirləri haqqında yazırdı: "Şair Ənvər
Əlibəylinin müharibəyə, cəbhəyə aid
şeirlərində gurultulu çağırışlara,
nidalara rast gəlmirik. O, ifadə etmək istədiyi fikirləri
və hissləri, döyüşçü üçün
əziz olan bir məktub, bir şəkil, yaxud müəyyən
bir hadisə ilə bağlayır, kiçik və sadə
süjetlər qurur".
Ənvər Əlibəylinin Terek, Azov, Dnepr, Tissa sahillərində
gedən döyüşlərdə səslənən cəbhə
şeirləridəki çağırışları,
nidalarını bir də səsləndirək. Şair 1943-cü ildə
yazdığı lirik bir çağırışla bahar
müjdəçisi qaranquşu belə
çağırır:
Gəl,
qaranquş, gəl uçaq, mənim də qanadım var,
Mən
azadlıq aparım, sənsə gül üzlü bahar
Növraqları
pozulmuş bağçalara bağlara!
İntizarda
qalmasın ellər həsrətimizdə,
Vəfasızlıq olmasın bizim xislətimizdə.
"Taqanroq"
şeirinin əvvəlində epiqraf əvəzi
yazdığı qeyddə oxuyuruq: "Taqanroq şəhərinə
hücum etmək əmri alındığı zaman
yazılmışdır. Avqust, 1943".
Çexovun anadan oldduğu bu şəhəri almanlardan azad
etmək üçün ürəyinə xitab edən
şair deyir:
Sən ki
heç vaxt, heç zaman
Qüssələrə
xaniman
Olmamısan,
ey ürək!
Gəl
bir hünər göstərək,
Qurtaraq
Taqanroqu
Yadların
pəncəsindən,
Alman işgəncəsindən.
Xilas edək
Çexovu
Yadların tənəsindən.
Cəbhə şeirlərində şair üəyinə
tez-tez müraciət edir. Şair-döyüşçünün
ürəyində əlvan çiçəklərə bənzətdiyi
gözəl arzuları var. Həmin arzularından biri isə təkcə
şairin deyil, hər birimizin qəlbində yurd salıb.
Ə. Əlibəyli "Sülh arzusu" adlı şeirində
onu ən əziz arzu adlandırır:
Hər
sinədə çırpınan, döyünən bir ürək
var,
Hər ürəkdə də, dostlar, min cür şirin
arzular.
Əlvan
çiçəklər kimi onlar da müxtəlifdir,
Biri gül tək incəsə, biri tül tək zərifdir.
Amma bir
arzu var ki, yurd salıb hər ürəkdə,
O arzuyla
bağlıdır bu gün də, gələcək də.
Sülh
arzusu, onunla qurub yaradırıq biz,
Daha nə
ola bilər dünyada ondan əziz?!
Yada salaq
ki, ürəyi sülh, qələbə arzusu ilə
döyünən Ə.Əlibəyli İkinci Dünya
Müharibəsinin ilk günlərindən Tiflis şəhərində
Topçular hərbi məktəbini bitirərək, leytenant
rütbəsində ordu sıralarına qatılıb və
artileriya batareyasının komandiri qismində məşhur
416-cı Taqanroq atıcı diviziyasının tərkibində
ağır döyüş yolu keçib. 1944-cü ilin
iyulunda ağır yaralanmasına qədər bu diviziyanın
bayraqları altında döyüşən Ənvər
Əlibəyli II dərəcəli "Vətən
Müharibəsi", "Qırmızı Ulduz" ordenləri,
"Qafqazın müdafiəsinə görə",
"Almaniya üzərində qələbəyə görə"
medalları ilə təltif olunub.
Ə.Bağırzadə
"Azərbaycan ziyalıları Böyük Vətən
müharibəsi illərində" monoqrafiyasında yazır
ki, 1944-cü ilin yanvarında Azərbaycan
Yazıçılar İttifaqına cəbhədən belə
bir məktub gəlmişdi: "Böyük Vətən
müharibəsi cəbhələrində rəşadət və
fədakarlıq göstərən həqiqi Azərbaycan
balası, sizin yetişdirməniz, gənc cəbhəçi
şair Ənvər Əlibəyli haqqında sizə
yazmağı və belə bir vətənpərvər
şair tərbiyə etdiyinizə görə sizə təşəkkür
etməyi borc bilirik. Baş leytenant Ənvər
Əlibəyli bizim hissənin ən qabaqcıl, mübariz
zabitlərindən biridir. Əlibəyli yoldaş
azğın alman işğalçılarına qarşı
döyüşlərdə igidlik və rəşadət
göstərdiyinə görə "Qırmızı
ulduz", "İkinci dərəcəli Vətən
müharibəsi" ordenləri ilə təltif edilmişdir.
Komandanlıq Ənvər Əlibəylinin
simasında özünün ən bacarıqlı və
döyüşkən zabitini tanıyır. Sizin qəhrəman şairinizlə fəxr etməyə
haqqınız var".
Ə.
Əlibəylinin cəbhə şeirləri həm həzin, həm
də nikbin bir mahnıdır. Şair "1944, Nikolayev"
tarixli şeirində sevgilisini həsrətlə belə vəsf
edir:
Sakit illər,
xoş saatlar, sevdalı çağlar,
Qara
gözlər, şirin sözlər, nərmin dodaqlar...
Amma
şairin qəlbində həsrətlə yanaşı, bir
nikbinlik də var. Yaxın olan qələbəni gözləyən
döyüşçü şair inamla sevgilisinə belə
bir nikbin müjdə verir:
Gəl,
nigaran qalma məndən, demə fəraqdır,
Bu tezliklə məhləmizdə toy olacaqdır.
Qəlbi qələbə eşqi ilə döyünən
şair Ənvərin nikbin misralarından daima qələbə
səsi gəlir. "Dnepr" adlı şeirində həmin səsi,
qalib döyüşçülərin gülüş səsini
eşitmək olur:
Soyuq fevral
gecəsində
Sahilinə
çatanda biz,
Möhkəm
tutdu silahından
Bizim polad əllərimiz.
Qızdı
ara, qopdu tufan,
Yağı - damla, biz - bir dəniz.
Sənin
üçün candan keçdik,
Həyat şirin, sənsə əziz.
Vurduq,
düşmən döndü külə,
Açdıq sübhü gülə-gülə.
(Bolşaya Lepetixa, fevral, 1943).
Onun haqqında deyirlər ki, Ənvər Əlibəyli
kövrək ruhlu, zərif qəlbli, insanpərvər bir
şəxs idi. Belə bir insan necə əlinə silah
alaraq vuruşub? Bu sualı Bəxtiyar Vahabzadə
"Dörd yüz on altı" poemasında Ənvər
Əlibəylinin keçdiyi döyüş yolunu təsvir edərək
belə cavablandırıb:
Yumşaq
təbiətli bu həlim insan, -
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq...
top ardına keçdiyi zaman
O
yalnız əsgərdir, -
Ölər,
yenilməz!
Döyüşdə
əsgərdi -
Adicə əsgər;
Döyüş qurtardımı?
Şairdir Ənvər.
Şair Əhməd Cəmilin dediyi "kiçik və
sadə süjetlı" şeirlərinin çoxunu, yəqin
ki, şair Ənvər döyüş qurtarandan sonra
yazırdı.
Belə süjetli şeirlərdən biri
şairin "Kimin qanıdır o qan?" suallı, novellaya bənzər
şeiridir. Çox qan itirmiş
döyüşçünü ona vurulmuş, arxa cəbhədən
göndərilmiş kiminsə qanı xilas edir. Ölümdən qurtaran
döyüşçünün həkimlərə ilk
sualı "Kimin qanıdır o qan?" olur.
Kimin qanıdır o qan, mənə dirilik verib?
Gözümə həyat nuru, beynimə bilik verib?
Bir an da düşüncələr əl çəkməyir
yaxamdan,
Bilmək istəyirəm ki, kimin qanıdır o qan?
Boşalmış qan şüşəsini
döyüşçüyə göstərirlər ki,
üstündəki yazını, orada qeyd olunan adı oxusun. Şair bu mənzərəni
həyəcanlı misralarla döyüşçünün
dilindən belə təsvir edir:
Donuram
öz yerimdə əvvəlcə buzlar kimi,
Gözlərimi qırpmıram doğan ulduzlar kimi.
Oxuyuram
bir də mən, gözümə inanmıram,
Yoxsa qızdırmalıyam, özümə inanmıram.
Sarsılıram
içimdən, bürüyür heyrət məni,
Ürək
quştək çırpınır, gördüyüm macəradan,
Öz
anamın qanıdır mənə həyat verən qan!
Ə.Əlibəylinin şeirlərində bahar ətri,
bahar rəngi olan kimi, bahar sədası da var. "Ney səsi"
adlanan şeirindən bu sədanı eşidə bilərik. Şair top gurultusu və
tüfəng səsinin kəsildiyini təsvir edir və belə
deyir:
Gün
çəkilib gedir, uzaqdan bu dəm
Həzin
bir ney səsi eşidirəm mən.
Onu dinlədilcə,
ah, bilsəydiniz
Bircə
nələr keçir odlu sinəmdən:
Salxım
söyüdlərin sərin gölgəsi,
Xəzər dənizində parlayan o su.
O sakit
axşamlar, o qara gözlər,
Bir də ki, yaşamaq, sevmək arzusu.
(Döyüşən
ordu, 1944)
Şair və döyüşçü Ənvəri
yaşamaq, sevmək arzusu, cəbhə boyu sinəsində gəzdirdiyi
əzizlərinin şəkli, onlardan gələn məktublar
da qələbəyə yaxınlaşdırırdı. "Bir varaq
kağız" adlı şeirində şair cəbhədə
aldığı, əzizlədiyi məktubu silaha bənzədərək
belə təsvir edir:
Özün söylə, nə vardır səndən əziz, ləzzətli,
Səngərdə yatanların fikrində, əməlində?...
Sən də toptək, tüfəngtək qüdrətli, əzəmətli,
Amansız bir silahsan döyüşçünün əlində.
Odur ki, nəzərimdə bu gün belə əzizsən,
Sən bir varaq deyilsən, qüvvət dolu dənizsən.
(Sapbek, 1943).
Nəzər saldığımız şeirlərdə Ənvər Əlibəylinin cəbhə şeirlərinin nə zaman, harada və necə yazıldığına cavab tapa bildik. Bir suala da cavab tapaq. Bu şeirlər kimlərə ünvanlanıb? Yalnız gözləri yolda olan, ürəyi həsrətlə çırpınan valideynlərinə, sevgilisinə, qohumlarına, dostlarınamı? Xeyr, tək onlar deyil, döyüşçü şair Ə.Əlibəyli qəhrəman, igid Vətən övladlarına da onların şücaətindən bəhs edən şeirlər ünvanlayıb. Məsələn, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədova "İgid oğlan" adlı şeir ünvanlayıb. Gəray Əsədov 1944-cü ildə uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub. Qumbara və gülləsi bitəndə isə, əməliyyat zəfərlə başa çatsın deyə, öz köksünü düşmən pulemyotunun qarşısına verərək, qəhrəmancasına həlak olub. "İgid oğlan" şeirindəki son misralara nəzər salaq:
Müqəddəsdir əzəl gündən deyiblər,
Vətən eşqi, el sevgisi, məhəbbət.
İgid oğlan, yaşadacaq səni də
Əsrlərcə bu şücaət, bu şöhrət.
Ənvər Əlibəylinin "Cəbhə dəftər"ində igid oğlanlarımızla yanaşı, müharibədə şücaət göstərən qəhrəman qızlarımıza da ünvanlanmış şeirlər var. "Bacı" adlanan poemasında şair müharibənin yaratdığı bir qadın faciəsindən və bir ana qisasından bəhs edir. Qələbəni təsvir edən şair körpəsi faşistlər tərəfindən öldürülmüş dərdli ananı, körpəsinin qisasını almış qəhrəman qadının obrazını göz önünə gətirir.
Müharibə illəri, həyatla ölüm arasında olan məqamlar gənc şairə yalnız qəhrəmanlıq, şairlik deyil, bir sıra yüksək xüsusiyyətlər aşılamışdı: dostluğa sədaqət, mətin iradə, daxili intizam, yüksək məsuliyyət hissi, həqiqət və ədalət naminə obyektivlik, təvazökarlıq, sadəlik. Məhz bu nəcib keyfiyyətlərinə görə çoxları onu özünə dost, müəllim, qardaş sayırdı.
Beləliklə, cəbhəçi şair Ənvər Əlibəylinin özünün ad verdiyi "Cəbhə dəftəri"ndən olan poetik nümunələrinə bu Qələbə Günü münasibətilə və xalqımıza yeni qələbə arzusu ilə nəzər saldıq.
Şəfəq ƏLİBƏYLİ
525-ci qəzet.- 2019.- 9 may.- S.13.