Görkəmli bəstəkar Soltan Hacıbəyovun xatirəsi anılıb
Bu gün görkəmli bəstəkar, tanınmış
pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı,
professor Soltan Hacıbəyovun
anadan olmasından 100 il ötür.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə tanınmış
incəsənət və
mədəniyyət xadimləri,
ictimaiyyətin nümayəndələri
Fəxri xiyabana gələrək Soltan Hacıbəyovun məzarı
önünə əklil
qoyub, tər çiçəklər düzüblər.
Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
Xalq artisti Ülviyyə Hacıbəyova
bildirib ki, Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı Sərəncama
uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkarın yubileyi
ilə əlaqədar
silsilə tədbirlər
təşkil edilir. O,
təəssüf hissi
ilə qeyd edib ki, bu
gün Soltan Hacıbəyovun dünyaya
göz açdığı
Şuşanın işğalı
günüdür.
Soltan Hacıbəyovun
çox qüdrətli
sənətkarlardan olduğunu
bildirən Ülviyyə
Hacıbəyova deyib ki, onun əsərləri
nəinki Azərbaycan
xalqı, eyni zamanda bütün dünya xalqları tərəfindən sevilir. O, bəstəkarın
"Karvan" simfonik
lövhəsini xüsusilə
qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, Azərbaycan simfonik musiqisinin təşəkkülü və
inkişafında Soltan
Hacıbəyovun mühüm
xidmətləri var. Geniş
diapazonlu yaradıcılığa
malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin
opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət
xəzinəsini daha da zənginləşdirib.
"Soltan Hacıbəyov
bizə müəllimlik
edib, böyük bir bəstəkarlar nəsli ondan dərs alıb. Çox tanınmış ifaçılar
onunla bir yerdə işləyib.
Yüksək istedadı,
bəstəkarlıq bacarığı
ilə yanaşı, onda məni hər zaman heyrətləndirən orkestr
duyumu olub", - deyə Firəngiz Əlizadə vurğulayıb.
Tədbirdə yaradıcılıq
yolu ötən əsrin 30-cu illərin
axırı, 40-cı illərin əvvəllərinə təsadüf
edən Soltan Hacıbəyovun Azərbaycan
mədəniyyəti və incəsənətinin
inkişafında əvəzsiz xidmətlərindən
danışılıb. Bildirilib ki, Soltan Hacıbəyovun
yaradıcılığı geniş və
rəngarəng olmaqla həmişə
diqqəti cəlb edir.
525-ci qəzet.- 2019.- 9 may.- S.9.