Heydər Əliyev və
Azərbaycan dili
Kommunikasiya prosesləri informasiyanın ötürülmə
və adekvat qavranması ilə bağlıdır.
Kommunikasiya proseslərində dil, dil qanunları, onlardan
istifadə normaları, ünsiyyətin yeni modellərinin
yaranması əsas rol oynayır. Bunun üçün
də hər bir insan öz dilini mükəmməl bilməlidir.
Son dövrlərdə ölkəmizdə
aparılan dil siyasəti digər millətlərin Azərbaycan
dilinə olan marağını daha da genişləndirmişdir.
Bu gün
respublikamızın sürətlə
inkişafı Ümummilli liderimiz Heydər Əliyevin
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi
dövrün davamıdır. Onun o dövrlərdə gördüyü
işlər Azərbaycan xalqının milli özünüdərki,
insanların keçmiş ideoloji sistemin əsarətindən
xilas olmağa, Azərbaycan xalqının tarixi
yaddaşına qaydışına, milli ruhun yüksəlişinə,
Azərbaycan xalqının qəlbində illərdi
yığılıb qalmış milli dövlətçilik
ideyasının inkişafına qüvvət vermiş və
xalqını bugünkü inkişafına zəmin
yaratmışdı. İstər Azərbaycanda, istərsə
də Moskvada işlədiyi zaman Azərbaycanın kənd təsərrüfatı,
mədəniyyəti və incəsənət, elm və təhsil,
idman, memarlıq və arxitektura və s. sahələrin
inkişafı üçün əlindən gələni əsirgəməmişdi.
Bütün bunlarla yanaşı, o, hər zaman
Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etməsini
daima diqqət mərkəzində saxlayırdı. "Öz ana dilini bilməyən adamlar şikəst
adamlardır!" deyən Heydər Əliyev rus təhsilli
olmasına baxmayaraq, hər zaman Azərbaycan dilində
danışmağa üstünlük verirdi. Azərbaycan Sovetlər birliyinin tərkibində
olanda belə Heydər Əliyev cəsarətlə çəkinmədən
Azərbaycan dilinin qorunub saxlanması və inkişafı
üçün daima ana dilimizdə nitq söyləməklə
Azərbaycan xalqına örnək olmuşdur.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
Azərbaycan dilinin inkişafı naminə "Azərbaycan
Respublikasının dövlət dili haqqında" qanunda dəfələrlə
dəyişikliklər etmişdir. Heydər Əliyev
öz çıxışlarında qeyd edirdi ki, Azərbaycan
dili türk dili deyil, türk soylu bir dildir. Bizim Azərbaycan kimi dövlətimiz və onun
öz dövlət dili var. Hər zaman deyildiyi kimi, hər bir
xalqın ana dili onun milli varlığını təsdiq edir
və xalqın mədəniyyəti, elm və təhsilinin
inkişafında dil başlıca rol oynayır. Hər bir vətəndaşın təhsili öz
ana dilini öyrənməklə başlayır.
"Dövlət dili haqqında qanunda" təhsildə ana
dilinin vacibliyi barədə aşağıdakılar qeyd
edilir: 1. Azərbaycan Respublikasında təhsil dövlət
dilində aparılır; 2. Azərbaycan Respublikasında
başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir. Belə müəssisələrdə
dövlət dilinin tədrisi məcburidir; 3. Azərbaycan
Respublikasında ali və orta peşə-ixtisas
təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan
dili fənnindən imtahan verilməlidir; Elm sahəsində
elmi əsərlərin yazılması Azərbaycan dilində
olmalıdır. Azərbaycan dilinin
inkişafı bu sahələrdə daha çox
özünü göstərir. Belə ki,
müstəqillik əldə edildikdən sonra "Dil
haqqında qanuna" əsasən Azərbaycan dilində sərbəst
danışmaq və yazmaq hər bir Azərbaycan vətəndaşından
tələb olunur.
Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra Heydər
Əliyev qeyd edirdi ki: "İndi biz dilimizdə sərbəst
danışırıq və hər bir mürəkkəb
fikri ifadə etməyə qadirik. Bu,
böyük nailiyyətdir. Bu, iqtisadi və
başqa nailiyyətlərin hamısından üstün bir
nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus
dilimiz var və o da o qədər zəngindir ki,
dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə
edə bilirik".
Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir,
millətin formalaşmasında başlıca amillərdən
biridir və Azərbaycan xalqının keçdiyi tarixi-siyasi
yolu məhz Azərbaycan dilində öz əksini
tapmışdır. Azərbaycan xalqının türksoylu və
dilinin türk dilləri qrupuna aid olması, son illərdə
dünya səviyyəsində inkişaf etməsi Azərbaycan
xalqının dünyanın ən qədim xalqlarından biri
olduğunu göstərir. Bu barədə Ulu Öndərin
artıq deyimə çevrilmış fikirdə olduğu
kimi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir".
Uzun illər boyu Sovet Birliyinin tərkibində olması
Azərbaycan dili ciddi sınaqlara və təzyiqlərlə məruz
qalmışdır. Bütün bunlar ölkəmizdə Azərbaycan
dilinin inkişafını ləngitmiş və rus dilinə
olan meyl artırmışdır. Hətta
o dövrdə Azərbaycanda rus dilində danışa bilməyən
insanlara geridə qalmış kimi baxırdılar.
Lakin bu, o qədər də uzun çəkmir. 90-cı illərdən
sonra Azərbaycanın müstəqilliyə qovuşması və
Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi
Azərbaycan dilinin dirçəlişinə səbəb oldu.
Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dili
elan edildi və latın qrafikasına
keçildi. Azərbaycanda bütün dövlət
orqanlarında sənədlərin, təhsilin yüksək səviyyədə
Azərbaycan dilində aparılması, KİV-də, elm sahəsində
və kitab və əsərlərin yazılmasında Azərbaycan
dilindən və latın qrafikasından
istifadə etmək tələbi qoyuldu.
Hər bir insan ikidillilik məsələsinə olduqca
ciddi yanaşmalıdır ki, öz ana dilini unutmasın. İnsan bir
neçə dildə danışa bilər, lakin onun öz
doğma dilini mükəmməl bilməsi mütləqdir.
İkinci dilin öyrənilməsində belə
ana dili ən vacib amillərdən hesab olunur. Çünki dillər müqayisə və
tutuşdurularaq öyrəniləndə daha tez mənimsənilir.
Yeni dilin öyrənilməsi təfəkkürün
formalaşmasına, yeni ictimai-siyasi aləmə səyahətə,
yeni bir mədəniyyətə, mental prosesə, dillə əlaqədar
psixoloji məsələlərin araşdırılmasına və
s. məsələlərin dərk olunmasına zəmin
yaradır.
Dövlətin və fərdin inkişafı
üçün ana dilindən başqa bir neçə dili
bilmək çox vacibdir, ancaq bir çox sahələrdə
hər iki dildə eyni səviyyədə fikir ifadə etmək
çətindir. Öyrənilən hər iki dildə
müstəqil danışmaq olar, lakin müxtəlif elm,
iqtisadi-siyasi, mədəniyyət və digər sahələrdə
fikri tam ifadə etmək qeyri-mümkündür. Əgər
axtarışa çıxsaq, cəmiyyətdə ideal
ikidilliliyə (bilinqvizmə) malik çox az
insana rast gələrik, çünki bütün situasiyalarda
hər iki dildə eyni səviyyədə danışa bilən
insandan bütün sahələrin terminlərini bilmək tələb
olunur.
Dilçilikdə ikidillilik (bilinqvizmi) iki cəhətdən
araşdırılaraq koordinativ və subordinativ şəkildə
qeyd edilir. Koordinativ ikidillilikdən o zaman
söhbət gedir ki, hər hansı bir fərd iki dili eyni dərəcədə
dərindən bilir, hər iki dildə öz dil bölgülərini
(kompetensiya) səfərbər edib, onları real
danışıq məqamında həyata keçirməyi
bacarır (performans). Subordinativ ikidillilik dedikdə isə,
bu zaman dillərdən biri digərinə tabe olur. İnsan bir
dildə öz fikirlərini maneəsiz dilə gətirir,
sevincini, kədərini və digər hisslərini ifadə etməkdə
çətinlik çəkmir. İkinci
dildə isə doğma dilində verə biləcəyi
informasiyanın yarısını belə verə bilmir. Subordinativ ikidillilik dünyada və cəmiyyətimizdə
daha geniş yayılmış dil formasıdır.
90-cı illərdən əvvəl Azərbaycanda qeyri-rəsmi
olsa da, rus dili ikinci dil kimi qeyd olunurdu, amma insanlar bu dildə
danışsalar da, müxtəlif sahələrdə fikirlərini
tam ifadə edə bilmirdilər. Bu isə cəmiyyətimizdə
Azərbaycan dilinin kölgədə qalmasına gətirib
çıxarır, doğma dili dərindən öyrənməyə
maneə yaradırdı. Bu səbəbdən
ikinci dil öyrənmənin fəsadları zamanla üzə
çıxmağa başladı. İnsanlar
övladlarını rusdilli bağçaya, məktəbə,
ali məktəblərdə oxumağa məcbur
edirdilər və bu da doğma dilə olan münasibəti tam
dəyişirdi. O dövrdə həmin insanlarda Azərbaycanın
milli mədəniyyətinə, mentalitetinə də
yadlaşma müşahidə edilirdi və onlar ana dilini ikinci
dil hesab edilirdi. Müstəqillik dövründən
sonra isə bu insanlar Azərbaycan dilində danışmaqda və
anlamaqda çətinlik çəkdiklərini özləri də
etiraf edirdilər.
Qeyd etmək lazımdır ki, ikidillilik (bilinqvizim) əsasən
qrup daxilində formalaşır və ikinci dil öyrənmədə
sosial qrup birinci qeyd edilir. Ailə də sosial qrupdur və ailədə
ana-ata hansı dildə danışırsa, övladın dili də o dildə
inkişaf edir və formalaşır. Elə buna
görə də uşaq dil açarkən ilk növbədə
ona ana dilini öyrətmək lazımdır ki, gələcəkdə
ana dilində aydın danışa bilsin.
Ana dilinin inkişafında TV və radionunda rolu əvəzsisdir. "Dövlət ili
haqqında qanunda" TV və radioda dövlət dilindən
istifadə qaydaları xüsusi qeyd olunmaqla bu haqda
yazılır: "Mülkiyyət formasından asılı
olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis
edilən və fəaliyyət göstərən, dövlət
dilində yayımlanan bütün televiziya və radio
kanallarının aparıcıları dövlət dilini
mükəmməl bilməli və səlis danışıq
qabiliyyətinə malik olmalıdırlar. Televiziya
və radio kanallarında dublyaj olunan filmlər və
verilişlər dövlətin müəyyən etdiyi dil
normalarına uyğun olmalıdır". Televiziya və radionun diktor və ya
aparıcıları dilin standart qaydalarına əməl etməyə
çalışsalar da, öz doğma dillərini tam bilmədikləri
üçün nitqlərində müxtəlif yayınmalara
yol verirlər. Danışıq zamanı
dilin qaydalarından doğru istifadə etməyəndə
anlam çətinləşir. Halbuki onlar yalnız Azərbaycan
dilində danışmalı deyillər, həmçinin, Azərbaycan
dilinin fonetik, leksik, qrammatik qaydalarını düzgün bilməlidirlər.
Çünki 7-dən 77-yə qədər
bütün insanlar TV və radio verilişlərini dinləyir
və izləyirlər. Ana dili ilk olaraq ailədə
inkişaf etməyə başlasa da, KİV-də dilin
inkişafında aparıcı rol oynayır.
Ümummilli
liderimiz H.Əliyev qeyd edir: "Hər bir xalq öz dili ilə
yaranır. Ancaq xalqın dilini yaşatmaq,
inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə
qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin
fəaliyyəti nəticəsində mümkün olur". Bu böyük şəxsiyyətin
Azərbaycan dilinə olan yanaşması və ana dili
haqqında məntiqli
fikirləri hər kəsi bir daha ana dilini daha dərindən
öyrənməyə, öz dilinə sahib
çıxmağa, işlədiyi sahədən asılı
olmayaraq öz dilinin inkişafı üçün əlindən
gələni etməyə, dövlət və ümumxalq dilini sevməyə
çağırır, dövlət dili haqqındakı
qanunlara riayət etməyə səsləyir. Deməli,
işindən asılı olmayaraq hər bir vətəndaş öz milli
varlığını yaşatmaq və bir xalq kimi var
olduğunu təsdiq etmək öz ana dilini mükəmməl
bilməli və öz doğma dilində səlis
danışmalı, şövqlə yazıb
yaratmalıdır.
Lalə
QURBANOVA
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi
işçisi
525-ci qəzet.- 2019.- 9 may.- S.6.