"Ulduz" jurnalının Nəsimi sayı...  

 

 

 

2019-cu ildə Azərbaycan xalqının dünya ədəbi-estetik və fəlsəfi düşüncəsinə bəxş etdiyi böyük şairi, mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Anadilli ədəbiyyatımızın məzmun və forma-sənətkarlıq xüsusiyyətlərini bütün mahiyyəti və rəngarəngliyi ilə əks etdirən Nəsimi şeirinin yaşı isə əbədidir.

1973-cü ildə Azərbaycan mədəniyyətinin böyük ədəbi simalarından ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunub. Elə həmin tarixdən başlayaraq  Nəsimi irsinin daha əhatəli araşdırılması istiqamətində bəzi addımlar atılıb.

Lakin bu gün bu böyük mütəfəkkir şairimizin dünya ədəbiyytaşünaslığının daha çox diqqət mərkəzində olması faktı bizi sevindirsə də, bəzi prinsipial məsələlərə görə həm də kədərləndirir. Yəni artıq bir çox türkdilli xalqların (xüsusən də türkmən və s.) ədəbiyyatşünaslığında Nəsimişünastək fəaliyyət göstərən alimlər Nəsimini öz ədəbiyyat faktları kimi təbliğ və təlqin edir, bu ideyanı yaymaq üçün kitablar, məqalələr nəşr etdirir.

İ.Nəsiminin Azərbaycan şairi kimi təbliğinin ilk şərtlərindən biri onun ədəbi-fəlsəfi, sufi-hürufi görüşlərini, poeziyasının dil-üslub, sənətkarlıq xüsusiyyətlərini  araşdırmaq və bu mövzuda məqalələr, monoqrafiyalar nəşr etdirmək işidir. Elmi, bədii, publisistik üslubda İ.Nəsimi fenomeni müxtəlif formatlarda, müxtəlif tərəfləri ilə açılmalı, ictimaiyyətin maariflənməsi naminə əhəmiyyətli informasiyalar yayımlanmalıdır.

Bu baxımdan "Ulduz" jurnalının İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  2019-cu il aprel sayı (¹4) diqqətimizi çəkdi. Jurnalın tərtibatı, dizaynı, mövzu və məzmun baxımından müxtəlif kateqoriyalarla (İ.Nəsimi Dövlət marağında; Nəsimi obrazı rəssamlıqda; Nəsimi bədii yaradıcılıq faktı kimi; Nəsimi ədəbi-mədəni irsimizin milli sərvətitək;  Nəsimi publisistikada; Nəsimi irsinin ilk tədqiqi tarixi; Nəsimi poeziyası anadilli şeirimizin maksimal imkanları kontekstində; Nəsimi irsinin Şərq və Qərb fəlsəfi düşüncəsində yeri; Ədəbiyyatşünaslığımızın İ.Nəsimi problematikası, İ.Nəsimi yaradıcılığında folklor estetikası və s.)  sistemləşdirilməsi yaradıcı heyətin, xüsusən də baş redaktor Qulu Ağsəsin və filologiya üzrə elmlər doktoru Abid Tahirlinin metodoloji və elmi-nəzəri yanaşmasındakı profesionallığı göstərdi. İ.Nəsiminin 600 illik yubileyi ərəfəsində çap olunan tədqiqatlardan seçilmiş nümunələr və sonda İ.Nəsimi poeziyasından verilən örnəklər jurnalın kompazisiya quruluşunda epiloq kimi öz sözünü deyir.

Jurnal Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan  edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli  sərəncamı ilə açılır.

Anar "Şairin hünəri" adlı məqaləsində ilk növbədə qəhrəman, azadfikirli, mübariz və haqq yolçusu olan Nəsimi şəxsiyyətini dünyanın dar ağacı altında qollarını açıb dayanan şair və mütəfəkkirləri ilə müqayisə edir. Dante, Heyne, Bayron, Puşkin, Lermontov, Şevçenko kimi şairlərin qəhrəman obrazını xatırladır: "Puşkin çarın düz gözlərinin içinə dekabristlərə rəğbətini etiraf edəndə də, Dantes tapançasının lüləsi qarşısında dayananda da qəhrəman idi. Amma onun ən böyük igidliyi otağının sakitliyində qaz lələyilə kağız üzərində yazdıqlarıdır:

Okovı təjkie padut,

Temniüı ruxnut - i svoboda.

Vse primet radostno u vxoda,

İ bratə meç vam otdadut.

Türk zindanlarının əyilməz məhbusu Nazim Hikmət aclıq elan edəndə də igid idi, "Aclığın beşinci günündə" şeirini yazanda da... Anlaşılmazlıq, unutqanlıq, fiziki və mənəvi təklənmə, yalqızlıq -  həqiqi şairin bəxtinə düşənlər  budur. Və bu hələ harasıdır? Axı sözün əsl mənasında canını qurban verənlər də olub, məhbəslər və işgəncələr, sürgün və dar ağacları görənlər də. Avropada və Şərqdə inkvizisiya da olub. Doğrudur, Şərqdə inkvizisiya ayrı cür adlanıb, amma əslində, burada da İspaniyada gördüyü işləri görüb. Xaçpərəstlik düşmənləri ilə mübarizə aparan  "müqəddəs inkvizisiyanın"  iş üsulları islam düşmənlərinin qətlinə fitva verən müsəlman divanlarının üsullarıyla əkiz kimi oxşardır. Onların amansızlığı da bir-birinə bənzəyir. Riyakarlığı da".

Daha sonra Anar hürufilik və sufilik fəlsəfi nəzəriyyəsi fonunda  Nəsimi əqidəsini, poeziya məramnaməsini açır, onu renessans adamı kimi səciyyələndirir. Göstərir ki, dövr Nəsimi misralarında çırpınır və zamana, məkana, yerə-göyə  hökm oxuyan şair özü də suallar içində itib-batır. Əslində "Kimik biz? Nəyik biz? Hardanıq? Dünyaya niyə gəlmişik? Hanı? Hardasan? Nədir? Nə? - suallarının cavabı olan bir şeirin müəllifi özü də suala, müəmmaya çevrilib əfsanələşdi...

Anar daha sonra Nəsimi fenomenallığını sələfləri  (F.Nəimi və b.) və xələfləri (Həqiqi, Nəvai,  Xətai, Kişvəri, Həbibi, Füzuli, Vidadi, Vaqif ) ilə qarşılıqlı müqayisə prinsipi ilə təhlil edir və yazır ki,  kosmik marşrutlar ərəfəsində Nəsimi irsi dünyanın mədəni sərvətləri sırasında insanlığın uzaq dünyalara aparacağı qiymətli ərmağandır.

Professor Musa Ələkbərovun "Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi" məqaləsini şairin 650 illik yubileyi ilə əlaqədar respublikada görülən işlərin sistemli şəkildə tərtib edilmiş hesabatı kimi qəbul etmək olar. Müəllif yubiley ili ərzində şairə aid monoqrafiyaların, "Nəsimi-650" elmi-biblioqrafik göstəricisinin, Nəsimi əsərlərinin Azərbaycan və xarici dillərdə nəşri, ali, ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin, müsabiqələrin reallaşacağı məsələsini də diqqətə çatdırır.

Jurnalın bu sayı vasitəsi ilə Nəsimi obrazını ədəbiyyatda, musiqidə, rəssamlıqda, heykəltaraşlıqda, kinoda təcəssüm etdirən sənət əsərləri haqqında da ətraflı məlumat alırıq. İ.Hüseynovun "Məhşər" romanı,  H.Seyidbəylinin rejissorluğu ilə çəkilən "Nəsimi" filmi, M.Abdullayevin "Nəsimi" portreti, S.Ələsgərovun Nəsimi qəzəllərinə bəstələdiyi romanslar, C.Cahangirovun "Nəsimi" kantatası,  A.Rzayevin "Nəsimi" simfonik poeması, F.Əmirovun "Nəsimi haqqında dastan" baleti, F.Əlizadənin "Nəsimi" passionu, Qabilin "Nəsimi" poeması  bu ithaflara misal kimi diqqətə çatdırılır.

Jurnalın üz qabığında xalq rəssamı Arif Hüseynovun "Nəsimi" portreti, son səhifədə isə Nəsimiyə həsr edilmiş sərgisi tərtibat və dizayn estetikasının mükəmməlliyini nümayiş etdirir.

Jurnalda yer alan maraqlı mövzulardan biri "Nəsimi Azərbaycan mühacirət mətbuatında" məqaləsində ifadəsini tapır. Filologiya üzrə elmlər doktoru, professor Abid Tahirlinin məqaləsində  Nəsimi "Divan"ının Salman Mümtaz tərəfindən 1926-cı ildə ərəb qrafikası ilə çap olunması faktından başlayan tədqiq və təbliğ xronologiyasını izləyirik. 1972-1973-cü illərdə H.Məmmədzadənin, H.Araslının, C.Qəhrəmanovun, M.Quluzadənin, M.Aslanovun  İ.Nəsimi ilə bağlı elmi fəaliyyətinə nəzər salınır.

Məqalənin maraqlı məqamı  dəqiqliklə müşahidə edilən bir məlumatla başlayır. 1926-cı ildə S.Mümtazın nəşr etdirdiyi kitabdan və iki-üç kiçik həcmli yazılardan başqa 1970-ci illərədək (600 illik yubileyə qədər) Azərbaycanda İ.Nəsimi irsi diqqətdən kənarda qalmış olduğu halda Azərbaycan mühacirləri məsələyə daha konseptual yanaşmışdı. "1932-cü ildə dünya şöhrətli türkoloq, istiqlal mücahidi professor Əhməd Cəfəroğlunun redaktorluğu ilə İstanbulda mədəni sahədə araşdırmalar aparmaq, türk tarixinin hələ aydınlaşmamış nöqtələrini işıqlandırmaq, Azərbaycansevərlərə bu vətəni tanıtmaq məqsədi və qayəsi ilə"  nəşrə başlayan ədəbi-elmi tədqiqatlar məcmuəsi "Azərbaycan yurd bilgisi"nin  11-12-ci nömrələrində M.Şakir adlı müəllifin "Azəri şairi Nəsiminin namına mukayyet" (bağlı - T.A) basılmamış parçalar" adlı məqaləsi dərc edilmişdir. Yazıdan aydın olur ki, müəllif 15 ildən çox bir müddətdə cünklərdən (aşıq şeiri ilə yanaşı,  az da olsa, qəzəl nümunələrinin yazıldığı dəri üzlü dəftərçələr - T.A) topladığı klassik ədəbiyyatın Yunus Əmrə, Niyazi Misri, Aşıq Ömər, Yesari və Haki kimi nümayəndələrinə məxsus nümunələri araşdırmaqla məşğuldur".

A.Tahirli daha sonra 1949-cu ildə Ankarada yaradılan Azərbaycan Kültür və Dayanışma Dərnəyinin 1952-ci ildən çap olunmağa başlayan "Azərbaycan" jurnalında İ.Nəsimi ilə bağlı çap olunan materiallara diqqəti yönəldir. "Professor İsmayıl Hikmət Ərtaylanın (1889-1967) "Nəsimi", (1958-ci il, ¹80-81, səh.14-19; 1959-cu il, ¹82-83, səh. 13-17; ¹85. səh.22-25); Yunus Lənkəranlının "Nəsimi" (1369-1417)", (1987-ci il, ¹259. səh.53-59) sərlövhəli məqalələri, eləcə də "Nəsimi haqqında konfrans", (1958-ci il, ¹80-81, səh. 13-14), "Nəsimi 600. Doğum Yıldönümündə anıldı" (1973-cü il, ¹208, səh.54) adlı yazıları maraq doğurur: jurnal Nəsimi haqında məqalələrlə kifayətlənməmiş, qüdrətli söz ustasının əsərlərindən də "Nəsimidən" rublikası ilə nümunələr də dərc etmişdir (1973-¹208, səh.25). Həyatı və yaradıcılığı ilə Azərbaycana sıx tellərlə bağlı olan professor İsmayıl Hikmət Ərtaylanın (1933-1934) Azərbaycan ədəbiyyatşünaslığı, təhsili qarşısındakı xidmətlərini xüsusilə vurğulamaq və dəyərləndirmək lazımdır: O divan və tənzimat ədəbiyyatı şair və yazıçıları, o cümlədən, Azərbaycanın görkəmli ədəbiyyat, elm və dövlət xadimlərindən Şah İsmayıl Xətai, Murtuzaqulu  xan Zəfər; Həsən xan Şamlı haqqında dəyərli monoqrafiya, məqalələr qələmə almışdır".

Abid Tahirli  daha sonra həm İ.Hikmətin, həm də Y.Lənkəranlının Nəsimi ilə bağlı araşdırmasındakı vacib məqamları göstərir.

Professor Paşa Əlioğlunun "Nəsimi yaradıcılığının tədqiqi tarixi barədə" məqaləsində Orta əsrlər mənbələri, təzkirələri xatırladılır. Ərəb tarixçilərindən İbn Hacər əl-Əsqəlani (XV), Əbuzər Əhməd əl-Hələbi (XV), Şəmsəddin Səxavi (XV), İbn əl-İmad əl-Hənbəli (XVII), Osmanlı müəlliflərindən Həsən bəy Rumlu (XV), Lətifi (XVI), Bəyani (XVI) və başqalarının tədqiqatlarını sadalayır. Nəsiminin ölümündən 23 il sonra, 1440-cı ildə Ömər ibn Məzidin tərtib etdiyi "Məcmuatun-nəzair" adlı nəzirələr toplusundan Nəsiminin Anadolu bölgəsində məşhur olduğu faktını yazır. Eyni zamanda, F.Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi" kitabında Nəsiminin adının yanlış olaraq XVIII-XIX əsrlərdə yaşamış şirvanlı şairlər sırasında çəkilməsi də vurğulanır. Y.V.Çəmənzəminlinin, S.Mümtazın, C.Qəhrəmanovun, Ə.Səfərlinin, Q.Paşayevin tədqiqatları ilə yanaşı, 1990-cı illərdə H.Ayanın Nəsimi divanına həsr edilmiş araşdırması da  əhəmiyyətli fakt kimi qeyd olunur.  Nəsiminin anadilli divanının ilk dəfə Türkiyədə 1844, 1869 və 1880-ci ildə işıq üzü görməsi faktı Azərbaycanda 1970-ci illərdə bu sahədə görülən işlərlə müqayisəli şəkildə əks edilir. Nəsiminin 600 illik yubileyi dövründə C.Qəhrəmanovun irimiqyaslı fəaliyyətinə nəzər salınır və s. Türkiyə alimlərindən F.Köpürlü, M.Şakir, Ə.Gölpınalı, İ.Oqun, C.Öztelli, K.Kürkçüoğlu, Ö.Şenödeyicinin də adı dəyərli tədqiqatçılar sırasında çəkilir. Avropa alimlərindən isə H.Purqştall, Gibb, N.Ritter, K.Hüart, F.Babiger, E.Braun, A.Bombaçı və başqalarının Nəsimi irsi, həyatı və ictimai-siyasi mühiti ilə bağlı, professor Zümrüd Quluzadənin Nəsimi fəlsəfəsi, Ə.Dəmirçizadə, V.Aslanov, T.Hacıyev, S.Əlizadə, Y.Seyidov, E.Əlibəyzadə kimi alimlərin isə Nəsimi şeirinin dili haqqındakı məqalə və kitabları barədə bəhs olunur.

P.Əlioğlu həm də müasir ədəbiyyatşünaslıqda bütün elmi araşdırmalarını İ.Nəsimiyə həsr etmiş filologiya üzrə fəlsəfə doktoru S.Şıxıyevanın maraqlı tədqiqatlarını xatırlatmış və onun yeni monoqrafiyasının yaxın zamanlarda işıq üzü görməsini bildirmişdir.

Sonrakı səhifələrdə filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın "Azərbaycan ədəbi dilinin inkişafında Nəsiminin rolu və yeri"məqaləsi böyük şairin dili ilə bağlı maraqlı detalları incələyir. Göstərilir ki, Azərbaycan ədəbi dilinin tarixini özündə aydın şəkildə əks etdirən Nəsiminin dili xalq dilinə məxsus söz və ya ifadələrin zəngin, rəngarəng və orijinal formaları ilə diqqəti cəlb edir, onun zəngin ədəbi irsi həm də fraziologizmlərlə dolğun dil palitrası yaradır.

Qüdsiyyə Qəmbərova bu nəzəri fikirləri şeir mətnlərinə tətbiq edərək əsaslandırır və şairin bir çox misralarını dil baxımından təhlil edir.

Filologiya üzrə elmlər doktoru Rahid Uluselin "İmadəddin Nəsimi və Nikolay Kuzanlı" məqaləsi isə Nəsimi şəxsiyyətinə və yaradıcılığına fərqli ampluadan baxış assosasiyası yaratdı.

Xristian katolik ruhanisi Nikolay Kuzanlı (XV əsr) ilə İ.Nəsimi müqayisəsində aydın məsələdir ki, ilk növbədə dünyanın fəlsəfi dərki, dinə maksimal dünyagörüş kontekstində baxış erudisiyası ekvivalentliyi diqqəti cəlb edir. R.Ulusel Nəsimidən sonra tanınmış (Nəsimi edam ediləndə Kuzanlının 16 yaşı varmış) N.Kuzanlını xristian dinində islahatlar uğrunda mübarizə aparan təfəkkür sahibi kimi təqdim etməmişdən Şərq mütəfəkkiri İ.Nəsimi panteizminin tezislərini açıqlayır. Vəhdəti-vücud konsepsiyası elmi-fəlsəfi-dini və Nəsimi poeziyasında həm də poetik rakurslardan izah edilir. Allah-Kainat-İnsan vəhdətinə rasianalist baxış nəzəriyyəsi hər iki qütbdə (Şərq-Qərb; Xristian-İslam; İ.Nəsimi-N.Kuzanlı) eyni obyektiv meyarlarla təhlil edilir.

R.Ulusel  göstərir ki, "Ənəlhəqq" - bəyanı Allahla İnsan arasında yerlə göy arasındakı qədər uzaqlıq təsəvvürü yaradanlar üçün qorxulu oldu. Bütün uzaqlıqlar, bütün ayrılıqlar ortaq məxrəcə gətirildi, bu uzaqlıq Allahdan qığılcım kimi qopmuş insana qədər qısaldı.

Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol

Ol kim, aydır bu zəminü-asimanın  nuriyəm!

Həq gördü vü Həq ded, Nəsimi nə desin kim...

"Dünya insana yığılır, yığılır, nüvələşir, cövhərləşir, cilalanır və tam, mütləq kamilliyində, əlçatmaz heyrətinin zilində birdən daşaraq özünü həm Vəhdəttək, həm də sayrışan moduslarında saçır.

Xristian ilahiyyatçısı Nikolay Kuzanlının vəhdət fəlsəfəsi dünyanın məhz intibah dərki modelində həmin fəlsəfənin Nəsimisi ilə tutaşır..."

Məqalədə dünya haqqında Nəsiminin fəlsəfi  misraları, N.Kuzanlı aforizmləri ilə paralel şəkildə diqqətə çatdırılır. Bu cür yanaşma -  Azərbaycan klassikini onun müasiri,  ən yaxın zamanda yaşamış əqidədaşı ilə müqayisəli şəkildə təqdim etmək metofologiyası yəqin ki, ilk təşəbbüsdür. "Ulduz" jurnalının Nəsimiyə həsr edilmiş nömrəsində Rahid Uluselin bir ədəbiyyatşünas və fəlsəfi fikir üfüqlərini elmi üslub kontekstində mətnin üzünə açan modern düşüncə sahibi kimi yeniliyi gələcək tədqiqatlar üçün də örnəkdir. Onun məqaləsinin ideyası mesaj verir ki, Nəsimi tək Şərq və İslam qapalılığında deyil, Qərb fəlsəfi-estetik və ədəbi-bədii, dini görüşləri fonunda da tədqiq və təhlil olunmalıdır. Nəsimi fövqə qalxmalı, bəşəri ideyalar meyarında dünya ədəbiyyatına, elmi-mədəni düşüncə arenasına çatdırılmalıdır.

Professor Gülşən Əliyeva-Kəngərlinin "Poetik fəlsəfənin Nəsimi mərhələsi"məqaləsi Nəsiminin-

Canımın, cana, vüsalın can içində canıdır,

Cana canü cana canü canü həm cananıdır

 

- beytinin təhlili ilə başlayır. Daha çox şeir parçaları əsasında Nəsimi fəlsəfəsini bədii mətn kontekstində açmağa çalışan müəllif əsasən "can", "canan", "cahan" anlayışlarını klassik ədəbiyyatşünaslıq nümayəndələrindən (Əkrəm Cəfər və başqaları)  sitatlar əsasında sufizm-hürufizm müstəvisində təhlil edir. İ.Nəsiminin sufi görüşləri onun sələfləri və xələfləri ilə müqayisəli şəkildə açılır.

Jurnalda yer alan irihəcmli məqalələrdən biri də mənimdir. "Ədəbiyyatşünaslığın klassik irs problemi: İmadəddin Nəsimi" adlanan məqalədə bir çox klassiklərimiz kimi, İ.Nəsiminin də sovet ədəbiyyatşünaslığı metodologiyası ilə tədrisi, təhlili məsələlərinə münasibət bildirmiş və konkret faktlar əsasında bu gün dünyaya lazımi şəkildə tanıdılmayan klassiklərimizə etinasız münasibət problemini qaldırmışam.

Bu nömrənin fərqli və maraqlı cəhətlərindən biri də Nəsiminin 600 illiyi qarşısında "Ulduz" jurnalında 50 il öncə çap olunan materiallara da nəzər salınmasıdır. O illərdə nəşr edilən məqalələrdən seçmələr təkrar çap olunaraq xatırladılır.

AMEA-nın müxbir üzvü Kamran Əliyevin "Nəsimi yaradıcılığında folklorizmlər" məqaləsi vasitəsilə Nəsimi poeziyasındakı əfsanəvi obrazlar və süjetlər, xalq mərasimləri, adət-ənənə şəklini almıış oyunlar, xalq deyimləri və s. bu kimi xalq yaradıcılığı elementlərinə diqqət yönəldilir. Məcnun, Fərhad kimi dillər dastanı olmuş aşiqlərlə bağlı misralar, Simurq quşu əfsanəsinin Nəsimi şeirində ifadəsi incə detallarla izah edilir.

Sənin eşqində, ey Leylisifətli,

Ki, Məcnun olmuşam aləmdə məşhur.

Gəlmişəm didarına ta canımı qurban edəm,

Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.

"Hətta maraqlıdır ki, yel Novruz bayramının atributu kimi  Nəsimi şeirində müəyyən vasitəyə çevrilmişdir.

Sən Nəsimi razini, ey dan yeli, yarə yetir

Kim anın halı pərişan, biqərar oldu yenə"

Və nəhayət jurnal İ.Nəsimi sözü ilə tamamlanır. "Sındır qəfəsi tazə gülüstan tələb eylə!" başlığı altında seçmələri neçənci dəfəsə oxuyuruq...

Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti haqqında bu sayda oxuduqlarımız təkcə bilgimizi artırmır, həm də bu möhtəşəm irs haqqında daha fundamental layihələr, daha maarifləndirici işlər görmək üçün ideya qapıları açır.

İnanırıq ki, "Ulduz" jurnalının bu cür layihələri davamlı və sistemli olacaq. Bu uğurlu işə görə "Ulduz" jurnalının yaradıcı heyətini təbrik edir və gələcək fəaliyyətlərində uğur arzulayıram.

06.05.2019.

 

 

İradə MUSAYEVA

 

525-ci qəzet.- 2019.- 11 may.- S.18;24