Qəşəm, sən xoşbəxtsən ki...

 

 

QƏŞƏM NƏCƏFZADƏ-60

 

 

 

Çağdaş poeziyamızın inkişafında xüsusi xidmətləri olan, bu günümüzün reallığını özündə əks etdirən, ona yeni töhfələr verən şairlərimizdən biri də Qəşəm Nəcəfzadədir.

 

Onun poetik dünyası keçən əsrin 80-ci illərinə təsadüf etsə də, o, öz yaradıcılığında müasir dünyamızın gerçəkliklərini, onun yadda- qalan unudulmaz anlarını bədii boyalarla təsvir etməklə dərin ümumiləşdirmələr aparır, öz xalqının, millətinin müdrikliyini, onun psixologiyasında özünü göstərən səciyyəvi cəhətləri bütün təbiiliyi və səmimiliyilə qələmə alır. Şairin şeirləri öz əhatə dairəsinin genişliyi, zənginliyi, rəngarəngliyi və aktuallığı ilə fərqlənir. Vətənə və xalqa məhəbbət, torpağa və təbiətə bağlılıq, ülvipak sevgi hisslərinin tərənnümü, düşmənə qarşı sonsuz qəzəb və nifrət onun şeirlərinin ana xəttini təşkil edir.

 

Öz şair taleyini xalqın taleyinə bağlayan Q.Nəcəfzadə yüksək əxlaqi dəyərlərə söykənən poeziya nümunələri yaradaraq Vətən oğulları ilə birlikdə bir çiyin-çiyinə dayanmağı bacardı :

 

Al qılıncı, vur düşməni, böl iki,

Bu düşmənlər səni elə bölüb ki...

İnnən belə şeir vaxtı deyil ki

Bu şeiri yazan ölsün, ay vətən!    

 

("Ay Vətən")

 

Şair erməni  işğalçılarının İmişlidən olan  9 çobanın Laçın yaylaqlarında amansızlıqla qətlə  yetirilməsinə dözə bilmir. Bu məsum, günahsız insanların qəddarlıqla öldürülməsi onun qəlbini  qana döndərir:

 

Doqquz çoban öldü dağlarımızda,

Yıxıldı torpağa əl ağacları.

Elə bil  sıyrıldı  ağacın üstən,

Körpə quzuları - tumurcuqları.

 

"Gedin düşmənə deyin" şeirində isə şair bəşəriyyəti dərindən düşündürən daha geniş, qlobal məsələlərə toxunur. Yeni-yeni silahların "doğulması" insanlığın yer üzündən silinməsinə, onun məhvinə gətirib çıxarar:

 

Deyin, başlarından böyük silah

düzəltməsinlər,

Raketləri maşınlara yükləyib

meşədə gizlətməsinlər.

Quş yumurtalarına topların

səsi qan çiləməsin deyin.

Yüz tankın kölgəsi dərin deyil

Bir quş qanadı qədər.

 

("Gedin düşmənə deyin")

 

Hər bir şairin yaradıcılığında təbiət gözəlliklərinin bədii təsvirinə rast gəlmək mümkündür. Təbiətin gözəllikləri o zaman daha təbii və mənalı olur ki, çayların qıjıltısı da, şimşəyin çaxması da, yağışların yağması da, qartalın zirvədə qıy vurması da, lalənin yamacda tonqal kimi yanması da, yarpaqların pıçıltısı da... insanın mənəvi dünyası ilə bağlı olsun. Q.Nəcəfzadənin şeirlərində də təbiətin ürək açan füsünkar gözəllikləri insanı valeh edir. Şair qələmə aldığı hər hansı təbiət  hadisəsini poetik bir dillə mənalandırmağı bacarır. O, insanın  təbiətlə vəhdətdə  təsvirini verməklə onu təbiətin bir parçası sayır.  Buludlardan torpağa yağış damlaları yox, sanki bənövşə ləçəkləri yağır.  Elə buna görə də daşlara toxunan hər  yağış  damlası bənövşə ləçəklərini xatırladır.

 

Saçımda, boynumda yağış qoxusu,

Üstümüz, başımız gül ləçəkləri.

Əlimi cibimə atdım; bənövşə,

Cibimə düşmüşdü damcının biri.

 

Asfaltın üstündəki çala su ilə doludur. Ancaq o sudan əl uzadıb  bir ovuc götürən də yoxdur. Əgər o sudan götürsən, o zaman "əlində çiçəklər baş qaldıracaq". Sən bu çiçəklərin əsrarəngiz sehrinə düşəcəksən.

 

Hərgah o suya  əl vurmasan, o çiçəklər ayaqlar altında qalıb məhv olacaq. O damcılardan saçlarına düşsə orada bənövşələr bitəcək. Gedib öz körpə balanı qucağına götürsən, bu bənövşələr onun ruhuna keçəcək:

 

İpək saçlarında bənövşə bitir,

Gülümsünür sənə çiçək Allahı.

Yeri, qucağına balanı götür,

Keçəcək balana bənövşə ruhu!

 

("Hər yağış damlası bir bənövşədir")

 

Bənövşə haqqında Aşıq Qurbanidən tutmuş, S.Vurğuna, M.Yaquba kimi onlarla şairimiz şeirlər yazıb. Hər bir şair onu öz şeirlərində  istədikləri kimi mənalandırıblar. Q.Nəcəfzadənin  şair Xəqani Həbiboğluna ithaf etdiyi "Məni bir az gözlə" şeiri isə tamam başqa ovqat üstündə köklənib:

 

Məni bir az gözlə Xəqani müəllim,

Bənövşəyə salam verib gəlirəm.

Bir gülvar səndən salam gətirib,

O salamı güldən dərib gəlirəm.

 

("Məni bir az gözlə")

 

Şairin yaradıcılığında sevgi motivləri üstünlük təşkil edir. Onun şeirləri ilk baxışdan monoton təsiri bağışlasa da, inikasın dərinliyi, həyat və həqiqət rəngləri onun şeirlərinə polifonik ruh verir, bədii idrakın üfüqlərini genişləndirir:

 

Adına yazmışam isti bir şeir,

Bir az kəndimizdən qatmışam ona.

Gülüm, insanlardan işıq gətirdim

Şeirimin qaranlıq misralarına.

 

Bəzən lirik qəhrəman həsrət vüsal düşüncələri içərisində çırpınır. Onun, sevgi yolları enişli, yoxuşlu olsa belə, "ipə-sapa" yatmayan bu misralarda sevən bir qəlbin ürək döyüntüləri eşidilir, alova çevriləcək sevgi qığılcımları görünür:

 

Mənim ürəyimin sevgi yolları

Enişdi, yoxuşdu, dərədi, düzdü.

Misralar sən üçün darıxdığından,

İpə-sapa yatmır qafiyəsizdi.

 

Qəşəm həssas qəlbli bir şairdir. O şeirlərində hiss duyğularını, arzu düşüncələrini poetik bir dillə mənalandırmanı bacarır. Bir gün şəhərdən kəndə qayıdan şair çəpərdən boylanaraq Qəşəmi çağırır. Ana öz oğlunu tanıya bilmir. O elə zənn edir ki, oğlunu səsləyən başqa birisidir. Ancaq sonradan oğlunu tanıyan ananın sevinci yerə-göyə sığmır:

 

Anamın saçları qaralır bu dəm,

Çiçəyi çatlayır qocalığının.

Səsimi o elə qucaqlayır ki,

Əyilir "beli" ucalığının.

Anamın qolunda qalıbdır yuvam,

Gombul körpəliyim əlimi sıxdı.

Aman fikirləşir, neyləsin balam,

Şəhərdə olanın hamısı arıqdı.

 

("Kəndə qayıdanda")

Həqiqi şairlər kimi, Qəşəm müəllimin şeirlərinin predmeti şairin özüdür. Onun ən yaxşı şeirləri təsvirdən, tərənnümdən öncə özümü təhlildən başlayır:

 

Bütün günü qocalmağa tələsirəm,

İstəyirəm əllərim qocalıq puluna

təhvil verilənə kimi - Qocalmaq...

Günlərin bir günü, Qəşəm,

Qocalıq pulu gecikəndə

Qoyarsan kartını ayağının altına

Çıxarsan üstünə...

Başlayarsan ötən illərini ayaqlamağa...  

 

("Qocalıq")

 

Budur, şair ömrünün ümidsizlikdən doğan kədərli anları. Lakin  o, pessimizmə qapılıb qalmır, düşdüyü bu çətin vəziyyətdən çıxış yolu arayıb axtarmağa çalışır. Şair sanki öz-özünə təsəlli verirmiş kimi "Gülümsə, Qəşəm, gülümsə" - deyir:

 

Qəşəm, xoşbəxtsən ki, səndə bir sirr var,

Ələnir başına yarpaqlar, quşlar, yağışlar...

Topu sənin ayağına vurur uşaqlar, 

Gülümsə, Qəşəm...

    

("Gülümsə, Qəşəm")

 

Şair şeirin sonrakı bəndlərində müəyyən həyat həqiqətlərilə əlaqədar olaraq, onu narahat edən, düşündürən fikirlərini şərh etmişdir.

 

Bədii dil üslub baxımından Qəşəmin şeirləri diqqətəlayiqdir. Onun poeziyasında obrazlı təfəkkür, həyat hadisələrinə fəal münasibət, aydınlıq axıcılıq diqqəti cəlb edir. Şeirlərindəki səmimilik oxucunu ruhlandırır. Qələmə aldığı mövzunu çox vaxt bitkin bir dillə, poetik bir şəkildə oxucuya çatdıra bilir.

 

Bu gün qələm dostumuz Qəşəm müəllimin 60 yaşı tamam olur. Bu gözəl gündə şairə mənalı ömür, can sağlığı və həyatda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Vəliyulla NOVRUZ

 

525-ci qəzet.- 2019.- 11 may.- S.19.