"Qarabağ"ın Anayasası
2004-cü ilin ortalarında
Tahir Gözəlin iştirakı ilə
"Qarabağ" rəhbərliyinin
keçirdiyi mətbuat
konfransında maraqlı
bir hadisə yaşandı.
Əslən Ağdamdan olan tanınmış jurnalist
Rövşən Binnətlinin
sualı, daha doğrusu, xahiş/ təklifi çoxları kimi, yəqin elə Tahir bəyin özü üçün də gözlənilməz olmuşdu.
Rövşən Binnətlinin
istəyi nə idi və klub
rəhbərliyinə cəmi
1 il əvvəl
gələn Tahir Gözəl ilk baxışda
qəbuledilməz görünə
biləcək bu təklifə hansı cavabı vermişdi, buna yazının gedişatında toxunacağıq.
İndi
xüsusi olaraq bir məsələnin üzərinə gəlməyi
vacib bilirəm ki, bunun üçün
də həmin tədbirdən 3 il
əvvələ, yəni
2001-ci ilə qayıtmalı
oluram. Həmin o dövrə ki,
Ağdamın işğalından
sonra uzun illər "Qarabağ"a
sponsorluq etmiş şəhərin və bölgənin fədakar, xeyirxah insanlarının maddi durumu get-getə pisləşmiş,
bu səbəbdən onların kluba kömək etmək üçün iqtisadi gücləri qalmamışdı.
Bunun zərbəsi də əlbəttə, birbaşa
kluba dəymişdi.
O dərəcədə ki,
Azərbaycan futbolunun nəhənglərindən olmuş
komanda 1990-cı illərin
sonlarından yaşamaq
uğrunda son nəfəsi
verməyə başlamışdı.
2000-ci ildə isə bütün Ağdam camaatını üzən
və ciddi əsası olan daha bir xəbər
yayılmışdı: "Qarabağ" dağılır
və bir daha olmayacaq!
Təbii,
"Qarabağ"ın olmaması
bir tərəfdən
Azərbaycan futbolu üçün itki idi, amma daha
da pisi o idi ki, torpağı
işğal olumuş
insanların yeganə
təsəlli yeri olan komanda göz
görə-görə itirdi, məhv olurdu. Və məhz belə bir ağır anda klubun o vaxtkı
prezidenti (mərhum Adil Nadirov) növbəti
dəfə yeni sponsor
axtarışına çıxdı.
Bir müddət sonra onlara Azərbaycanın iqtisadi bazarına yenicə daxil olan, sonradan uğurlu fəaliyyəti ilə şirkətdən
holdinq kimi nəhəng bir biznes qurumuna çevrilməyi bacaran
"Azərsun"dan müsbət
cavab gəldi. Şirkətin prezidenti Abdolbari
Gözəl "Qarabağ"ın
o vaxtı rəhbərliyinin
müraciətinə həssaslıqla
yanaşaraq, hər hansı maddi gəlir əldə etməyəcəyini, əksinə,
özünün ilk illərdə
yüzminlərlə dollar həcmində
xərcə düşəcəyini
bildiyi halda komandaya sahib oldu. Daha doğrusu, "Qarabağ"ı
ölümün pəncəsindən
aldı.
Əlbəttə, Gözəl bəyin bu nəcib, xeyirxah addımı ilk gündən minnətdarlıqla
qarşılandı. Üstündən
az qala
20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq,
Ağdam bölgəsindən
olan tanınmış
ziyalılar Abdolbari bəyin komandaya çətin gündə
dayaq olmasını söyləməyi indiyədək
özlərinə vəfa
borcu bilirlər. Amma bu yerdə
"Azərsun"un sponsorluğunun ilk illərində
istənməyərəkdən, yaxud o vaxt sırf
futbol təcrübəsinin
azlığındanmı komandanın
azarkeşlərinin qəlbinə
dəyən bir hadisəni də xatırlamalı oluram. Gərək ki, 2002-ci ildə klubun adı önünə
"Azərsun"un da adı əlavə
edilmiş, beləliklə
də komandanın adı dəyişərək
"Qarabağ-Azərsun" olmuşdu. Və Rövşən Binnətli
Tahir Gözələ
mətbuat konfransındakı
müraciətində məhz
bu məsələni qaldırmaqla "Qarabağ"
azarkeşlərinin məyusluğunu
ona çatdıraraq komandanın adından
"Azərsun"un adının çıxarılmasını
xahiş etmişdi.
Azərbaycanda bir çox özəl şirkətin
sponsorluq məsələsində
milli deyil, şəxsi maraqları daha öndə tutduğunu nəzərə
alsaq, klub rəhbərliyinin Rövşən
Binnətlinin bu istəyinə biganə yanaşacağını düşünmək
olardı. Amma Tahir Gözəl
elə həmin mətbuat konfransında vəd etdi ki,
komandanın adından
"Azərsun" sözü
çıxarılacaq. Tezliklə Gözəl ailəsi Ağdam camaatının istəyini anlayış və hörmətlə qəbul etdiyini həm də əməli ilə təsdiqlədi. 2004-cü
ildə Ağdam klubu yenidən oyunlara əvvəlki və bundan sonra həmişə əbədi qalacaq "Qarabağ" adı ilə çıxmağa
başladı.
***
2003-cü ildə Abdulbari
Gözəlin təşəbbüsü,
nəzarəti və rəhbərliyi ilə
"Qarabağ" klubunda
yeni struktur formalaşdırıldı. Klubun vitse-prezidentliyinə o vaxt
cəmi 31 yaşı
olan Tahir Gözəl, direktorluğuna
isə hələ 26 yaşı tamam olmamış Emrah Çelikel gətirildi. Gənc, amma daha da
önəmlisi futbol təcrübəsi heç
olmayan bu iki şəxs daha çox dələduzların, çirkli
oyun ustalarının meydan suladığı Azərbaycan futbolunda necə duruş gətirə bilərdilər
və necə gətirdilər? Ötən ilin
elə bu vaxtlarında Tahir Gözəllə müsahibəm
zamanı bu məsələyə toxunmaya
bilməzdim. Odur
ki, ona belə
bir sual ünvanladım:
- "Qarabağ"a rəhbərliyinizdən
15 il keçir.
Yanılmıramsa, Azərbaycanda heç
bir klubun rəhbərliyi eyni yerdə bu qədər
uzun müddət çalışmayıb. Bir "Qarabağ"dı, bir də "Qəbələ".
Klubunuzun
adı da maliyyə yeyintilərində
demək olar, hallanmayıb. Maraqlıdı,
"Qarabağ"ın idarəetməsinə
insanları hansı kriteriyalara görə seçirsiniz və bu davamlılığın
qaynağı haradı?
- Bunun əsası Gözəl bəyin (Abdolbari Gözəl - A.B.) ürəyidir. "Qarabağ"ın əsası dürüstlükdür, təmizlikdir, xoşməramlılıqdır, ciddiyətdir. Biz ilk başlayanda futbolda təcrübəsiz idik. Çox acı təcrübələrdən keçmişik. Elə məşqçilər gətirdik ki, fikirləri klubdan başqa hər şeydə idi. Ancaq özlərini düşünürdülər. Komandada intizam qura bilmirdilər, özləri də intizamsız idilər. Bizi isə bir yerdə saxlayan xoş niyyətimiz oldu. Həmişə işə ciddiyyətlə baxdıq və özümüzə sual verdik ki, bu klub üçün nələr edək? Məqsəd klubu idarə etməkdisə, iki oyun alıb-satmaqla nəyə nail olacaqsınız? Bizim üçün ilk məqsəd heç vaxt çempion olmaq deyildi. Çempionluğu istəyirdik, amma əsas məqsəd bu çempionluğa nail ola biləcək klub və onun gücünü yaratmaq idi. Biz özümüzü heç vaxt aldatmadıq. Deyək ki, bir il çempion olduq. Amma mən deyirdim ki, qarışqaların dünyasında fil olmağın nə mənası var? Əgər sənin fikrin böyük deyilsə, qarışqa kimi qalmısansa, qarışqalar aləmində kral olmağın xeyri yoxdur. O vaxt Azərbaycan futbol dünyası da çox şeyə hazır deyildi. Oyunlar alınırdı, satılırdı. Nizam-intizam yox idi. Kefimizin pozulduğu çox anlar olurdu.
Beləliklə, 2003-2008-ci illər "Qarabağ"ın tarixinə daha çox klubun düzgün idarəetmə sisteminin qurulması dövrü kimi daxil oldu. Abdolbari Gözəlin rəhbərliyi, Tahir Gözəl və Emrah Çelikelin idarəçiliyi ilə "Qarabağ"da uğurlu personal yaranmağa başladı ki, o personala daxil olan iki şəxs - Asif Əsgərov (hazırda baş menecer) və Nurlan İbrahimov (hazırda mətbuat xidmətinin rəhbəri) hazırda nəinki klublarında, bizim futbolda artıq zəngin karyeraya malik əsl peşəkar kadrlar kimi özlərini təsdiqləyiblər.
Amma əlbəttə, klubu qorumaq, yaşatmaqla yanaşı, nəhayət, güclü bir futbol komandası yaratmaq da lazım idi. Qurban Qurbanovun baş məşqçiliyə gətirilməsinin nə qədər doğru qərar olduğunu söyləməklə yeni nəsə demiş olmayacağıq. Amma bununla yanaşı, Q.Qurbanovun rəhbərliyi altında 108 illik futbol tariximizdə ən yüksək uğurlara da məhz "Qarabağ"ın nail olduğunu söyləməliyik. Qısa statistika: Çempionlar Liqasının qrupu (ilk dəfə), 4 dəfə (ən çox) Avropa Liqasının qrupunda oynamaq, dalbadal 6 dəfə Azərbaycan çempionluğu. İkinci belə klubumuz yoxdur.
Qurban Qurbanov özünün və komandasının üzərində daim işləməsi, işə məsuliyyəti, ciddiyyəti və yüksək peşəkar tələbkarlığı bu uğurların başlıca səbəbidir. Bir məşqçi üçün ən vacib şərtlərdən biri də rahat bir mühitin, daha dəqiqi, komandada yeganə söz sahibinin onun özünün olmasıdır. Bu halda o, həm yaxşı düşünə bilir, həm də ideyalarını həyata keçirməyi bacarır. Klub rəhbərliyinin məşqçi işinə müdaxiləsi birmənalı şəkildə yolverilməz və qəbuledilməz haldır. Azərbaycan futbolunda onlarla fakt göstərmək olar ki, sırf bu məsələyə görə klub uğur əldə edə bilməyib, həm komandanın nəticələrinə, həm də məşqçinin karyerasına, inkişafına ciddi zərbə vurub. "Qarabağ" rəhbərliyi isə Qurban Qurbanovun komandaya gəldiyi gündən (2008) ailə ortamı yaratmaqla yanaşı, onun işinə nəinki müdaxilə etmədi, əksinə, hər zaman məşqçisinə dəstək oldu, heç vaxt onun arxasınca gizli işlər görmədi. Bu mənada, futbolumuzun Qurban Qurbanov kimi nadir bir mütəxəssis qazanmasında "Qarabağ" rəhbərliyinin öz məşqçisinə dürüst münasibəti az rol oynamadı. 2010-cu illərin əvvəllərində "Qarabağ"ın müəyyən uğursuzluqları zamanı, hətta azarkeşlər baş məşqçisini istefaya səslədiyi zaman klub sona qədər məşqçinin arxasında durdu, ona dəstək oldu, yerinə başqa məşqçi gətirməyi ağlından belə keçirmədi. Bu, bir tərəfdən, əlbəttə, Qurban Qurbanovun şəxsiyyəti faktorunun qəbul edilməsinin göstəricisi, digər tərəfdən də klubun rəhbərliyinin artıq mərd, kişiyana davranışı, dostluğa sadiqliyinin isbatı idi.
"Qarabağ"a ölüm yatağındaykən əvvəl nəfəs verib yaşadan, sonra əl verib ayağa qaldıran, sonra ayaqda dik saxlayıb hamıdan güclü edən də bu sadiqlik idi. Və bu sadiqliyin adı dəyərdi.
Yəni "Qarabağ"ın Anayasası!
Aydın
BAĞIROV
aydinbagirov@gmail.com
525-ci qəzet.- 2019.- 11 may.- S.23.