Musa Yaqubla
söhbətlərin unudulmaz dadı
Gah "Öyrətmə
özünə, öyrətmə
məni"- deyir, gah da "Apar
məni bu ümidin dalınca" xahişi ilə aldanışa da, təhlükəli öyrənmələrə
də hazır olduğunu göstərir. "Bu dünyanın qara daşı"yla başı
dərddədir. Çünki həqiqəti anlayan tək-tük insanlardan biridir. Bilir, yaxşı bilir
ki, dünyanın qara daşı göyərən deyil.
Gör özü bu həqiqətə necə
inanırsa, hamımızı
onilliklərdir bircə
sözüylə inandırmağı
bacarıb. Füzulinin "aldanma ki, şair
sözü, əlbəttə,
yalandır" fikrini
də bir kənara qoyub dünyanın qara daşının göyərməyəcəyi
günü "gözləyirik".
Musa Yaqubdur o... Misilsiz şeirlər müəllifi,
bircə adıyla, imzasıyla, hər misrasıyla Azərbaycan ədəbiyyatına öz
möhürünü vuran
şəxsiyyət... Şair
adının boyuna, buxununa, şeirlərinə
ölçülüb-biçildiyi
Adam...
***
Görüşməyi arzuladığım adamlardan
biri idi Musa Yaqub. Şeirləri insanla elə
söhbətlər edir
ki, artıq onu öz səsinlə
yox, onun səsiylə dinləmək
istədiyini kəşf
edirsən. Bu kəşfimi etdiyim günlərdə həm Qafqaz Universitetində oxuyurdum, həm də Bakı Slavyan Universitetində.
BSU-da "Yaradıcılıq"
fakültəsindəki çevrəmiz
elə qələm adamları olduğundan söhbətlərimiz də
müasir ədəbiyyat,
söz, poeziya, şeir olardı. Musa Yaqub da söhbətlərimizin əsas
mövzularından biri
idi. Mən onunla hər görüşmək istəyimi
dilə gətirəndə
yoldaşlar onun İsmayıllıda yaşadığını,
Bakıya çox az gəldiyini
deyirdilər. Mən də naəlac susurdum...
2015-cı ildə bir
təsadüf nəticəsində
Musa Yaqubla görüşə
biləcəyimizi öyrəndik. Çəkinə-çəkinə zəng edib
istəyimizi deyəndə
o qədər xoş qarşıladı ki, artıq bizi maraqlı və fərqli bir görüşün gözlədiyini
hiss edə bilmişdik.
Məqsədimiz heç də
yüz-iki yüz adamı bir zala yığıb rəsmi bir tədbir keçirtmək,
şairi başda əyləşdirib çıxışlarla
şəninə təriflər
yağdırmaq deyildi.
Biz- bir neçə
gənc onunla çay süfrəsi arxasında oturub rahat söhbət etmək, suallarımızı
vermək, şeirlərini
özündən dinləmək,
tövsiyələrini eşitmək
istəyirdik. Necə
deyərlər, xudmani
və səmimi məclis...
Elə də etdik. Musa Yaqubla ilk görüşümüzü bir çay süfrəsi arxasında reallaşdırdıq. Onunla görüşə
gedərkən "Azərbaycan"
jurnalında şeirlərimin
çap olunduğunu öyrəndim. Yolüstü bir jurnal alıb
təyin elədiyimiz məkana tələsdik.
Bir azdan şair də gəldi. Üzündəki ilıq
təbəssüm, mülayim
baxışlarıyla hamımızla
bir-bir tanış
oldu. Hamımız o qədər həyəcanlı
və sevincli idik ki... Nə danışacağımızı,
nə deyəcəyimizi,
hardan başlayacağımızı
da unutmuşduq. Bizi vəziyyətdən çıxaran
da elə özü oldu. Kim olduğumuzu, nə
yazdığımızı, harda oxuduğumuzu, ədəbiyyata, şairə
münasibətimizi soruşdu.
Sual verməyə gedən bizlər indi Musa Yaqubun suallarını cavablandırırdıq. Bir
az sonra
artıq hamımız
ab-havaya öyrəşmişdik,
çox maraqlı söhbətimiz alınmışdı.
Musa Yaqub durmadan
ədəbiyyatdan, xatirələrindən
danışır, ara-bir
bizim istəyimizlə
şeirlərindən deyirdi.
Söhbətin maraqlı yerində qəfildən qarşımdakı
jurnalı göstərib
"hər sayını
oxuyuram, maraqlı yazılar olur, bu dəfə nə var?"- deyə sual verdi. Qeyri-ixtiyari ağzımdan "mənim şeirlərim"
cavabı çıxdı.
İmkanım olsa, sözü
elə havadaca tutar, yerinə qaytarardım, amma ağzımdan çıxmışdı
artıq. Yerini rahatlayıb: "Hə? Nə yaxşı, gətir, oxuyum"-dedi. Getdim, yanında oturub,
jurnalı verdim.
Jurnalda çap olunan bütün şeirlərimi bir-bir oxudu, sonra isə
"maraqlı yazırsan,
yaxşıdı, davam
elə"- dedi. Özümlə apardığım kitabına da "gənc şair qızıma..." başlıqlı
avtoqraf yazdı.
Sevdiyin şairdən belə bir qiymət
almaq xoşbəxtliyin
özü olmalı idi yəqin ki... Xoşbəxt idim...
***
Şairlə bu cür səmimi
görüşün dadı
damağımızdan uzun
müddət getmədi. Növbəti
il dostlarımız
yenə də onunla görüşmək
istədiklərini dedilər.
Bu dəfə də şairlə danışıb görüşə
razı saldıq.
Məkanımız rəssam Nəvai
Mətinin rəssamlıq
mərkəzi idi.
Yenə də özümüz idik: on-on
iki nəfər. Məclisin moderatorluğunu Musa müəllim
mənə tapşırmışdı.
Və onun istəyiylə bu dəfə görüşümüz
fərqli oldu: gənclər şeir oxudu, şair isə oxunan şeirlər haqqında fikirlərini dedi, tövsiyələrini verdi. Ara-sıra suallarımızdan da yan keçə
bilmirdi amma. Həm də şeirlərini oxumasını xahiş edirdik. Hər iki görüşdə mənim istəyimlə oxuduğu şeir isə təkcə, Musa Yaqub yaradıcılığında
deyil, müasir poeziyamızda ən sevdiklərimdəndir:
Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə
əzab verməsin,
Sən mənə
verdiyin əzaba görə.
Müasir
poeziyadan danışarkən
şairin dediyi bir fikir hamımızın
diqqətini çəkmişdi:
"Gənclərin bu
qədər maddi sıxıntılar arasında
bir yerə yığışmağı, ədəbi söhbətlər
etməyi elə poeziyanın yaşamağı
deməkdir".
Yenə də ümid tökülürdü, təmkin
süzülürdü sözlərindən. Onunla dadına doymadığımız
görüşlərin bir
özəlliyi var:
Musa Yaqub hər zaman işıqlıdır,
sözü də, üzü də. Heç bir mövzuda ümidsizliyə qapılmır,
bizi də ruhdan düşməyə
qoymurdu. Hər iki
görüşdə hər
şeyə müsbət
tərəfdən baxmağı,
mütləq gözəllik
axtarmağı, heç
zaman ümidsizliyə
düşməməyi öyrətdi
bizə. "Şairin ümidi olmasa, nə yaza bilər, nə yaşaya"- deyir Musa Yaqub. Bir də "gəncsiniz, hissləriniz hələ çox üzdədir, amma onları cilovlamağı, yonub öz istədiyiniz hala salmağı bacarın"- deyir.
Hə, bir də azadlıq var- Musa Yaqub azadlığı... Biz gənclərə də
"daxilinizdəki azadlığı
itirməyin, onu heç kimə, heç nəyə qurban verməyin" - deyirdi. Bu tövsiyələri
təkcə yazdığımız
şeirlərə aid deyildi,
elə həyatın özünə də aid idi. O gün, bu gündür qulağımızda səslənir,
heç susmur.
***
Mayın 10-u təbiət şairi, vətən şairi, insanlıq şairi Musa Yaqubun doğum günü idi. Şair uzun
müddətdir xəstəlikdən
əziyyət çəkir.
Hələ illər öncə
bizimlə görüşündə
də "ölüm
haqdır" - deyib vəsiyyətini etmişdi,
nə istədiyini də bilirik. Amma nə onda, nə
indi, nə də heç zaman ona yoxluğu
yaraşdırmayacağıq. Musa Yaqub kimi
insanlar nə qədər yaşasa, yenə də azdır.
Əziz şairimizi doğum günü
münasibətilə təbrik edir, can sağlığı, uzun
ömür arzulayırıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 11 may.- S.15.