Arılı, ballı tapmacalarımız
Təkrar nəşr edilən "Tapmacalar" kitabında ("Şərq-Qərb" nəşriyyatı, Bakı, 2004) 1500-ə yaxın tapmaca içərisində arıçılıqla bağlı 30-a yaxın tapmaca vardır.
Bu tapmacalarda arı pətəyi, arı, bal, mum, vərəmum, güləm, arı südü ilə bağli sirlər üstüörtülü şəkildə ifadə edilmişdir. Bu sirlər mənimçün bir qədər aydın olduğundan başqaları üçün də maraqlı ola bıləcəyini düşünərək şərhini vermək istədim.
Bal Allahın insanlara bəxş etdiyi ən qiymətli, möcüzəli, müalicəvi xüsusiyyətlərə malik nemətdir. Allahın kəlam, olan "Qurani-Kərim"də arı ilə əlaqədar surə və ayələr vardır. "Ən-Nəhl" ("Bal arısı") surəsinin 68-ci və 69-cu ayələrində deyilir:
"Rəbbin
bal arısına belə vəhy (təlqin) etdi;
Dağlarda,
ağaclarda və (insanların) qurduğu yerlərdə (evlərin
damında, üzümlüklərdə)
özünə yuva tik;"
"Sonra
bütün meyvələrdən ye və rəbbinin sənə
göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların)
qarınlarından insanlar üçün şəfa olan
müxtəlif rəngli (ağ, sarı,
qırmızı) bal çıxar. Şübhəsiz ki,
bunda da düşünüb dərk edənlər
üçün bir ibrət vardır!"
İlin isti vaxtında, arının gəliri
çoxaldıqda axşamlar arıxanada uğultu
çoxalır və xoş qoxu gəlir. Qanadları ilə
ventilyasiya yaradıb balın tərkibini dəyişən,
buxarlanma yaradan arıların uğultusu xorla Allah kəlamlarını
oxuyan insan səslərinə oxşayır. Belə vaxtda pətək çərçivə ilə
dolu olur. Bir pətək isə 12 çərçivə
tutur. Bu fikirlər tapmacada belə bildirilir:
Dam-damın
səsi gəlir,
Damnan dəm səsi gəlir.
On iki pəncərədən
Bir Quran səsi gəlir.
Çöllər, düzlər - Yer üzü
Allahın bostanıdır. Bu bostandan qidalananlardan
biri də arıdır. Arının yediyi
şirə - nektardır. Nektar tərkibi şəkər,
zülallı maddələr, üzvi duzlar, mineral maddələr
- sulu karbonlar olan şirədir. Heç şübhəsiz, arı
topladığı məhsulun müəyyən hissəsini
yeyir və bala artımına sərf edir. Belə
müqayisə aparmaq olar ki, əgər bir arı ailəsi 5
kq əmtəə balı verirsə, il ərzində orta
hesabla 70 kiloqrama qədər balı yemiş olur.
Camışlar,
ha camışlar,
Halqabuynuz camışlar.
Tanrısı
bostan əkmiş
Yığıb onu yemişlər.
Bal yeganə
ərzaqdır ki, ora mikroblar daxil ola bilmir. Arının məhsulları
olan bal, arı südü, mum, güləm
və vərəmumun hər birinin müxtəlif xəstəliklərə
qarşı müalicəvi əhəmiyyəti vardır. Məhəmməd
peyğəmbərin (s) hədislərindən birində
deyilir: "Balı yeyin, o, minlərlə xəstəliyi
sağaldır".
Dini rəvayətə görə, Adəm ata və Həvva
nənə cənnətdən qovulduqda özləri ilə
yarpaqlar gətirirlər. Ahu, ipək qurdu və arı bu yarpaqlardan
yeyir. Odur ki, yeni doğulmuş ahunun göbəyinin
qanı quruduqda əmələ gələn müşk, ipək
qurdunun hazırladığı ipək, arının məhsulu
olan bal cənnət məhsullarına bənzəyir.
Otu, gül-çiçəyi yeyən canlıların
bağırsaqlarında qida qalığı qalır, balı yeyən insanın
bağırsaqlarında qida qalığı qalmır. Orqanizm
balı 100 faiz mənimsəyir. Gül-çiçəyi yeyən məhv edən
heyvandan fərqli olaraq arı tozlama aparır, şirə
çəkərək cənnət məhsuluna bənzər
məhsul hazırlayır.
Bir
sürü quzu,
Otlayır düzü.
Nə bir
izi var,
Nə də ki, tozu.
Arı ailəsinin işini qanunauyğunluqlar əsasında
qurulmuş bir cəmiyyətə, dövlətə bənzətmək
olar. Yuvada hər kəs öz işini bilir, heç kəs
işsiz qalmır, tüfeyli həyat sürmür. Arı ailəsində bir ana arı, minlərlə
işçi arı və yay vaxtı bir neçə yüz
erkək arı olur. Ailədə artım
ana arı ilə bağlıdır. Ana
arı qovuqcuqlara mayalanmış yumurtalar qoyur. Həmin yumurtalardan işçi arılar
çıxır. Ana arını işçi arılar
qışda balla,
yayda isə arı südü ilə yemləyirlər.
Yemləyici arılar ana arının ətrafında
mühafizəçi kimi dolanırlar. Görünür
ki, tapmacada bu ifadə olunub:
Dağlarda
lalə gəzər,
Əldə piyalə gəzər.
Nə
doğar, nə balalar,
Dalınca bala gəzər.
Ana arının yumurta qoyması yayda məhsul
güclü olduqda ən yüksək səviyyəyə
çatır.
Normal şərait varsa, ana arı gün ərzində
1500-dən çox yumurta qoya bilir ki, bu da öz çəkisinə
bərabər olur. Bir ananın minlərlə
balası yaranır.
Əzizim
bir anası,
Hərənin öz anası.
Quşlarda
hansı quşdur,
Min bala, bir anası.
Arı
ailəsində bal, mum, güləm, vərəmum
hazırlayan işçi arılardır. Erkək
arılar isə yalnız beçəvermədən sonra cavan
ana arılara görə gərəkli olurlar. Bal mövsümü başa çatdıqda
işçi arılar erkək arıları pətəkdən
qovur, məhv edirlər. Tapmacalarda pətək
beşiyə bənzədilir, erkək arının yuvada
qalıb işçi arıların bağlara, çəmənliklərə
şirə toplamağa getməsinə işarə edilir.
Hazar-hazara
gedər,
Bu yol bazara gedər.
Atası
beşikdədir,
Oğlu bazara gedər.
Arı ailəsi çoxaldıqda ailədə beçəvermə
başlanır və arı ailəsi bölünür. Bu zaman pətəkdəki
ana arı qovuqcuqlardakı ana arıların səsini duyur və
əsasən, cavan işçi arılarla yuvanı tərk
edir. El arasında ana arıya şah
arı da deyilir. Yuvadan gedən arılar
şah arı ilə ağaca, kola, münasib yer tapmadıqda
damın qırağına qonurlar. Bu tapmacada belə ifadə
olunub:
Dəniz
qırağı düzdü,
Sayı əllidi,
yüzdü,
Şah
küsdü, oba köçdü,
Əlin bağçadan üzdü.
Beçəvermə fikrinə düşən arı
ailəsi ilk olaraq erkək arı yuvaları hörür. Ana arı bu
yuvalara mayalanmamış yumurtalar qoyur. İstər
yeni analar üçün, istərsə də erkək
arılar üçün yumurtalar 3-5 gün fasilə ilə,
mərhələlərlə qoyulur.
Yuvada müəyyən qədər erkək arı
olduqdan sonra beçəvermə baş tutur. İkinci və
üçüncü beçədə cavan ana arılarla
xeyli erkək arı uçur. Cavan ana, yəni
qız ana təxminən on gündən sonra ana olub yumurta
qoymağa başlayır. İl
yaxşı olduqda bəzən ilk beçə yenidən
beçə verir. Beçəvermə dövrü ilə
bağlı tapmacalarda bu fikirlər obrazlı şəkildə
xalq dili ilə belə verilmişdir:
Əzizinəm
dün doğar,
Aşiq aşiqi qovar.
Anası
beşikdəykən
Qızı bir oğlan doğar.
Bir
qüvvəli arı ailəsinin arıları bal
dövründə gün ərzində 40 milyondan çox
çiçəyə qona bilir. Bir kiloqram bal
yığa bilmək üçün arılar 120-150 min
uçuş edir, 6-10 milyon çiçəkdən nektar
toplayır. Bir qaşıq bal
üçün 200 arı yaxşı bal
yığımı dövründə bir gün nektar
toplamalıdır. Bir o qədər arı isə
yuvada nektarın hazırlanması, tərkibindəki suyun
buxarlanması ilə məşğul olur. Arı belə
zəhmətkeş olması ilə bir çox canlılardan fərqlənir:
Qanadı
var uçmağa,
İynəsi var sancmağa.
Sevir
işi, zəhməti,
Odur ki, var hörməti.
Yeri gəlmişkən qeyd edək ki, arı
sancmasının xeyirli cəhəti də var. Belə ki,
arı zəhəri təbii şəkildə və təbabətdə
bir sıra dərmanların tərkibində müəyyən
xəstəliklərin müalicəsində işlədilir.
Havalar istiləşdikdən və əsas gəlir
başladıqdan sonra cavan işçi arılar mum şirəsi
ifraz edərək şan hörür. Arıların
hördüyü qovuqların dibi üç romb
bucağı şəklində olur. Daha
sonra qovuqlar altıbucaqlı silindrik forma alır. Təxminən
140 qram ağırlığa malik hörülmüş
şan 4-5 kiloqramadək balı
asanlıqla özündə saxlaya bilir.
İlim-iynəsi
var bunun,
Zərli libası var bunun.
İynə
ilə dəlik-deşik,
Gör nə libası var bunun.
Arı
ailəsi bal gəliri yaxşı olduqda
özünə lazım olandan artıq bal yığa bilir. Bu da məhsuldarlığın artımına səbəb
olur. Arı səxavətlə insanlara qiymətli
məhsul verir.
Cığ-cığa
quşlar,
Cəmi
durmuşlar
Özü
qazanar,
Sizə bağışlar.
Arı
ailəsində təxminən 20 günlüyədək
arılar yuva daxilində təmizlik, yumurtalara qulluq, şan
hörmək və s. İşləri görür. 20
günlükdən yuxarılar isə bal və
güləm yığımında iştirak edir. Deməli, arılar insan kimi daimi olaraq hərə bir
peşə ilə məşğul deyil. Tapmacada bu, belə
söylənir:
Bu meşə
gül meşəli,
Altı tər bənövşəli.
Bir
kişinin min oğlu
Hamısı bir peşəli.
Keyfiyyətli
bal həm bir çox xəstəliklərin
müalicəsi üçün dərman, həm də ən
yaxşı qidadır. Balın rəngi, ətri,
dadı onun hansı növ çiçəklərdən
toplanması ilə əlaqədardır. Qeyd
etməliyəm ki, balın rəngi, dadı fərqlənsə
də, ümumilikdə özünəməxsus ətri, qoxusu
var.
Bir balaca
xallı şey,
Üstü qızıl altı şey.
Qoydu bizim
dolçaya
Şirin, sarı, dadlı şey.
Keyfiyyətli
süzülmüş bal soyuqlar
düşdükdə xarlanır. Bal
hansı bitkilərdən toplanmasından, saxlanma şəraitindən
asılı olaraq tez, ya gec xarlana bilər. Lazımi şəraitdə,
həm də süzülmədən çərçivələrdə
saxlanılan bal uzun müddət olduğu
kimi qala bilir. Xarlanma isə müxtəlif cür ola bilir. Çox vaxt tapmacada
deyildiyi kimi, ərinməmiş yağa bənzəyir.
Ay nənə,
bizə yağ gətir,
İnəkləri sağ gətir.
Çalxalanmamış
nehrədən
Ərinməmiş
yağ gətir.
Arı məhsullarından
biri də çətinliklə və az əldə
edilən arı südüdür. Arı
südünün təzəsi qaymağa bənzəyir.
Bir qədər saxlandıqda isə əvvəl
sarı, sonra isə qəhvəyi rəng alır. Arı südü sürfələrin qidalanması
üçün işlədilir və vitaminlərlə zəngindir.
Ondan bir sıra xəstəliklərin müalicəsində
istifadə olunur.
Əcaib
bir quşum var,
Yerdə gəzər, izi yox.
Əti
haram, südü halal,
Boğazladım, qanı yox.
Çərçivələrdə balla birlikdə
güləm də olur. Güləm çiçək tozudur,
arılar üçün bir qidadir. Çiçək
tozunda zülal, C
vitamini, B vitaminləri və başqa maddələr vardır.
Arılar çiçək tozuna ağız suyu fermentlərini
və bir az da bal əlavə edərək
onu "kon-servləşdirirlər". Çiçək
tozu güləmə çevrilir. Güləm
uzun müddət qiymətli, zülallı yem kimi xarab olmadan
qalır. Toplandığı
çiçəklərdən asılı olaraq güləm
müxtəlif rənglərdə olur. Balla
qarışıq güləm də yeyilə bilər. Digər arı məhsullari kimi güləmin də
müalicəvi əhəmiyyəti vardır.
Arılar təmizliyi çox sevir. Onlar pətəyi, qovuqcuqları təmizləyir. Arıların nəcisi, hətta qışda belə yuvaya tökülmür. Onlar bu işi yuvadan kənarda görürlər. Amma el arasında şanlı balda güləmi gördükdə ona bilməməzlikdən arının nəcisi deyirlər. Ona görə də bu fikir tapmacada belə əks olunub:
Sarıdı, zəfəran deyil,
Qanadlıdı, quş deyil.
Yediyi gül-çiçəkdi,
Nəcisi çox göyçəkdi.
Bal illərlə öz tərkibini dəyişmədən qala bilir. Ona görə də qurumur, çürümür, əksinə, belə proseslərin qarşısını ala bilir. Arı ailəsi əvvəllər toxunma səbətlərdə saxlandığından tapmacada səbət xəlbirə bənzədilir və balın başqa qidalardan üstün əlamətlərinə işarə edilir:
Xəlbir içində
Təpbəcə təzə.
Yaşdır qurumaz,
Duzsuz çürüməz.
Balın həm dadlı, həm də özünəməxsus, təkraredilməz olmasını isə xalqımız belə bir müqayisə ilə bildirir:
Bala
dadı, bal dadı,
Bala adam aldadır.
Şirini
şirin olur,
Acısı
da bal dadır.
Söz
sözü gətirər... Uzunçuluq da yaxşı iş
deyil. Zənnimcə, dediklərim də kifayət
edər.
Tahir
HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi
525-ci qəzet.- 2019.- 11 may.- S.17.