Böyük bəstəkar, böyük
vətəndaş
Arif Məlikovun
vəfatı çağdaş
musiqi sənətimiz üçün ağır
itkidir. Parlaq bəstəkarlar nəslinin
sonuncu moqikanlarından
birisi də dünyasını dəyişdi.
Ariflə çoxdan tanışdıq. 1987-ci ildə birlikdə ABŞ-da olmuşduq, dəfələrlə Türkiyəyə
birgə səfərlərə
çıxmışıq. Deyirlər insanı ən yaxından yolda tanıyırsan. Arifin çox
yaxşı yol yoldaşlığı vardı
və xarakterinin ən üstün cəhətləri bu səfərlərdə üzə
çıxırdı. Amma mən bu
böyük bəstəkarımızı daha
yaxından 1989-1991-ci illərdə
SSRİ Xalq deputatı
olduğumuz zaman tanıdım.
Bu illər xalqımızın
taleyində ən çətin, ən ağır illər idi. Sovet parlamentinin
İttifaqlar Şurasında
Azərbaycanın iyirmidən
artıq deputat yeri
vardısa, Ariflə mənim üzvü olduğumuz Millətlər Sovetində
respublikamızın yalnız
beş yeri vardı. Bu beş Azərbaycan
deputatından yalnız
Ariflə mən rusca danışa bilirdik. Odur ki, bu palatada bütün ağırlıq bizim üstümüzə düşürdü.
1990-cı ilin Qara yanvarından sonra tətildən qayıtmış
parlamentin elə ilk iclasında Ariflə mən
dəfələrlə çıxış
etdik, xalqımızın
başına necə dəhşətli müsibət
gətirdiklərini dedik.
Amma Arif Məlikov bu deputat fəaliyyətindən başqa, rus dilində "Ya obvinyayu" ("Mən ittiham edirəm") adlı kitab da yazdı. Bu kitab mənə Arifin daha bir cəhətini
tanıtdı - qanlı
hadisələrin
obyektiv, ciddi, eyni zamanda, hiddətli
salnaməçisi olduğunu
bildim.
Arif Məlikov ölkəmizin
tarixində yalnız dünyanı gəzmiş baletiylə, samballı
simfoniyalarıyla, başqa dəyərli musiqi əsərləriylə
deyil, həm də xalqın faciəsini sənədlər
əsasında açıb göstərən vətəndaş
yazar kimi qalacaq. Arif böyük bir ardıcıllıqla, dəqiqliklə Qara yanvarda həlak
olanların, yaralananların, zədə alanların
adlarını bir-bir sadalamaqla,
o günlərdə şəhərimizdə
törədilən başqa vəhşilikləri
göstərməklə
bunları yaddaşlara əbədi həkk
etdi. Belə bir kitabı bir qrup jurnalist,
tarixçi alim hazırlaya bilərdi. Bu kitabı bir nəfər - bəstəkar
Arif Məlikov hazırladı və çap etdi. Rus dilində çıxan kitab mütləq azərbaycanca
da nəşr olunmalı, başqa dillərə
çevrilməlidir.
SSRİ Ali Sovetinin
iclaslarında
o vaxtki
müdafiə naziri
Yazov Bakı qırğınını
danmağa çalışdı.
"Orda heç
bir qoca, ya uşaq həlak
olmayıb deyəndə"
biz - Azərbaycan deputatları
nümayişkaranə şəkildə
salonu tərk etdik. Sonra Qanlı yanvarda
şəhid olanların
- o cümlədən, qoca
və uşaqların
siyahısını da
Qorbaçova təqdim
etdik. Yazovun bir yalanı da o idi ki,
Bakıya hücum axşam saat 12-də yox, gecə saat
4-də başlayıb, yəni
sözünün məğzi
bu idi ki,
gecənin bu çağında küçələrdə
qocalar, ya uşaqlar ola bilməzdi. Arif Məlikov bircə-bircə
toplayıb nəşr
etdiyi faktlarla gələcəkdə QKÇP avantürasının
fəal iştirakçılarından
olan marşal Yazovun ağ yalanlarını darmadağın edir. Bütün bunları biz
Ali sovetdə çıxışlarımızda da
deyirdik, amma Qarabağla və Qara yanvarla
bağlı məsələlər
müzakirə olunanda
adətən iclas translyatsiya edilmirdi, TV kanallarında yer almırdı.
Arif Məlikov bu kitabının
yaranma səbəbini izah edərək yazırdı: “Sual verilə bilər ki, niyə görə
bu işlərlə bəstəkar məşğul olur. Mən bu işi könüllü
şəkildə boynuma
götürdüm. İki ay yuxu
nədir bilmədim.
Bütün günü öz
"Volqa" maşınımla
şəhəri gəzib
dolaşırdım". Məhz bu fəaliyyətiylə Arif Məlikov dürüst və təkzibolunmaz faktlar əldə etmişdi.
Amma
SSRİ-nin o vaxtkı
rəhbərliyi bu faktları vecinə almırdı. İnsan
haqlarına guya ki, həssas yanaşan dünya ictimaiyyəti isə sanki
kor və kar olmuşdu.
O məşum günlərdə
Arif həm vətəndaş, həm
bəstəkar idi. Tez-tez o vaxtkı Şmidt, sonra Səttərxan adlanan zavodda görüşlər keçirirdi
və kimsə rişxəndlə "sizin
royalınızı da
zavod direktorunun otağına qoyaq" deyəndə yanılmırdı.
Doğrudan da ictimai
fəaliyyətinin ən
gərgin anlarında belə Arif bəstəkar olduğunu unutmurdu, qəlbində yeni musiqi əsərinin
ilk qığılcımları alışırdı. Qorbaçov
yarı zarafat, yarı kinayəylə: "Bəlkə
bu hadisələrlə
bağlı bir simfoniya yazısınız"
- deyəndə, bəstəkar:
"Amma bu, çox faciəvi simfoniya olacaq" cavabını verdi və
sözünə əməl
etdi.
Hər xalqın həyatında elə zamanlar olur ki, hamı ilk növbədə siyasətçilərin deyil, sənətkarların sözünə ehtiyac duyur. Başqa daha dinc və sakit zamanlarda sənətkarları unutmaq da olar, onlarla hesablaşmamaq da. Amma tarix gec-tez hər şeyi yerbəyer edir. Faciəvi hadisələr haqqında simfoniya, roman ya poema yazmağa mənəvi haqqın olması üçün bu hadisələrin kənardan müşahidəçisi yox, onların içində yaşamalısan. Səhhətinin, sağlamlığının bahasına belə... Öz həyatını riskə atmalı olsan da.
Arif Məlikov bu haqqı həm ölməz musiqi əsərləriylə, həm də fədakar vətəndaşlıq əməlləriylə qazanmış insanlarımızdandır. Əsərləri daima bizimlə qalsa da, vətəndaş kimi, müəllim kimi, dost kimi yeri həmişə görünəcək.
Allah Arifə rəhmət eləsin!
9 may 2019
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
sədri
525-ci qəzet.- 2019.- 11 may.- S.11.