Sadə və məzmunlu poeziya
Şeir tələbkar oxucunu o zaman cəlb edir, ona mənəvi həzz verir ki, hər şeirdə indiyə qədər rast gəlmədiyin nəsə kəşf edəsən.
Xüsusilə bu o zaman cəlbedici olur ki, şair ənənəvi obrazlara indiyə qədər baxılmayan tərəfdən nəzər sala bilir, indiyə qədər deyilənlərdən fərqli fikir söyləyir. Bunun üçün şair ana dilini ən dərin qatlarına qədər duymalı, sözün həqiqi və məcazi mənalarından başqa, məna çalarlarını da hiss etməlidir.
Deməyim odur ki, oxucunu heyrətləndirmək üçün istedad yetərli deyil.
Mən Qəşəm Nəcəfzadənin şeirlərini oxuyarkən onun yaradıcılığına məxsus çoxlu məziyyətlər gördüm. Bunların bəzisini bu yazıda göstərməyə çalışacam.
Bəlkə də yağışa şeir həsr etməyən şair yoxdur. Q.Nəcəfzadənin də bu mövzuda yazdığı şeirdən aşağıdakı misralar diqqətimi cəlb etdi:
Dolub yağış damlalarına
Pəncərənizi sevdim
Bildinmi? - Bilmədim.
Şairin "Çəlik" şeiri də bu cəhətdən maraqlıdır. Obraz kimi çəlik-əsa qocalığın simvoludur. M.Ə.Sabir: "Əfsus ki, qocaldım, ağacım düşdü əlimdən, Səd heyf cavanlıq!" deyərək şikayətlənir. O.Sarıvəlli isə "Heç əlinə alma əsa!" deyir. Yəni hər iki şairin çəliyə-əsaya münasibəti xoş deyil. Q.Nəcəfzadənin isə əksinə, "əlləri çəliyə qonmağa tələsir", quş kimi "çəliyin başında yuva qurmağa uçurlar". Görəsən niyə? Çünki çəlik ağac olan vaxtlar başına quşlar qonardı. Həmin zamanlar indi çəlik olan o yaşıl budağın xoşbəxt günləri idi. Şair düşünür ki, "yorğun quş qanadlarına bənzəyən əllər" çəliyin başına qonarsa, çəlik xoşbəxt günlərinə dönər, xatirələrdə olsa belə, özünü bəxtəvər hiss edər. Q.Nəcəfzadənin bir çəlik üçün, artıq heç vaxt cücərməyəcək bir ağaca belə bir fədakarlıq arzulaması bəsit görünə bilər. Ancaq diqqətli oxucu kimi bu mənada başqa təəssüratlar oyadır. Düşünürəm, çəliyin belə xoşbəxtliyini düşünən bir insan, vətən üçün, sevdikləri üçün nələr etməz ki! Oxucu əgər eyhamla deyilənlərdən özü üçün hekayələr qurursa, demək, şair istəyinə çatıb.
Q.Nəcəfzadənin aşağıdakı bəndi də poetik və mənalıdır:
Yandım, oduma düşdün,
Sevdim, adıma düşdün.
Yenə yadıma düşdün,
Nə yaxşı yoxladın məni.
İlk misradakı "yanmaq" eşq yanğısıdır; sevdiyini də öz odunda yandıra bilib. İkinci misrada isə müəllif "sevdim, adıma düsdün" deyib, yəni taleyinə yazılmamışdı, sevgisinin gücü onu "adına düşməyə", taleyinə yazılmasına səbəb olub. Məşhur şeirdə deyildiyi kimi: "Gər cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz?!"
Üçüncü, dördüncü misralar da maraqlıdır. Şairin fikrincə, sevdiyi "yadına düşübsə, demək, o da sevdiyinin yadındadır, yəni onu yoxlayır". Şair "düşmək" feilini məcazi mənalarda işlətməklə oxucunu təsirləndirən, düşündürən orijinal poetik bir ovqat yaradıb.
Aşağıdakı beytdəki "uralanmaq" feili diqqətimi çəkdi:
Ayrı düşə-düşə yaralandınız,
Ələ gəlmədiniz, uralandınız.
Dilimizin izahlı lüğətində "ura" sözü tərəvəzin, meyvənin “ən axırda dəriləni" kimi izah olunur. Ancaq şair "ələ gəlmədiniz" deyib. Demək, bu söz lüğətdəki mənada işlənməyib. Xatırlayıram ki, çiy kərpicdən tikilən ev, barı və s. bir müddətdən sonra ovular, aşınardı. Həmin torpaqdan təkrar istifadə etmək belə olmazdı. El arasında belə aşınmaya "urramaq/ urlanmaq" deyilir. Əgər şair "ələ gəlmədiniz uralandınız" deyirsə, demək, bu sözü lüğətdə izah olunan mənada yox, el arasında işlənən mənada anlamaq lazımdır. Əslində, qələm əhlinin əsas vəzifələrindən, bəlkə də, birincisi sözlərimizin unudulmaqda olan mənalarını yaşatmaq, unudulmağa qoymamaqdır.
Şairin
belə bir beyti də var:
Bir sirr uçurmuşam kəpənəklərə,
Yazağzı uçanda soruşarsınız.
Kəpənəyə deyilən sirri gülün-çiçəyin, gözəlliyin qədrini
bilən, kəpənək
qanadları qədər
zərif olan və həssas qəlbə sahib insanlar öyrənə bilər. Çünki o "sirr" kəpənəklər
qonduğu çiçəklərə
qanaqlarının tozu
ilə "yazılacaqdır".
Bunu M.Müşfiq deyir: "Dərinlik çox gözəldir, sadə olarsa". Qəşəm Nəcəfzadənin şeirləri göründüyü
kimi sadə və dərindir, məzmunludur. Buna nail olmaqdan
ötrü isə o, mövzunu təbiətdən,
qarşılaşdığı, gördüyü, yaşadığı
hadisələrdən alaraq,
daxilindən keçirib,
sadə, poetik üslubda oxucularına təqdim edir.
Fərhad ƏZİZBƏYLİ
Neftçala
525-ci qəzet.- 2019.- 11 may.- S.19.