O durmuşdu yerində...   

 

RAMİZ RÖVŞƏNLƏ BAKI KİTAB MƏRKƏZİNDƏ KEÇİRİLƏN GÖRÜŞDƏ ƏSL İZDİHAM VARDI

 

 

 

Mayın 11-də Bakı Kitab Mərkəzində elə bir tünlük var idi ki, insan çoxluğuna baxanda adamın gözləri qaralırdı. Yaxşı ki, "əlli tərpənib" bir az tez getmişdim, yerimi də tutmuşdum. Belə olacağını öncədən bilirdik. Axı qonaq - zəmanəmizin böyük şairi Ramiz Rövşəndi.

 

Hələ vaxta 10-15 dəqiqə qalırdı. Hamımız yerimizi tutub şairi gözləyirdik. Mərkəzdə o məşhur qırmızı kreslo, önündə şairin "Nəfəs" və yenicə çap olunmuş "Sevgi açarı" kitabları düzülmüşdü. Yadıma bir müddət öncə elə burada keçirilən türkiyəli alim İlbər Ortaylı ilə görüş düşdü. Bunun kimi izdiham orada da vardı. Amma nədənsə, onda hər şey yad və soyuq gəlmişdi. İndi isə doğma və isti idi. Ramiz Rövşənin şeirləri kimi...

 

Telefonumla məşğul olduğum sırada o qədər səs-küyün içərisində bir səs diqqətimi çəkdi. Məndən arxada oturan iki gənc qız söhbət edirdilər. Daha doğrusu, biri digərinin həyəcanını sakitləşdirməyə çalışırdı. Gözləri işım-işım parıldayan qız iki əlini çənəsinin altında birləşdirib öz-özünə danışırmış kimi deyirdi: "Ay, Allahımm... Axırıncı dəfə nə vaxt bu qədər sevindiyim yadıma düşmür. Bu gün ən böyük arzularımdan biri gerçək olur. Əllərim əsir e onu görəcəm deyə".

 

Dediklərini sübut etmək istər kimi əllərini rəfiqəsinə göstərir. Mənim maraqla ona baxdığımı görüb gülümsəyir. Mən də təbəssümlə qarşılıq verirəm. Həyəcanı, sevgisi o qədər səmimi görünür ki... Ramiz Rövşən sevgisi gözlərindən, saçlarından, dodaqlarından, varlığının hər zərrəsindən süzülür. Birdən gözüm qucağındakı kitaba sataşır. Orxan Pamukun kitabıdır. Qız o kitaba baxdığımı görüb nəsə xatırlamış kimi əlavə edir: "Bir də yəqin Orxan Pamukla görüşsəm belə əsərəm". Bu dəfə diqqətimi qızın əynindəki paltar çəkir. Daha doğrusu, paltarın rəngi: qara...

 

Yadıma "Qara paltarlı qadın" şeiri düşür. Dodaqlarım öz-özünə "Kiri, kiri, qara paltarlı qadın"- deyir. Niyə? Bilmirəm.

 

Elə bu düşüncələrlə məşğulkən birdən səs-küy qopur. Nə baş verdiyini öyrənmək üçün boylansam da, izdihamdan bir şey görünmür. Olayı yenə də bayaq əlləri əsən qızdan öyrənirəm: "Allahım, Ramiz Rövşən... Gəldi... Özüdür... İnana bilmirəm..." Bir anlıq fikirləşirəm ki, mənimlə eyni sırada, cəmi bir stul arxada oturan qız hardan gördü onu? Düz deyirdi, Ramiz Rövşən tam vaxtında zala daxil olmuşdu. Alqış sədaları altında. Yanında Xalq yazıçısı Anar (bayaqdan haqqında danışdığım qız onu da eyni həyəcan və sevgiylə qarşıladı, "Aaa, yazıçı Anar"- deyib öz-özünə səssiz əl çalaraq), Mərkəzin direktoru Günel Anarqızı, Xalq artisti Ramiz Həsənoğlu, BDU-nun professoru Nüşabə Sadıxlı və başqaları da vardı.

 

Şair ağır-ağır, onunçün ayrılmış yerə keçir. Hər zaman "Mən durmuşam yerimdə" deyən şairi görmək və dinləmək üçün buraya axışan izdiham bütün diqqətini ona yönəldir.

 

Günel Anarqızı qonaqları salamlayaraq, rəhbəri olduğu Bakı Kitab Mərkəzində növbəti dəfə bu cür izdihamlı görüşün onu sevindirdiyini və qürurlandırdığını deyir. Ramiz Rövşənlə görüşün "Yazıçı ilə dialoq" layihəsi çərçivəsindən növbəti tədbir olduğunu xatırladan Günel xanım həm şairə, həm də onu sevənlərə maraqlı zaman keçirməyi arzulayıb qonaqlar sırasında yerini alır. Söz verilir Ramiz Rövşənə...

 

Ramiz Rövşən söhbətinə: "Biz çoxdandı görüşmürük. Şairlərlə görüşlər çox yaxşı ənənədir. Yadımdadır, o vaxt Sovet dövründə belə görüşlər tez-tez olardı. İndi şairlərlə görüş dəbdən düşüb. Məncə, şair oxucularla tez-tez görüşməlidir"- deyərək başladı. Sonra görüş bir az da səmimi alınsın deyə: "Bura təkcə özüm danışmağa gəlməmişəm. Sizdən də nələrsə eşitmək, hətta öyrənmək fikrindəyəm"- söylədi. Şair şeir oxumağa heç yerdə çap etdirmədiyi, oxumadığı, təxminən 20 yaşında, şairlər barədə yazdığı "Estrada" şeiri ilə başladı:

 

Bu nə məhkəmədir, sorğu-sualdır?

Yox, o, nə şeytandı, nə də ki mələk.

Əgər ölməsəydi Allah olardı,

Ölürsə, şairdir, insandır demək.

 

Yeni kitablarından danışan şair, biri böyük əksəriyyəti gənclik illərində yazdığı şeirlərin toplandığı "Sevgi açarı", digər ikisi isə uşaq şeirlərindən ibarət "Göyərçinim, gəl, görüm", "Gizlənmişəm, tap məni" kitablarını təqdim etdi. "Sevgi açarı"ndan danışarkən dedi: "Mən bu şeirlərin əksəriyyətini cavan yaşda yazmışam və çoxusu heç yerdə çap olunmayıb. Düşündüm ki, yaşlanandan sonra çap etmək olar". Salonda gülüşmə...

 

Uşaq şeirləri yazmağını isə şair belə əsaslandırdı: "İki uşaq kitabım çap olundu. Hələ biri də olacaq: "Gəl, dost olaq, qurbağa". Mən niyə uşaq şeirləri yazmaq istədim? Düşündüm ki, bizim yaddaşımız işğal olunur. Artıq yeni dövr uşaqlarına ABŞ və digər ölkələrin cizgi filmləri göstərilir və onların öz yaddaşı yoxa çıxır. Yaddaşın işğalı başlayıb. Mən o yaddaşı bərpa etmək üçün yazmaq istədim. Bir də bizim uşaq şeirlərimizin çoxu, əgər fikir vermisinizsə, sonda yoxluğa, kədərli sonluğa gedir: "Əriyib suya dönərsən, Axıb, çaya gedərsən" və ya "Çoban açınca gözün, Qalar iki buynuzun" və sair. Mən bu şeirlərimdə o yoxluğu, mənfini aradan qaldırmaq istədim. Gərək uşaqlarımızı daha çox pozitivə kökləyək və həm də əxlaqi, tərbiyəvi, öyrədici şeirlər yazaq. Məsələn, "Şeirli, şəkilli əlifba" kitabım bu şeirlə başlayır:

 

"Ana" dedim, "can" dedi,

Mən də "Anacan" dedim.

 

Yəni, uşaqlara nə deyərsənsə, qarşılığında onu alarsan..."

 

Şair nitqini arada şeirlər oxumaq üçün kəsirdi. Bizim isə durumdan heç bir şikayətimiz yox idi. Nə də olsa, oraya elə onu dinləməyə getmişdik. "Məndən qorxma", "Ağcaqanad" şeirləri zalda bir canlanma yaratdı. Bu misraları isə təzədən gülməyimizə səbəb oldu:

 

"Cızığından çıxma" -

deyir atam mənə haçandı,

Bəs çıxmasam,

hardan bilim cızığım haracandı?!

 

Sonra şair oxucularla yazarlar arasındakı ünsiyyətdən, münasibətdən danışdı: "Son illər deyirlər ki, oxucu yoxdur. Bu, aldadıcı təsəvvürdür. Mən elə bilirəm ki, şair öz şeirlərini özü yaratdığı kimi, oxucularını da özü yaradır, özü tapır. Tolstoy deyir ki, ədəbiyyat insanları tənhalıqdan xilas edir. Mən də bu fikirdəyəm ki, ədəbiyyat insanları həyat və ölümlə barışdırır".

 

Sonra isə şairlə oxucuları arasında söhbət başladı. Daha çox gənclərdən ibarət publika şairə cürbəcür suallar verirdi: "Necə oldu ki, şeir yazdınız?", "Filan şeiri hansı ovqatda yazdınız?", "Şeirləriniz kədərdənmi yaranır?", "Allahdan incikliyiniz olubmu?" və sair bu qəbildən suallar. Ramiz Rövşən də hamısını eyni səbrlə, həvəslə, təmkinlə, bir az da ironiya, yumor əlavə edərək cavablayırdı. Allahla bağlı suala verdiyi cavabdakı bir cümlə isə yaddaşıma ilişib qaldı: "Allah həmişə mənim yadımdadır, şeir yazanda isə mən onun yadına düşürəm".

 

Nitqində tez-tez aforizmlərdən, sitatlardan istifadə edən şair (bu yerə qədər Tolstoy, Hegel, Şopenhauer və başqalarını xatırlamışdı artıq), Mariya Svetayevadan sitat gətirərkən, deyəsən, bunun fərqinə vardı və bu cür əsaslandırdı: "Mən sitat gətirməyi çox sevirəm. İstəyirəm sizdə o müəlliflərə və kitablara qarşı maraq oyadım, sonra oxuyasınız". Svetayeva isə deyib ki: "Bizim balalarımız bizdən yaşlıdırlar". Sonra özü bu fikri belə şərh etdi: "Siz indi gəncsiniz, biz isə qoca. Biz sizə öz xatirələrimizi danışmışıq və siz bizim də keçmişimizi bilirsiniz. Sizin də, bizim də yaddaşımız bərabərdir. Ancaq siz həm də gələcəyi görəcəksiniz. O gələcək ki, biz onu görə bilməyəcəyik və bu barədə siz bizdən daha çox şey biləcəksiniz. Ancaq ümid edirəm ki, biz olmayanda da siz şeiri, ədəbiyyatı beləcə sevəcəksiniz. Nələr də dəyişsə, sizin bu sevginiz dəyişməyəcək".

 

Sual verənlərdən biri o həyəcanlı qız idi. Düzü, hansı sualı verdiyi yadımda qalmadı, amma şairdən oxuduğu "Yavaş-yavaş sevdim səni" şeiri, mən də daxil, hamının yadında qaldı, xanımın həddindən artıq həyəcanı və şeiri üzündən oxuduğu halda bir neçə dəfə çaşması ilə. Əslində, o, ayağa qalxanda belə olacağını bilirdim artıq. Çünki hamı o, mikrofonu əlinə alarkən həyəcanlandığını düşünmüşdü, mənsə, onun hələ Ramiz Rövşəni görmədən qabaqkı həyəcanına şahid olmuşdum. Sizə də çatdırdım bunu...

 

Sonra bir xanım "Qara paltarlı qadın" şeirini oxumağını istədi. O da əvvəlcə şeirin bu qədər məşhurluğu haqqında kiçik arayış verdi: "Mən bu şeiri çoxdan yazmışam. Onda "Ayrılıq" şeirim daha məşhur idi. Sonra isə bu şeir sevilməyə, oxunmağa başladı. Məncə, ona da səbəb xalqımızın başına gələn müsibətlər oldu. Çünki 1990-cı illərdə 20 Yanvar faciəsi, ardınca Qarabağ müharibəsiylə itkilərimiz çox oldu. Şeirin bu cür hadisələrlə məşhurlaşması ağrılıdır".

 

Görüşdə Ramiz Rövşən "şair sözünün gerçəkləşməsi" mövzusuna da toxundu. Bir az ironik təsadüflər hamıda maraq yaratdı: "Mən bir çox filmlərə, tamaşalara, hətta baş tutmayan tamaşalara da şeirlər yazmışam. Vaqif İbrahimoğlu bir tamaşa hazırlamışdı: "Bu meydan, bu şeytan". Əsər Hindistan həyatından idi. Mahnı mətnlərini mən yazmışdım. Orada kasıbın mahnısı var idi. Bir yerdə deyilir:

 

Yenə gələr yanvar ayı,

Şaxta müftə, qar havayı,

Gündə yanıb bütün yayı,

Qızınmağın xeyri nədi?

 

Vaqif məşqdə dedi ki, şair çox gözəl demişdir, xüsusən, yanvar ayında qarın yağmağını... Axşam isə mənə zəng elədi ki, bizlə məzələnirsən, yanvar ayında Hindistanda qar yağır? (gülüşmə) Bunun üstündən illər keçdi. Bir axşam Vaqif mənə zəng elədi. Dedi, xəbərlərə bax, Hindistanda yanvar ayında qar yağıb. Deməli, şairin sözündən ehtiyatlı olmaq lazımdır".

 

Yenə zalda gülüşmə qopdu. Bir xanım replika atdı: "Yəqin sizin şeirinizin təsirindən olub".

 

Şair: "Deməzdim şeirimin təsirindən idi. Amma bir əhvalat da danışım. Bir şeirim vardı, 70-ci illərdə yazmışdım, "Kim bilir" adında. Orada bir yer vardı ki, göydən yağış yerinə ölü quşlar töküləcək. Sonra gəldi "quş qripi" çıxdı, həqiqətən də göydən quşlar tökülürdü. Məni sevməyənlərdən biri demişdi ki, şairdən ehtiyatlı olun. Türkiyədə bir universitetdə görüşdə idim.  Mənə "quş qripi"ndən sual verdilər. Mən də dedim ki, quş Allaha ən yaxın məxluqdur. Dərd şairləri tapan kimi qrip də quşları tapır. Qrip gəlib donuzları tapmaz ki (zalda "aaaa..."). Mən orda başqa heyvanın da adını çəkə bilərdim. Amma nədənsə, donuz dedim və bir il sonra "donuz qripi" çıxdı ortaya".

 

Bu yerdə Anar müəllim maraqlı bir replika atır: “Ramiz, bir kitab çap elətdir, adını da qoy “Xatalı şeirlərim””. Gülürük...

 

Beləcə, bol şeirli, maraqlı, gülməli əhvalatlarla zəngin görüş eyni həvəs və səmimiyyətlə yekunlaşdı. Ramiz Rövşən məclisi gənclik illərində yazdığı növbəti şeirlə bitirdi:

 

Məni saymayanlar axmaqdır, axmaq,

Onlar nə bilir ki, axı kiməm mən,

Məni saymayanlar bir vaxt sayacaq,

Onda görəcəklər bir yox, minəm mən.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 15 may.- S.10.