Əliağa Ağayevin son zarafatı   

 

 

 

Mən Əliağa Ağayevi lap yaxından birinci (həm sonuncu) dəfə indiki kimi ilıq bir yaz günündə görmüşdüm.

Onda 1980-ci il idi, Əliağa müəllimin ölümünə hələ 2 il yarım  qalırdı...

... Metronun Nizami stansiyası tərəfdən Füzulinin möhtəşəm heykəlinin qarşısındakı trolleybus dayanacağına düşürdüm...   hələ dayanacağa çatmamış uzaqdan Əliağa müəllimi gördüm: əlində kiçik bir zənbil tutmuşdu, qəribə yerişlə o da Azdrama tərəfdən dayanacağa tərəf gəlirdi. Sonra daha yerimədim, sanki quş kimi uça-uça özümü ora yetirib Əliağa Ağayevin -  bu böyük gülüş ustasının pişvazına çıxan adamlara  qarışdım. Əliağa müəllimin üzündə həmin yaz gününün  ovqatına yaraşan  işıqlı bir təbəssüm vardı, verilən salamları cavablaya-cavablaya iri gövdəsinə yaraşmayan bir cəldliklə addımlayırdı. Mənim salamımı aldı, amma mən bununla kifayətlənmədim, köhnə tanış ədası ilə, ərklə "Necəsiniz, Əliağa müəllim?"- deyə soruşdum. Əliağa müəllim bu gün   parodiyaçıların həvəslə təqlid etdikləri həmin o məşhur diksiya ilə "Şükür, yaxşıyam, qadası" - dedi mən - Bakıya gəlməsinin heç bir ili tamam olmamış   tələbə az qala bir ay bu görüşün, böyük aktyorla qurduğum bu mini "dialoqun" sevinci ilə yaşadım.

Zarafat deyil, o boyda kişi tanımaza-bilməzə mənə "qadası" deyə müraciət etmişdi!

Bu yazıya ona görə həmin görüşün hələ içimdə diri qalan, hələ məni isindirən xoş təəssüratının havası ilə  başladım ki, sağlığında  az qala mifləşərək  ələlxüsus əyalətdə yaşayanların  nəzərində əlçatmaz, ünyetməz zirvəyə çevrilənlərin əslində, özlərini bizdən yuxarı yox,  ən azından bizlərə bərabər tutan, əlində zənbil bizimlə birgə tramvaya minib bizlərdən biri kimi yaşayan  qədər sadə, adi adamlar olduqlarını yada salım.

Amma bu da bir mədəniyyətdir, yaşam, davranış fəlsəfəsidir ona yiyələnmək xoşbəxtliyi   həmin o ucalığa aşağıdan - həyatın dibindən öz gücünə, öz qətiyyəti, inadı hesabına qalxanlara, bu dünyanın fani olduğunu dərk edib  psevdohəyat yox, adi, normal həyat yaşayanlara  nəsib olur - səhnəyə çıxanda tamaşaçıların həmişə ayaq üstə, alqışlarla qarşıladıqları, "xalq artisti" fəxri adı ilə bahəm "xalq adamı" adını da fəxrlə daşıyan  Əliağa Ağayev kimi xoşbəxt sənətkarlara.

O, böyük sənətə auditoriya görmədən, müəllim mühazirələrini dinləmədən, bir sözlə, peşəkar təhsil almadan gəlmişdi. "Mənim ən böyük müəllimim həyatın özüdür" - deyənlərdən biri kimi Əliağa Ağayev gələcək uğurlarının sirlərini kitablardan, dərsliklərdən yox, həyatın özündən, yaşadığı çətinliklərdən öyrənmişdi. Buna görə sənəti  gerçək həyatın özü qədət təbii, inandırıcı idi, bir-birindən zövq səviyyələrinə görə fərqlənən qrupların yox, hamının sevdiyi, bəyəndiyi, ümumxalq məhəbbəti qazanmış sənətkar idi. O bizim teatr kino sənətlərimizə, gülüş mədəniyyətimizə  ədəb-ərkan, təbiilik, insanların həmişə ehtiyac duyduqları (bu  gün isə həm tamarzı qaldıqları) bir müdriklik çalarları qatan  aktyor kimi adının Mirzağa Əliyev, Bəşir Səfəroğlu kimi korifeylərlə yanaşı çəkilməsi şərəfinə nail oldu, kino sənətimizə Məşədi İbad ("O olmasın, bu olsun"), Şirəli ("Görüş"), kassir ("Əhməd haradadır"), Əbülfəz ("Bizim Cəbiş müəllim"), xan ("Sehirli xalat"), molla Cəbi ("Molla Cəbi"), Kərbəlayı Zal ("Evlənmək istəyirəm") kimi unudulmaz obrazlar bəxş etdi, gülüş sənətimizə etalon, meyar səviyyəsində dəyərlər gətirdi.

Kinoda ilk işi - "Görüş" filmində yaratdığı Şirəli o vaxt 42 yaşı olan Əliağa Ağayevin komik məharətinin, obrazı özünəməxsus tərzdə təfsir etmək qabiliyyətinin  müjdəçisinə çevrildi. Sovetlər dönəmində Azərbaycan Özbəkistan pambıqçıları arasında gedən yarışdan, sosialist əməyinin "romantikasından", sovetsayağı məhəbbətdən bəhs edən  bu filmdəki tənbəl, avara, arvad hesabına yaşayan arvad işlərinə burun soxan Şirəli Əliağa Ağayevin ifasında  maraqlı, ən əsası isə koloritli alınmışdı. Aktyor rolu elə oynamışdı ki, tamaşaçılar hakim ideologiyanın məntiqi diktəsi ilə hamının əslində, nifrət etməli olduğu bu obraza sonadək antipatiya ruhunda köklənə bilmirdi, əksinə, bəzi məqamlarda onun gülməli hərəkətlərinə, jestlərinə yenilib bu obrazı sevirdi. Onun nahar edə-edə arvadı ilə öcəşdiyi səhnədəki replikaları isə ("Plov bişirməyi bilmirsən",  "Plovu da mən bişirəcəyəmsə, arvad nəyimə lazımdır") həmin filmi görənlərin yaddaşında indi az qala "zərb məsəl", tanış məişət situasiyalarının kod işarəsi kimi yaşayır. Ağzındakı tikəni çeynəyib udmağa macal tapmamış gözlərini bir az bərəldərək arvadına acıqla "Çay gətir, aaz" əmrini verdiyi səhnədə isə Əliağa müəllim bizim hamımıza tanış komik bir tip kimi tamaşaçılara ürəkdən gələn səmimi gülüşlü anlar bəxş edir.

Bir ildən sonra - 1956-cı ildə Əliağa məllim "O olmasın, bu olsun" filmində yaratdığı Məşədi İbad obrazı ilə milli kinomuza çox dəyərli bir töhfə verdi, yaradıcılığında bəlkə şah əsərini yaratdı. Vaxtilə Mirzağa Əliyevin ifasında möhürü vurulmuş bu obrazı köhnə qəlibdən çıxarıb ona yeni həyat vermək, yenidən, özü təzə ölçülərdə qəlibə salmaq o qədər asan deyildi. Əliağa Ağayev isə təkrarsız oyun tərzi, fitri istedadı cəsarəti hesabına  bunu bacardı, "Mirzağanın Məşədi İbadı" ilə yanaşı, "Əliağanın Məşədi İbadı"na da əbədi yaşamaq hüququ verdi.

Bir dəfə tanınmış müğənni kino aktyoru Mirzə Babayevlə söhbət edəndə Mirzə müəllim özünəxas bir coşqu ilə az qala yana-yana dedi: "Məşədi İbad roluna təsdiq olunmağıma az qalmışdı. Elə Hüseyn (filmin rejissoru Hüseyn Seyidzadə nəzərdə tutulur - Ə.H) məni çəkmək istəyirdi. Son anda bu vələdüzna Əliağa hardan gəlib çıxdı bilmirəm. Zalım oğlu aldı əlimdən bu rolu..."

Mən Mirzə müəllimin aktyorluğuna həmişə hörmətlə yanaşmışam və onun bu rolu oynamaqdan məhrum olmasının acısını da ürəkdən yaşamasına qətiyyən şübhə etmirəm. Amma fikirləşirəm ki, Məşədi İbadın ekran variantını yaratmağın ona yox, məhz Əliağa Ağayevə qismət olması tale işi idi. Görünür, İlahidən buyruq belə olmuşdu ki, bu obraz lentlərin yaddaşına məhz "Əliağa Ağayev standartı" ilı həkk olsun, tarixləşsin, Əliağa müəllim də taleyin verdiyi bu fürsəti lazımınca dəyərləndirib  kinomuzu xalq gülüşü mədəniyyətinin estetik kanonları ilə yaratdığı möhtəşəm bir obrazla zənginləşdirsin. Ümumxalq rəğbəti qazanmış bu film haqqında çox yazılıb, ona görə də mən təfərrüatlara varmaq istəmirəm. Amma təkcə Əliağa müəllimin yaradıcılığı ilə yox, gülüş sənətimizin bugünkü durumu ilə bağlı bəzi məsələlərə toxunmamaq mümkün deyil. "Əliağa müəllim bu obrazı xalq gülüşü estetikası ilə yaradıb" - deyəndə mən onu nəzərdə tuturam ki, o, obrazın təqdimində "güldürmək üçün oynamaq" prinsipini yox, el şənliklərinə, karnaval gülüşünə xas olan yozum prinsiplərini əsas götürdüyündən Məşədi İbadı bəzi vulqar sovet ədəbiyyatşünaslarının təbirincə desək, mənfi tip kimi yox, bizlərdən biri kimi, imkanlarımızla istəklərimiz arasındakı ziddiyyətləri dəyərləndirə bilməməyimizə parodiya, aldanıb gülünc vəziyyətə düşməyimizin ekran təcəssümü kimi yaradıb. Bütün süjet boyu bir kimsəyə pisliyi keçməyən Məşədi İbadı heç bir meyarla mənfi, pis adam adlandırmaq olmur. Ə.Ağayev də obrazı məhz bu müstəvidə yaradıb - bir az küt, sadəlövh, amma ağıllı (özü demişkən, "obrozovolski") adam rolu oynamaq istəyən arvad düşkünü kimi. Sənəm və Gülnaz onu acılayıb gedəndən sonra Ə. Ağayevin "Bir dəli şeytan deyir, bunların ikisini də birdən alginən"  deyərkən etdiyi jest - əllərini bir-birinə vurub sonra qənd kisələrini göstərirmiş sayaq sağ əlini havada fırlatması təkcə hər şeyə alınıb satılan əşya kimi baxan Məşədinin tacir təfəkkürünü açmır, həm də onun xislətini bütün çılpaqlığı ilə ortaya qoyur.

Mən bunları ona görə belə ətraflı yazıram ki, bu gün auditoriyanı güldürmək xətrinə az qala vulqar terminologiyanı səhnəyə gətirib guya gülüş saçan kalambur qurmaq istəyənlərə, arvad paltarı geyinib arvad rolu oynamaqla hırıltı yaradan və publikanın ucuz alqışlarını az qala öz "dahiliklərinin" məhək daşı bilib bunu bizlərə sırımaq istəyənlərə  görk olsun.

Nə isə, mətləbdən uzaq düşməyək.

"Əhməd haradadır" filmində yaratdığı kassir obrazı ekranda hər cür təsadüfi və süni effektlərdən arıtlanmış təbii gülüş yaratmağın aktyor sənətinə dair dərs proqramlarına daxil edilməyə layiq klassik örnəyidir. Bu kiçik rolda aktyor nələr eləmir? Qarşılaşdığı hər situasiyada təşəbbüsü dərhal ələ almağa çalışan, öz oyununu diktə edən bu cığal, hay-həşirli kassir elə duzlu, məzəli və koloritlidir ki, az qala filmin bəzi personajlarını küncə  saxışdırıb özü önə keçir, nəinki seansın sonuna qədər, hətta həmişəlik tamaşaçının yadında qalır. Onun təkrarsız improvizələri - sərxoş olduğundan kepkasını yan qoyması, "Odur taksi, min, get" deyərkən etdiyi jest, tərəf müqabillərinə münasibətdə işlətdiyi "ağəz", "əşi" xitabları  belə Əliağa müəllimin ifasında yeni məna çalarları qazanır, tamaşaçı ilə ekran arasındakı məsafəni sözün yaxşı mənasında heçə endirir.

Ə.Haqverdiyevin hekayələri əsasında çəkilmiş "Evlənmək istəyirəm" filmində  nəsrimizdə "uğursuz adam" diskursunun  mükəmməl nümunəsi olan "Bomba" hekayəsinin  qəhrəmanı Kərbəlayı Zalın taleyi, aqibəti Ə.Ağayevin yozumunda sanki  aktyorun gözlərinin "dili", üzünün cizgiləri ilə yazılmış ekran mətni kimi oxunur, Kərbəlayı Zalın "Mən uduzdum, aldandım və aldanışlar üzərində qurulmuş puç bir ömrün yiyəsi kimi bunun əzabını çəkməyə məhkumam" ismarıcı  biz tamaşaçılara ötürülür.

... Ə.Ağayev mülayim xasiyyətli, həyatsevər, nikbin, səmimi insan olub. O, lətifə danışmağı, dostlara xoş anlar bəxş etməyi sevirmiş  taleyin hökmünə bax ki, bu dünyanı da  gülüş mələyinin qanadları üstündə dodaqlarında təbəssüm tərk etdi. Çay süfrəsi arxasında növbəti, amma həm də sonuncu  lətifəsini danışıb,  qəş edərək gedib "o dünyanı"  görən və yenidən bu dünyaya qayıtmağa macal tapan həmsöhbətləri  Əliağa müllimə tərəf çevriləndə Allahın heç də hər bəndəsinə qismət eləmədiyi xoşbəxt bir ölüm görüblər - Əliağa müəllim nəyə görəsə "o dünya"dan qayıtmaq istəməyib, dodaqlarında təbəssüm, üzündə işıq haqq dünyasına qovuşub...

Sizi başa düşməyə çalışıram, ustad -Mirzağa Əliyevin, Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin ruhları dolaşansonralar Nəsibə Zeynalovanın, Səyavuş Aslanın, Hacıbaba Bağırovun, Yaşar Nurinin də ruhlarının təşrif buyurduğu dünyanın əbədi sakini  olmaq bəlkə də xoşbəxtlikdir: bu fürsəti kim əldən verər ki?

Amma səmimi, həyati, saf gülüşə tamarzı qalan bizlər neyləsin, Əliağa müəllim?

 

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 15 may.- S.22.