Qəşəm Nəcəfzadənin
60 yaşı qeyd olundu
Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı, "Azərbaycan" jurnalının Poeziya bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış qələm adamları, yubilyarın ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər.
Tədbirdə yubilyarın yenicə çapdan çıxan 3 kitabı da təqdim olunub: "Barış", "O qara əyri bulud", "Suyu seyr edən ağacın yuxusu".
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid qurum adından Q.Nəcəfzadəni təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb: "Qəşəm Nəcəfzadə son illərdə ədəbiyyatımızda mütəmadi öz yaradıcılığı ilə məşğul olan, heç bir kənar təsirə uymadan öz poeziyasını yaradan şairdir. Onun ümumilikdə 36 kitabı işıq üzü görüb ki, onlardan 12-si xarici ölkələrdə müxtəlif dillərdə çap olunub. Şeirləri ingilis, fransız, alman, alban, gürcü, rus, ispan, fars, polyak, özbək, qırğız və başqa dillərə tərcümə edilib. Qəşəm Nəcəfzadə Azərbaycan poeziyasını başqa ölkələrdə də tanıdır, sevdirir. Bütün bunlara görə əminliklə deyə bilərik ki, o, 60 yaşını şərəflə və zəngin yaradıcılıqla qarşılayır".
Tədbirin moderatoru, yazıçı, publisist, Əməkdar jurnalist Səyyad Aran əvvəlcə 1991-ci ildə Qəşəm Nəcəfzadə haqqında yazdığı və "Azərbaycan gəncləri" qəzetində çap olunan "Daha bir imza" məqaləsini xatırlayıb. Yubilyarın şəxsiyyəti ilə yaradıcılığının vəhdətindən söz açan S.Aran bu illər ərzində ona olan inamı hər zaman doğrultduğunu deyib: "Onun çağdaş Azərbaycan poeziyasında öz yeri, sanbalı var. Yaradıcılığındakı "Ay vətən" şeiri ənənəvi mövzuya həsr olunsa da, bu ənənəviliyə orijinal yanaşma ilə seçilir. Şeirin qafiyə sistemi də çox şirin və gözəldir. Bütün bunlara görə həmin şeiri poetik kəşf adlandırıram".
S.Aran yubilyarın nəsr və publisistik yaradıcılığından da söz açıb: "Onun nəsri də poetikdir. Hekayələrini oxuyarkən hiss edirsən ki, burada nasir olmağa çalışıb, amma özünəməxsus orijinallıq, şairanəlik yenə də qalıb. Qəşəm hadisələrə, mövzulara şair kimi yanaşır".
Moderator çıxışında şairin şeirlərindən ("Ay vətən", "Kəramət" və s.), esselərindən də parçalar oxuyub.
Qəşəm Nəcəfzadə ilə bağlı maraqlı fikirlərini bölüşən AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev onu gözəl, istedadlı qələm adamı və təvazökar insan kimi xarakterizə edib.
Millər vəkili Fazil Mustafa ədəbiyyat adamı olmağın özəlliklərindən danışıb, bunun məsuliyyətindən söz açıb: "Əsl şair və yazıçı olmaq heç də asan başa gəlmir. Bunun əsas xüsusiyyəti fərqlilikdir. Qəşəm Nəcəfzadə o fərqliliyə sahibdir. İstər mövzu seçimi, istərsə də o mövzulara yanaşma tərzi fərqlidir".
Millət vəkili Adil Əliyev çıxışında deyib ki, Qəşəm Nəcəfzadə cəmiyyətin taleyüklü məsələlərini kağız üzərində əks etdirən yazarlardandır: "Yazıçılar, şairlər var ki, cəmiyyətin problemlərinə, xalqın dərdinə biganədirlər. Başlarını aşağı salıb ancaq bəlli mövzulardan yazırlar. Sonra isə haqq axtarır, özlərinə qarşı diqqət tələb edirlər. Ancaq onlara demək lazımdır ki, siz cəmiyyətin hansı probleminə diqqət göstərmisiniz, hansı şəhid ailəsinin dərdi ilə maraqlanmısınız? Qəşəm Nəcəfzadə isə elə deyil. O, hər zaman xalqın yanında olan, cəmiyyətin taleyüklü məsələlərini öz əsərlərində, şeirlərində yazan ədiblərimizdəndir".
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə yubilyarla bağlı düşüncələrini paylaşıb, onun yaradıcılığını şərh edib. Deyib ki, Qəşəm Nəcəfzadə ədəbi prosesi də yaxından izləyən şairdir, "Azərbaycan" jurnalında gənclərin şeirlərinin çap olunmasına hər zaman diqqət göstərir.
Tənqidçi Vaqif Yusifli çıxışında deyib ki, Qəşəm Nəcəfzadə poeziyası yeni dövrün poetik düşüncəsidir. O, XXI əsrin şairidir. V.Yusifli ədibin həm poeziyasını, həm də nəsrini geniş şəkildə təhlil edib, dövrün nəbzini öz əsərlərində tuta bilmək istedadını xüsusi vurğulayıb.
Yazıçı Seyran Səxavət Qəşəm Nəcəfzadəni həm bir yazıçı, həm şəxsiyyət, həm də ziyalı kimi bəhs edib, onun özünəməxsus cəhətlərindən söz açıb.
Yubilyarı təbrik edən şair Oqtay Rza on il öncə Q.Nəcəfzadəyə həsr etdiyi şeiri bir daha səsləndirib.
Daha sonra Fərqanə Mehdiyeva, Murad Qoçoğlu, Ofelya Mədətqızı, Nuranə Nur, Zemfira Məhərrəmli, Arzu Nehrəmli, Vəliyulla Novruz, Məlahət Yusifqızı və başqaları Qəşəm Nəcəfzadənin yaradıcılığının bədii xüsusiyyətlərindən danışıb, şeirlərini təhlil ediblər. Qonaqlar şairin yaradıcılığında təbiət, sosial və ictimai həyat lövhələrinin geniş yer aldığını dilə gətirərək, şeirlərinin həyatiliyindən söhbət açıblar, əsərlərindən nümunələr səsləndirib, yubileyi münasibətilə ona xoş arzularını bildiriblər.
Sonda çıxış edən Qəşəm Nəcəfzadə, başda AYB rəhbərliyi olmaqla, tədbir iştirakçılarına və çıxışçılara öz təşəkkürünü bildirib, kitablarını qonaqlar üçün imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 15 may.- S.15.