"Vətən də bir qolunu itirib, sən də..."

 

 

 

 

Qardaşım Talibə bütün igid oğullarımıza

Mən müharibəyə getdim

on səkkiz yaşımda

hamıdan balaca olsam da,

qorxmurdum düşməndən

bəziləri kimi yayınmırdım

döyüşlərdən...

Qanlı döyüş gedirdi o gün

bir baxdım sağ qolum yanır...

...bir gözlərimi açdım

xalatlı adamlar var yanımda...

...bir baxdım

sağ əlim...

hanı?...

sağ əlim yox...

duyunca həqiqəti yıxıldım

ölən əlimin yerinə...

sanki yuxu görürdüm

amma bu gerçək idi...

...sol əlimi divara vurmaq,

parçalamaq istədim...

amma dayandım... 

əlimi üzümə sürtdüm,

göz yaşımla əzizlədim...

təsəlli verdim tək qalan əlimə,

bəs ürəyimə?

necə təsəlli verəcəm ona, axı necə?...

...Bu müharibədi, dostum, deyəcəm,

Sən tək deyilsən ki...

Vətən bir qolunu itirib

bu haqq savaşında...

Bilirəm, sən yenə döyüşəcəksən

o tək əlinlə

Qarabağ uğrunda...

 

SU KİMİ OLMAQ

 

Suya hər baxanda

tutub saxlar səni...

İlahi, bu necə bir möcüzə!

deyə, düşünərsən

zikr edərsən Allahın uca adını...

... Bir damla su yetər

Səni sevməyə, Ya Rəbbim!

Su bir güzgü olar

Səni sənə qaytarar,

haqqı göstərər, doğrunu anladar...

Söndürər nifrət ocağını,

kini, qəzəbi məhv edər,

arındırar qəlbini...

düşündürər...düşündürər...

... Bir ovuc Su götürərsən

sən , sən ... 

Su kimi olmaq istərsən...

 

AY PAYIZDAN KÜSƏN QIZ

 

Ay payızdan küsən qız,

Gördün, bahar da gəldi.

Ağaclar çiçəklədi,

Qaranquşlar da gəldi...

Hamı baharı sevər

Bu asan bir peşə...

Bir küsmə payızdan,

Yaz olmaz ki, həmişə...

 

GÜZGÜ YALAN DEYİR

 

Sən yenə gözəlsən, yenə...

Kim deyir dəyişmisən, kim?..

Güzgü yalan deyir...

güzgüyə inanma

Güzgülər görməz bizi,

bizi mələklər görər...

güzgü mənəm, güzgü sənsən

... Səni görəcəyəm deyə,

Bilsən necə titrəyirdi qəlbim...

Kaş bilsən indi necə gözəlsən

şipşirin, zərif təbəssümünlə...

 

GÜLLƏ YAĞIR ÜSTÜMƏ

 

Uşaqlığımdan məni

Əzizləyən olmayıb.

Nəğmə dolu könlümü

Bir dinləyən olmayıb.

 

Çoxlu uşaq içində

Elə bil, gizlənmişdim.

Oxumaq həvəsilə

Sanki günah etmişdim.

Çox erkən saçlarımı

tellər əzizlədi.

Müharibə ömrümü

Güllələrlə bəzədi.

Güllə kimi sözlərin...

durmusan qəsdimə?

Taleyə bax, bu gün

Güllə yağır üstümə...

 

BİR CÜT QUŞ KİMİ

 

Bir cüt quş kimi

İki balam var.

Səs-səsə verib

Hey oxuyurlar.

Kimsə qəlb qırır

Gülməyə qoymur.

Bu səslər məni

Ölməyə qoymur...

 

GÖZ YAŞI İMANDAN GƏLƏR

 

Yox-yox dərddən ağlamıram

Dünya yüküm deyil mənim.

Bir buludam göyüzündə

Nə qüssəm var, nə də qəmim...

Gah yağışda, gah küləkdə,

Gah da qarda ağlayıram.

Dünya dəyməz göz yaşına

Dualarda ağlayıram.

Bulud dolar göz yaşıyla

Dağ başını duman bələr.

Haqq aşiqi qərib olar,

Göz yaşı imandan gələr...

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2019.- 15 may.- S.21.