"Qanadlarım yandı, necə uçacam?.."  

 

 

"İki-üç hayku yazmaq

Bütöv bir insan ömrünə bəs edər"

Yapon məsəli

Bir gözəlin yanağında,

Göz yaşları şırım açdı.

Bir əl bildi, bir yaylıq... baş qarışıqdı.

 

***

 

Göydən od ələnir, çat verir torpaq,

İstidən saralır yaşıllıq, yarpaq,

Könlümə yağan qara bax...

 

***

 

Qanadlarım yandı, necə uçacam?

Örtüldü bacam, necə qaçacam?

Bir az toxta, ürəyim, sənə möhtacam.

 

***

 

kəndim var, qonaq gedəm.

çayım var, sularına nəsə deyəm.

dənizim var, sularında öləm...

 

***

 

Asıldı dilimdən " bilim", "necə".

Ömürdən uzun bir gecə...

Cavabsız suallar, yatmaq da lazım...

 

***

 

Havada yaz qoxusu,

Könlümdə payız havası,

Dərd başdan aşır, qadası.

 

***

 

Bu gün bir azca xoşbəxtəm,

Lap bir azca bəxtəvər,

Gözlərdən uzaq...

 

***

 

Pəncərəmi külək döyəcləyir.

Narahat ruhum küləyi dinləyir.

Yüz fikir bir borcu ödəmir.

 

***

 

rəsmimi götür,

rəsm qoy.

Qəlbinə daş bas get.

 

***

 

Bu gün guya bayram,

Təbrik-filan olmalı...

Yada salan olmadı.

 

***

 

Sən məndən küsmüsən

Mən səndən;

Küçələr hər ikimizdən.

 

***

 

"Gözəllik başa bəla" deyirlər,

"Hələ cavansan, yaşa" deyirlər

Bəzən ölüm gözəl.

 

***

 

Güvəndiyim təkcə səndin.

Sənli dağa qar yağır?

Üşüyürəm.

Qoydu papağını başına,

Geydi əlinə əlcək.

Üşüyən ürəyinə geyinsin?

 

***

 

Günləri saya-saya gəlirdim;

Sayını itirdim,

Səni ....

 

***

 

Yenə çəkir ah;

Hər şey yaxşı olar sabah.

çox sabah...

 

***

 

Deyirsən, çox gizlincin...

Hamısı qəm-qüssə, təlaş,

Kim istəyir götürsün.

 

***

 

Bu kimin əlindən çıxan daş idi,

Məni dar günümdə haqladı, Allah?

Günə bax, aya bax, daşa bax.

 

***

 

Kədərimi içimə axıtmışam.

Ürəyimə sıxıntımı.

Deyirsən, pis görünmürsən.

 

***

 

Çox inad idim, çox...

Kəsdirdim uzun hörüyümü;

İnadımın ilk mükafatı.

 

***

 

Od vurub yandırdın "gül"ünü,

Toparlamağa çalışdıqca,

Dağıdırsan külümü...

 

***

 

Bu gün üstümdə qəmim,

Amma var bir damcı da sevincim.

Gərək qənaətlə işlədim.

 

***

 

Bir dilim ümid var qəlbimdə.

Ön ümdə - gələcək.

Ucunda ölüm olsa, gedəcəyəm.

 

***

 

Sevgi bəzən bal,

Bəzən zəhər dadır:

Sənin kimi.

 

***

 

Dodağımda gülüşüm,

Üzümdəki təbəssüm,

Nəyim var, birovuz.

 

***

 

Deyirsən, ölürəm, yanında ölsəm?

Ölüləri heç sevmirəm,

Tərslikdən.

 

***

 

Yağış yağır,

Pəncərədən yağan yağışı

Sənsiz seyr edirəm.

 

***

 

Dar ağacı qurmuşam.

Asılmısan oradan.

Hiss edirsən, adam?

 

***

 

Tanış üz,

Tanış söz,

Natanış şəhər...

 

***

 

Sanki yetmişəm 100 yaşa,

yüz yaş yaşamaq istəyirdim,

haşa...

 

Lütviyyə ƏSGƏRZADƏ

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

 

525-ci qəzet.- 2019.- 15 may.- S.21.