Eston qızının "Küləklər şəhəri" haqqında   

 

 

 

Kersti Kivirüüt. Düşünmürəm ki, bu ad Azərbaycan oxucusuna çox da tanış olsun. Ümumiyyətlə isə bu çağdaş yazarın - eston xanımın Azərbaycanla əlaqəsi ola bilər? Yaxud da Azərbaycan-Estoniya ədəbi əlaqələri qədər genişdir? Bizim bir-birimizin ədəbiyyatımızı, milli kimliyimizi qarşılıqlı şəkildə tanımağımızın tarixi çoxmu qədimdir? Şəxsən mən bu haqda elə məlumatlı deyildim. Lakin Kersti xanımın "Küləklər şəhəri" kitabını oxuyana qədər.

Bir müddət öncə elan edildi ki, eston yazarı Kersti Kivirüütün Bakı Azərbaycandan bəhs edən yeni bir kitabı dərc edilib. Eston dilində. Əlbəttə, eston dili Azərbaycan oxucusu üçün əlçatan olmadığına görə, biz kitabın daha əlçatan bir dildə, ən əsası isə öz ana dilimizdə olmasını arzu edirdik.

yaxşı ki, xaricdə yaşasa da, ürəyi daim Azərbaycanla döyünən həmvətənlərimiz var. Belələrindən biri Estoniya vətəndaşı, o ölkənin həyatına bütün anlamlarda inteqrasiya olunmuş, lakin Azərbaycan kimliyini ən yüksək səviyyədə qorumağı bacaran Sənəm xanımdır.

Sənəm Əliyeva Estoniya radiosunda Azərbaycan dilində verilişin aparıcısıdır. Dövri olaraq bizi orda yaşayan soydaşlarımıza öz ana dilimizdə təqdim edir, Estoniya efirində kiçik olsa bir Azərbaycan yaşadır. Eyni zamanda, o ölkədə Azərbaycanla bağlı baş verənləri yaxından izləyir, fəal diasporçudur.

Kersti Kivirüütün "Küləklər şəhəri" kitabını da bizə Sənəm xanım tanıtdı. Kitab hələ estonca dərc ediləndə onun haqqında bilgi verdi, təmənnasız tərcüməni öz üzərinə götürdü Bakıda hansısa nəşriyyatın əsərin dərcini üzərinə götürməsini istədi. Özünün milli təəssübkeşlik yönündə nəşriyyat fəaliyyətilə tanınan TEAS Press həvəslə kitabın Azərbaycan oxucusuna təqdim edilməsinə yardımçı oldu. kitab əlimizdədir.

Eston yazıçısı Kersti Kivirüütün "Küləklər şəhəri" kitabı azərbaycanlı diaspor fəalımız Sənəm Əliyevanın məhz eston dilindən tərcüməsində artıq bu yaxınlarda oxuculara təqdim edilib. Biz həm kitab qurdu olaraq, həm bir estonun Azərbaycan haqqında yaza biləcəyini öyrənmək marağımızdan dərhal kitabı əldə etdik, oxuduq. peşman olmadıq.

Kitabda ötən yüzilin əvvəllərində Bakıda yaşamış azsaylı eston icmasından söhbət gedir. Onların Bakıda neft ona yaxın sənayedə axtarışları, araşdırmaları əldə etdikləri tapıntılardan danışılır. Eyni zamanda, qırmızı bolşeviklərin onlardan birini öldürməsi kitabın ən diqqətçəkən məqamlarındandır.

Kitabdakı olaylar sadəcə Bakıda cərəyan etmir. Heç zaman baxımından da eyni dövrü əhatə etmir. Burada biz Sovetlərin qurulmasının ilk illəri ərəfəsi, eyni zamanda, o dövlətin ən məşhur dönəmlərinə rast gəlirik. Əlavə olaraq kitab 2000-ci illərin hadisələrinə işıq tutur.

Coğrafiya da genişdir. Bakı, Qobustan, Xınalıqla yanaşı, biz burada Skandinaviyanı belə görürük. Kersti Kivirüüt özünün bu əsərində həm adıkeçən coğrafiyaları, həm yüz illik zaman kəsimini bir araya sığdırmağı bacarıb. Özü ustalıqla.

Kersti həm çox qədim tarixə ekskurs edib. Burada biz Skandinaviya allahı Odini görürük. Eyni zamanda, Odinin məhz Odlar Yurdundan Skandinaviyaya səyahət etməsi təsvir edilir. Qeyd olunur ki, Odin başda olmaqla Skandinaviya xalqları məhz Azərbaycandan törənib. Onlar bizim coğrafiyamızdan başlayaraq Xəzər dənizi - Volqa çayı vasitəsilə Baltik akvatoriyasına gedib çıxıblar.

Əlbəttə ki, məşhur səyyah Tur Heyerdal! Kitabda Qobustandan onun Skandinaviya bağlarından danışılırsa, Tur Heyerdalsız olmaz ki. Kersti ustalıqla bu məşhur səyyaha da öz kitabında yer ayırmağı bacarıb. Həm ən önəmli yerlərdən birini.

Detektiv janrında yazılmış kitabda həm mistika - mifik keçmiş bağlar çox ustalıqla əlaqələndirilib. Həyat iksirinin - əbədilik suyunun içilməsi kimi bir olayla bərabər yol göstərən qarğalara qədər diqqət çəkən obrazlar oxucunun marağını daha da artırır.

Maraq artıracaq məqamlar arasında Xınalıq kimi ucqar bir dağ kəndinin Odinin ardıcıllarıyla hətta çağdaş dönəmimizdə belə bağlı olmasıdır. Maraqla oxunur bu bağlar haqqında bilgilər.

Bir dörd oğlan uşağının qurban kəsilməsi durumu var ki, əsəri daha da dramatik edir, oxucunu ardınca çəkib aparır. Əlbəttə, sevgi macərası da yox deyil əsərdə.

Əsər xoşbəxt sonluqla bitir. Sirr arxasınca gələnlər o sirləri aşka etməyi bacarırlar. Zalım qəddarlarsa öz cəzasını alır. Ən əsası isə odur ki, bu əsər Azərbaycanla Estoniya arasında yeni bağlar - yeni körpü yaratmaq baxımından təqdirəlayiqdir.

Bir az da tərcümə haqqında. Əslində, bəlkə bu kitabı həvəslə oxumağımın səbəbi tərcümənin mükəmməlliyidir.

Son illər tez-tez tərcümələri tənqid etməyə məcbur oluruq. Həqiqətən bəzən dünyanın diqqət mərkəzində olan ədəbiyyat örnəkləri ana dilimizə o qədər bərbad tərcümə edilir ki, sadəcə oxumaq mümkün olmur. Lakin "Küləklər şəhəri" mükəmməl tərcümə edilib. Çox xırda, yalnız mənim kimi hədsiz həssas oxucuların diqqətini çəkəcək qüsurları nəzərə almasaq, tərcümə həqiqətən çağdaş tərcümə ədəbiyyatı içində parlaq bir örnək kimi diqqətimizi cəlb edir. Bu isə bir daha göstərir ki, tərcüməçi Sənəm Əliyeva qürbətdə yaşasa da, öz milli kimliyinə - ana dilinə bağlılığını ən yüksək səviyyədə qorumağı bacarıb. Bu da təsadüfi deyil. Bir insanın harada yaşamasından asılı olmayaraq öz milli kimliyinə bu qədər bağlı qala bilməsi onun soyunun düzgünlüyündən xəbər verir. Düşünürəm ki, Sənəm xanıma Azərbaycan dövlətinin uyğun qurumları bu tərcüməyə görə xüsusi diqqət göstərməlidir. Bu, sadəcə bir bədii əsər tərcüməsi deyil, Estoniya kimi kiçik olsa da, önəmli bir Baltik ölkəsi ilə əlaqələrimizin optimallaşdırılması baxımından çox ciddi addımdır.

Sonda hər kəsə tövsiyə edərdim ki, bu kitabı tapıb oxusun. Əminəm, həvəslə oxuyacaqsınız. Necə ki, mən oxudum.

11 may 2019, Dədəli

 

Azər HƏSRƏT

 

525-ci qəzet.- 2019.- 15 may.- S.18.