Laçına gedirik...
... Dünyanın yaxşı vaxtıdı. Yaz gəlib. Güllər-çiçəklər gəl-gəl deyir. Hər yanda quşların səsi eşidilir. Üfüqdən boylanan günəşin hərarətini, istisini duymamaq mümkün deyil. Mayın 9-dan sonra havalar bir qədər də istiləşir. Sanki dünyanın ən gözəl günləri yenidən gəlir...
Ancaq biz tikan üstündə oturmuşuq. Mayın 8-də Şuşa işğal olunur. Qanımız qapqaradı. Qapqara qanımızı yenidən durultmaq istəyirik. Bu vaxt Rəşad Məcid otağa daxil olur. Deyir ki, sabah Laçına getmək istəyirəm! Kim getmək istəyirsə, mənə qoşula bilər...
Bu, elə-belə gün deyildi. Həm çətin, həm də ağır gün idi. O vaxt "Ədalət"də işləyənlər daha çoxuydu. Azı 40 nəfər yaradıcı jurnalist vardı. Bu 40 nəfərin içərisində Rəşadın çağırışına 2 nəfər qoşuldu: biri bu sətirlərin müəllifi, biri də Elşad Hacıyev (sonradan o, prokurorluq orqanlarında işə düzəldi). Səhər açılanda biz işə gəldik. Rəşad Məcid gördü ki, sözümüzün üstündə möhkəm durmuşuq. Sonra da özünəməxsus bir ağayanalıqla dedi:
- Mən sizi sınayırdım, zarafat eləyirdim. Sizin getməyinizə bir o qədər ehtiyac yoxdur, onsuz da özüm tək maşınımla sabah səhər Laçına çıxıram.
Gördü ki, onun sözlərindən
hər ikimiz tutulduq. Elşad da, mən də birdən dilləndik:
- Söz vermişik, sözümüzü geri
götürən deyilik.
Səninlə Laçına
gedirik, vəssalam!
Rəşad Məcid gördü ki, biz hər ikimiz iki ayağımızı
bir başmağa dirəmişik və fikrimizdən də daşınan deyilik. Ona görə də şərtləşdik ki,
sabah səhər
Bakıdan çıxaq.
Və sabah
səhər dan yeri söküləndə
Bakıdan çıxdıq
və birbaşa Ağcabədiyə getdik.
Ağcabədidə Rəşadgilin evində
olduq. Onda Qarabağın ağsaqqalı,
rəhmətlik Müseyib
dayı ilə tanış olduq və bir
tikə çörək
kəsdik. Müseyib dayı da bizim
fikrimizlə razılaşdı
və dedi ki, "yaxşı yol!"
Rəşadgildən Beyləqana, ordan Füzuliyə, sonra da Cəbrayıla,
Qubadlıya üz tutduq. Biz maşınla
üzü Laçın
istiqamətində irəliləyirdik.
Qarşıdansa sayı hesabı
bilinməyən köç
maşınları, piyada
insanlar qabaqlarında qoyun-quzu Füzuli istiqamətində hərəkət
edirdilər. Yolun kənarında
isə saymaqla bitməyən çoxlu sayda ağır texnika gözə dəyirdi. Biz o texnikaları, tankları,
BMP-ləri görəndə
sevindik. Çünki söhbət elədiyimiz zabitlər, əsgərlər
deyirdilər ki, burdan Laçına çıxıb Şuşanı
azad edəcəyik.
Laçının Qayğı qəsəbəsinə çatanda hava dəyişdi. Bir yağış başladı ki, tut ucundan göyə çıx. Və orda postda olan əsgərlərimizlə söhbət elədik. Onların bir neçəsindən müsahibə aldıq. Əsgərlərin biri deyirdi ki, on-on beş dəqiqə bundan əvvəl ermənilərin bir vertalyotu bizi atəşə tutdu. Bizdə də uşaqlardan biri sərrast atəşlə həmin vertalyotu vurdu. Amma bunlar elə quduzdu ki, bir də görəcəksən ki, qisas almaq üçün yenə hücuma keçdilər. Küçük qulağını kəsəndən qorxar. Hələ ki, səslərini içlərinə çəkiblər. Sakitlikdi. Postda olan digər əsgərlər də bizi görəndə təəccübləndilər. Dedilər ki, camaat tankla gəlib bura çıxa bilmir. Siz "Jiquli" ilə bura necə gəlib çatıbsınız? Bir az ehtiyatlı olun və burda da çox ləngiməyin. Çünki hər an dığalar postu atəşə tuta bilər...
... Laçının bir neçə kəndini arxada qoyuruq. Dağların qoynuyla qıvrılıb gedən yolla üzü Laçın şəhəri istiqamətində irəliləyirik. Meşənin bir addımlığındayıq. Rəşad maşını saxlayır və dərindən nəfəs alır. Gözləri də dolur. Deyir ki, düşün bir az dincələk. Bu bulaqdan da su içək. Yenidən günəşin isti şəfəqləri meşənin ağaclarında bərq vurur. Biz hər üçümüz maşından düşüb ağaclara yaxınlaşırıq. Mineral bulaqdan doyunca su içirik. Hələ indiyə qədər bu tamda təbii su içməmişəm. Əvvəllər qorxurdum ki, səhhətimdə problem olduğuna görə bu suyu içəndə xəstələnərəm. Ancaq bir stəkan içdim, içimə, qəlbimə bir rahatlıq, sakitlik doldu. Elə Rəşadın da, Elşadın da bu suyu içəndən sonra ovqatı düzəldi. Yenidən maşina əyləşib üzü Laçına tərəf gedirik.
Qərargaha çatanda çoxlarının başı qarışıq olduğunu görürük. Arif Paşayev və digərləri bizim gəlişimizdən sevinirlər. Rəşadı yaxşı tanıdıqlarından bir qədər də aramızda şirinlik və səmimiyyət yaranır. Bu vaxt ermənilər şəhəri yenidən top atəşinə tutur. Mərmilərdən biri qərargahın yaxınlığına düşür. Xoşbəxtlikdən ölüm-itim olmur. Bizim artilleriyanın cavab atəşindən sonra ermənilər sakitləşirlər. Qərargahda söhbətləşirik. Müxtəlif hərbçilərlə və Arif Paşayevin özüylə Laçının müdafiəsindən danışılır. Onlar da deyirlər ki, əlavə qüvvə gəlməlidir, biz Laçından Şuşaya doğru irəliləməliyik.
Əsgərlərin, zabitlərin ovqatı pis deyildi. Amma bizə çox qəribə baxırlar. Deyirlər ki, vallah, qurd ürəyi yemisiniz. "Jiquli"ylə bura gəlib çıxmısınızsa, ananızın südü sizə halal olsun! Bir qədər keçir, Laçında "raypo"nun müdiri işləmiş orta yaşlı bir oğlan bizə yaxınlaşır. Deyir ki, qonaq gəlmisiniz, gedək qulluğunuzda durum, yeyək, içək, kabab qonaqlığı verim. Hələ samovar çayını demirəm. İki daşın arasında ürəyi böyük olan insanlar biz jurnalistlərə gözlərinin yağını yedirtmək istəyirlər. Göydən güllə yağanda, ölümlə üz-üzə olanda adamın boğazından nə kabab keçər, nə də samovar çayı...
... Yenidən ermənilər şəhəri topa tutur. Arif Paşayev deyir ki, siz şəhərdən çıxın! Çünki hər an təhlükəli ola bilər. Bizə baxmayın, biz belə döyüşlərə öyrəşmişik. Komandirin və digər zabitlərin təkidiylə axşama yaxın şəhərdən çıxmaq istəyirik. Arif Paşayev bir daha Rəşada və bizə özümüzdən muğayat olmağı tövsiyə edir və deyir ki, sizin kimi jurnalistlər bizə çox lazımdı. Biz avtomatla, tankla, topla müharibə aparırıq, siz də qələmlə...
Rəşad Məcidin dayısı Elbrus müəllim də özünü bizə çatdırır. Həyəcanlı halda bildirir:
- Ay rəhmətliyin uşaqları, dünyanın dağılan vaxtı canınızdan bezmisiniz?! Təcili geri dönün!
Rəşad özünəməxsus bir təbəssümlə inad eləyir, amma dayısının sözündən və komandirlərin təkidindən çıxa bilmir. Biz geriyə dönürük. Yenə gözlərimiz dolur və baxışlarımız şəhərin girəcəyində Laçın sözü yazılmış lövhədə ilişib qalır. Rəşad Məcid yenə həmin yüksəkliyə baxır. Qartal baxışıyla sanki sonunca dəfə bu yerləri seyr edir və ürəyini burda qoyub gedir...
Biz Laçına gedəndə
mayın 11-i idi. Gözəl bir
yaz günüydü.
Əvvəl gün çıxdı, sonra yağış yağdı
və yenidən gün çıxdı...
Ordan geriyə qayıdırıq.
Hər üçümüz dilxoruq.
Sanki dəryada gəmimiz batıb. Qayğı qəsəbəsinə qayıdanda
posta dönürük.
Postdakı uşaqlardan üçünü
yerində görmürük.
O dəqiqə Rəşadın
ürəyinə nə
isə damır. Əsgərlərdən biri deyir ki, müsahibə aldığınız əsgərlərin
üçü ağır
yaralanıb. Onları
Bakıya apardılar...
Yenidən Rəşadın gözləri
dolur. Sükan arxasında özünü
çox pis hiss eləyir. Yerə düşür, diqqətlə
ətrafa baxır, əsgərlərimizə təsəlli
verir: "Qorxub eləməyin, bu ürək ki, sizdə var, Allah sizi hifz eləyəcək".
Əsgərlərlə öpüşüb-görüşüb
ayrılırıq. Şər qarışan
vaxtıdı. Şər
qarışanda insan bir az ehtiyatlı olmalıdır.
Yavaş-yavaş yola qaranlıq
çökür. Bu qaranlığın içində
maşının işığı
zülməti yararaq üzü Qubadlı, Cəbrayıl, Füzuli istiqamətində geriyə
qayıdırıq.
... İndi anam da narahatdı.
Rəşada deyirəm ki,
bu axşam Bəhmənlidə qalacağıq.
Gedək
bizə, bir qədər dincələk,
axşamı gecələyək,
səhər də Bakıya çıxarıq.
Bəhmənliyə çatırıq, kəndə giririk, Rəşadın hələ
də ovqatı düzəlməyib. Birdən necə
olursa lövhədə
"Bəhmənli" yazılmış
sözləri görür.
O dəqiqə ovqatı
dəyişir və çöhrəsinə təbəssüm
qonur:
- Axır ki, Vaqif
Bəhmənlinin ətrini
hiss eliyirik. Nə böyük və gözəl kəndiniz
var. Elə Vaqif kimi oğlan da məhz belə
kənddə yetişər...
Bizim həyətə
girəndə qardaşım
Elxan Rəşadı
qucaqlayır və
"xoş gəldin"
deyir. Sonra da Elşadla tanış olur. Rəhmətlik anam da belini əyə-əyə
bizə yaxınlaşır.
Elə birinci Rəşadı bağrına basıb öpür. Sonra Elşadı
və sonra da məni bağrına
basır. Deyir ki,
ay bala, gecənin bu vaxtı hardan
gəlirsiniz? "Laçından! - deyəndə anam həyəcanlanır. "Bıy, başınıza
dönüm, a bala, bəs qorxmursunuz ki, ermənilər sizi öldürər?!"
Rəşad isə anamı
qucaqlayır və deyir: "Ana, nədən
qorxuruq. Bəs siz bizim kimi oğulu böyütmüsünüz ki,
biz də düşmənin
qabağına çıxaq
və sözümüzü
deyək".
Anam onunla razılaşır və sakitləşir. Bir göz qırpımında
stolun üstünə
ləziz yeməklər
düzülür. Qardaşım Elxan çalışır
ki, bizim ovqatımız yaxşılaşsın.
Ancaq hiss eləyirəm
ki, Rəşadın qəlbindən qara qanlar axır. Tut arağını qardaşım
qədəhlərə süzür
və deyir:
- Bəhmənliyə xoş
gəlmisiniz! Allah böyükdu. İnşallah
nə vaxtsa biz də sevinərik...
... Səhərə qədər gözümüzə
yuxu gəlmir. Bilmirəm yarım saat, bir saat Rəşad
yata bildi, ya yox. Amma bir onu bilirəm
ki, Bəhmənlinin havası, torpağı, suyu Rəşadın bu kədərli ovqatını bir qədər yüngülləşdirdi.
Səhər açılanda Rəşad
anamla elə görüşdü ki, sanki çoxdandır onu tanıyırmış.
Anam da Rəşad Məcidlə öz oğlu kimi davranırdı. Hər halda,
keçirdiyimiz həyəcanlar,
ağrılar, acılar,
stresslər arxada qalmışdı. Bir
qədər toxdamışdıq,
sakitləşmişdik və
ürəyimiz dincəlmişdi...
Açılan səhərin nurunu, işığını, şehini
dərindən duyuruq. Bir Qarabağ
havası, bir Qarabağ səhəri yenidən arxada qalır. Yenidən içimizdə, qəlbimizdə vətən
sevgisi, Laçın məhəbbəti baş
qaldırır. Amma
nə biləydik ki, cəmi üç
gündən sonra
1992-ci ilin mayın
17-də Laçın işğal
olunacaq...
Füzuliyə gedəndə Horadiz şəhərindəki bayraq meydanına qalxıram. Ordan Qubadlının, Laçının dağları görsənir. Oranın havasını, ətrini hiss edirəm. Qəlbimdə yenidən kövrək hisslər baş qaldırır. Rəşadın səsi qulağıma gəlir:
- Gəlin gedək Laçına!
Rəşad Məcid, biz
Laçına da gedəcəyik, Şuşaya da, Kəlbəcərə
də! Necə ki, mən indi
Horadizə, Lələtəpəyə gedə bilirəm. Rəşad
Məcid, Allah sənə hər cür istedad bəxş edib: ağayana oğlansan, yaxşı bir
kişinin övladısan, istedadlı
şairsən, yazıçısan. Və Allah-Təala sənə
mənimlə bir yerdə Laçına
getməyi də tezliklə qismət eləyəcək. Çünki Laçına biz
Ali Baş Komandanın
əmriylə gedəcəyik. Biz əlimizdəki
qələmi süngüyə çevirib
səninlə birlikdə Laçına gedəcəyik!
Faiq Qismətoğlu
525-ci qəzet.- 2019.- 15 may.- S.11.