"Onlara İsfəndiyar
Vahabzadə yox, Bəxtiyar Vahabzadənin
adı lazımdır"
PROFESSOR
İSFƏNDİYAR VAHABZADƏ: "MƏN NƏ
İQTİDARÇIYAM, NƏ DƏ
MÜXALİFƏTÇİ, MƏN -
AZƏRBAYCANÇIYAM"
- İsfəndiyar müəllim,
bu yaxınlarda mətbuatda sizin müxalifətə keçməyinizlə
bağlı xəbər
yayıldı. Nə qədər əsaslıdır
bu iddia?
- Mən bütün müsahibələrimdə, çıxışlarımda
dəfələrlə demişəm
ki, mən nə iqtidarçıyam,
nə də müxalifətçi, mən
- Azərbaycançıyam. Ömrümün sonuna kimi də bu fikirlə
qalasıyam. Müxalifətə keçmək qəbahət,
günah, cinayət deyil, amma mən
müxalifətə keçməmişəm,
keçmək fikrim də yoxdur. Sona kimi də heç
bir partiyanın üzvü olmayacağam.
Əgər hansı tərəfdə
fikir, ideya gözəl olarsa, mən də o tərəfi dəstəkləyərəm.
- Gözəl fikir, gözəl ideya deyəndə nəyi nəzərdə tutursunuz?
- Azərbaycançılıq və türkçülüyü nəzərdə tuturam. Bu millətin yolunda kim canını fəda etməyə hazırdırsa, mən onun tərəfindəyəm və ya o, mənim tərəfimdədir. Mən elə bir tərbiyə almışam ki, hər zaman öncəliyim Azərbaycan olub. "Azərbaycan" kəlməsi hər zaman mənimçün ən dəyərli olub. Müxalifətin qeyri-obyektiv fikirləri var, özləri bilər. İqtidarda da, ola bilsin ki, bəzən mənə uyğun olmayan fikirlər olur. Bütün bunlara görə mən heç bir tərəfə meyllənmirəm.
- Bəs bu fikir necə, hardan yaranmışdı, hansı tərəf atmışdı ortaya, araşdırdınızmı?
- Bu barədə dəqiq heç bir fikrim yoxdur. Hardan, necə çıxığını bilmirəm. Bu yaxınlarda mənə zəng gəldi. Dedilər ki, "Bütöv azərbaycanlılar"mı, yoxsa "Bütün azərbaycanlılar"mı ictimai birliyi, ya da ocağındandırlar. Onlar uzun müddət mənə zəng elədilər. Gah dedim xaricdəyəm, gah dedim vaxtım yoxdur. Ancaq onlar israr etməkdə davam edirdilər.
- İstəkləri nə idi?
- Hansısa tədbirlərində iştirak etməyimi xahiş edirdilər. Onlar "bütün", "bütöv" Azərbaycan deyəndə, mən elə bildim ki, yəqin o taylı-bu taylı Azərbaycan nəzərdə tutulur, burada iqtidar da, müxalifət də, Cənubi Azərbaycandan nümayəndələr də iştirak edəcəklər. Mənə dedilər ki, tədbir keçirək, mövzunu siz seçin, çıxış edin. Mən də İran və İsrail münasibətləri mövzusunu seçdim. Bizə ən yaxın qonşu İran dövlətidir. Bu mövzunu seçməkdə də məqsədim o idi ki, öyrənim görüm insanlarımız İranı nə qədər tanıyır, orada gedən proseslərə nə qədər bələddirlər? Həm də mən düşünürdüm ki, onlara İsrail də maraqlı olacaq, onun haqqında suallar verəcəklər.
Bu da nə Azərbaycan iqtidarı, ya da müxalifətinə tərəf olan mövzu deyil, tamamilə başqadır. Mən ixtisasca iranşünasam, ömrümün yarıdan çoxunu isə İsraili oxuyub, araşdırıb öyrənməyə həsr etmişəm. Beləcə tədbir baş tutdu və biz sırf İran-İsrail münasibətlərindən danışdıq. Elə oldu ki, gedişatda söhbət məcrasından çıxdı və buraya Ermənistanı da qoşdular. Mövzu bu üç ölkənin münasibətləri ətrafında oldu. Ermənistanın özü də mənə heç də tanış olmayan mövzu deyildi. Onların tarixi, keçdiyi yol, dünyagörüşü və sairlə bağlı kifayət qədər bilgi sahibiyəm.
Bir haşiyəyə
çıxım. Diplomatiyada belə
bir şey var. Əgər qarşınızdakının
fikirlərini öyrənmək
istəyirsinizsə, onda
çoxlu-çoxlu danışın,
rabitəsiz, bir-biriylə
əlaqəsi olmayan mövzulardan dayanmadan danışın. Xüsusən, çox insanın olduğu tədbir və ya iclaslarda,
diskussiyalarda. Çünki həmin vaxt kimin nəyə, hansı sözə reaksiya verməyi onun nə düşündüyünü,
ona nəyin maraqlı olub, nəyin olmadığını
göstərəcək. Mən də bu tədbirdə
danışırdım. Və orada Ermənistan məsələsinə reaksiya
verənlər oldu,
din məsələsinə reaksiya verənlər oldu və sair.
Gedişatda gördüm ki,
artıq söhbətə
dini də daxil edirlər. Mən dindar adam deyiləm,
heç zaman da olmamışam. Bütün dini kitabları oxumuşam, müsəlmanam,
amma dindar deyiləm. Ona görə də
bu mövzuda mübahisə etməyi sevmirəm. Bu yerdə
mən saatıma baxdım və çıxmalı olduğumu
dedim. Çünki artıq əlavə mövzuların "provakasiya"
yarada biləcəyini
hiss etdim.
Çıxanda dedilər ki, bizim "Qarabağa Azadlıq" komitəsinin
("Qarabağa yardım"
da ola
bilər) iclası olasıdı. Siz də orada iştirak edin. Bilirsiniz, etiraz etməyin özünün
növləri var. "Gələcəyəm",
"hökmən gələsiyəm",
"baxaram" və
sair. Diplomatiyanın özünün yolları, etiraz üsulları var. Artıq
"baxaram" demək
gəlməmək ehtimalının
daha çox olduğunu göstərir.
Mən də "baxaram" dedim və getmədim. Daha doğrusu, iclasa 2-3 gün qalmış gördüm ki, bütün saytlar mənim müxalifətə
keçməyimi yazdılar.
Mən də dərhal Rauf Arifoğlu ilə əlaqə saxladım, etirazımı
bildirdim və onlar da sağ
olsunlar, təkzib müsahibəmi yayımladılar.
- Sizi ən çox
hiddətləndirən nə
idi?
- Birincisi, əlbəttə,
adımdan yalan, yanlış, heç bir əsası olmayan xəbərin yazılması. İkinci isə yazdılar
ki, "Bəxtiyar Vahabzadənin oğlu müxalifətə keçib".
Deməli, mən belə
başa düşdüm
ki, onlara professor İsfəndiyar Vahabzadə
yox, Bəxtiyar Vahabzadə adı lazımdır. Mən Bəxtiyar
Vahabzadə kimi şəxsiyyətin oğlu
olmağımla hər
zaman fəxr etmişəm. Amma bu o
demək deyil ki, kimlərsə bu adla, soyadla
"alver" edə bilərlər. Mən təkzibimdə
də qeyd etdim ki, əgər
bir daha kimsə mənim başımın üstündən
adlayıb, adımdan yalan, yanlış informasiyalar yaysa, mən o adamları məhkəməyə verəcəyəm.
Çünki bu, artıq
məhkəməlikdir. Mənim müxalifətə keçməyimlə
bağlı nə bir ərizə var, nə də
müraciətim. Bəs
hansı əsasla belə bir iş
tutulur? Yenə deyirəm, müxalifət
də mənimdir, iqtidar da. Hər ikisi azərbaycanlıdır.
- Belə başa düşdüm ki, közü daha da alovlandıran Bəxtiyar Vahabzadə adından istifadə olub.
- Bəli... Bəxtiyar Vahabzadə adı oyuncaq deyil. Onlar bununla demək istəyirlər ki, görün biz nə qədər güclüyük, Bəxtiyar Vahabzadənin oğlu da biz tərəfə keçdi? Belə şeyə imkan vermərəm. Mən belə tələlərə düşəcək adam deyiləm. Sözsüz ki, mən ehtiyatda olan zabit kimi sabah Qarabağ uğrunda müharibə başlasa, əlimə silah alıb cəbhəyə gedəcəyəm. Onda müxalifətçi olacam? Yəni iqtidar Qarabağa azadlıq istəmir? Bu, necə bir məntiqdir?!
Mən o adamlardan deyiləm ki, 2-3 partiya dəyişim, sonra isə iqtidara yarınmaq üçün gəlib onların partiyasına üzv olum. Və ya müxalifətçi deyiləm ki, şəxsi ambisiyalarımı ön plana çəkib zidd mövqedə dayanım. Mən müstəqil elmlər doktoru, professoram, aliməm, öz fikirlərim, düşüncələrim və yolum var. Mən bu düşünmək qabiliyyətimi kimsəyə verməmişəm ki, nə istəyirlər etsinlər, nə istəyirlər yazsınlar. Belə çox mənasız, absurd bir məsələnin ortasında tapdım özümü.
Deməli, Bəxtiyar Vahabzadənin adı Şərqdən Qərbə, Qərbdən Şərqə qədər hər yerdə tanınırsa, siz də bundan istifadə edib öz zəifliyinizi onun və oğlunun adıyla qüvvətləndirmək istəyirsiniz? Müxalifətdə N qədər adam var. Niyə başqaları atalarının adlarıyla deyilmirlər? Çünki Bəxtiyar Vahabzadə təkdir.
- Atanızın adı bu mövzuda da qarşınıza qoyuldu.
- Bəli. Mən özümə görə bu həyatda nələrəsə nail olmuşam. Qazandığım hər uğuru çoxları atamın adıyla bağladılar. Amma həqiqətdə bu, heç də belə deyildi. Əgər atama görə idisə, mən niyə Əfqanıstanda döyüşə getdim? Ata saxlatdırardı da. Amma eləmədi, çünki mən istəmədim. Ordan gələndən sonra Rayon İcraiyyə Komitəsinin sədri oldum. Atama görə? Yox. Burada ikinci katib vardı. Biz onunla Əfqanıstanda bir yerdə olmuşduq. O, həmişə mənim döyüşkən adam olduğumu deyirdi. Ona görə məni o vəzifəyə təyin etdilər. Səfir getməyim isə belə oldu: Heydər Əliyev kadr məsələsinə xüsusi önəm verirdi. Onunçün insanın kimliyi önəmli deyildi, yaxşı kadr olması önəmli idi. Vəfa Quluzadə ilə mənim münasibətlərim yaxşı idi. Məni çox yaxşı tanıyırdı, bələd idi. Bir dəfə Heydər Əliyev ona deyib ki, İran-Əfqanıstan-Türkiyə xəttini yaxşı bilən bir nəfər lazımdır, respublikada beləsi varmı? O da İsfəndiyar Vahabzadəni, yəni məni məsləhət görüb. Çünki həqiqətən də Azərbaycanda bu xətti çox yaxşı bilən yeganə mütəxəssis mənəm. Dərhal, mart ayının əvvəllərində məni çağırdılar, iyunun əvvəllərində isə artıq Pakistana səfir mən getdim. Beləcə, mənim diplomatik işim başladı. Ondan əvvəl mən hərbi tərcüməçi olmuşam. Ondan sonra da heç vaxt səfir işindən yuxarıya qalxmamışam. Əgər Bəxtiyar Vahabzadə adından istifadə etmək lazım olsaydı, elə həmin zamanlarda edərdim, daha yüksək vəzifələrə qədər qalxardım da. Mən artıq otuz beş yaşımda professor idim. Hətta "atasına görə oldu" deməsinlər deyə soyadımı da dəyişmişdim. Hər yerdə "Şəkili" soyadıyla gedirdim. Altı-yeddi ay müddətində bütün sənədlərimi dəyişdim və rəsmən oldum "Şəkili". Hətta bu soyad məsələmə görə mənim dissertasiya müdafiəmdə məni o qədər incitdilər ki. Doktorluğumu düz üç dəfə müdafiə etmişəm: iki dəfə akademiyada, bir dəfə də Ali Attestasiya Komitəsində. Dediyim odur ki, o qədər çətin zamanlarımda Bəxtiyar Vahabzadə adından istifadə etməmişəmsə, niyə başqaları etsin ki?!
- Ümumiyyətlə, Azərbaycanda partiyaların fəaliyyətini necə dəyərləndirirsiz?
- İnandırım sizi ki, xəbərim yoxdur. Heç zaman maraqlanmamışam. Çünki fikirlər, yanaşmalar müxtəlifdir. Bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır. Mən də bu aspektdən yanaşaraq, heç bir partiyaya üzv olmuram, olmayacam da.
- Hazırda nə yazırsınız, nəylə məşğulsunuz?
- Bir povest üzərində işləyirəm. Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından təsirlənərək "Yeni tikilinin sonuncu mərtəbəsi" adındadır. Kitab kimi olmayacaq. Yəqin ki, bitəndən sonra oxucular onu mətbuatdan oxuya biləcəklər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 15 may.- S.7.