İtkilərin ağrısı
Ürəyində Qarabağ, Ağdam həsrəti olan daha bir doğmamı itirdim fevralda. Ölənlərinizə rəhmət olsun, xalam dünyasını dəyişdi.
Yanımızda olan, zəng edib başsağlığı verən, yazıb kədərimizə şərik olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Sözüm onda yox, iki gündür əşyalarına baxır mamamgillər (xalam müəyyən səbəblərdən özünü həyatın ironiyasına qurban etmiş, ailə qurmamışdı. 39 yaşında oğlunu, 36 yaşında qızını torpağa verən nənəmin ağlamaqdan tutulan gözləri oldu Sitarə xalam və bu səbəbdən ailə qurmadı ki, anasına baxsın. Sonralar nənəm də dünyasını bu qaranlıqdan digər qaranlığa dəyişdi və xalam rəhmətə gedən dayımın yoldaşı və 4 balası ilə yaşamağa davam elədi) və bir çox dəyərli şeylər tapırlar.
Xalam mühasib idi, sevirdi qələmlər və digər maraqlı aksessuar toplamağı. Ailə qurmayan adamlar üçün əşyalar bir başqa cür dəyərli olur əlbət. Bu qələmləri də bizim Vüqar gətirib dünən. Qoxladım qələmləri və and ola Allaha, gözlərim doldu.
Xalamın işlətmədiyi (bəlkə də işlətməyə qıymadığı) bu qələmlərin ən azından 27 yaşı var. İçində mürəkkəbi quruyan bu 3 qələm mənim bütün ömrümü 27 il əvvələ, Ağdama apardı. Qələmlər də qaçqın idi, qələmlər də köçkün idi... Dünyanın düz vaxtı Ağdamda - Mərzilidə alınmışdı. Bəlkə də rəhmətlik dayım direktor müavini olduğu 50 nömrəli peşə liseyindən almışdı, kim bilir... Bildiyim odur ki, dərdimiz boyda yaşı olan bu 3 ədəd qələm məni çox ağrıtdı, çox incitdi... Biz təkcə 27 ili deyil, nələri... nələri itirmişik, İlahi...
İtirə-itirə gedirəm, Allah,
Barı tapıb gələn varmı arxadan?!
Birdən itirərəm, tapmaram deyə,
Arzum da
qəlbimdən çıxmır, qorxudan.
Ramil MƏRZİLİ
525-ci qəzet.- 2019.- 15 may.- S.23.