Şanapipik
Məncə, fəsillərdən ən şıltağıdır bahar. Evin ərköyün sonbeşiyi kimi. Bir az küsəyən, bir az kövrək. Hərdən şən, hərdən qəmli. Hansı anda nə edəcəyi bəlli olmaz. Lakin necə dəyişkən olur-olsun, ətri, rəngi bir başqadır. Səsi isə baharın bambaşqadır. O səslərin hərəsi bir nağıldır. Əgər bir anlıq ayaq saxlayıb, təbiəti diqqətlə dinləsək, xüsusən də baharın bu çağında, o zaman hər canlının əsrarəngiz səsini, hekayəsini eşitmiş olarıq.
Yəqin ki, yazın bu vaxtlarında ən azı bir
dəfə sübh vaxtı işə gedərkən,
ya da yürüşə
çıxarkən yolunuz şəhərin
parklarından keçib. Hərgah şəhərdən
kənar təbiətdə olmuşsunuzsa,
nə əla! Təbiətdə ikən quşların
bir-birindən fərqli, gözəl nəğmələri bizi başqa bir aləmə alıb aparır. Gündəlik
qayğıları bir anlıq unutmuş oluruq. Canlı olduğumuzu xatırlayırıq. Quşlar hamısı səs-səsə versə
də, biz hər birinin
nəğməsini ayrıca eşidirik. Bir anda bu səslərin
içindən qulağımıza
hop-hop-hop və ya
up-up-up səsi gəlir. Bir az sonra
yenə də təkrarlanır. Qeyri-adi bir
nəğməsi olmasa
da, bu quşun
səsi digər quşların səsiylə
bir ahəng təşkil edir. Musiqi orkestrindəki zərb alətləri kimi. Sanki öz ritmiylə
digər ifaları müşayiət edir.
Bu quşun adı
Hop-Hopdur. Kəkili darağı
xatırlatdığına görə isə ona Şanapipik də deyirlər.
Əfsanəyə görə, Hop-Hop və ya Şanapipik - bir gözəl gəlin imiş. Saçları özündən də gözəlmiş. Xınayı rəngiylə günəştəki
işıq saçarmış.
İki övladı varmış.
Birinin adı Hop-Hop, o birinin Up-Up
imiş. Hər səhər
ərini işə yola salandan sonra
balalarıyla gözəl
vaxt keçirərmiş.
Ərinin yolunu gözləyərmiş.
Günlərin bir günü
gəlin yenə də ərini yola salandan sonra
saçlarını yumaq
üçün hazırlıq
görməyə başlayarmış.
Çünki saçları o qədər uzun imiş ki, yumaq
çox vaxt apararmış. Beləcə gəlin uşaqlarını
yedizdirər, əzizləyər,
həyətə oynamağa
göndərər. Saçlarını isladıb, daramaq istəyəndə qapının
eşiyindən səs
eşidər. Qayınatasının səsini. Baba nəvələrlərlə hal-əhval
edincə, gəlin saçında daraq, ortalığı yığışdırmağa
tələsər. Qoca nəvələrilə
qapıya bir addımlığında ikən
gəlin çaşıb
qalar. "Qayınatası
onu yaş saçlarla görərsə,
utancından bir daha onun üzünə
baxa bilməz" həyəcanıyla əlini
göyə tutub Allaha yalvarar: - "Allahım, məni bu utancdan qurtar
deyər!". Evin qapısı açıldığı
anda qapıdan balaca bir quş
pırr eliyə uçub gedər. Bax beləcə həmin gəlin, quş olub saçında daraqla ağaca qonar. İnsanlardan bir az kənar gəzər. Amma övladlarından narahat qaldığı üçün
tez-tez onları
"Hop-hop-hop", "Up-up-up", - deyə
səsləyər. O gündən
o quşa Hop-Hop quşu,
ya da Şanapipik
deyərlər.
Əslində isə Şanapipik - orta ölçüdə,
uzun, nazik dimdiyi, başında isə kəkili olan açıqrəngli kiçik quşdur. Yazın ortalarında
Avropanın və Asiyanın cənub və mərkəzi hissələrindən və
demək olar ki, Afrikanın hər yerindən bizim təbiətə köç edir və iyulun ortalarına qədər qonağımız olur.
Bu quşa meşələrdəki
talalarda, çəmənliklərdə,
düzənlərdə, üzüm
bağlarında rast gəlmək olur. Yuvasını, əsasən, ağacların
koğuşunda, bəzi
hallarda isə qayalıqlardakı oyuqlarda
və digər gizli yerlərdə qurur. Başındakı yelpəyə oxşayan
və darağı xatırladan kəkilini əhvalına görə
açıb-bağlayır. Bədəni
və başı oxra rənginə yaxın sarımtıl və ya xınayı
rəngə çalır.
Qanadları isə ağ-qara
xətlərdən ibarətdir.
Həşəratlarla qidalandığından təbiət üçün
faydalı sayılır.
Səsi də özü kimi çox maraqlıdır. Durmadan 5 saniyə ərzində up-up-up, hop-hop-hop, bəzən də ud-ud-ud nəğməsini oxuyur. Elə adı da buradan irəli gəlir.
Şanapipik insanlardan uzaq gəzsə də, qorxaq quş deyil. Sadəcə ehtiyatlıdır. Vaxtının çox hissəsini yerdə keçirir. Təhlükə anında qanadları açıq vəziyyətdə yerə yıxılıb özünü ölülüyə vurur və ağac qabığını xatırladır. Beləcə özünü düşməndən qorumuş olur. Yuvada ikən isə balalarını qorumaq üçün xoşagəlməz iy ifraz edir və buna görə də yuvaya erkək və dişi şanapipikdən başqa heç bir canlı yaxınlaşa bilmir. Şanapipik çox tez əhilləşən quşlardandır. Sahibinə sadiq quşdur.
Deyimlərə görə, bəzi qədim xalqlarda bu quş bərəkət və bahar rəmzi sayılırdı. Bu səbəbdən onun həyətdə yuva qurması da yaxşı əlamət kimi qəbul edilirdi.
Bax beləcə! Bu balaca, ala-bəzək quşun səsi qeyri-adi gözəl olmasa da, özü çox gözəldir. Faydalıdır. Ən əsası zərərsizdir. Bir də hekayəsi çox gözəldir. Əslində, məncə, hər bir canlının bir hekayəsi vardır. Sonu qəmli və ya şən bitən. Duya bilənə. Dinləyə bilənə.
Odur ki, işdir bu günlərdə yolunuz təbiətdən keçərsə, bir anlıq ayaq saxlayıb onu dinləyin, çünki onun sizə danışacağı daha çox hekayəsi var...
Fidan MALİKQIZI
525-ci
qəzet.- 2019.- 17 may.- S.16.