Həkim ömrünün zəngin salnaməsi

 

 

Respublikanın Əməkdar həkimi, tibb elmləri namizədi, Nyu-York Elmlər Akademiyasının üzvü Əyyub Şəmil oğlu Məmmədovun 85 yaşı tamam olur.

Şərəfli həyat və fəaliyyət yolu keçmiş ağsaqqal həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik.

Bu dünyada dəyərli, qibtə ediləsi hər nə varsa, onu Allah yaradıb. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkimlər də möcüzələr yaradırlar. Allah heç bir bəndəsinin onun əleyhinə işləməsini qəbul etməz. Lakin Allaha ağır getməsin, həyatda yeganə olaraq həkimlər onun  "əleyhinə"  işləyir fikrində də müəyyən həqiqət var. Tanrı da bəşəriyyətin həyatı naminə nəinki həkimlərin, bu  "günahından"  keçir, həyada onlara güc-qüvvət də verir. Allahdan sonra insanlara ömür bəxş edən varlıqlar olan həkimlər insanların sevinc və sağlamlığından həzz alırlar.                  

İnsan ömrünün səhifələrini vərəqlərkən, onun həyat salnaməsi nəzərdə çanlanır. Xeyirxah insanlar digərlərinə nümunə olaraq həyatda parlaq, silinməz izlər qoyurlar. İnsan sevincinin işığından mənəvi zövq alan fədakar həkimlərdən biri də Azərbaycan Respublikasının Əməkdar Həkimi, tibb elmləri namizədi, Nyu-York Elmlər Akademiyasının üzvü, akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı Əyyub Şəmil oğlu Məmmədovdur. Onun həyat səlnaməsinə diqqət yetirdikdə nəsillərə örnək bir insanın, əsl peşəkarın və örnək vətəndaşın sürəti göz önünə gəlir.

Hələ uşaqlıqdan Əyyub həkim gecə-gündüz oxuyar, əlindən kitab düşməzmiş. Gərgin əmək öz bəhrəsini verib. O, orta məktəbi əla qiymətlə bitirib, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Elə ilk vaxtlardan elmi yaradıcılığa meyl göstərməyə başlayıb, bütün günü oxu zallarında olub, axtarışlara baş vurub, yeniliyə can atıb. Hələ uşaqlıqdan qonşulardan, qohumlardan gözünün önündə neçə-neçə insanın xəstəlikdən, xəsarətdən dünyasını dəyişdiyini gözləri ilə görüb. Məhz bu baxımdan onun zehnindən layiqli, savadlı həkim olaraq, insanları mümkün gədər ölümdən qurtarmaq, axan acı göz yaşlarını saxlamaq kimi nəcib fikirlər keçib. Odur ki, öz peşəsinin sirlərini daha dərindən öyrənməyə can atıb. 1956-cı ildə Bakı şəhəri ali məktəbləri arasında keçirilən elmi işlərinin müsabiqəsində "Botkin xəstəliyinin klinikası, epidemilogiyası və müalicəsi" mövzusunda yazdığı işə görə üçüncü yer, 1957-ci ildə Zaqafqaziya ali məktəblilərinin elmi işlərin  "Yanıqların parafin aplikasiyası ilə müalicəsi" işinə görə isə ikinci yeri tutub. İnstitutu müvəffəqiyyətlə bitirib, şəhərdə qalmayıb, rayona, yerli sakinlərə xidmət üçün qayıdıb. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, institutda aldığı zəngin biliklə işə başlayıb, həvəslə çalışıb və qısa müddət də yaxşı bir cərrah kimi hörmət qazanıb. Ad-sanı, bacarığı barədə xoş sədalar qonşu rayonlara da çatıb. Hörmətli bir həkim-cərrah kimi nüfuz sahibi olub.

Əyalət xəstəxanasında cərrah işləyən Əyyub həkim 1970-ci ildə Bakı Elmi-Tədqiqat TravmotologiyaOrtopediya İnstitutunun aspiranturasına daxil olub, keçmiş Ümumittifaq TravmotologiyaOrtopediya  İnstitutunda elmi işlər aparıb. "Müasir aspektdə riyazi analizlə kənd təsərrüfatı travmaları və onun profilaktiki yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, tibb elmləri namizədi olub. Onun dissertasiyası çox böyük maraq doğurub. Dövrün bu sahə üzrə görkəmli alimləri, tanınmış həkim-cərrahlar, onun elmi işi barədə yüksək rəylər bildiriblər. Rəylərdən birində qeyd olunurdu ki, dissertasiya yazılarkan 348 ədəbiyyatdan istifadə edilməsi, bunun da 56-sının xarici ölkələrdə çıxan elmi nümunələr olması nadir göstəricidir.

Əyyub həkimin fəaliyyət salnaməsi parlaq, unudulmaz səhifələrlə zəngindir. Bir gün 10 yaşında uşaq, ürəyindən və ağciyərindən yaralanmış vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına gətirilir. Əyyub həkim uşağı təcili müayinə etdi, uşaq çox qan itirmişdi. Təcili ürək və ağciyər üzərində cərrahi əməliyyat aparılmalı idi. Belə ağır vəziyyətdə, əməliyyat üçün bir sıra zəruri kadr və avadanlıqların olmadığı şəraitdə Əyyub həkim bütün məsuliyyəti öz üzərinə götürərək, uşağı əməliyyat otağına apartdırır. Son dərəcə ağır əməliyyat saatlar keçəndən sonra uğurla yekunlaşır. Çox keçmədən həyata qayıdan xəstə yaxşılaşır. Bu əməliyyatın sədası bütün ölkəyə yayılır. Televiziyaradio ilə informasiyalar verilir, dövri mətbuatda yazılar çap olunur. 13 mart 1962-ci ildə "Azərbaycan gəncləri" qəzetində "Onun adı sanı var" adlı məqalə çap olunur. Hətta Moskvada "Zaman" xəbərlər proqramında məlumat verilir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, tibb elmlər doktoru, professor, Əməkdar elm xadimi Fuad Əfəndiyev bu münasibətlə Əyyub Məmmədova təbrik məktubu və Cərrahlar Cəmiyyətinin tədbirinə dəvət yollayır.

Əyyub Məmmədov 87 elmi işin, 3 monoqrafiyanın müəllifidir. 2 ixtirası və 3 səmərəli təklifi var. 87 elmi işin 18-i xarici ölkələrdə elmi jurnallarda çap olunub.

1980-ci ildən 1992-ci ilə kimi Beyləqan Rayon Mərkəzi Xxəstəxanasının baş həkimi işləsə də, fəaliyyəti boyu elmi yaradıcılıqdan ayrılmayıb. Elə buna görə də 1992-ci ildə "Bilik" cəmiyyətinin təsis etdiyi Yusif Məmmədəliyev adına Mükafatın laureatı olub, dəfələrlə Respublika Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.

O, "Ahıl və qoca yaşlarda qarın boşluğunun kəskin cərrahi xəstəliklərdə müasir taktika" mövzusunda doktorluq dissertasiyasını yazaraq, Kiyev Elmi-Tədqiqat Heriantologiya İnstitutunun elmi şurasına təqdim edib. Bu günə kimi Moskva, Kiyev, Alma-Ata, Daşkənd, Tbilisi, Sankt-Peterburq, Budapeşt, ParisLondon şəhərlərində keçirilən beynəlxalq konfranslarda, qurultaylarda, simpoziumlarda elmi məruzələri dinlənilib.

Əyyub Məmmədov indiyədək dövri mətbuatda və elmi-praktik jurnallarda 500-dən çox elmi, elmi-praktik məqalələr çap etdirib. 2006-cı ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Respublika Alimlər İttifaqının, Ziyalılar Cəmiyyətinin, Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Ə.Məmmədova Respublikanın Əməkdar Həkimi fəxri adı verilib. Əyyub Məmmədov Rusiya Cərrahlar Cəmiyyətinin və Azərbaycan Cərrahlar Assosiasiyasının üzvü, Ali dərəcəli cərrahdır.

Əyyub həkim elmi-praktik fəaliyyətilə bərabər, ölkə mətbuatında çıxan publisistik yazıları ilə də tanınır. Yaxın zamanlarda bu sahədə fəaliyyətinə görə ona Azərbaycan Jurnalistlər Birliyinin Diplomu verilib. Eyni zamanda, Əyyub həkim Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Fəxri üzvü və "Qızıl Qələm" mükafatı laureatıdır.

Əyyub həkim dünyanın bir çox elm adamları ilə əlaqə saxlayır, onların yeni elmi işlərini öyrənir. Parisdə, Nyu-Yorkda, Alma-Atada, Londonda çalışan elm adamları ilə əlaqə saxlayıb, onlarla təcrübə mübadiləsinə üstünlük verir. Xüsusən Kiyevdə onun çox sayda alim dostları var.

Əyyub Məmmədov vaxtı mənasız keçirməz, hər dəqiqəsinin qədrini biləndir.

El-oba arasında böyük nüfuz sahibi olan Əyyub həkim həm də qayğıkeş, mehribanciddi ailə başçısıdır, nümunəvi şəxsiyyətdir. Vətənə və xalqa məhəbbət, təmənnasız, peşəkar xidmət kimi uca amallarla yaşayan Əyyub həkim - 85 yaşlı Əyyub Məmmədov insanlığın sabahına ümid yaradan, inam aşılayan örnək azərbaycanlı, layiqli vətəndaş, elin yüksək ehtiramını qazanmış əsl ağsaqqaldır. Yubileyi münasibətilə Əyyub həkimə və onun doğmalarına səmimi təbriklərimizi, ən xoş arzularımızı ünvanlayırıq.  

 

Fidan HƏŞİMOVA

 

525-ci qəzet.- 2019.- 17 may.- S.15.