Milli dilçiliyimizin inkişafı naminə

 

AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU SON İLLƏR BİR SIRA MÜHÜM UĞURLAR ƏLDƏ EDİB

  

 

Bu gün Milli Elmlər Akademiyasının tədqiqat institutlarından hər hansı birinə rəhbərlik etmək, sözün həqiqi mənasında, ağır, çətin və mürəkkəb məsələdir. Ona görə ki, zaman da dəyişir, insanlar da, elmə də, təhsilə də baxış yeniləşir.

1988-ci ildən Nəsimi adına Dilçilik İnstitutunda çalışıram. Elmi işçi olmağımla fəxr edirəm. Direktorlardan akademik Ağamusa Axundovla, professor Fəxrəddin Veysəlli ilə, akademik Tofiq Hacıyevlə bir yerdə işləmişəm. Bu rəhbərlərin hər birinin öz iş üslubu, öz təşkilatçılıq bacarığı, rəhbərlik ustalığı var idi. Amma hər birinin xarakterindən asılı olaraq bəzi qüsurlardan da xali deyildilər. Onlar dilçilik elminə, türkologiyaya lazım olan qaydada xidmət göstərmişlər, elmimizin inkişafına təkan verən işlər görmüşlər.

İndi zaman dəyişib. Bu strateji, dövlət əhəmiyyətli mərkəzə akademik Möhsün Nağısoylu rəhbərlik edir. Öncə rəhbər işçi özünü kollektivə sevdirməlidir. Həqiqətən də, Möhsün müəllim bir neçə ildir ki, işi ilə, kollektivə humanist, insani münasibəti ilə özünü təsdiq və ifadə edə bilmişdir.

Deyirlər, dünyanın mizanı vicdan susanda pozulur. Demək olar ki, cəmiyyət stress içərisində yaşayır. Qəlblərə şər nüfuz edir. Məhz buna görə də yaranan şəraitdən müəyyən məqsədlər üçün istifadə edənlər də aramızda az deyil.

İnsan, görəsən, nə üçün öz içindən gələn səsə qulaq asmır. Bu günün insanı niyə humanist duyğularla yaşaya bilmir?

İnsanı təkcə öz ürəyi, vicdanı, içində olan hiss və düşüncələri bu müasir bəlalardan xilas edə bilər.

Möhsün müəllimi tərif eləməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Kollektivə humanist münasibət ən parlaq bir xətt kimi onun əqidəsini səciyyələndirən cəhətlərdəndir.

M.Nağısoylunu bir direktor kimi dilçiliyimizin, dilimizin ən ümdə problemləri düşündürür. O, kollektivin hər bir üzvünün uğurlarına da, mənəvi sarsıntılarına da böyük həssaslıqla yanaşır. Direktor son dərəcə xeyirxah bir işlə məşğul olur. Möhsün müəllim fəaliyyətə başlayan gündən  institutda tam sakitlik yaranıb. Kollektivdə münbit şərait meydana gəlib. Möhsün müəllim deyir ki, biz dillə, dilçilik elmi ilə məşğul oluruq, dil bizim həyatı dərk etmə silahımızdır. Biz dillə nəfəs alırıq.

M.Nağısoylunun dilçilik elmimizin bugünkü inkişafı ilə bağlı ideyalarını, təkliflərini izləyirəm. Mətbuatda, televiziyada, digər tədbirlərdə etdiyi çıxışlar, verdiyi təkliflər onu bir yenilikçi alim kimi səciyyələndirir. O, bir rəhbər işçi kimi dilçilik elminin yeni sahələrini öyrənməyin tərəfdarıdır. Dilçilik problemlərinin nəzəri-praktik həllində etdiyi çox diqqətəllayiq təşəbbüsləri vardır və bunlar yalnız minnətdarlıqla qarşılanır.

Məhz M.Nağısoylunun düşüncələri, ideyaları işığında institutda bir sıra elmi-nəzəri yeniliklər gerçəkləşib.

Möhsün müəllimi on ildən çoxdur ki, tanıyıram. Etibarlılıq əmsalı çox yüksək olan insandır. İdeyalarının reallaşması, həyata keçməsi naminə hər zaman mübarizlik nümayiş etdirir. Potensialı çox böyükdür.

Şöbələrdə aparılan tədqiqatlar əsaslı elmi nəticələrin əldə edilməsinə şərait yaratmışdir: Yeni orfoqrafiya qaydaları və lügəti, Naxçıvan dialektoloji atlası və dialektoloji lüğəti, Azərbaycan dilinin tarixi (3 cild), Azərbaycan dilinin tarixi lüğəti (2 cild), Azərbaycan dilinin izahlı lüğəti (4 cild), Türk dillərinin müqayisəli-tarixi leksikologiyası (3 cild) və digərləri.

M.Nağısoylu Dialektologiya şöbəsinin əməkdaşları ilə birgə Qarabağın bir sıra bölgələrində olmuş, Qarabağ atlasının, dialektoloji lüğətinin  hazırlanmasında yaxından iştirak edib.

Məhz M.Nağısoylunun təşəbbüsü ilə Müasir Azərbaycan dili şöbəsində 4-cildlik akademik fonetika, fonologiya, leksikologiya, morfologiya və sintaksis bölmələri üzrə əsaslı tədqiqatlar aparılır.

M.Nağısoylunun təşəbbüsü ilə fonetika və fonologiyaya dair görülən işlər artıq ənənəvi xarakterli fonetik-fonoloji araşdırma sərhədlərindən çıxaraq yeni üsullarla öyrənilmişdir. Azərbaycan dilinin yeni fonetika və fonologiya əsəri çapa təqdim edilmişdir (700 səhifəlik).

Direktorun ciddi nəzarəti altında yeni akademik leksikologiya bölməsi, hər şeydən öncə, leksik vahidlərin müxtəlif mövzular üzrə üst və alt semantik qrupları və uyğun leksik-semantik kateqoriyaları əsasında araşdırılmaqdadır. Alınma sözlərin unifikasiyası və kodifikasiyası işləri aparılıb. Leksikologiyaya dair fundamental dilçilik işləri həm sinxron, həm də diaxron olaraq davam etdirilməkdədir. Leksik və frazeoloji vahidlərin linqvokulturoloji aspektlərinə ilk dəfə Dilçilik İnstitutunda diqqət yetirilib. Azərbaycan dilinin leksik tərkibi onun ədəbi-funksional müstəvidə işlənilməsi problemləri ilə əlaqədar xeyli işlər görülüb.

Nəticədə Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşunun sosial-mədəni xarakterinin daha geniş bir diskursiv aurada öyrənilməsinə yol açılıb.

İnstitut elm və təhsilin inteqrasiyası fonunda sürətlə gənçləşir. İnstitutda magistratura şöbəsi fəaliyyət göstərir. Burada hər cür şərait yaradılır ki, magistraturanı bitirənlər doktoranturada saxlanılsın.

Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutu ilə, Qazaxıstan EA Dilçilik Mərkəzi ilə, Türk Dil Qurumu və Ankaradakı Hacəttəpə Universiteti ilə əməkdaşlıq  yüksək səviyyədədir. Birgə müzakirələr, konfranslar keçirilir, səmərəli təkliflər verilir.

Beləliklə, M.Nağısoylunun rəhbərliyi altında dilçilik elmi sahəsində vəziyyət əsaslı surətdə yaxşılaşdırılıb.

O, dövlətin dil haqqında çıxardığı qərarları, sərəncamları yüksək qiymətləndirir. Möhsün müəllim Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əldə rəhbər tutaraq institutda əsaslı işlərin görülməsi üçün var qüvvəsini sərf edir.

Görülən işlərlə tanışlıq göstərir ki,  institutun şöbələri yalnız Azərbaycan dili ilə bağlı deyil, həmçinin, onun başqa türk dilləri ilə, müxtəlif sistemli dillərə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atır, müasir dillərin nəzəri baxımdan tədqiqinə, eyni zamanda, qədim dünya dilləri və mədəniyyətlərinin araşdırılmasına yönələn yeni layihələr (şöbə müdiri, professor İlhami Cəfərsoylu)  işləyib hazırlayırlar.

İnstitutda Azərbaycan dilini öyrənən əcnəbilər üçün tədris vəsaitləri hazırlanır (şöbə müdiri, professor Mayıl Əsgərov).

Məşhur "Türkologiya" jurnalı yenə də Bakıda çap olunur. Jurnalın institutla, ictimaiyyətlə, xarici ölkələrlə birbaşa əlaqəsi akademik Kamal Abdullanın təşəbbüsü və fəaliyyəti sayəsində mümkün olub, beynəlxalq elm aləmində Bakı türkologiyanın mərkəzi kimi tanınıb. Jurnalda çap edilən məqalələr səviyyəcə yüksəlmiş, dünya dilçiliyinin, türkologiya elminin son uğurları ilə ayaqlaşmaqdadır.

Azərbaycan dilinin tarixi şöbəsində dilimizin tarixini əks etdirən yeni əsərlər yazılır. Professor Qəzənfər Kazımovun, professor Sevil Mehdiyevanın araşdırmaları diqqəti xüsusilə cəlb edir. Bu günlərdə Q.Kazımovun "Azərbaycan dilinin tarixi sintaksisi" kitabı (606 səh.) nəşr olunub. Hazırda şöbədə qədim türk sözləri lüğətinin hazırlanması üzərində iş gedir.

İnstitut kollektivi çalışır ki, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu hər kəs dərk etsin və tədqiqatlar məhz  bu istiqamətlərə yönəlsin. Ona görə də institutda mütəmadi olaraq ədəbi dil normalarının pozulması ilə bağlı tədbirlər keçirilir, müzakirələr aparılır, jurnalistlərlə faydalı görüşlər keçirilir, səmərəli təkliflər verilir. Bakı şəhərindəki küçə reklamlarında, ayrı-ayrı bölgələrdə dil normalarının vəziyyətinə nəzarət "Monitorinq" şöbəsinin (şöbə müdiri filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva) gördüyü işlərin son dərəcə əhəmiyyətlidir.

Yeni yaradılmış şöbələrdən biri "Kompüter dilçiliyi" şöbəsidir (Şöbə müdiri professor Kamilə Vəliyeva). Professor Məsud Mahmudovun "Korpus dilçiliyi" (Bakı, 2018), Kamilə Vəliyevanın "Kompüter dilçiliyinə giriş" (Bakı, 2018) kitabları yeni şöbənin təqdirolunası əsərlərindəndir.

Tətbiqi dilçilik şöbəsinin (şöbə müdiri, professor İsmayıl Məmmədli) əməkdaşlarının tədqiqatları ürəkaçandır: "Yeni sözlər və yeni mənalar lüğəti", "Türk mənşəli sözər lüğəti", "Alman mənşəli sözlər lüğəti" faydalı mənbələrdir. Dosent Xədicə Heydərovanın "Azərbaycan filoloji lüğətlərində ümumişlək olmayan sözlərin verilməsi" (Bakı, 2019) kitabı lüğətçiliyin ümumi nəzəri problemlərinə həsr edilmişdir.

Akademik M.Nağısoylu və professor Məsud Mahmudov son illər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olub (kollektivlə birgə). Alınan vəsait əməkdaşların əsərlərinin çapına və ezamiyyələrə xərclənib.

Dilin ümumi mənzərəsini, sözün müxtəlifliyini, məna imkanlarını lüğətdən öyrənmək olar. İnstitutun Terminoiogiya  şöbəsi (şöbə müdiri, professor Sayalı Sadıqova) "İzahlı dilçilik terminləri lüğəti"ni (Bakı, "Elm", 2018, 912 səh.) çapa hazırlayaraq nəşr etdirib. Tərtibçilər müxtəlif mənbələrdən min bir əzabla dilçiliyə dair terminləri toplamış, sistemləşdirmiş   elmi ictimaiyyətə, dilçiliksevərlərə ərməğan etmişlər. Onu da diqqətə çatdırım ki, təkcə keçən il İnstitutda 10 kitab, 17 monoqrafiya işıq üzü görüb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda son illərdə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında bu kiçik qeydlərim açıq-aşkar göstərir ki, ölkəmizdə dilçilik üzrə sanballı elmi araşdırmaların mərkəzi kimi tanınan bu elmi qurumda işlər yüksələn xətlə davam edir. Düşünürəm ki, görülən işlərdə İnstitut rəhbərliyi ilə yanaşı, hər bir əməkdaşın da müəyyən qədər payı var.

 

İsmayıl KAZIMOV

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 17 may.- S.13.