55 yazıçı - 55 hekayə
ÇAĞDAŞ
TÜRKİYƏ NƏSRİNİN AZƏRBAYCANDA YENİ
TƏQDİMATI HAQQINDA BİR NEÇƏ SÖZ
Azərbaycan
Yazıçılar Birliyi Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin nəşri
olan "Dünya ədəbiyyatı" dərgisinin
"Türkiyə: hekayə" sayı çağdaş mədəni-ədəbi
mühitimiz üçün əlamətdar sayılacaq hadisələrin
- yubileylərin qovuşuğunda işıq üzü
görür. Bu ərəfədə Azərbaycan
Yazıçılar Birliyinin
85, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
30 illiyi, "Dünya
ədəbiyyatı" dərgisinin
isə 15 yaşı tamam olur.
1934-cü ildən təşkilat
halında davamlı fəaliyyət göstərən
Yazıçılar Birliyi
Azərbaycanın həm
ötən yüzilliyin
mühüm bir hissəsindəki, həm də bu əsrin
arxada qalan beşdə birinə yaxın bölümündəki
mədəni, ədəbi
və ictimai həyatında ciddi rol oynayıb. Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi
də 1989-cu ildə Birliyin sədri, Xalq yazıçısı
Anarın təşəbbüsü
və dəstəyilə
bu təşkilatın
nəzdində yaradılıb.
İlk rəhbəri olmuş mərhum alim və ictimai
xadim Aydın Məmmədovun misilsiz əməyi nəticəsində
qısa müddətdə
formalaşıb fəaliyyətilə
ciddi təqdir qazanan, sonralar da diqqətəlayiq işlər görən bu Mərkəz, indi də yeni
mərhələnin, müasir
dövrün tələblərinə
uyğun səviyyə
və keyfiyyətdə,
daha ardıcıl çalışır.
2004-cü
ildə nəşrə
başlamış "Dünya
ədəbiyyatı" dərgisi
ötən 15 ildə
bədii tərcümə
və ədəbi mübadilə işinə,
müxtəlif ölkələri,
ayrı-ayrı xalqları
təmsil edən yüzlərlə ədibin
yaradıcılığının Azərbaycanda tanıdılması
prosesinə sanballı
(hər halda, bu əlamətdar günlərdə təvazönün
sərhədini bir azca keçmək də olar!) töhfələr verib.
Dərginin qurucusu və ilk baş redaktoru - şair, tərcüməçi
Səlim Babullaoğlu
bu nəşrin yaranması, tanınıb-yayılması
üçün fədakarlıqla
çalışıb, böyük
əmək sərf edib. Çətin şərtlər
altında, bu profilli nəşrlər üçün son dərəcə
sıxıntılı illərdə
dərginin olduqca dəyərli saylarını
ortaya qoymuş S.Babullaoğlu "Dünya
ədəbiyyatı"nı
Azərbaycan ədəbi
mətbuatının sanballı
örnəyinə çevirib.
2014-cü ildə Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri
təyin edildikdən sonra isə nisbətən genişlənən
imkanlarla "Dünya
ədəbiyyatı" dərgisinin
müntəzəm nəşrinə
nail olub. Sözsüz
ki, bu baxımdan
həm ümumən Mərkəzə, həm də birbaşa "Dünya ədəbiyyatı"
dərgisinə AYB sədri
Anarın, Azərbaycan
Respublikasının Mədəniyyət
naziri cənab Əbülfəs Qarayevin fəal, məqsədyönlü
dəstəyi xüsusi
minnətdarlığa layiqdir.
Bu 15 ildə dərginin
nəşrində əməyi
olan hər kəsin - redaktor, tərcüməçi, texniki
işçi heyətinin
də xidmətlərini
minnətdarlıqla xatırlayırıq.
"Dünya ədəbiyyatı"nın son illər fərqli bir konseptlə nəşr olunduğu bəllidir. Artıq 5 ildir ki, dərginin
hər sayında ya ayrıca bir ölkənin (Ukrayna, Rusiya, İran, Oman, İngiltərə,
Moldova) ədəbiyyatını, yaxud hansısa növün və ya janrın mənzərəsini ("Dünya
dramaturgiyası", "Serbiya
poeziyası") təqdim
edirik. Xalq yazıçısı Anarın
80 illik yubileyi münasibətilə isə
dərginin 2018-ci il üçün
1-ci sayı bütövlükdə
onun tərcümə
yaradıcılığına ayrılmışdı.
Ədəbiyyatlar arasında ögey-doğmalıq
salmaq, əlbəttə,
qəbuledilməzdir, xüsusən
də "Dünya ədəbiyyatı" adlanan
bir dərgi üçün. Ancaq bu yubileylərin
qovuşuğunda işıq
üzü görən,
yeni konsept üzrə 10-cu (daha bir əlamətdar cəhət!) sayımızın
məhz qardaş Türkiyənin ədəbiyyatına
həsr edilməsindən
duyduğumuz məxsusi
məmnunluğu gizlətmək
qeyri-səmimilik olardı.
Çünki yaşadığımız
bu il
Türkiyə Cümhuriyyətinin
qurucusu Qazi Mustafa Kamal Atatürkün işğalçılara qarşı
milli mücadiləni
- Qurtuluş Savaşını
başlatmaq üçün
1919-cu ilin mayında İstanbuldan Samsuna gəlişinin 100 illiyilə
də əlamətdardır.
"Dünya ədəbiyyatı"
dərgisinin belə bir parlaq tarixi
hadisənin 100 illik yubiley günlərində
işıq üzü
görəcək bu sayının məhz Türkiyə ədəbiyyatına
həsr olunması barədə təşəbbüsümüzü
dəstəkləyən, yardımını
əsirgəməyən Bakı
Yunus Əmrə İnstitutuna, şəxsən
hörmətli müdir
Cahan Özdəmirə
dərin təşəkkürümüzü
ünvanlayırıq.
Dərginin bu sayında Türkiyə ədəbiyyatından
55 yazıçının hekayə yaradıcılığından
nümunələr (hərəsindən
bir əsər olmaqla!) öz əksini tapıb. Üstəlik, Azərbaycan ədəbiyyatşünaslarının
Türkiyə hekayəçiliyini
təhlil etdikləri
3 nəzəri materiala
yer verilib.
Müəlliflərin hər birindən mümkün qədər həm ən uğurlu, həm də onun yaradıcılığı
üçün spesifik-xarakterik
hekayəni seçib təqdim etməyə çalışmışıq. Heç şübhəsiz,
55 müəllifin və
hekayənin hamısına
münasibətdə buna
tam nail olmaq son dərəcə
çətin, bəlkə
də, mümkünsüzdür,
ona görə də belə bir iddiadan uzağıq.
Ancaq ayrı-ayrı müəlliflərlə bağlı
(S.F.Əbasıyanıq, Leyla
Ərbil, Oğuz Atay, Onat Qutlar,
Hüseyn Su, Halikarnas Balıqçısı və
bir çox başqaları) bu nəticəni aldığımızı
inamla vurğulaya bilərik.
Türkiyə ədiblərinin ad, soyad və təxəllüslərini
mümkün qədər
Azərbaycanca rahat, düzgün səslənib-qəbul
ediləcək formada verməyə çalışmışıq. Azərbaycan türkcəsində
tam ekvivalenti, yaxud çox yaxın qarşılığı olanların
sadəcə bəzi sait və samit
fərqlilikləri nəzərə
alınmaqla təqdimatını
əsas götürmüşük.
Bəzi imzalarda yalnız bir, ya da iki
səs-hərf fərqliliyindən
söhbət gedir:
Mustafa Qutlu - Mustafa Kutlu, Xalidə
Ədib Adıvar -
Halide Edib Adıvar... Odur ki, "bu adlar
və kəlmələrin
bir qismi dilimizdə ya tarixən bu formada işlənib, ya da bəlli
bir fərqliliklə indi də işlənir,
yaxud dilimizdə olsaydı, məhz bu şəkildə işlənərdi" kimi
bir prinsiplə davranmışıq. Azərbaycancada heç qarşılığı
olmayan, işlənməyən
adlar və kəlmələrdə isə
orijinala sadiqliyi rəhbər tutmuşuq.
Maraqlıdır ki, burada imzasının bütün
komponentləri azərbaycancaya
yad müəllif, demək olar, yoxdur. Fərid Edgü (Ferit Edgü), Sevinc Çokum (Sevinç Çokum) kimi imzaların isə bir tərəfinin Azərbaycan dilində tam uyğunluqla verilməsi mümkün olubsa, digər tərəfi eynilə saxlamaq lazım gəlib. Aydınlıq üçün sonda - "Bioqrafiyalar"
bölümündə Türkiyə
ədiblərinin imzaları
həm Azərbaycan dilindəki, həm də əslində olduğu şəklilə
verilib.
Əziz oxucular!
Sadaladığım bu yubileylərin, əlamətdar
məqamların, eləcə də "Dünya
ədəbiyyatı" dərgisinin "Türkiyə: hekayə"
sayının sevincini sizinlə bölüşür, hər birinizə xoş arzularımı bildirirəm.
Seyfəddin
HÜSEYNLİ
"Dünya
ədəbiyyatı" dərgisinin baş redaktoru
525-ci qəzet.- 2019.- 18 may.- S.17.