"Muzalar məbədi"nə
yolunuz açıq olsun!
1978-ci ildən bəri
qeyd olunan 18 May Beynəlxalq Muzeylər Günündən əsas
məqsəd muzeylərin
mədəni-ictimai həyatdakı
önəminə diqqət
çəkməkdir. Həqiqətən, muzeyin həyatımızdakı
əhəmiyyəti nədən
ibarətdir? Muzeyə niyə
getməliyik?
"Muzey" yunan
sözüdür, "muzalar
məbədi" deməkdir. Muzalar qədim
yunan mifologiyasında incəsənət və
elm ilahələri hesab
olunurdular. Sonralar maddi
və mənəvi mədəniyyət abidələrini
komplektləşdirən, saxlayan,
nümayiş etdirən,
tədqiq və təbliğ edən yerlər bu cür adlandırıldı.
Dünyada ilk muzey Ellin dövründə
qədim Misirin paytaxtı İsgəndəriyyə
şəhərində yaradılıb. Burada 40
mindən artıq eksponat - sikkələr, heykəllər, sarkofaqlar,
gil qablar,
papiruslar və təsviri sənət nümunələri toplanmışdı.
Bu eksponatlar qədim
misirlilərin həyatı,
məişəti, mədəniyyəti,
eləcə də Yunan-Roma mədəniyyəti
haqqında təəssürat
yaradırmış.
Azərbaycanda ilk muzeylər XX əsrin əvvəllərindən yaranmağa
başlayıb. İlk milli muzeyimiz 1919-cu il dekabrın
7-də yaradılan İstiqlal
Muzeyidir. Bu gün
ölkəmizdə 180-dən çox muzey fəaliyyət göstərir.
Bu muzeylərin hamısı eyni səviyyədə olmasa da, maraqlı muzeylərimiz də kifayət qədərdir.
Belə muzeylərə Xalça,
Tarix, İncəsənət
muzeylərini və digərlərini nümunə
göstərmək olar.
Təəssüflə qeyd etmək
lazımdır ki, bu gün muzeylərə
ziyarətə gələnlərin
sayı azdır.
Buna səbəb kimi bir çox
amilləri göstərmək
olar. Həm muzeylərdən, həm muzeyə gəlməyənlərin
özündən asılı
olan müxtəlif səbəblər var. Ancaq
əsas səbəb muzeylərə maraq göstərilməməsidir. Ümumiyyətlə, muzey ziyarəti intellektual istirahətdir və gələnlərin
əksəriyyəti intellektual
ziyarətçilər olur.
Buna baxmayaq, hər
yaş dövründə
muzeyə olan munasibət dəyişir.
Əgər biz uşaq yaşlarında
gördüyümüz muzey
əşyasına uşaq
təfəkkürümüzlə qiymət veririksə, gənc və yaxud yaşlı dövrümüzdə tamam
başqa aspektdən baxırıq. Uşaq yaşlarında
muzeyə getmək uşaqda mədəni-estetik
zövqün formalaşması,
vətənpərvərlik hisslərinin aşılanması
baxımından önəmlidir.
Xüsusilə, Qarabağ kimi
bir dərdi olan xalqın övladları hələ
uşaq yaşlarından
bu tərbiyəni görməlidir. Uşaqda vətənpərvərlik
hissini formalaşdırmaq
üçün, təəssüf
ki, danışmaq kifayət etmir. Uşağın danışılan dövr və ya hadisəni əks etdirən eksponatı görməsi daha təsirlidir.
Dünyanın ən məşhur muzeylərində artıq
ziyarətçi müştəriyə
çevrilib. Əslində, bu, normal haldır.
Nəzərə alsaq
ki, kapitalizm bütün sahələrə
az və
ya çox təsir göstərir, muzeylər də istisna edilmir. Belə ki, bu
tip muzeylər özü-özünü maliyyələşdirir.
Bu müxtəlif yollarla ziyarətçilərin
hesabına reklamlar və yaxud sponsorların
hesabına baş verir. Bir sözlə, muzey
özü öz başının çarəsinə
baxır. Bizim muzeylərdə
isə bu sistem hələ tam formalaşmayıb. Bunun üçün
formalaşması üçün
uzun zamana ehtiyac var. Məsələn,
ABŞ-da "Təbiət
tarixi" muzeyində
insanların marağını
artırmaq məqsədi
ilə "Muzeydə
gecə" adlı ekskursiya təşkil edirlər. Bu zaman ziyarətçi gecəni səhərə
qədər muzeydə
macəralarla dolu vaxt keçirir. Ziyarətçi əylənərək öyrənir, həm də muzey qazanır.
Muzeyi insanlar üçün maraqlı edən digər bir amil eksponatlardir. Bəzən bir eksponat belə
ziyarətçilərin sayına
təsir göstərir.
Məsələn, "Luvr" muzeyində
saxlanılan dünyaca
məşhur Mono Liza portreti
ildə bir dəfə təmizlənmək
üçün endirilir.
Həmin gün "Luvr"un ən
sakit günü olur. Deməli, bir eksponat belə, muzeyə gələnlərin sayına
böyük təsir göstərir.
Bizim muzeylərimizdə
kifayət qədər
dəyərli eksponatlar
mövcuddur. Əgər bu eksponatların
reklam və təbliği düzgün
aparılarsa, mütləq
şəkildə bəhrəsini
verəcək.
Son illər Azərbaycanda muzey işinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Muzey binalarının təmiri, ixtisaslı kadrların yetişdirilməsi, muzey işçilərinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən dəyərli işlər göz qabağındadır. Artıq bu sahədə müəyyən dəyişiklik və inkişaf özünü göstərir.
Muzeylərə getməyin ən gözəl tərəfi
odur ki, insan ona maraqlı olan bir dövr
və ya hadisənin canlı şahidini görə, hətta ona toxuna bilir.
Yüz dəfə bir
eksponat haqqında eşitməkdənsə,
bir dəfə gedib
muzeydə görmək yaxşıdır. Muzeyə aparan yollarınız açıq olsun!
Aytac
SAHƏD
525-ci qəzet.- 2019.- 18 may.- S.19.