Köhnəni dağıt(ma), yenisini tik: hər şeydən sonra metamodernizm   

 

 

Son üç ədəbiyyat istiqaməti - cərəyanı haqda danışacağıq.

Modernizm, postmodernizm, metamodernizm.

Modernizm - tərz fərqidir.

Postmodernizm - inkar və istehzadır.

Metamodernizm - yenilənmədir.

Bu üç cərəyan təkcə ədəbiyyatda deyil, bütün sahələrdə öz ifadəsini tapıb. Mədəniyyətin hər növü özündə çağdaş dünyanın müxtəlif istiqamətlərini əks etdirir. "Modernus" - "çağdaş" sözündən yaranan modernizm cərəyanını ədəbiyyatda Kafka, Prust, Coys, Virciniya, Platonov, Bulkaqov, Kamyu kimi imzalar təmsil edib. Xırdaca mistika: Coys və Virciniya Vulf eyni ildə doğulub, eyni ildə də ölüblər. 

Bulqakovun fantast yazıçı kimi təqdim edilməsi heç kimi çaşdırmasın. Ədəbi cərəyan və ədəbi janr ayrı-ayrı anlayışlardı. Bu məsələni çox vaxt qarışdırırlar deyə,  kimin hansı janra, hansı cərəyana aid olmasını anlamaq çətinləşir. Ədəbi cərəyan bir-birinin ardınca gələn, biri digərinin yerinə başqa baxış bucağı təklif edən dünyagörüş fərqləridir. Ədəbi janr isə yazıçının seçdiyi sahədə forma və məzmun fərqidir, bir növ əsərin cinsidir. Sevgi, mistika, detektiv, triller, fentezi və s.  Bulqakovun fantastlığı rejimi aldatmaq cəhdi idi. Hərdən kiminsə şəxsi obyektinə basqın edən, kimisə ilişdirib tutduran gizli qüvvə haqda eşidəndə, Bulqakovun ört-basdırla təsvir etdiyi, əslində, çox aydın görünən bandası yadıma düşür. "Master və Marqarita" metaprozanın, hətta özündən illər sonra yaranacaq hipertekstuallığın təməlini qoyub. 

Modernizm struktur və stil özəlliyinə görə müəyyən edilir. Coys tamamilə yeni romançılıq strukturu yaratdı. Özünəqədərki roman ənənəsini alt-üst etdi. Coys təkcə mövzusuna, dramaturji xəttinə görə deyil, strukturuna görə bütün yazıçılardan fərqləndi. Coysu oxumaq asan deyildi. Təxminən bunu heca şeirlərindən sərbəst şeirə keçidlə tutuşdurmaq olar. Heca şeirinə öyrəşmiş oxucu sərbəst şeiri öncə qəbul etmirdi. Zamanla öyrəşdi, ciddiliyini etiraf etdi. Coys prozanın "sərbəst şeir"ini yaratdı. Onun nəsri ədəbiyyatın təhlil laboratoriyasında obyektə çevrildi. Coys yeni beyinlə, yeni ədəbiyyat və dünya təsəvvürü ilə meydana atıldı. Eləcə də Virciniya Vulf. Fikir və duyğuların axını Virciniyanın nəsrini fərqli etdi, modernizmin banilərindən birinə çevirdi. Virciniya Vulfa qədər hər şey hadisə üzərində qurulurdu. O isə ədəbiyyatın hadisədən düşüncəyə keçid mərhələsi oldu. Burada ruh və beyin var. Oxucunu gərginlikdə saxlayan axıcı hadisə ardıcıllığı yoxdu. İnsanın içi, düşüncələri var. Onun düşüncə üzərində qurduğu nəsr sözsüz ki, romançılığın strukturuna da təsir edirdi. Hadisələri, bu hadisələrin təsvirini, onlara olan münasibəti yazarkən alınan strukturla, duyğuların təsvirini yazarkən alınan struktur arasında fərq təbii şəkildə yaranır. Məsələn, bir sevgi romanında obrazların tanışlığı, başlarına gələn hadisələr, ayrılıq və birləşməyəcən olan bütün proses təsvir edilirsə, bu, əvvəli, ortası və sonu olan dramaturji xətt üzrə yazılır.

Düşüncə axınında isə yazıçı əvvəl-orta-son ardıcıllığını pozur.

Coys məhz bunu etdi. Modern əsər - istənilən yerindən açıb oxuduqda maraqlı ola biləcək əsərdi. Bu mənada Kamyunu da mütləq vurğulamaq gərəkdi. Kamyu məhz istənilən hissəsini oxuyanda maraqlı olan yazıçıdı və həqiqi modernistdi. Azərbaycanda modern ədəbiyyatın təməlini qoyan Axundov sayılsa da, dünyada modernizm cərəyanı Axundovdan sonrakı illərə aid edilir. Bu açıdan Kafka da modernizmə yol açan yazıçı hesab edilir. Buna görə də biz cərəyanların təmsilçilərini Umberto Ekonun baxışı ilə ifadə edəcəyik. Nə zaman yaranması ilə yox, hansı formada yaranması ilə.  Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ə.Ağaoğlu yaradıcılığında həm modern, həm də postmodern elementlər olsa da, onları indiki zamandan kənarda saxlayıb çağdaş yazıçılar sırasına göz atacağıq. 70 il Sovetlər Birliyinin ideoloji təsirində olan ədəbiyyatımız azadlığın verdiyi sənət həzzini yaşaya bilmədi. Bu səbəbdən bir az da hər şey bir-birinə qarışmış durumdadı. İsa Muğannanı, Yusif Səmədoğlunu, Anarı, Mövlud Süleymanlını, Kamal Abdullanı modern ədəbiyyatın üzvləri saymaq yanlış olmaz.

Kamal Abdulla yaradıcılığındakı eksperimentallıqla demək olar ki, bütün müasirlərindən fərqlənir. O, Azərbaycan ədəbiyyatı üçün həm modernizmdə, həm postmodernizmdə (mifə, inancların qarşıdurmasına olan ironiyası ilə) olduqca maraqlı irs yaradıb.

Vaqif Səmədoğlunu, Afaq Məsudu da modernizmə örnək gətirmək olar. Afaq Məsudun "Sərçələr" hekayəsi Virciniya Vulfun "Özünə aid bir otaq" ideyasının dilimi kimi görünsə də, feminen motivi ilə maskulinliyə, patriarxa etiraz kimi struktur olaraq modern, inkarçılığı ilə postmoderndir.

Vaqif Səmədoğlunun əyyaş Hüseyni Mirzə Cəlilin Kefli İsgəndərinin reinkarnasiyası sayıla bilər. Mövlud Süleymanlı, Kamal Abdulla, İsa Muğanna yeni struktur fərqləri ilə əvvəlki sosrealizm yazarlarından seçilirlər. Baxmayaraq ki, bu yazıçılar da Sovetlər dönəmində yaradıcılığa başlayıb, tərzləri fərqlidi. Mövlud Süleymanlının "Köç" romanı Azərbaycan ədəbiyyatının ən ecazkar, texnikasına görə əllə toxunmuş kimi iç-içə işlənmiş cümlələri ilə yüksək peşəkarlıq nümunələrindən biridir.  Strukturu ilə modern, məzmunu ilə etnogen roman olan bu əsər Qabriel Qarsia Markesin "Yüzillik tənhalıq" romanının Azərbaycan dilindəki təzahürü kimidir. Anaxaqanlıq ənənəsinin, "təbiət ana" fəlsəfəsinin təzahürü olan hər iki əsərdə böyük bir nəslin mərkəzində dayanan, törəmənin dayaq nöqtəsi olan müdrik nurani qadın obrazı və onun ətrafında baş verən hadisələr bu iki əsəri bir-birinə hədsiz bənzər edir. Ancaq Mövlud Süleymanlının ustalıqla işlətdiyi saf türkcəsi əsəri azərbaycanlılaşdırır.

Postmodernizm bir az irəli gedərək təkcə tərz yox, həm də yanaşma fərqi ilə ortaya çıxdı. Çoxunun gözündə bu cərəyanın konkret konsensusu müəyyən edilməmiş qaldı. Postmodernizm minillik narrativləri, inancları, dəyərləri gülünc vəziyyətdə qoydu, inkar etdi, onlarla məzələndi, onları ifşa etdi. Hətta onları söydü. Postmodernizm bir növ manerizmin yeni təzahürüydü. Bədən və ruh anlayışı, insan və təbiət münasibətləri, yer və göy sevgisi arasındakı harmoniyanın itməsi, doqmaların dağıdılmasıydı. Özəlliklə din, mentalitet, tarix, millilik kontekstində inkarçılıqdır. Əsərdə inkarçılıq, inqilab elementləri yoxdursa, o əsər postmodern deyil. Postmodern ənənəvi daxili süjeti də inkar edir. Modernizmdən postmodernizmə keçidi Uilyam Berrouz yaradıcılığı ilə bağlayırlar. Berroz "Bit nəslinin" nümayəndələrindədir. "Bit"çilərin postmodernizmin inkişafında rolu var. "İtirilmiş nəsil" də adlandırılan bu yazarlar nəsli apolitik, bohem, inkarçı tərzləri ilə bütün ədəbi mədəni ənənəni alt-üst ediblər. Bunun alternativi Azərbaycanda AYO məktəbi ilə qoyulub. Azad Yazarlaq Ocağının üzvləri provokativ, diskursiv müzakirələrə səbəb olan fikirlər, yazılarla tufan qopardılar. Onları da "itirilmiş nəsil" hesab edənlər var idi. AYO-nun məzələnmədiyi tema yox idi. Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Nərmin Kamal, Seymur Baycan, Əli Əkbər, Günel Mövlud kimi son dərəcə maraqlı bir komanda - bir növ Azərbaycanın "bit"çiləri aktiv, cəsarətli yazıları ilə, beyin fırtınası yaradan meydan sulamaları ilə həm mətbuatın, həm ədəbiyyatın yeni dilə, tərzə, duruşa keçid mərhələsi oldu. Daha sonra ədəbiyyata gələn imzalar da dağıdıcı cəhdləri ilə bu xəttin davamçılarına çevrildi.

Şəhriyar Del Geraninin "İntihar hörükləri"ni, Dilqəm Əhmədin "İmtina"sını da siyahıya əlavə etmək yerinə düşər. "İntihar hörükləri" ideya və forma olaraq postmoderndir. Yüksək peşəkarlıqla yazılmasa da, ötürdüyü mesaj yenidir. Görüşdüyü qadınların saçlarından kəsib saxlayan gənc sonda özünü bu saçlardan düzəltdiyi hörüklə asır. Qapalı, tərpənməz mentallığı olan cəmiyyətdə belə bir kişi obrazı yetişmir. Bu əsərdəki obraz yazıçının vaxtı-vaxtında ailə quran, cəmiyyətin onun üçün müəyyən etdiyi yaş və zaman kəsiyində etməli olduqlarını edən, doqmatik həyat tərzindən kənara çıxa bilməyən, heç vaxt fərd sevgililiyi yaşamayan kişi obrazına etirazıdır.

Dilqəmin "İmtina"sında isə hər şeydən imtina var. Əsərin qəhrəmanları olan gənclər sonunda ideologiyadan, milli mübarizədən, təbliğ edilən dəyərlərdən, azadlığın özündən belə imtina edirlər. Onlar aldanırlar. Onlar saxta mübarizəyə cəlb edilirlər. Onların gəncliyi bu aldanışda itir. Günlərin bir günü bütün uğrunda yaşadıqları amalın hipnoz, yalan olduğunu anlayıb boşluğa düşürlər. Və bu boşluqda yazıçı imtina təklif edir.

Seymur Baycanın yaradıcılığı isə postmodernin bütün qatlarını ifadə edir. Əsərlərində həm fraqmentalizm, həm kollajlar, həm əlaqəsizlik, həm fikir axını, həm spontanlıq, həm də inkarçılıq var. Seymur milli, dini, mental, dünyavi nə varsa, hər şeydən imtina edir. Hər şeylə məzələnir. Sevgidən belə imtina var Seymurun yaradıcılığında. Seymurun bütün kitablarında böyük, qutsal sevgi çox rahatlıqla qurban veriləcək nəsnəyə çevrilir, təsadüfi qapılma kimi təsvir edilir.  

(Ardı olacaq)

 

 

Aysel ƏLİZADƏ

 

 

525-ci qəzet.- 2019.- 18 may.- S.16-17.