Məhəmməd Hadinin
140 illik yubileyi keçirilib
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı dünən Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə XX əsr Azərbaycan şeirində mütərəqqi romantizm cərəyanının görkəmli nümayəndələrindən olan Məhəmməd Hadinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirib.
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbirini açaraq türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirməsindən, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə layiqli yer tutmasından danışıb. O, 1902-ci il Şamaxı zəlzələsindən sonra Hadinin Kürdəmirə köçərək müəllimlik fəaliyyəti ilə məşğul olmasından və 116 yaşlı bu məktəbin onun təşəbbüsü və təşkilatçılığı ilə tikilməsindən bəhs edərək bu səbəbdən də şairin yubileyinin məhz bu məktəbdə keçirildiyini vurğulayıb.
Məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayev Məhəmməd Hadinin çətin və keşməkeşli həyatından və yaradıcılığından danışıb.
Publisist Tofiq Abdullayev, tarixçi-araşdırmaçı Ağa Zeynalov çıxış edərək Məhəmməd Hadinin Kürdəmirdə yaşadığı, işlədiyi dövrlərdən əldə etdikləri qiymətli məlumatları tədbir iştirakçılarına çatdırıblar.
Məktəbin şagirdləri şairin məktəbə, xalqın maariflənməsinə, qadın azadlığına, millətin tərəqqisinə həsr etdiyi şeirlərdən seçmələr səsləndiriblər.
Tədbirin sonunda
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əli Ağayev
çıxış edərək Hadi
yadigarı olan məktəbin tarixindən,
ənənələrindən, ilkin fəaliyyətini
əks etdirən sənəd və şəkillərdən bəhs
edərək tərəqqipərvər şairin
arzu və xəyallarının gerçəkləşməsini,
məktəbin respublika məktəbləri
içərisində hər zaman yüksək
nəticələr əldə etməsini bildirib.
O, dövlətinizin Məhəmməd Hadinin şəxsiyyətinə və
yaradıcılığına verdiyi
yüksək dəyərdən, onun seçilmiş əsərlərinin Azərbaycan
dilində və latın qrafikası ilə kütləvi tirajla nəşr edilərək ölkə
kitabxanalarına hədiyyə edilməsindən
danışıb, şairin adının
küçə və məktəblərə verilərək
əbədiləşdirilməsini vurğulayıb.
525-ci qəzet.- 2019.- 18 may.- S.12.