"Nə
yaxşı görüşdük,
nə yaxşı yenə"
MƏRHUM
ŞAİR VƏ TƏRCÜMƏÇİ ƏNVƏR
RZANIN 80 İLLİYİ ƏDƏBİ-BƏDİİ
GECƏ İLƏ QEYD OLUNDU
Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rzanın anadan olmasının 80 illiyinə həsr olunmuş "Nə yaxşı görüşdük, nə yaxşı yenə" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun bu yubileyə ünvanladığı məktubu Birliyin sədr müavini Həbib Misirov oxuyub.
Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tələbəlik yoldaşı Ənvər Rza ilə bağlı xatirələrini bölüşüb, onun gözəl şairlik qabiliyyəti ilə yanaşı, tərcüməçilik, alimlik fəaliyyətini diqqətə çatdırıb. Bildirib ki, cəmi 48 il yaşamasına baxmayaraq, Ənvər Rza zəngin yaradıcılığı ilə qəlblərdə, ədəbiyyat tariximizdə daim yaşayacaq.
Ə.Rzanın yaxın qohumu, tanınmış həkim Əli İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ədəbiyyatşünas Seyfəddin Hüseynli, yazıçı və tərcüməçi Kamran Nəzirli, publisist-redaktor Əlövsət Ağalarov və başqaları çıxış edərək şairin həyat yolundan, yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Ənvər Rza bütün varlığı ilə Vətənə, yurda, insanlara bağlı olduğu kimi, gülə-çiçəyə, təbiətə ürəkdən bağlı idi. Onun ömrü çox insanlara örnək idi. O, qayğısını və köməyini heç kimdən əsirgəməz, adı gələndə, böyükdən-kiçiyə hamı ona məhəbbət bəsləyirdi.
Qeyd edilib ki, Ənvər Rzayev 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində dünyaya gəlib. Uşaqlıq illəri Böyük Vətən müharibəsi dövrünə təsadüf edən Ənvər ailədə ən kiçik uşaq olub. Sağlığında iki, ölümündən sonra isə bir kitabı nəşr olunub. O, Şelli, Bayron, Lonq Sellon və Şeksprin bəzi əsərlərini orijinaldan dilimizə çevirib. Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şerini də ingilis dilinə məhz şair-tərcüməçi Ənvər Rza tərcümə edib. Ancaq təəssüf ki, amansız ölüm onu tez haqlayıb, 1987-ci ildə bu dünyadan köçüb.
Hamımızın illərlə sevə-sevə qulaq asdığımız "Elə baxma, gözlərinə göz dəyər" məşhur mahnının sözləri də məhz Ənvər Rzaya məxsusdur.
Vurğulanıb ki, Ənvər Rzanın hər hansı bir şerinə nəzər salsaq görərik ki, bir şair kimi hər cümləsinin, hər bir sözünün məsuliyyətini daşıyır, sanki, dahi bir rəssam kətan üzərində heyrətli bir əsər yaradıb. Onun şerlərində hər bir hadisəni qədərincə dərk edirsən.
Tədbirdə, həmçinin, şairin şeirləri oxunub, sözlərinə yazılmış mahnılar səsləndirilib.
Sonda mərhum şairin oğlu Pərviz
Rzayev çıxış edərək tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2019.- 18 may.- S.13.